Nərgizlərin
gözü yolda qalanda...
Dağlıq
Qarabağın Azərbaycanın nəzarətində olan Nərgiztəpə
qədim yaşayış məntəqəsində ilk dəfə
aparılan arxeoloji qazıntılar Xocavənd Rayon İcra
Hakimiyyətinin təklifi ilə həyata keçirilir.
Artıq kəşfiyyat xarakterli qazıntılar zamanı 8
metr hündürlüyündə olan təpədə 4 min il
əvvələ aid maddi-mədəniyyət nümunələri,
iri çay daşları və kərpicdən tikili hasar
aşkar edilib.
Qarabağın
azadlıq qapısı - Nərgiztəpə...
Arxeoloji
ekspedisiyanın rəhbəri Təvəkkül Əliyevin
sözlərinə görə, Nərgiztəpə indiyədək
arxeoloji qazıntı aparılan ərazilərdən ən zəngini
hesab edilir. Tapılan nümunələr əsasən alban, Səlcuq
və İslam mədəniyyətinə aiddir.
Qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət
nümunələri burada hələ xristianlıq
dövründə albanların yaşadığını
sübut edir. Tapılan qəbir abidələr isə ərazidə
xristianlıqdan sonra İslam dininin sürətlə
yayıldığını təsdiq edir. Aşkarlanan
bütün dəlillər Qarabağda ermənilərin
yaşaması iddialarını tamamilə puç edir.
Ərazidə qazıntı işlərinin genişləndirilməsi
nəzərdə tutulub.
Doğrudan da Tovuz rayonu ərazisindəki
Göytəpə arxeoloji abidəsi kimi, Nərgiztəpə
abidəsi də nəinki Azərbaycanda, bütövlükdə
Cənubi Qafqazda Orta Tunc dövrünün erkən mərhələsinə
aid yaşayış məskənlərinin ən
böyüklərindəndir və həmin dövrdə Azərbaycanda,
eləcə də Qafqazda baş verən inkişaf proseslərinin
öyrənilməsində əvəzsiz bir mənbədir.
Qarabağ
müharibəsi zamanı şiddətli döyüşlər
nəticəsində erməni
işğalçılarından azad edilən Nərgiztəpə
Dağlıq Qarabağın, o cümlədən Xocavənd
rayonunun strateji məntəqəsi kimi mühüm əhəmiyyətə
malikdir. Hələ
1994-cü il 10 apreldə ümummilli lider Heydər Əliyev
buradakı cəbhə xəttində Xocavənd taborunun
döyüşçüləri ilə
görüşmüş, onların fədakarlığını
və qəhrəmanlığını xüsusi qeyd
etmişdir. Xeyli vaxtdır Xocavənd RİH-in təşəbbüsü
ilə Nərgiztəpə yüksəkliyində vətən
uğrunda canından keçmiş 150-yə yaxın şəhidin
xatirəsini əbədiləşdirmək üçün
abidə kompleksi yaradılmış, burada Azərbaycan
bayrağı ucaldılmışdır. Xocavəndlilər
tərəfindən bir sıra kütləvi tədbirlərin
də burada keçirilməsi artıq ənənə
halını alıb. İctimai-siyasi xadimlər, Milli Məclisin
deputatları, jurnalistlər tez-tez "Qarabağın
azadlıq qapısı" adlanan Nərgiztəpədə
toplaşır, vətənpərvərlik ruhunda
çıxışlarla şəhidlərin xatirəsini
yad edirlər.
Xocavənd
Rayon İcra Hakimiyyətinin
müvafiq təşkilatlara müraciətində deyildiyi kimi,
Dağlıq Qarabağ ərazisindəki Nərgiztəpə
abidəsində sistemli, kompleks arxeoloji qazıntılar və
elmi araşdırmalar aparılması işğal altında
olan torpaqlarımızı azad etmək əzmində olan,
doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan hər kəsə
yeni bir ruh verəcəkdir. Bunun üçün Xocavənd
ictimaiyyətinin, AMEA-nın müvafiq institutlarının, Mədəniyyət
və Turizm Nazirliyinin təklif və təşəbbüslərini
birləşdirərək təcili tədbirlər
görülməsi lazımdır.
XX
əsrin sonlarında erməni silahlı qüvvələri
havadarlarının köməyilə Qarabağın
dağlıq hissəsini və ona bitişik ətraf
rayonları işğal etdikdən sonra yüzlərlə kənd,
qəsəbə və şəhər viran edilərək
dağıdıldı, dinc əhaliyə qarşı
soyqırımı törədildi, minlərlə insan yurd-yuvasından didərgin
salındı. Qarabağdakı minlərlə abidə də
erməni vandallarının fiziki və mənəvi terroruna məruz
qaldı: xalqımızın islamiyyət dövrünə
aid 1.300 illik tarixi olan məscid, məqbərə və qəbiristanlıqları
məhv edildi, xristian dövrü memarlıq abidələrimiz
saxtalaşdırıldı.
Azərbaycan
Prezidenti İlham Əliyevin öz
çıxışlarında dəfələrlə qeyd
etdiyi kimi, düşmən yalanlarına və iftiralarına
qarşı hərtərəfli mübarizəmizi bir an belə
dayandırmamalıyıq: "Mən məsələnin
tarixi aspekti haqqında dəfələrlə fikirlərimi
bildirmişəm, müvafiq göstərişlər vermişəm,
o cümlədən bizim alimlərə ki, məsələnin
tarixi aspektinə dair tutarlı arqumentlərlə zəngin
yeni kitablar dərc edilsin. Bu istiqamətdə də
işlər gedir və araşdırmalarımız, əsərlərimiz
həqiqəti əks etdirir, yəni tarixi həqiqət üzərində
qurulmuşdur. Məsələnin tarixi aspekti də
çox önəmlidir. Çünki uzun illər ermənilər
öz lobbi qurumları vasitəsilə dünyada belə bir rəy
formalaşdırmağa çalışırlar ki,
Dağlıq Qarabağ qədim erməni torpağıdır
və erməni xalqı əsrlər boyu bu torpaqda
yaşamışdır. Bunlar tamamilə yalan, təhrif
edilmiş məlumatlardır. Hazırda biz bu yalanları
ifşa etməklə, həqiqətləri ortaya qoymaqla eyni
zamanda münaqişənin həlli üçün tarixi
bazanı da möhkəmləndiririk. Dağlıq Qarabağ əzəli
Azərbaycan torpağıdır. Dağlıq Qarabağın
ərazisində yerləşən bütün
yaşayış məntəqələrinin toponimləri Azərbaycan
mənşəlidir. Nəinki Dağlıq Qarabağ, indiki
Ermənistanın toponimlərinin mütləq əksəriyyəti
Azərbaycan mənşəlidir. Yəni xalqımız əsrlər
boyu bu torpaqda yaşamış, yaratmış və bundan
sonra da bu torpaqda yaşamalıdır".
Bu mənada Nərgiztəpə
maddi mədəniyyət abidəsinin öyrənilməsi və
tədqiqi də tarixi həqiqətlərin əsaslı
faktlarla bir daha təsdiq
olunmasında əlavə stimul ola bilər. Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
tarixi abidə kimi qorunan Nərgiztəpə ətrafında
iri yumru daşlar diqqəti cəlb edir. 2013-cü ildə
aparılan arxeoloji kəşfiyyat işləri zamanı
müxtəlif tarixi dövrlərə aid yaşayış
yerlərinin qalıqları aşkar edilib. Kompleksdə
mürəkkəb quruluşlu orta əsr tikililərinin
qalıqları və qəbiristanlıq diqqəti cəlb
edir. Qəbirüstü daşlar üzərinə qazma
üsulla müxtəlif işarə və damğalar çəkilmişdir.
Nərgiztəpə həm də I Qarabağ
müharibəsi haqqında xatirələri yaşadan bir abidədir:
burada mərmər lövhə üzərində Qarabağ
döyüşlərində həlak olan Azərbaycan əsgərlərinin
adı həkk edilib. İri plakat üzərində
ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Xocavənd
taborunun döyüşçüləri ilə
görüşü əks olunub. Təpə üzərindəki
yüksəklikdə isə Azərbaycan bayrağı
dalğalanır.
Son
illər Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası Nərgiztəpə
ətrafında, xüsusilə Qarasu və Şpartı boyunca
müxtəlif tarixi dövrlərə aid onlarla abidə
aşkar edib. Əcnəbi tədqiqatçıların
etirafına görə, bu ərazi Neolit-Xalkolit dövrü
abidələrinin ən sıx rast gəlindiyi nadir məntəqələrdəndir.
Tarixə
məhəbbət dünya alimlərini Qarabağa toplayıb
2009-cu
ildən Mil-Qarabağ bölgəsində - Ağcabədi,
Ağdam, Beyləqan, Füzuli, Xocavənd ərazisində fəaliyyət
göstərən Azərbaycan-Almaniya Beynəlxalq Arxeoloji
Ekspedisiyasının gəldiyi nəticələr həqiqətən çox maraqlıdır və
regionun öyrənilməsi baxımından əhəmiyyətli
bir hadisədir.
Ekspedisiya Ağcabədi və Xocavənd rayonlarında
Neolit-Xalkolit dövrü abidələrinin tədqiqini davam
etdirir. Ərazidə müxtəlif maddi qalıqlar (muncuq,
saxsı və s.) əldə edilib. Açılan profillərdən
birində gildən hazırlanmış insan fiqurunun baş
hissəsi də aşkarlanıb. IV Kamiltəpə abidəsində
tapılan maddi mədəniyyət qalıqları arasında
"muncuq atelyesi" -
balıqqulağıdan hazırlanmış minlərlə
muncuq tədqiqatçıların diqqətini daha çox cəlb
edib. Muncuqlar düzəldilərkən
çaxmaqdaşıdan istifadə olunub. Bu tapıntılar hələ
Neolit dövründə Mil düzündəki
yaşayış məskənlərində istehsal təsərrüfatının,
o cümlədən sənətkarlığın, mübadilənin
inkişafından xəbər verir. Aparılan analiz və
müqayisəli təhlillər IV Kamiltəpə
yaşayış məskəninin e.ə. VII-VI minilliklərin
kəsişməsinə aid olduğunu göstərir.
Şvartı-Qarasu boyunca olan Kamiltəpə abidəsi ətrafındakı
təpələr tədqiq olunmaqdadır. Eyni zamanda, Tovuzda
Göytəpə yaxınlığındakı Məntəştəpə
ərazisində də axtarışlar davam edir.
Ekspedisiyaya
Almaniya Arxeologiya İnstitutunun professoru doktor Barbara Helvinq və
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru Təvəkkül
Əliyev rəhbərlik edirlər.
Ekspedisiyada 8
ölkəni - Almaniya, İtaliya, Fransa, İngiltərə,
ABŞ, İran, Yaponiya və Azərbaycanı təmsil edən
25-dən çox alim iştirak edir.
Ekspedisiya
kompleks xarakter daşıyır, yəni onun işində
arxeoloqlarla yanaşı, topoqraflar, keramika, sümük və
sairə üzrə tanınmış mütəxəssislər
də iştirak edirlər. Tapıntılar analiz
üçün birbaşa Almaniyaya göndərilir.
Bu
ərazidə Örənqala, Kamiltəpə, Qurdtəpə,
Əmirəhmədtəpə, Qaratəpə, Nərgiztəpə,
Qalatəpə, Üçtəpə, Yantəpə, Şahtəpə
kimi əvvəllər elmə məlum olan abidələr
vardı. Son tədqiqatlar isə hər gün əldə
olunan yeniliklərlə hamını heyrətləndirməkdədir:
artıq 80-dən
yuxarı yeni abidə aşkarlanıb. Burada Neolit
dövrünə - 7-8 min il əvvəllərə - ilkin əkinçilik
dövrünə aid edilən əşyalar da
tapılmaqdadır.
Arxeoloji
ekspedisiya fəaliyyəti dövründə müvafiq
strukturlarla sıx əlaqə saxlayır, mətbuat nümayəndələrinə
tədqiqatların gedişi haqqında vaxtaşırı məlumatlar
verir. Qazıntı zamanı əldə edilən antik dövrə
aid bütöv qablardan 6 ədədi akt tərtib olunaraq
diyarşünaslıq muzeyinə təhvil verilib.
Təvəkkül
müəllim əcnəbi alimlərin ölkəmizə
marağından həvəslə danışır, deyir ki,
onlar bu boz çölləri "cənnət"
adlandırırlar. Almaniyada Ağcabədinin,
Mil-Muğanın təbiəti, heyvanat aləmi haqqında
ayrıca kitab da nəşr ediblər. Gülə-gülə
deyir ki, Barbara xanımın həyat yoldaşı buranın təbiətindən,
havasından doymur.
Mütəxəssislər
qeyd edir ki, bu ərazilər əsrlər boyu heyvandarlıq
üçün istifadə olunub. Ona görə tarixi abidələr,
demək olar ki, toxunulmaz qalıb. Lakin artıq Haramı
düzündə genişlənən əkinçilik işləri
bu sahədə müəyyən problemlər yaratmaqdadır. Ekspedisiya qrupu bu məqsədlə müxtəlif təşkilatlara
müraciətlər edir, abidələrin qorunmasına
çalışır. 2012-ci ildə Qarasu hövzəsində
20-dən artıq, Qarqarçay hövzəsində isə 11
abidə qeydə alınıb, xəritələri çıxarılıb.
Onlar Neolit-Xalkolit, Dəmir, Antik və orta əsrlərə
aid abidələrdir. Kəşfiyyat işləri
zamanı aşkar olunan abidələrin qorunması məqsədilə
də işlər aparılır. Mühafizə
məqsədilə ətrafda "sərhəd" xəndəkləri
qazılıb. Eyni zamanda, təsərrüfat
işləri aparan təşkilatlarla əlaqə
yaradılıb, ayrı-ayrı şəxslərlə
görüşlər keçirilib və abidələrin
mümkün qədər qorunmasına səylər göstərilir.
Bu istiqamətdə müvafiq təşkilatlar
arasında əlaqələrin genişləndirilməsinə
ehtiyac var.
Ümumiyyətlə, Mil-Qarabağ düzənliyinin
Ağcabədi rayonu ərazisinə düşən hissəsində
- Qarasu və Qarqarçay hövzəsində Azərbaycan
tarixinin müxtəlif dövrlərinə aid çox əhəmiyyətli
50-dən artıq arxeoloji abidənin qeydə alınması həmin
çay hövzələrinin bütövlükdə
tarixi-arxeoloji qoruq elan olunmasına tam əsas verir. Ağcabədi RİH-in başçısı
Ş.Məmmədov işə qarışaraq sahəsi 500x300
metr olan həmin təpələri əkin yerlərindən
ayırmağı tapşırıb. Bundan
əlavə, təbliğat işləri genişlənməli,
fəhlələr, traktorçular arasında maarifləndirici
tədbirlər gücləndirilməlidir.
Andrea Ricci Almaniyada çalışır.
Əslən italiyalıdır. O,
böyük həvəslə bu ərazidə
tapdığı dəvəgözü daşını -
obsidianı bizə göstərir. Məlum olur
ki, Qafqazda indiyədək bu vulkanik şüşədən
böyüyü tapılmayıb. Min illər
əvvəl ondan kəsici, deşici, toxucu alət kimi istifadə
olunub. Hətta bir vaxtlar öküz verib
onu alardılar. Alimlər deyir ki, yerli
çobanlar buralarda daha böyük dəvəgözü
daşlarına rast gəliblər. Ərazidə
həm də daş qablar, vaxtilə dəyirmanları əvəz
edən dəndaşları və s. aşkarlanıb.
Xanım Barbara deyir ki, Güney Qafqaza
marağımız çox böyükdür.
Sizin təbiət, heyvanat aləmi çox zəngindir.
İran, Mesopotamiya və Anadolu ilə müqayisədə
bu yerlər, demək olar ki, öyrənilməyib. Deyilənə görə, insanların həyat fəaliyyəti
üçün ideal yer Mesopotamiya hesab olunur. Amma bizim araşdırmalarımız elmə yeni
fikirlər gətirir. Bizcə, bitkilərin
bir qismi - heyva, üzüm və s. ilk olaraq burada - Azərbaycanda
yetişdirilib.
Burada Haramı düzündə tapılan
nərə balığının - osetrinin sümüklərinin
yaşı 7.500 ilə çatır. Sümük üzrə professor Norbert Beneki deyir ki,
bu ərazidə ilk əhliləşmənin izləri
görünməkdədir. Bəlkə də, kim bilir, o vaxt Xəzər dənizi elə bu
yerlərə qədər gəlib çatırmış? Yoxsa Kür-Araz vasitəsilə bu balıqlar əldə
edilib? Bəs bu ərazidəki nadir tapıntı,
arxeoloqların yekdilliklə "muncuq atelyesi"
adlandırdıqları, balıqqulağıdan düzəldilən
5.000-dən artıq muncuq necə və kimlər
üçün hazırlanıb?
Müharibə
davam edir - amma daha dərində və daha yaxında
Bu mənada həmin tapıntıların
mərkəzində yerləşən Nərgiztəpənin
daha geniş öyrənilməsinə böyük ehtiyac var.
Buradakı tarixi, arxeoloji, memarlıq abidələrinin,
"Kitabi-Dədə Qorqud"la səsləşən
toponimlərin elmi əhəmiyyəti kompleks tədqiqatların
aparılmasına, arxeoparkın yaradılmasına, turizm
obyektlərinin açılmasına, mühüm mədəniyyət
ocağının təşkilinə tam əsas verir.
Bunun üçün:
- abidənin mühafizəsinin
daha yaxşı təmin edilməsi və ətrafda abadlıq
işlərinin həyata
keçirilməsi, açıq səma altında
muzey-arxeoparka çevrilməsi istiqamətində işlərin
gücləndirilməsi;
- abidənin bölgənin turizm
marşrutuna daxil edilməsi, "2010-2014-cü illərdə
turizmin inkişafına dair Dövlət Proqramı"na
uyğun olaraq zəruri işlərin görülməsi və
onun Azərbaycan Respublikası Prezidenti yanında Elmin
İnkişafı Fondunun qrant layihələrinə daxil edilərək
elmi-tədqiqat işlərinə cəlb olunması;
- Nərgiztəpə maddi-mədəniyyət
abidəsinin öyrənilməsi ilə bağlı sistemli
şəkildə kompleks arxeoloji qazıntı işlərinə
başlanılması, AMEA-nın müvafiq elmi-tədqiqat
institutlarının fəaliyyətinin əlaqələndirilməsi,
həmin ərazidə mütəmadi şəkildə
tarixçi və arxeoloqların iştirakı ilə beynəlxalq
elmi-praktik konfransların keçirilməsi;
- Türkiyədə olduğu kimi, hər il burada Dədə Qorqud günləri çərçivəsində
bayram tədbirlərinin keçirilməsi, Qaraca
Çobanın qəbrinin ziyarət olunması yaxşı
bir ənənəyə başlanğıc ola bilərdi;
- Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na əlavələrin 1.25-ci bəndində nəzərdə
tutulan Xocavənd rayonunun Qarasu və Nərgiztəpə ərazilərini
birləşdirəcək çınqıl yolun çəkilişinin
sürətləndirilməsi;
- İşğal nəticəsində tarixi-mədəni irsimizə ciddi
ziyan vurulduğu və maddi mədəniyyət abidələrimizin
vəhşicəsinə dağıdıldığı bir
vaxtda Nərgiztəpə abidəsi erməni yalanlarını
ifşa etmək və onlara tutarlı, elmi cavab vermək
üçün olduqca əhəmiyyətli bir mənbədir
və bunu nəzərə alaraq faktiki olaraq Dağlıq
Qarabağ ərazisində yerləşən Nərgiztəpə
maddi-mədəniyyət abidəsi haqqında, burada
görüləcək işlər barədə yazılı
və elektron kütləvi informasiya vasitələrində
sistemli şəkildə müxtəlif materialların dərc
olunması, sənədli film və süjetlərin
hazırlanması vacibdir!
Bir sözlə, gərək heç
unutmayaq ki, müharibə davam edir, amma bu dəfə o, daha dərində,
daha yaxında və daha incə bir istiqamətdə - həqiqi
tariximizin yad əllərdən alınması, qorunması
istiqamətində gedir.
Bəxtiyar
QARACA
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 4.