Azərbaycan naminə birlik

 

Elnur ASLANOV: "Gənclər XXI əsrdə Azərbaycanı yeni uğurlara aparacaq, müstəqilliyimizi daha da gücləndirəcək qüvvədir"

 

 

Avqustun 31-dən sentyabrın 1-dək Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAİF) "Bizim forum, bizim seçim, bizim Azərbaycan" devizi altında XI Bakı Yay Forumu keçirildi. Hökumət rəsmilərinin, dövlət qurumlarının rəhbərlərinin və Milli Məclisin deputatlarının iştirak etdiyi bu tədbirdə dünyanın 45 ölkəsində təhsil alan və məzun olan 600-dən çox azərbaycanlı gənc toplaşmışdı.

Avqustun 30-da keçirilən ilk iclasda gənclər qarşısında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirdi ki, müxtəlif ölkələrdə təhsil alan gənclərin forumda iştirakı respublikamızın iqtisadi inkişafının, gücünün əyani sübutudur. Gündən-günə çiçəklənən respublikamızın bugünkü iqtisadi inkişafı azərbaycanlı gənclərin xaricdə təhsil almalarına geniş imkanlar yaradır. Prezident Administrasiyasının rəsmisi azərbaycanlı gənclərin xaricdə təhsil almalarından danışdı və onların simasında Azərbaycanın intellektual potensialının dünyaya tanıdılması istiqamətində böyük nailiyyətlərin əldə olunduğunu bildirdi. Gənclərin bütün sahələrdə uğurlar qazandığını vurğulayan Elnur Aslanov diqqətə çatdırdı ki, vəzifəsindən, sosial mövqeyindən və yaşadığı yerdən asılı olmayaraq bütün gənclər Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmalı, ölkəmizi layiqincə təmsil və təbliğ etməlidirlər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov isə bildirdi ki, Azərbaycanın 20 illik müstəqilliyi dövründə keçdiyi möhtəşəm inkişaf yolunda qazanılan uğurlarda cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin böyük rolu var. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsilə, gənclərə göstərilən qayğı və bu sahədə ASAİF-in gördüyü işlərdən danışdı. Hazırda 10 mindən artıq azərbaycanlı gəncin dünyanın müxtəlif ölkələrində təhsil aldığını və onların sayının ildən-ilə artdığını söylədi. Dövlət Neft Fondunun icraçı direktoru  Şahmar Mövsümov gəncləri maraqlandıran sualları cavablandırdı.

Forumda "Gənclik, lobbiçilik, xaricdə təmsilçilik və Qarabağ", "Azərbaycanın tolerantlıq mərkəzi kimi dünyada təbliği", "Azərbaycanda gənclər üçün yeni imkanlar" mövzularında panel iclasları keçirildi. Dövət rəsmiləri, komitə sədrləri bu mövzularla bağlı çıxışlar edərək gənclərin təkliflərini dinlədilər.

Çox maraqlı diskussiyalar fonunda keçirilən ASAİF-in XI Yay Forumunun iki günlük rəsmi hissəsi avqustun 31-də uğurla başa çatdı. Sentyabrın 1-də isə gənclər Qəbələ rayonuna səfər etdilər.

Həm xaricdə təhsil alan azərbaycanlı gənclər, həm də qonaqlar Bakı forumunun təşkilati işlərini və aparılan müzakirələri yüksək qiymətləndirdilər. Qəzetimizə açıqlama verən gənclər ASAİF-in bu maraqlı və gərəkli missiyasının  uğurlarından söz açdılar.

 

ASAİF-də dövlətçilik və milli ruhla silahlanmış gənclər toplaşıb

 

 

Ceyhun OSMANLI,

 

Milli Məclisin deputatı, ASAİF-in həmtəsisçisi:

 

-  ASAİF böyük təcrübə üzərində qurulan təşkilatdır. Bu qurumun maraqlı cəhəti ondan ibarətdir ki, bəzi təşkilatlar əvvəlcə yaranıb sonra təcrübə yığdığı halda, ASAİF artıq təcrübə toplamış gənclər tərəfindən qurulmuşdur. Bu qurumun əsası xarici ölkələrdə təhsil almış və Azərbaycanın ictimai-siyasi həyatında uğur qazanmış insanlar tərəfindən qoyulmuşdur. ASAİF yaranana qədər, yəni, rəsmən təsis olunanadək 10 ilə yaxın yay forumu keçirirdi.

Maraqlıdır ki, əvvəllər foruma 7 ölkədə iştirak edən gənclərimiz qatılırdı. İndi isə 45-dən artıq ölkədə təhsil alan 600-dən çox Azərbaycan gənci XI Yay Forumunda iştirak etdi. Bu forumlar ildə bir neçə dəfə keçirilir və hər il də toplantılarda fərqli kontingent iştirak edir. Forumlarda Azərbaycanda gedən müxtəlif inkişaf istiqamətləri müzakirə olunur. Bu da onun göstəricisidir ki, dövlətimiz hər zaman inkişafdadır və hər dəfə yeni mövzular müzakirələrə çıxarılır. Azərbaycanda gənclər üçün hər il yeni imkanlar yaranır. Keçən forumda ölkəmizdə informasiya texnologiyaları fondu yaranmamışdı. Bu forumda informasiya texnologiyaları fondunun və gənclər fondunun tələbələr üçün təklif etdiyi yeni imkanlardan danışıldı. Gənclər bu forumda Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin yeni proqramlarından, Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı danışıqlardan, ölkəmizdəki tolerantlıqdan və digər sahələrdə olan yeniliklərdən xəbərdar olurlar.

Müasir Azərbaycanı yaradaraq gənclərə həvalə edən ulu öndər Heydər Əliyevin yolunu bu gün uğurla davam etdirən Prezident İlham Əliyev daim Azərbaycanın inkişafı, uğurları üçün çalışır və bütün çıxışlarında qeyd edir ki, gələcək gənclərin əlindədir. Ona görə də gənclər bu missiyanı vaxtında dərk etməlidirlər. Onlar bilməlidirlər ki, Azərbaycan dövlətçiliyini, Heydər Əliyev irsini gələcəyə daşıyan insanlardır. Onlar daim buna hazır və ölkədə gedən hər bir prosesdən xəbərdar olmalıdırlar.

Bu forumda iştirak edən gənc tələbələr dövlət rəsmiləri ilə görüşlərlə bərabər, xaricdə təhsil alan və hazırda məzun olan həmkarları ilə də yaxın ünsiyyət qururlar. Bir-biri ilə qazandıqları təcrübəni, nailiyyətləri paylaşan tələbələr üçün təhsil imkanları genişdir. ASAİF daim bu tələbələri bir araya gətirir, onlar arasında bağlılığın, vəhdətin möhkəmlənməsi üçün bir çox layihələr həyata keçirir. Bunlardan biri də gənclər arasında pulsuz kursların təşkil edilməsidir. Bu kurslarda xaricdə təhsil almağa maraq göstərən gənclərə məsləhətlər verilir, uyğun yollar göstərilir. Bu, onlar üçün bir karyera imkanı hesab olunur. Hətta bir çox qurumlar kadr məsələlərində ASAİF-ə müraciət edirlər. ASAİF həm də iş yerlərinin tapılmasında gənclərə yaxından kömək edir.

ASAİF hər zaman dövlətçilik və milli ruhla silahlanmış gənclərdən ibarətdir. Bu gün ASAİF müasirliyin, milliliyin və dövlətçiliyin vəhdəti olan bir təşkilatdır.

 

 

Foruma toplaşan gənclər dövlətin yürütdüyü siyasətə tam sadiqdirlər

 

Orxan ƏKBƏROV,

 

ASAİF-in həmtəsisçisi, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri:

 

- Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu uzun bir tarixi inkişaf dövrünə malikdir. Artıq neçə illərdir ki, biz xaricdə təhsil alan və məzun olan şəxsləri bir araya gətiririk. Bu gün uzunmüddətli təcrübə və ortaq dəyərlər nəticəsində bir araya gəlmiş, dövlətin tərəqqi prioritetlərini öz inkişafları kimi qəbul edən, Azərbaycanın xaricdə təmsil olunması və nüfuzunun daha da yüksəldilməsi sahəsində yorulmadan əmək sərf edən azərbaycanlı gənclər ASAİF-in sırasındadır.

Əvvəllər forumun işində 50-yə yaxın insan xüsusi dəvətlə iştirak edirdisə, artıq bu il sayca 11-ci forumda iştirak üçün insanlar bir-biri ilə rəqabət aparırlar. Bizim forumlarda daim ictimai-siyasi xadimlər, dövlət nümayəndələri gənclər qarşısında çıxış edərək öz fikirlərini bölüşürlər. Bu da Azərbaycanda gənclər siyasətinin nə qədər səmərəli və düzgün aparıldığının bir daha təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biri neft kapitalını insan kapitalına çevirməkdir. Bu forum aparılan siyasətin həm göstəricisidir, həm də nəticəsidir.

Forumda gənclər öz fikirlərini bölüşmək, yeni ideyalar səsləndirmək üçün çox gözəl imkan qazanırlar. İl boyu təhsillə məşğul olan gənclərə öz təcrübələrini bölüşmək üçün belə forumların təşkil olunması çox vacibdir. ASAİF məhz bu səbəbdən yay aylarında Bakıda forum keçirir. Novruz bayramı ərəfələrində isə xarici ölkələrin birində, əsasən, forumun keçirildiyi ölkənin parlamentində gənclər bir araya gəlirlər. İnanıram ki, bu forumlarda iştirak edən gənclər Azərbaycan dövlətçiliyinə sadiq insanlardır, Azərbaycanın gələcəyini öz gələcəyindən ayırmayan gənclərdir. Onlar dövlətin yürütdüyü siyasətə sadiq gənclərdir. Azərbaycanın gələcəyini inşa edəcək məhz bu gənclərin əlləri olacaq. Biz onlara inanırıq və istənilən uğurlu layihələrində iştirak etməyə daim hazırıq.

 

 

Leyla Əliyevanın fəaliyyəti hər bir Azərbaycan gənci üçün qürur mənbəyi və uğurlu nümunədir

 

Fəridə ƏLİYEVA,

 

Böyük Britaniyanın "Westminster" Universitetinin III kurs tələbəsi:

 

- Gənclik hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. Bu reallığı nəzərə alan Azərbaycan dövləti gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Son illərdə gənclərə olan diqqətin daha da yüksəlməsi isə təbii ki, hər birimizi fərəhləndirir.

Hələ 2011-ci ilin aprelində Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış gənclərlə görüşü Azərbaycan gəncliyinə dövlət tərəfindən diqqətin bariz təcəssümü idi. Gənclərin təhsili, məşğulluğunun artırılması, bir sözlə, gənclərin mənafeyi baxımından aktual məsələlərin müzakirə edildiyi bu görüş dünyada az rast gəlinən gözəl bir nümunədir. Məhz həmin görüş Azərbaycan gəncliyinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Həmin görüşdən sonra hazırlanaraq təsdiq olunan və iki ildir uğurla icra edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, təhsil almaları üçün bərabər imkanların təmin edilməsi, məşğulluğunun artırılması, sosial müdafiələrinin gücləndirilməsi, gənc kadrların hazırlanması, dövlət qulluğunda və idarəetmədə peşəkar, bilikli gənclərin sayının artırılması, gənc ailə institutunun möhkəmləndirilməsi, gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi kimi günümüzlə səsləşən aktual məsələləri əhatə edir.

Bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri hazırkı sürətli inkişaf proseslərinə gəncləri də cəlb etmək, onların bilik və bacarığından yararlanmaqdır. Çünki istənilən ölkənin tərəqqisi və xoşbəxt gələcəyinə gedən yol gənclərin iştirakı olmadan  mümkün deyildir. Təbii ki, bu proseslərdə gənclərin iştirakını təmin etmək üçün ilk növbədə, onların yüksək təhsilinə, peşəkar kadr kimi formalaşmalarına diqqət yetirmək lazımdır. Axı, gənc nəslin təhsilinə qoyulan sərmayə ölkəmizin inkişafı şəklində geri dönür. Bütün mütərəqqi cəmiyyətlərdə məhz insan kapitalına qoyulan sərmayə gələcəyə yönəlmiş ən effektli yatırım sayılır. Bu mənada Azərbaycan Prezidentinin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" dövlətimizin gənclər sahəsinə göstərdiyi diqqətin, onun daimi inkişafı və potensialından düzgün  istifadə olunmasına verdiyi əhəmiyyətin bariz göstəricisidir. Hazırda bu proqram çərçivəsində Azərbaycan gəncləri dünyanın inkişaf etmiş ölkələrinin ən yaxşı universitetlərində dövlət hesabına təhsil almaqdadırlar. Hər il yüzlərlə gənc bu imkanı əldə edir. Azərbaycan gəncləri bu proqramın verdiyi imkanlardan bəhrələnərək dünyanın inkişaf etmiş texnologiyalarına yiyələnir, qabaqcıl elm adamlarından və universitetlərdən dərs alırlar. Dünyanın müxtəlif yerlərində təhsil alan azərbaycanlı gənclər həm də xaricdəki Azərbaycan diasporunun fəal üzvləri kimi ölkəmizin haqq səsinin beynəlxalq aləmə çatdırılmasında yaxından iştirak edirlər.

Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAİF) "Bizim forum, bizim seçim, bizim Azərbaycan" devizi altında keçirilən XI Yay Forumu da göstərdi ki, Azərbaycan gəncləri dövlətin onlara göstərdiyi etimadı layiqincə doğruldur, istər təhsil aldıqları ölkələrdə, istərsə də çalışdıqları sahələrdə fərqlənirlər. Qloballaşan dünyamızda getdikcə daha çox aktuallıq qazanan şəbəkələşmə hər bir cəmiyyətdə mühüm önəm kəsb edir. Çünki məhz effektiv şəbəkələşmə yolu ilə qısa zamanda və yüksək səmərəlilik ilə təcrübə mübadiləsi aparmaq, informasiya mübadiləsində iştirak etmək, bununla, həm gündəmdə qalmaq, həm də hər hansı bir reallığı gündəmdə saxlamaq mümkündür. Yarandığı gündən bu amallara xidmət edən ASAİF azərbaycanlı gənclərin uğurlu platformasıdır.

Bu mənada ASAİF-in ənənəvi yay forumları gənclərin şəbəkələşməsi üçün mühüm vasitədir. Sonuncu forumda iştirak edən 600-dən artıq gənc xaricdə təhsil almış və ya hazırda təhsilini davam etdirənlərdir. Bu gənclərin böyük əksəriyyəti gələcəkdə Azərbaycanda təcrübəli və ixtisaslı kadrlar kimi çox mühüm vəzifələrdə çalışacaqlar. Bu baxımdan onların birləşməsi çox müsbət haldır. Belə forumların əsas müsbət cəhətlərindən biri də odur ki, gözəl mühit yaradır, hər kəsi bir araya gətirir, eyni zamanda, burada iştirak edən gənclər öz üzərlərində dövlətin qayğısını, diqqətini, etimadını hiss edirlər. Gənclərimizin onları maraqlandıran məsələləri və sualları dövlət rəsmiləri ilə birgə müzakirə edə bilmələri baxımından da belə forumların keçirilməsi olduqca mühüm əhəmiyyət daşıyır.

Onu da qeyd etmək istəyirəm ki, ASAİF dünyanın hər yerində ölkəmizin tanıdılması üçün keçirilən tədbirləri, diaspor və lobbiçilik fəaliyyətini yüksək səviyyədə dəstəkləyir. Yüksək təhsilli kadr kimi yetişməklə yanaşı, təhsil aldığı ölkədə Azərbaycanımız üçün lobbiçilik fəaliyyəti həyata keçirmək gənclərimizin əsas vəzifəsidir. Bu mənada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın nəinki Rusiyada, dünyanın bir çox ölkəsində Azərbaycanın təbliği və tanıdılması məqsədilə həyata keçirdiyi möhtəşəm layihələr hər birimiz üçün qürur və həm də gözəl nümunədir. Biz çox sevinirik ki, xarici ölkələrdə Azərbaycanı bu cür yüksək səviyyədə, layiqincə təmsil edən gənclərimiz var. Biz də ASAİF üzvü və xaricdə təhsil alan gənc olaraq Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə iştirakımızdan qürur duyuruq.

Hazırda dünynanın onlarla ölkəsində təhsil alan minlərlə azərbaycanlı gənc ASAİF-də birləşiblər. Eyni zamanda, ASAİF sıralarında təhsilini başa vurmuş həkimlər, iqtisadçılar, mühəndislər, politoloqlar, digər ixtisas  sahibləri var.  Bu insanların hər birini düşündürən əsas məsələ ən yüksək biliklərə sahib olmaq və Azərbaycanın inkişafına töhfə verməkdir. Əminəm ki, Azərbaycan bu töhfələrin bəhrəsini lap yaxında görəcək.

 

 

Gənclər siyasəti uğurlu bəhrələrini verir

 

 

Aynur ALIŞANOVA,

 

Böyük Britaniyanın "London College" Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsinin magistri:

 

- Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və ölkəyə layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Qeyd edim ki, ümummilli liderin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti xüsusi yer tutub. Heydər Əliyev Azərbaycan gəncliyini aydın inkişaf yoluna çıxarıb, cəmiyyətin bu əhəmiyyətli təbəqəsinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıb.

1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Resrublikası Gənclərinin I Forumu keçirilib. Gənclərin həyatında çox önəmli və yaddaqalan bir hadisəyə çevrilən forumdan sonra ölkədə gənclərə yeni münasibət açıq-aydın hiss olundu. Fevral ayının 2-sinin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayan ulu öndər bəyan etmişdi ki, "...biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik". Bu fikir ölkə gəncləri qarşısında geniş imkanlar açdı və gənclər mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkildilər.

Son on ildə də gənclərin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edilib. Dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayği ildən-ilə artırılmaqdadır. Gəncləri cəmiyyətin ararıcı qüvvəsinə çevirmək məqsədilə 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" qəbul edildi və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildi. "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın (2008-2012) təsdiq edilməsi də bu sahədə atılan vacib addımlardandır. Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunmasi deyilənləri bir daha təsdiqləyir. Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər ararılır. Bu baxımdan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın və 2011-ci il 7 iyul tarixində təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının  böyük əhəmiyyəti var.

Müasir dünyanın yeni təhsil ənənələrinin mənimsənilməsi, habelə yüksək ixtisaslı kadr hazırlığı baxımından gənclərin xarici ölkələrdə təhsil almasına dair dövlət proqramlarının qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan gənclərinin Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə və digər ölkələrdə təhsil almaları təmin edilib. Ötən müddətdə proqram çərçivəsində minlərlə azərbaycanlı gənc həmin ölkələrin nüfuzlu universitetlərində təhsil almağa göndərilib.

Bakıda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) "Bizim forum, bizim seçim, bizim Azərbaycan" devizi altında XI Yay Forumunun keçirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb etdi. Belə bir mötəbər forumun keçirilməsi ölkəmizdə aparılan uğurlu dövlət gənclər siyasətini, gəncliyin inkişafına göstərilən diqqət və qayğını göstərdi.

Forumda 600-dən artıq azərbaycanlı gəncin toplaşması tədbirin mühüm əhəmiyyət kəsb etdiyini bir daha sübuta yetirdi. Onların hamısı xaricdə təhsil alan və hazırda təhsilini davam etdirən gənclərdir. Bu gənclərin böyük əksəriyyəti gələcəkdə Azərbaycanda təcrübəli və ixtisaslı kadrlar kimi çox mühüm vəzifələrdə çalışacaq. Bu baxımdan onların şəbəkələşməsi və birləşməsi çox müsbət haldır. Bu tədbirin mühüm cəhətlərindən biri də budur ki, forum ailə mühiti yaradır, hər kəsi bir araya gətirir. Burada iştirak edən gənclər öz üzərlərində dövlətin qayğısını, diqqətini, etimadını hiss edirlər. Müxtəlif mövzularda təşkil olunan panellərdə gənclərlə müzakirələr aparıldı və gənclər öz fikirlərini azad və sərbəst ifadə etmək imkanları qazandılar.

Forumun keçirilməsində əsas məqsədlərdən biri ondan ibarət idi ki, xaricdə təhsil alan tələbələr bir-birlərini daha yaxından tanısınlar, dövlətimizin bugünkü reallıqlarını, nailiyyətlərini təhsil aldıqları ölkələrdə geniş təbliğ etsinlər. Hesab edirəm ki, budəfəki tədbirimiz qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün böyük perspektivlər açacaq.

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 5.