Elşad İskəndərov: Azərbaycanda
müxtəlif dinlərə və dini təriqətlərə
mənsub insanlar mehriban
şəraitdə yaşayırlar
Bu gün
Azərbaycan ərazisində müxtəlif dinlərə və
dini təriqətlərə mənsub insanlar mehriban şəraitdə
yaşayırlar.
AzərTAc
xəbər verir ki, bu sözləri Xaricdə Təhsil Alan və Məzun Olmuş
Gənclərin Beynəlxalq Forumunun (ASAIF)
XI Yay Forumunda iştirak edən Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Elşad
İskəndərov jurnalistlərə müsahibəsində demişdir.
Bildirmişdir ki, Azərbaycanda
tolerantlığın tarixi qədim
dövrlərə gedib çıxır.
Uzun müddət Böyük
İpək Yolunda yerləşən
ölkələrin sakinləri mehriban
şəraitdə bir yerdə
yaşamış və ticarət əlaqələri qurmuşlar. Azərbaycanda
tolerantlığın qədim tarixinin digər
başlıca səbəbi isə ölkə ərazisində
müxtəlif dinlərin və dini təriqətlərin
təşəkkül tapmasıdır.
Elşad İskəndərov
diqqətə çatdırmışdır ki,
may ayında Azərbaycanda keçirilmiş
böyük humanitar forum çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,
BMT və UNESCO-nun birgə
imzaladıqları memorandum əsasında
Milli Tolerantlıq Mərkəzi
yaradılmışdır.
Mərkəzin fəaliyyəti Azərbaycanın
tolerantlıq, multikulturalizm ənənələrinin
tədqiqinə, xarici mütəxəssislər
tərəfindən tədqiqatlara şərait yaratmağa yönəlmişdir. Artıq mərkəzin
ilk layihəsinə
başlanılmışdır. Bu il dünyanın aparıcı ekspert
və bloqçulardan ibarət heyət
komitə tərəfindən hazırlanan
tolerantlığın İpək Yolu marşrutu ilə Azərbaycanın bir sıra bölgələrində olacaqlar.
Mərkəzin
nəzdində müxtəlif audio və videomateriallar, disklər, təqdimatlar
hazırlanmışdır. Bununla
bağlı bir neçə kitabın tərtibi
də planlaşdırılır. Cari ildə
BMT-nin, UNESCO-nun baş qərargahlarında, eləcə də
Avropa Parlamentində "Azərbaycan
tolerantlıq məkanı" mövzusunda
fotosərgi və konfransların keçirilməsi nəzərdə
tutulur.
Elşad İskəndərov diqqətə
çatdırmışdır ki, belə
tədbirlər həm xaricdə təhsil alan
gənclərin, həm də diaspor təşkilatlarının
birləşmək və Azərbaycanı layiqincə təqdim
etmək üçün bir
şəbəkə olacaqdır.
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 2.