Şirvanda «Seçki prosesinə müdaxilələrə yol verilməməsi» mövzusunda məlumat sessiyası keçirilmişdir

 

Avqustun 31-də Şirvan şəhərində "Seçki prosesinə müdaxilələrə yol verilməməsi" mövzusunda məlumat sessiyası keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə keçirilən sessiyada 21 şəhər və rayonun icra hakimiyyətinin başçıları və seçki dairələri dairə seçki komissiyalarının sədrləri iştirak etmişlər.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay sessiyada çıxış etmişdir. Səfir bildirmişdir ki, Azərbaycanda son seçkiləri müşahidə etmiş beynəlxalq təşkilatların hesabatlarında seçki sahəsində irəliləyişlərin olduğu qeyd edilir. Son seçkilərlə bağlı ATƏT-in hesabatında da demokratiyaya doğru növbəti addımın atıldığı vurğulanmışdır. Ümid edirik ki, bu sahədə nailiyyətlər davamlı olacaqdır.

Səfir Koray Tarqay demişdir ki, rəhbərlik etdiyi qurumun məqsədi prezident seçkilərinin demokratik keçirilməsində Azərbaycana yardım göstərməkdir. O, ATƏT-in Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı öhdəliklərinin icrasında dəstəkləməyə davam edəcəyini və seçki prosesinin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 310 peşəkar müşahidəçi tərəfindən izləniləcəyini diqqətə çatdırmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin müdir müavini Hüseyn Mövsümov çıxışında bildirmişdir ki, qarşıdan gələn prezident seçkiləri növbəti beş ildə Azərbaycanın inkişaf istiqamətlərini, perspektivlərini müəyyənləşdirmək üçün ölkəmizin mövqeyini, iradəsini ifadə etmək və qərar vermək şansı yaradır. Bu baxımdan prezident seçkiləri Azərbaycanın sosial-iqtisadi həyatında da çox əhəmiyyətli bir hadisədir.

Qeyd olunmuşdur ki, yerli icra hakimiyyəti orqanları seçki prosesində bilavasitə iştirak etməsələr də, onlar yerlərdə seçki mühitinin yaradılmasında, seçkilər zamanı asayişin təmin edilməsində ciddi rol oynayırlar.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan seçkilərin keçirilməsi sahəsində kifayət qədər böyük təcrübə qazanmışdır. İndiyədək Azərbaycanda keçirilən seçkilərdə qazanılmış təcrübə imkan verir ki, qarşıdan gələn prezident seçkiləri də yüksək səviyyədə təşkil edilsin.

Hüseyn Mövsümov qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hakimiyyətinin siyasi iradəsi və bu sahədə görülən zəruri tədbirlər ölkəmizdə növbəti prezident seçkilərinin də azad, demokratik, şəffaf, milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsinə şərait yaradır.

Bildirilmişdir ki, seçkilərdə iştirak etmək hüququ olan vətəndaşların sayının ildən-ilə artması səbəbindən yeni seçki məntəqələrinə ehtiyac yaranmışdır. Bu məqsədlə prezident seçkiləri ərəfəsində ölkəmizdə daha 119 yeni seçki məntəqəsi yaradılmış və səsvermə üçün lazımi şəraitlə təmin edilmişdir.

Prezident Administrasiyasının rəsmisi demişdir ki, əgər indiyədək keçirilən seçkilərdə məntəqələrin cəmi 10 faizində, yəni 500 məntəqədə veb-kameralar quraşdırılmışdısa, dövlət başçısı

İlham Əliyevin tapşırığına əsasən qarşıdan gələn prezident seçkilərində məntəqələrin 20 faizində, yəni ümumilikdə 1000 məntəqədə veb-kameralar qoyulacaqdır. Bu, ölkədəki hər beş seçki məntəqəsindən birində səsvermə prosesinin internet vasitəsilə bütün dünyada izlənilməsinə imkan yaradacaqdır.

Qeyd olunmuşdur ki, "Sərbəst toplaşmaq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq seçicilərlə görüşlərin keçirilməsi üçün 118 açıq və qapalı yer müəyyən edilmişdir. Açıq yerlərin ümumi tutumu 265 min, qapalı yerlərin ümumi tutumu isə 15 min nəfərlikdir.

Şöbə müdirinin müavini  Hüseyn Mövsümov prezident seçkilərinin 50 mindən çox yerlixarici müşahidəçi tərəfindən izləniləcəyini qeyd edərək bildirmişdir ki, seçkilərə hələ bir aydan çox vaxt var və MSK tərəfindən bu günədək 160-dan artıq müşahidəçi qeydiyyata alınmışdır. Onlar seçkiləri izləmək üçün heç kimdən icazə almaq məcburiyyəti qarşısında qalmırlar.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov çıxışında bildirmişdir ki, seçkilər beynəlxalq qurumların da diqqət mərkəzindədir. Bu, ölkə əhəmiyyətli tədbir olduğundan prosesdə müxtəlif dövlət strukturları iştirak edirlər. İcra hakimiyyətlərinin seçkilərlə bağlı əsas vəzifələrindən biri seçki prosesinin demokratik ruhda keçirilməsinə normal şərait yaratmaqdır.

Ölkəmizdə seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitliyin mövcud olduğunu vurğulayan M.Rəhimov, seçki komissiyalarının normal fəaliyyət göstərməsi üçün hərtərəfli şəraitin yaradıldığını, onların maddi-texniki bazasının möhkəmləndirildiyini diqqətə çatdırmışdır.

M.Rəhimov qeyd etmişdir ki, MSK aşağı seçki komissiyalarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin artırılması və seçkilərin qanunun tələblərinə uyğun keçirilməsi üçün əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də genişmiqyaslı maarifləndirmə proqramı hazırlayaraq həyata keçirir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, MSK-nın və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə keçirilən indiki sessiyalar da bu qəbildəndir. Bu sessiyalar seçkilərin tam qanunauyğun və ədalətli keçirilməsinə, habelə ölkəmizdə hüquqi dövlətin güclənməsinə və vətəndaş cəmiyyətinin daha da inkişafına xidmət edir.

Sessiyada ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Detç, MSK-nın üzvü Tofiq Həsənov, "Hüquqinkişaf" İctimai Birliyinin sədri, milli ekspert Hafiz Həsənov seçki prosesinə müdaxilələrə yol verilməməsi ilə bağlı məruzələrlə çıxış etmişlər.

Məlumat sessiyasında mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır.

 

Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 3.