Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar
VI qurultayından ötən dövr ərzindəki
fəaliyyəti ilə bağlı konfrans
keçirilmişdir
Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar
VI qurultayından ötən dövr ərzindəki
fəaliyyəti ilə bağlı avqustun
31-də konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov
konfransda çıxış edərək ağsaqqalların ölkəmizin
ictimai-mədəni həyatında, eləcə də dövlət
idarəçiliyindəki fəal rolundan
danışmışdır. Qeyd edilmişdir ki,
Ağsaqqallar Şurası daim
dövlətçiliyin möhkəmləndirilməsində, milli mənəvi dəyərlərin
qorunmasında, yeniyetmələrin və gənclərin
yüksək vətənpərvərlik ruhunda
tərbiyəsində xidmət göstərərək ölkəmizdə
həyata keçirilən uğurlu islahatlara layiqli töhfələr
vermişdir.
Şuranın
sədri ağsaqqallar və gənclər
arasında keçirilən ənənəvi
görüşlərin əhəmiyyətindən də
danışmışdır. Bildirilmişdir
ki, ağsaqqalların məqsədi gənclərimizi
doğru yola istiqamətləndirməkdir.
Ağsaqqallar Şurasının sədr
müavini Bayram Yusifov təşkilatın növbədənkənar
VI qurultayından ötən dövr ərzindəki
fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki,
şuranın təşəbbüsü ilə Bakı şəhərində,
eləcə də Masallı, Quba və Qəbələ
rayonlarında ağsaqqalların və gənclərin
iştirakı ilə "dəyirmi masa"lar və regional
müşavirələr keçirilmişdir.
Yaxın günlərdə Gəncədə, Qazaxda,
Sabirabadda və Saatlıda da
belə görüşlərin keçirilməsi
planlaşdırılır.
Konfransda Ağsaqqallar
Şurasının Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası çərçivəsindəki
səmərəli fəaliyyəti də ətraflı təhlil
olunmuşdur.
Tədbirdə
Qafqaz Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam Allahşükür
Paşazadə, Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman
Əmiraslanov, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Südeyif İmanverdiyev və başqaları cəmiyyətdə
ağsaqqalların rolundan
danışmışlar.
Bildirilmişdir ki, gənclərimiz
ağsaqqalların bilik və
bacarıqlarından, zəngin həyat təcrübəsindən
və müdrik məsləhətlərindən
faydalanmalı, dövlətçiliyimizin daha
da gücləndirilməsinə xidmət
etməlidirlər. Diqqətə
çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin
qızıl fondu adlandırdığı
ağsaqqallar bundan sonra da ölkəmizin dinamik inkişafı naminə səylə
çalışacaq, ölkə rəhbərliyi tərəfindən
həyata keçirilən siyasi kursu tam dəstəkləyəcəklər.
Sonra Ağsaqqallar
Şurası məclisinə yeni üzvlərin
qəbul edilməsi və digər cari məsələlər
müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 2.