Bakıda Beynəlxalq
Münasibətlər üzrə Alimlər
Assosiasiyasının «Dəyişən dünyada
Cənubi Qafqaz» mövzusunda
II Forumu keçirilir
Sentyabrın
2-də Bakıda Beynəlxalq Münasibətlər üzrə
Alimlər Assosiasiyasının "Dəyişən dünyada Cənubi Qafqaz"
mövzusunda II Forumu
işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbir Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının
və Prezident yanında Strateji
Araşdırmalar Mərkəzinin təşkilatçılığı
ilə keçirilir.
Forumun plenar
iclası Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının siyasi təhlil və
informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanovun moderatorluğu ilə
keçmişdir.
Elnur Aslanov bildirmişdir ki, dünyanın 21 ölkəsinin dövlət
qurumlarından, beyin mərkəzlərindən,
elmi-tədqiqat institutlarından, universitetlərindən 70-dən
artıq nümayəndənin iştirak etdiyi Forum alimlərin, rəsmi
şəxslərin, beynəlxalq ekspertlərin səmərəli
fikir mübadiləsi baxımından əhəmiyyətlidir.
Prezident Administrasiyası rəhbərinin
müavini, xarici əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədov Forumda
məruzə ilə çıxış etmişdir.
Novruz Məmmədov
müstəqilliyini bərpa etdiyi vaxtdan ötən 22 il ərzində
Azərbaycanda bütün sahələrdə
əldə edilmiş nailiyyətlərdən,
dinamik iqtisadi inkişafdan, xüsusilə də ölkəmizin
xarici siyasətdəki uğurlarından,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsindən danışmışdır.
Prezident
Administrasiyası rəhbərinin müavini
bildirmişdir ki, XXI əsrdə
dünyada bir çox problemlərin yaşandığı
dövrdə həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan
mürəkkəb geosiyasi regionda
öz inkişafını, sabitliyini, təhlükəsizliyini təmin edə
bilmişdir. Məlumdur ki,
hazırkı dövrdə bütün bunlara nail olmaq
çox çətin məsələdir.
Respublikada ölkənin maraqlarına cavab verən zəruri addımlar
atılmış, vətəndaşlarla
qarşılıqlı anlaşma
yaradılaraq bütün sahələrdə
uğurlar qazanılmış və Azərbaycan
regionun lider dövlətinə
çevrilmişdir. Bu
gün Azərbaycan vaxtilə yardıma
ehtiyacı olan bir
ölkədən donor dövlətə çevrilmişdir. Azərbaycan hazırda başqa dövlətlərə investisiya yatırır, humanitar
yardımlar göstərir.
Novruz Məmmədov diqqətə
çatdırmışdır ki, Azərbaycan
dünyanın iqtisadi cəhətdən ən
çox inkişaf etmiş 50 ölkəsi sırasındadır.
Son 10 ildə ölkədə ümumi daxili məhsul 3,4
dəfə artmış, bir milyon 200 min yeni iş yeri
açılmış, yoxsulluğun səviyyəsi
46,7 faizdən 6 faizə enmişdir. Bütün bunlar ölkədə
əhalinin rifahının yüksəlməsindən,
iqtisadiyyatın dinamik inkişafından xəbər
verir.
Prezident
Administrasiyası rəhbərinin müavini
diqqəti Azərbaycanın enerji sahəsində
əldə etdiyi uğurlara
yönəldərək qeyd etmişdir ki, enerji təhlükəsizliyi son
illərdə dünyanın ən mühüm
məsələlərindən birinə çevrilmişdir. Bu
istiqamətdə gedən proseslər bəzən dünyada cərəyan edən siyasi prosesləri müəyyənləşdirir.
Azərbaycan enerji layihələrini tərəfdaşları
ilə birlikdə həyata keçirilir. Lakin məlumdur ki, Azərbaycanın
təşəbbüsü və iştirakı olmadan bu layihələrin heç birini
reallaşdırmaq mümkün deyildi. Enerji sahəsində
Azərbaycan postsovet məkanında Qərb
ilə əməkdaşlıq edən ən mühüm
dövlətdir.
Azərbaycanın
uğurlu xarici siyasətindən
danışan Novruz Məmmədov bildirmişdir ki, bu sahədə əsas prinsiplər qonşularla mehriban münasibətləri
və bütün dövlətlərlə
qarşılıqlı faydalı əməkdaşlığı
inkişaf etdirməkdir. Bildirilmişdir ki, bu gün
Azərbaycanın 57 ölkədə səfirliyi, 10 baş konsulluğu, 20 beynəlxalq
təşkilat yanında daimi nümayəndəliyi
fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq və
regional təşkilatlarla uğurla
əməkdaşlıq edir. Azərbaycanın
xarici siyasətində ən böyük nailiyyət isə ölkənin
BMT Təhlükəsizlik Şurasına üzv
seçilməsidir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
bəhs edən Prezident Administrasiyası rəhbərinin
müavini təəssüflə qeyd etmişdir ki, problemin həlli ilə
bağlı ATƏT-in Minsk qrupu 20 ildən artıqdır ki,
heç bir irəliləyişə
nail ola bilməmişdir. Bu isə
Azərbaycanın qarşısında cavab
axtarılması tələb olunan suallar doğurur. N.Məmmədov
demişdir: "Beynəlxalq aləmdə
gedən proseslərə nəzər saldıqda görürsən
ki, son 5-6 ildə dünya ictimaiyyətinin ən çox
bəhs etdiyi məsələ qlobal iqtisadi
böhrandır. Lakin bu
gün dünyada daha bir böhran
hökm sürür -
beynəlxalq hüquq böhranı. Məhz
bu böhran digər
böhranların da baş
verməsinə gətirib çıxarır. Təəssüf
ki, beynəlxalq hüquqda
ədalət prinsipi pozulur.
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı beynəlxalq birlik tərəfindən
ədalətli mövqe nümayişini
görə bilmirik. Azərbaycanın Avropa İttifaqı, ATƏT, NATO kimi qurumlarla yüksək
səviyyəli əməkdaşlığına baxmayaraq, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı qəbul olunmuş qətnamələrdən irəli gələn
tələblər yerinə yetirilmir. Bu da beynəlxalq hüquq böhranın göstəricisidir.
Beynəlxalq hüquq böhranı isə
ciddi narazılığa gətirib
çıxaran ən böyük
böhrandır".
Prezident
Administrasiyanın rəsmisi vurğulamışdır ki, cəmiyyət inkişaf
etdikcə ölkələr daha sivil olmalıdır, onların arasında bir-birinin münasibətlərini tənzimləməsi
mexanizmi daha uğurla işləməlidir, lakin
təəssüf ki, bu
gün bunu görmək
mümkün deyildir.
ABŞ-da fəaliyyət
göstərən "Stratfor" analitik mərkəzinin təsisçisi və
icraçı direktoru Corc
Fridman dünyada gedən
siyasi proseslərdən, Azərbaycanın
region, bütövlükdə Avropa üçün əhəmiyyətindən,
ABŞ ilə əlaqələrinin inkişafından,
xüsusilə də ölkəmizin uğurlu
enerji
siyasətindən bəhs etmişdir.
Corc Fridman
bildirmişdir ki, Avropa ilə Asiyanın qovuşuğunda
önəmli geostrateji mövqeyə malik olan Azərbaycan uğurlu
balanslaşdırılmış xarici
siyasət yürüdür. Qeyd edilmişdir ki, Azərbaycanın mərhum Prezidenti
Heydər Əliyev o vaxt
bir çox ölkə
rəhbərlərindən fərqli
olaraq dünyanın dəyişdiyini
yaxşı başa düşürdü
və siyasətini də məhz buna
görə qururdu. Təqdirəlayiq
haldır ki, bu gün həmin siyasət uğurla
davam etdirilir.
Amerikalı alim diqqətə
çatdırmışdır ki,
iqtisadiyyatının modernləşdirilməsinə və
şaxələndirilməsinə xüsusi
önəm verən Azərbaycan Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
O, həmçinin vurğulamışdır ki,
Azərbaycan artıq Avropanın bir hissəsinə
çevrilmişdir və təkcə bu qitə üçün
deyil, bütün dünya üçün xüsusi önəmə malik
bir dövlətdir.
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Elşad
İskəndərov öz
çıxışında Azərbaycanın tolerantlıq modeli, ölkəmizdə multikulturalizmə
verilən önəm haqqında danışaraq bildirmişdir ki, bu tolerantlıq ənənələri beynəlxalq
münasibətlər sistemində mühüm
yer tutur.
Komitə
sədri dini tolerantlığın tarixi kökləri və dövlət-din münasibətləri
barədə Forum
iştirakçılarına məlumat verərək demişdir ki, Azərbaycanın
dünyaya örnək ola
biləcək nadir tolerantlıq modelinin əsasında xalqın zəngin mədəniyyətə
əsaslanan milli xüsusiyyətləri
ilə yanaşı, dövlətin qarşılıqlı
hörməti və anlaşmanı təşviq edən siyasəti
dayanır. Əsrlər boyu müxtəlif
xalqların, dinlərin nümayəndələri Azərbaycanda
bir ailə kimi, sülh və əmin-amanlıq,
qarşılıqlı anlaşma şəraitində
yaşamışlar. Bu müsbət
meyillər bu gün də
davam edir.
E.İskəndərov
bildirmişdir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,
BMT və UNESCO-nun birgə
imzaladığı memorandum əsasında
Azərbaycanda Milli Tolerantlıq Mərkəzi
yaradılmışdır. Bu mərkəzin
fəaliyyəti Azərbaycanın tolerantlıq, multikulturalizm ənənələrinin tədqiqinə,
bu işə xarici
mütəxəssislərin cəlb olunmasına şərait yaratmağa yönəlmişdir.
Komitə
sədri, həmçinin Azərbaycanın tolerantlıq modelinin bütün dünyada daha geniş təbliğinin zəruriliyini
vurğulamış və diqqətə
çatdırmışdır ki,
yaxın vaxtlarda həm BMT-nin,
həm də UNESCO-nun baş
qərargahlarında, eyni zamanda
Avropa Parlamentində "Azərbaycan
tolerantlıq məkanı" mövzusunda fotosərgi və
konfransların keçirilməsi planlaşdırılır.
Moskva Dövlət
Beynəlxalq Əlaqələr İnstitutunun
Postsovet Məkanı
Araşdırmaları Mərkəzinin direktoru
Stanislav Çernyavski
öz məruzəsində diqqəti Cənubi
Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq münasibətlər
sistemində etibarlı tərəfdaş və əsas aktorlardan biri kimi qəbul edilməsinə yönəltmişdir.
Bildirilmişdir ki, Prezident İlham
Əliyevin yürütdüyü məqsədyönlü,
səriştəli xarici siyasət nəticəsində
Azərbaycan son 10 ildə qlobal
proseslərin fəal iştirakçısına çevrilmişdir. S.Çernyavski
ölkəmizdə iqtisadiyyatın və nəqliyyat infrastrukturunun əhəmiyyətli dərəcədə
inkişaf etdiyini
xüsusilə vurğulamışdır. O, həmçinin
Azərbaycanda ekoloji məsələlərin
həllinə xüsusi diqqət yetirilməsinin,
neftlə çirklənmiş ərazilərin təmizlənməsinə
dair dövlət proqramlarının həyata
keçirilməsinin, yaşıllaşdırma və
abadlıqla bağlı böyük
işlərin görülməsinin təqdirəlayiq olduğunu söyləmişdir. Rusiyalı alim Azərbaycanda gənclərin
inkişafı, məşğulluq probleminin
həlli istiqamətində görülmüş
işləri yüksək qiymətləndirmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq-Qarabağ münaqişəsinə toxunan S.Çernyavski problemin sülh yolu ilə həlli istiqamətində heç bir nəticə əldə
olunmamasından təəssüfləndiyini bildirərək qeyd etmişdir ki, bu gün
Azərbaycan dövləti münaqişə nəticəsində
məcburi köçkünə çevrilmiş
bir milyondan artıq insana
külli miqdarda vəsait
sərf edir. Torpaqların uzun
müddətdən bəri işğal altında
qalması isə xalqın yaddaşında sağalmayan
yaraya çevrilmişdir.
Sonra suallar
cavablandırılmış, mövzu ətrafında
maraqlı müzakirələr aparılmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 4.