Azərbaycan
Respublikası Prezidentliyinə namizədin qeydə
alınmasının əsasları, qaydaları və qeydə
alınmış namizədin statusu
Ötən hər
bir gün bizi xalqımızın və dövlətimizin
ictimai-siyasi həyatında çox mühüm əhəmiyyət
kəsb edən Azərbaycan Respublikası Prezidentinin
seçkilərinə daha da
yaxınlaşdırır. Seçkilərin elan olunmasından sonra cərəyan
edən proseslər onu göstərir ki, 2013-cü il oktyabrın
9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərinə
həm ölkə daxilində, həm də beynəlxalq arenada diqqət və maraq
böyükdür. Respublika
ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən xeyli
sayda soydaşımızın seçki prosesinə qoşulması, 22 nəfərin prezidentliyə namizədliyini
irəli sürməsi də bunun bariz nümunəsidir.
Seçki prosesi
bir-biri ilə qırılmaz tellərlə
bağlı olan ayrı-ayrı mərhələlərdən
ibarətdir ki, hər bir
mərhələnin də özünəməxsus xüsusiyyətləri
var. Belə mərhələlərdən
biri də namizədin qeydə
alınması mərhələsidir.
Seçki prosesinin
bu mərhələsi prezidentliyə namizədliyin
irəli sürülməsinin təsdiq olunmasından
sonrakı seçki hərəkətlərini
özündə cəmləşdirir. Bu, ilk
növbədə, prezidentliyə irəli sürülmüş
namizədin müdafiəsi üçün
seçici imzalarının toplanması, onun rəsmiləşdirilməsi, namizədin
qeydə alınması üçün zəruri
olan digər seçki
sənədlərinin hazırlanması və Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim edilməsini əhatə edir. Adıçəkilən seçki hərəkətləri, o cümlədən bu prosesin məntiqi nəticəsi kimi namizədin qeydə alınması Seçki Məcəlləsinin 56-60, 181 və
182-ci maddələri, eyni zamanda,
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 2008-ci il 4 iyul tarixli 623-6 qərarı ilə
təsdiq edilmiş, 2013-cü il 18 iyun tarixli 653
saylı qərarı ilə dəyişiklik edilmiş
"Azərbaycan Respublikası Prezidentinin
seçkiləri zamanı prezidentliyə namizədin müdafiəsi
üçün seçici
imzalarının toplanması, Mərkəzi Seçki
Komissiyasına təqdim edilməsi və namizədin qeydə
alınması qaydaları haqqında" təlimatla tənzimlənir.
Göründüyü kimi, prezidentliyə namizədin qeydə
alınması üçün zəruri olan ilk seçki
hərəkəti namizədin müdafiəsi üçün
seçici imzalarının
toplanmasıdır ki, seçki
qanunvericiliyi bununla
bağlı bir sıra qaydalar
müəyyənləşdirmişdir. Yeri gəlmişkən
qeyd edək ki, bu qaydaların pozulması namizədin qeydə
alınmasından imtinaya səbəb ola bilər. Seçki Məcəlləsinin
tələbinə görə, hər bir
namizədin müdafiəsi üçün
60-dan az olmayan seçki dairəsinin hər birinin
ərazisində azı 50 və ümumilikdə 40 mindən az olmayan imza
toplanmalıdır. Bu zaman
nəzərə almaq lazımdır ki, bir seçici
yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər. Bununla belə,
namizədin müdafiəsi üçün
imza etmək könüllüdür
və seçicinin hər hansı bir vasitə ilə bu hüququnu reallaşdırmasına mane olmaq qadağandır. Seçici imzalarını namizədin özü, səlahiyyətli nümayəndələri,
həmçinin Azərbaycan Respublikasının 18
yaşına çatmış fəal seçki
hüququ olan hər bir vətəndaşı toplaya
bilər. Lakin dövlət
orqanlarının, bələdiyyə qurumlarının,
mülkiyyət formasından asılı olmayaraq,
hüquqi şəxslərin imza toplamasında iştirakına yol verilmir.
Namizədin
müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində,
yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat
aparılmasının qadağan edilmədiyi
digər yerlərdə toplana bilər.
İmza vərəqələri
seçki qanunvericiliyinə uyğun olaraq doldurulduqdan sonra namizədin
qeydə alınması üçün
aşağıda göstərilən digər seçki
sənədləri ilə birlikdə
2013-cü il avqustun
20-dən sentyabrın 9-u saat 18.00-dək Mərkəzi
Seçki Komisssiyasına təqdim edilməlidir:
1) seçici imzalarının toplanması
haqqında tərtib edilmiş yekun protokolun 2 nüsxəsi;
2) irəli sürülmüş namizədin öhdəlik
ərizəsindəki məlumatlarda dəyişikliklər barədə
bildiriş;
3) namizədin
seçkilərin təyin edildiyi gündən
əvvəlki birillik dövrü
əhatə edən gəlirlərinin miqdarı və mənbələri
haqqında məlumat;
4) gəlirlər
barədə məlumatların alındığı təşkilatlardan
həmin gəlirlərin illik cəmi barədə
arayış;
5) mülkiyyət
hüququ əsasında namizədə məxsus
əmlak barədə məlumat;
6) seçici imzalarının toplanması üçün sərf edilmiş
vəsait haqqında məlumatlar da
göstərilməklə namizədin
ilkin maliyyə hesabatı.
Mərkəzi
Seçki Komissiyasında prezidentliyə
namizədin qeydə alınması üçün
təqdim edilmiş imza
vərəqələrində olan
imzaların və digər məlumatların düzgünlüyünü
yoxlamaq məqsədilə Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan
Respublikası Maliyyə, Daxili İşlər, Vergilər
nazirliklərinin, Daşınmaz
Əmlakın Dövlət Reyestr
Xidmətinin və Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin
mütəxəssisləri sırasından ekspertlərdən
ibarət işçi qrupu
yaradılmışdır. Hər bir prezidentliyə namizədin imza
vərəqələrinin yoxlanılması nəticələri
haqqında işçi qrupunun
rəhbəri tərəfindən protokol
tərtib edilir, imzalanır və qərar
qəbul olunması üçün Mərkəzi
Seçki Komissiyasına təqdim edilir.
Mərkəzi Seçki Komissiyası imza
vərəqələrini və namizədin qeydə
alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən
sonra
7 gün müddətində namizədin qeydə
alınıb-alınmaması barədə əsaslandırılmış
qərar qəbul edir.
Düzgün imzaların sayı 40 mindən
az deyildirsə, digər təqdim olunan seçki sənədləri
həqiqəti əks etdirirsə, seçki
qanunvericiliyinə uyğun tərtib edilibsə,
bu, namizədin qeydə alınmasına əsas
verir.
Təqdim
edilmiş sənədlərdə səhvlər
və pozuntular varsa və
bunlar namizəd və ya
səlahiyyətli nümayəndələr tərəfindən
düzəlişlərin edilməsi yolu
ilə aradan götürülə bilərsə,
Mərkəzi Seçki Komissiyası namizədi
və ya siyasi
partiyanın,
siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsini
24 saat müddətində bu
haqda xəbərdar edir
və onun tərəfindən müvafiq düzəlişlər edildikdən
sonra namizədi qeydə alır. Qeydə
alınmış namizədlərə Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyat vəsiqəsi verilir,
qeydiyyatdan sonra 24 saat müddətində onlar
haqqında məlumatlar kütləvi informasiya
vasitələrinə təqdim edilir.
Namizədin
qeydə alınmasından imtinaya əsaslar
Seçki Məcəlləsinin 60.2.1,
60.2.2, 60.2.3, 60.2.4, 60.2.5 və 60.2.6 maddələrində
göstərilmişdir. Bunlar əsasən seçici
imzalarını toplayarkən Seçki Məcəlləsinin
tələblərinin pozulması, namizədin qeydə
alınması üçün təqdim etdiyi sənədlərin düzgün
rəsmiləşdirilməsi və ya
olmaması, seçici imzalarının
lazımi saydan az
olması ola bilər.
Məlumat üçün bildirək ki,
Mərkəzi Seçki Komissiyası imza vərəqələrini və digər seçki sənədlərini müəyyən
olunmuş müddətdə hər gün saat 9.00-dan 18.00-a qədər
qəbul edir. Sənədlər
qəbul olunarkən imza vərəqələri
olan hər bir qovluq möhürlə təsdiqlənir, təqdim
olunmuş imza vərəqələrinin
sayının seçici imzalarının
toplanmasının yekunu haqqında protokolla uyğunluğu
yoxlanılır, sənədlərin qəbulu barədə
yazıli arayış tərtib edilir. Arayış Mərkəzi Seçki
Komissiyasının katibi və imza vərəqələrini, digər seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən
şəxs tərəfindən imzalanır, təsdiqlənir
və bir nüsxəsi seçki
sənədlərini təqdim edən şəxsə verilir.
Qeydə
alınmış namizədlərin statusu
- bərabərliyi, fəaliyyətinin təminatları və
seçkilərdə iştirakının şərtləri
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
69-71-ci maddələrində öz əksini
tapmışdır. Qeydə alınmış bütün
namizədlər onların statusları nəzərə
alınmaqla bərabər hüquqa
malikdirlər və bərabər vəzifələr
daşıyırlar.
Dövlət
orqanlarında, bələdiyyə qulluğunda
və ya kütləvi informasiya
vasitələrində işləyən qeydə
alınmış namizədlər seçki
kampaniyasında iştirak etdikləri
müddətdə xidməti vəzifələrini yerinə
yetirməkdən azad edilirlər. Amma bu qayda Azərbaycan
Respublikası Prezidentinə, Milli Məclisin
deputatlarına və bələdiyyə üzvlərinə şamil edilmir. Qeydə alınmış namizədin işlədiyi,
oxuduğu, hərbi xidmətdə olduğu idarənin, təşkilatın
müdiriyyəti, hərbi hissənin komandiri
namizədin qeydə alındığı gündən
seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində
göstərilən müddət üçün
onu işdən, tədrisdən, xidmətdən
ödənilməyən məzuniyyət verilməsi əsasında
istənilən gün və vaxt azad etməlidir. Bu halda Mərkəzi Seçki Komissiyası seçkilərin
hazırlanması və keçirilməsi ücün
büdcədən ayrılmış vəsait hesabına namizədə
orta aylıq əməkhaqqı məbləğində,
lakin minimum əməkhaqqının
20 mislindən çox olmayan
haqq ödəməlidir.
Qeydə
alınmış namizədə
Seçki Məcəlləsi ilə
müəyyən edilmiş nəqliyyat xərcləri
ödənilir. Taksi və sifarişli
nəqliyyat reyslərindən istifadə xərcləri isə
ödənilmir.
Qeydə
alınmış namizəd Seçki Məcəlləsinin
70.1-ci maddəsində göstərilən müddətdə
işdən, xidmətdən, təhsil müəssisəsindən
çixarıla bilməz, öz
razılığı olmasa, başqa işə keçirilə bilməz,
habelə ezamiyyətə göndərilə, hərbi xidmətə
və ya toplanışa çağrıla bilməz.
Respublika Baş prokurorunun razılığı olmadan törətdiyi əmələ görə
cinayət məsuliyyətinə
cəlb edilə bilməz, tutula bilməz
və ya məhkəmə qaydasında
müəyyənləşdirilən inzibati
tənbeh tədbirlərinə məruz qala
bilməz.
Bundan əlavə, qeydə
alınmış prezidetliyə namizədin təhlükəsizliyi
Mərkəzi Seçki
Komissiyasının müəyyən etdiyi
qaydada təmin edilir.
Etibar
QULİYEV,
Mərkəzi
Seçki Komissiyasının üzvü
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 2.