Beynəlxalq
Münasibətlər üzrə Alimlər
Assosiasiyasının «Dəyişən dünyada
Cənubi Qafqaz» mövzusunda
II Forumu işini panel iclaslarla davam etdirmişdir
Sentyabrın
2-də Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının və Prezident
yanında Strateji Araşdırmalar Mərkəzinin
(SAM) təşkilatçılığı ilə Bakıda
keçirilən Beynəlxalq Münasibətlər üzrə
Alimlər Assosiasiyasının "Dəyişən dünyada Cənubi Qafqaz"
mövzusunda II Forumu işini panel iclaslarla davam etdirmişdir.
AzərTAc
xəbər verir ki,
"Caucasus International"
jurnalının baş redaktoru
Zaur Şiriyevin moderatorluğu ilə "Cənubi Qafqaz ölkələri müstəqilliyin 20
ilindən sonra: region uğrunda geosiyasi rəqabət"
mövzusunda keçirilən panel iclasında Azərbaycan Xarici
İşlər Nazirliyinin xüsusi
tapşırıqlar üzrə səfiri Məmməd
Əliyev məruzə ilə çıxış etmişdir. Azərbaycanın müstəqilliyinin
ilk illərində üzləşdiyi
çətinliklərdən danışan Məmməd
Əliyev bildirmişdir ki,
bütün çətinlik və maneələrə
baxmayaraq, ölkəmiz müstəqilliyini
qorumuş və inkişaf
yoluna qədəm qoymuşdur.
Azərbaycan rəhbərliyinin
milli maraqlara cavab verən bütün
addımları atdığını deyən səfir
vurğulamışdır ki, ölkəmiz
müxtəlif sahələrdə uğurlar
qazanaraq regionun lider dövlətinə çevrilmişdir.
Bu gün Azərbaycan
vaxtilə yardıma ehtiyacı olan ölkədən
donor dövlətə çevrilmişdir.
Son illərdə bütün
sahələrdə çox böyük uğurlar
qazanılmışdır.
Azərbaycanın
əldə etdiyi uğurlardan
danışan Məmməd Əliyev diqqətə
çatdırmışdır ki, ölkə
həyatının bütün sahələrində
aparılan islahatlar öz
nəticəsini verməkdədir. Ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən
biri bütün
dövlətlərlə qarşılıqlı
əməkdaşlıq əlaqələrini davam
etdirməkdir. Hazırda Azərbaycan malik olduğu iqtisadi və siyasi imkanlarından öz
milli maraqlarını reallaşdırmaq, qlobal və regional
mövqelərini möhkəmləndirmək üçün
məharətlə istifadə edir.
Dağlıq Qarabağ münaqişəsindən
danışan M.Əliyev vurğulamışdır ki, Ermənistanın
işğalçılıq siyasəti bu
ölkənin regional layihələrdən
kənarda qalması ilə nəticələnmişdir. Bu isə Ermənistanı iqtisadi
və demoqrafik fəlakət həddinə
gətirib çıxarmışdır.
İclasda çıxış edən
"Ceymstaun" Fondunun
prezidenti Qlen Hovard Azərbaycanın iştirak
etdiyi uğurlu enerji layihələri barədə
danışaraq bildirmişdir ki, Azərbaycanın Cənubi Qafqaz
iqtisadiyyatında payı 80 faizdən artıqdır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
toxunan Q.Hovard qeyd etmişdir ki, münaqişə nəticəsində regiona böyük zərbə
dəymişdir. Təəssüflər olsun
ki, münaqişə bölgəsində
vəziyyət təhlükəli olaraq
qalır və insan tələfatı ilə
müşayiət olunur.
Qlen Hovard
Azərbaycanın sülhməramlı əməliyyatlarda,
xüsusən Əfqanıstanda təhlükəsizlik mühitini təmin olunması istiqamətində
həyata keçirilən missiyada fəal
iştirakını təqdir etmişdir.
İclasda məruzə
ilə çıxış edən Moskva
Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun
Postsovet Məkanı
Araşdırmaları Mərkəzinin direktoru
Stanislav Çernyavski
bildirmişdir ki, Azərbaycan
son 10 ildə Cənubi Qafqaz
regionunun real liderinə,
qlobal proseslərin fəal
iştirakçısına çevrilmişdir. Azərbaycanda iqtisadiyyat və nəqliyyat infrastrukturunun
əhəmiyyətli dərəcədə inkişaf
etdiyini deyən S.Çernyavski
vurğulamışdır ki, ölkəmizdə
müsbət nəticələr verən ardıcıl siyasət
aparılır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
toxunan məruzəçi təəssüf
hissi ilə qeyd etmişdir ki, bütün cəhdlərə baxmayaraq
məsələnin sülh yolu ilə həllinə hələ də nail olunmamışdır. O demişdir:
"Bu vəziyyət Azərbaycanı məcburi
köçkünlərinin həyat şəraitinin
yaxşılaşdırması üçün
külli miqdarda vəsait
sərf etməyə, hərbi xərclərini artırmağa
sövq edir. Halbuki bu vəsait təkcə
Azərbaycanın deyil, qonşu
dövlətlərin də rifahına sərf oluna
bilərdi. Əgər Ermənistan ilə saziş
imzalansaydı, bu sazişdən iqtisadi baxımdan bəhrələnən tərəf
Ermənistan olardı".
Stanislav İvanoviç
Çernyavskinin fikrincə, bu vəziyyətdən ən yaxşı
çıxış yolu Madrid
prinsipləri çərçivəsində əldə olunmuş razılaşmaların həyata
keçirilməsidir və Azərbaycan rəhbərliyi hadisələri
müdrikcəsinə dəyərləndirərək
münaqişənin davam etməsinə imkan verməmişdir.
Forumda müzakirə
olunan mövzuların əhəmiyyətini
vurğulayan "The Tool Shed Group"
araşdırma və konsultasiya şirkətinin
direktoru Ceyson Katz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs
edərkən erməni lobbisinin
münaqişə ilə bağlı uydurmalarını aradan qaldırılmasının vacibliyini vurğulamışdır.
O demişdir ki,
ABŞ konqresmenləri bəzən onların seçki
kampaniyasını maliyyələşdirən qrupların təsiri
altına düşür və bu səbəbdən də münaqişə
haqqında obyektiv mövqedən
çıxış edə bilmirlər. "Hesab
edirəm ki, erməni lobbisinin
uydurmaları aradan qaldırılmalı,
eləcə də dünyada Azərbaycanın
strateji önəmi və enerji
təhlükəsizliyindəki rolu barədə
təsəvvürlər daha da gücləndirilməlidir. Hazırda Azərbaycan
Qərb demokratiyası yolu ilə inkişaf edir və
tolerantlığın yüksək səviyyədə olduğu ölkədir" - deyə Ceyson Katz fikrini
tamamlamışdır.
Tədbirdə
qonaq məruzəçi qismində
çıxış edən Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ölkəmizin neft
strategiyası haqqında ətraflı məlumat verərək
demişdir: "Müstəqilliyini
bərpa edən Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri məhz neft sənayesini
inkişaf etdirmək idi.
Ümummilli lider Heydər
Əliyev tərəfindən əsası qoyulan
milli neft
strategiyası sayəsində bu vəzifə
uğurla həyata keçirilmiş,
Azərbaycan neft-qaz hasilatını xeyli artırmağa nail olmuşdur. Neft və qaz sərvətlərinin
dünya bazarlarına
çıxarılması məqsədi ilə çoxşaxəli
ixrac boru kəmərləri
tikilmişdir. Çox
qısa bir zamanda
Bakı-Supsa, Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum kəmərləri inşa
edilmişdir. Bütün
bunların nəticəsində Azərbaycan qısa müddətdə
neft-qaz gəlirləri əldə etməyə
başlamışdır. Bu gəlirləri səmərəli şəkildə
idarə etmək məqsədi ilə 1999-cu ildə Heydə
Əliyevin neft strategiyasının tərkib
hissəsi olan Azərbaycan Dövlət Neft Fondu
yaradılmışdır".
Daha sonra Forum SAM-ın şöbə müdiri
Rövşən İbrahimovun moderatorluğu ilə "Enerji
təhlükəsizliyi: Xəzər regionunun
qlobal enerji təhlükəsizliyinə
töhfəsi" mövzusunda panel iclasla davam
etmişdir.
İclasda çıxış edən
sənaye və energetika nazirinin
müavini Natiq Abbasov Azərbaycanın enerji
sahəsində əldə etdiyi nailiyyətlər
barədə məlumat vermişdir. Bildirmişdir ki,
dünyanın bir sıra ölkələri
və nüfuzlu şirkətləri ilə
əməkdaşlıq edən Azərbaycan bu
münasibətləri gücləndirmək əzmindədir.
Xəzər regionu və Mərkəzi Asiya ölkələrinin böyük
karbohidrogen ehtiyatlara malik olduğunu deyən N.Abbasov vurğulamışdır ki, bu ehtiyatlar
Avropa ölkələrinin enerji
təchizatında mühüm rol oynayır. Enerji
ehtiyatlarının Avropa bazarlarına
daşınması və təhlükəsiz enerji
dəhlizinin yaradılması üçün
mühüm layihələr həyata keçirilir və bunun üçün real imkanlar mövcuddur. Nazir müavini diqqətə
çatdırmışdır ki, gələcəkdə
Xəzər regionunun təbii qaz ixracının illik həcmi
135 milyard kubmetr səviyyəsində
planlaşdırılır ki, bunun da 35 milyardı Azərbaycanın
payına düşür.
Daha sonra iclasda Vudro
Vilson Beynəlxalq Mərkəzinin Avropa enerji təhlükəsizliyi
təşəbbüsü bölməsinin məsləhətçisi
Aleksandr Petersenin, Amerika Birləşmiş Ştatlarının
Beynəlxalq Əlaqələr Şurasının elmi işçisi Coşua Volkerin, Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun
(Kanada)
elmi işçisi Robert Katlerin məruzələri
dinlənilmişdir.
Sonda iclas
iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 4.