Konstitusiya Məhkəməsinin sədri
Qazaxıstanda səfərdə olmuşdur
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev avqustun
27-dən 31-dək Qazaxıstanın Konstitusiya
Gününə həsr edilmiş "Konstitusiya dövlətin və cəmiyyətin
inkişaf strategiyasının əsasıdır"
mövzusunda Avrasiya
Beynəlxalq məhkəmə-hüquq konfransında iştirak etmək üçün
Astanada səfərdə olmuşdur.
Konstitusiya Məhkəməsinin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfransda Avropanın və
Asiyanın bir sıra ölkələrinin
Konstitusiya məhkəmələrinin sədrləri,
Avropa Şurasının, habelə Qazaxıstanın
mərkəzi dövlət orqanlarının rəhbərləri
iştirak etmişlər.
Tədbirin
açılışında Qazaxıstan parlamenti
Senatının sədri Kayrat Mami Prezident Nursultan Nazarbayevin konfrans iştirakçılarına
ünvanlanmış təbrik məktubunu səsləndirmişdir.
Daha sonra Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
sədri açılış nitqi ilə
çıxış etmişdir. F.Abdullayev çıxışında təşkilatçıları
salamlayaraq Azərbaycan və Qazaxıstan
respublikaları arasında bütün sahələrdə,
o cümlədən məhkəmə-hüquq
sahəsindəki əməkdaşlığı qeyd etmişdir. O, bu əməkdaşlığa dövlətlərimizin
başçıları İlham
Əliyev və Nursultan Nazarbayev
tərəfindən xüsusi diqqət yetirildiyini vurğulamışdır.
Konfransın
praktiki hissəsində Konstitusiyanın cəmiyyətin
inkişafında rolu, Konstitusiya
Məhkəməsinin qanunçuluğun
təmin edilməsinə töhfəsi, Konstitusiya
Məhkəməsi ilə parlament
arasında qarşılıqlı əlaqələr və
digər hüquqi məsələlər
müzakirə edilmişdir.
Səfər
çərçivəsində Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri və
üzvləri, digər dövlətlərin Konstitusiya
məhkəmələrinin sədrləri və hakimləri ilə
görüşlər keçirilmiş,
qarşılıqlı maraq doğuran hüquqi məsələlər
müzakirə edilmişdir.
Avqustun 29-da Konstitusiya
Gününə həsr olunmuş
möhtəşəm rəsmi dövlət konserti
olmuşdur.
Azərbaycanın
Qazaxıstandakı səfiri Zakir Həşimov
Konstitusiya Məhkəməsinin sədri
ilə birgə görüş və tədbirlərdə
iştirak etmişdir.
Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 6.