Bu gün ölkənin müasir aqrar-sənaye kompleksi yaradılır

 

Xüsusən son illər ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda aqrar sahənin çəkisi sürətlə artır. Bu, kənd təsərrüfatı üzrə yeni müəssisələrin yaranmasında və məhsul istehsalının artmasında özünü daha qabarıq şəkildə büruzə verir. Bütün bunlar dövlətin aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqətin və dəstəyin sayəsində mümkün olub.

Artıq neçə ildir ki, kənd təsərrüfatında çalışanlar torpaq vergisindən savayı bütün növ vergilərdən azaddırlar. Bundan başqa, əkin əkən hər bir fermerə istifadə etdiyi yanacaqsürtkü yağlarına görə dövlət kompensasiya ödəyir. Eyni zamanda, fermerlərə gübrələrin bazar qiymətindən aşağı satılması barədə də qərar var. Yaranan qiymət fərqi isə dövlət büdcəsi hesabına ödənilir. Həmçinin məhsul istehsalçılarına toxum, kənd təsərrüfatı maşın və mexanizmləri, cins mal-qara güzəştli qiymətlərlə satılır. Qəbul edilən qərarlardan birixüsusi əhəmiyyətə malik olan aqrar sektorda çalışanlara uzunmüddətli və güzəştli kreditlərin verilməsidir. Bütün bu güzəştlər fermerlərə öz təsərrüfatlarını inkişaf etdirməyə geniş imkanlar yaradır.

Aqrar sektora göstərilən dövlət dəstəyini son 10 ilin statistik rəqəmləri də açıq şəkildə göstərir. Məsələn, son 6 ildə kənd təsərrüfatında çalışan sahibkarlara 660 milyon manatdan çox əvəzsiz yardım göstərilib. Ötən 10 ildə isə kənd təsərrüfatı istehsalçıları dövlətdən 1 milyard manatdan çox güzəştli kredit alıblar. Yalnız cari ildə sahibkarlar 250 milyon manat güzəştli kredit alacaqlar ki, onun da böyük hissəsinin aqrar sektorda çalışanlara verilməsi nəzərdə tutulur.

Torpaq islahatından sonra fermerlər uzun müddət sovet dövründən qalma kənd təsərrüfatı texnikasından istifadə etməli olmuşlar. İstismar müddəti ötdüyü üçün həmin texnikanın bir qismi sıradan çıxmışdı. Kəndlilərin isə baha qiymətə yeni texnika almağa lazımi vəsaiti yox idi. Dövlət bu işdə də istehsalçını köməksiz qoymayıb. Fermerlərə dəstək məqsədilə 2005-ci ildə yaradılan "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıq və gübrələrin alınmasına 446 milyon manat vəsait xərclənib. Ötən 7-8 il ərzində fermerlərə 14 min 450 kənd təsərrüfatı texnikası, o cümlədən 1.035 kombayn, 4.262 traktor verilib. Aqrar sektora göstərilən diqqət sayəsində kənd təsərrüfatının texnika parkı böyük həcmdə yeni maşın və mexanizmlərlə təmin olunmaqla bərabər, fermerlər güzəştli şərtlərlə gübrələr və damazlıq heyvanlar almaq imkanı da qazanıblar. Bunlar isə  son 10 ildə aqrar sektorda 3 dəfədən çox məhsul istehsalına imkan verib.

Dövlət təkcə məhsul istehsalını stimullaşdırmır. Eyni zamanda, aqrar sektorda çalışan sahibkarların maksimum qazanc əldə etməsi qayğısına da qalır. Bu məqsədlə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" çərçivəsində regionlarda kənd təsərrüfatı məhsullarını saxlamaq üçün anbar kompleksləri tikilir. Bu komplekslər meyvə-tərəvəz istehsalının artmasında xüsusi əhəmiyyətə malikdir. Son vaxtlaradək Azərbaycanda belə bir mənzərə yaranmışdı: yaz-yay mövsümündə qısa bir zaman kəsiyində bazarlarda meyvə-tərəvəz bol olurdu. Sonra qiymətlər kəskin şəkildə bahalaşırdı. Çünki soyuducu anbarların olmaması ucbatından fermer istehsal etdiyi məhsulu itkiyə getməmək üçün yığım dövründə bazara çıxararaq dəyər-dəyməzinə satmağa məcbur idi. Beləliklə, bazarda qısa müddətdə həddən artıq ucuzluq baş verir, ardınca isə qiymətlər kəskin şəkildə qalxırdı. Qiymət qalxımının əsas səbəbi yerli məhsulun bazarda satılmasının müddətinin qısa olması, onun yerinə xaricdən meyvə-tərəvəzin idxal edilməsi idi. Nəticədə isə həmin fermerlər qazanc əldə edə bilmir, bəzi hallarda hətta ziyana düşür, həm də istehlakçılar bahalıqdan əziyyət çəkirdi. Üstəlik, idxal yerli fermer təsərrüfatlarının inkişafına mane olurdu.

Artıq vəziyyət başqadır. Həyata keçirilən tədbirlər nəticəsində ötən bir neçə ildə regionlarda dəyəri milyon manatlarla ölçülən və ümumi tutumu 100,5 min ton olan 28 soyuducu anbarümumi tutumu 267 min ton olan 17 taxıl anbarı kompleksləri tikilərək istifadəyə verilib. Bununla bərabər, "Hər kəndliyə bir anbar" proqramı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və "Aqrolizinq" ASC-nin xətti ilə ölkəmizə 20 ton tutumu olan soyuducu anbarlar gətirilərək 10 il müddətində fermerlərə lizinqə verilib.

Cari il də kənd təsərrüfatı üçün uğurludur. Avqustun 1-i vəziyyətinə ölkə üzrə 1016,5 min hektar dənli bitkilərin (qarğıdalıdan başqa) sahəsi biçilib, döyülüb və həmin sahələrdə ilkin çəkidə 2.705 min ton taxıl mədaxil edilib. Hər hektardan orta hesabla 26,6 sentner məhsul götürülüb. İstehsal olunan taxılın (qarğıdalısız) 1,9 milyon tonu payızlıq və yazlıq buğdadır. Qarğıdalı da daxil olmaqla, taxıl istehsalının ümumi həcmi keçən ilin müvafiq dövrünə nisbətən 5,5 faizya 141,2 min ton artaraq 2 milyon 722,4 min tona çatıb. Orta məhsuldarlıq üzrə göstəricilər Saatlı, Şəmkir, Sabirabad, Bərdə, Ağdam, Salyan, Samux, Tərtər, Yevlax, Ağcabədi və Beyləqan rayonlarında daha yüksəkdir.

Mövsüm ərzində təsərrüfatlardan həmçinin 544,8 min ton kartof, 728,3 min ton tərəvəz, 297,1 min ton bostan məhsulları, 166,9 min ton meyvə və giləmeyvə, 413 ton üzüm, 394,8 ton yaşıl çay yarpağı, 1434 ton tütün toplanıb. Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 96,3 milyon manat olubbu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 4,8, o cümlədən bitkiçilik üzrə 4,3, heyvandarlıq üzrə 5,2 faiz çoxdur.

Ölkəmiz müstəqillik qazandıqdan sonra ərzaq qıtlığından ərzaq təhlükəsizliyinə nail olmaq kimi vacib bir mərhələyə uğurla qədəm qoyub. Hazırda bitkiçilikquşçuluq məhsulları üzrə yerli istehsal daxili tələbatın 70 faizini ödəyir. Ət, süd məhsulları, bitki yağları, şəkər və digər ərzaq məhsullarının 95 faizi daxili istehsal hesabına təmin edilir. Taxıla olan tələbatın da tam yerli istehsal hesabına təmin edilməsi bir vəzifə kimi aqrar sektorun qarşısına qoyulub. Bu məqsədlə hazırda iri taxılçılıq təsərrüfatları yaradılır və yeni əkin sahələri dövriyyəyə qatılır. Görülən məqsədyönlü tədbirlər nəticəsində taxıla olan tələbatın da yaxın vaxtlarda yerli istehsal hesabına ödəniləcəyi şübhəsizdir.

Daha bir hədəf isə qısa zamanda daxili istehsal hesabına ölkənin ərzaq təhlükəsizliyini təmin etməklə dünya bazarına məhsul çıxarmaqdır. Bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı demişdir: "Əgər biz xarici bazarlarda kifayət qədər böyük mövqeyə nail olmasaq, bu mövqeləri əldə etməsək, daxili bazarı təmin edəndən sonra bizdə müəyyən problemlər yarana bilər. Çünki kənd təsərrüfatının, emal sənayesinin inkişafı artıq elə sürətlə gedir ki, istehsal edilən məhsulların həcmi artacaq və əgər məhsullar rəqabətə dözə bilməsə, xarici bazarlara çıxmaq ildən-ilə daha da çətin olacaqdır. Ona görə rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması, hesab edirəm ki, ən vacib prioritetlərdən biri olmalıdır. Bu istiqamətdə işlər görülürsahibkarlara verilən layihələr ekspertizadan keçirilir. Hesab edirəm ki, dövlət və hökumət tərəfindən sahibkarlara verilən tövsiyələr rəqabətqabiliyyətli məhsulların istehsalına təkan verəcəkdir".

 

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 5.