Qiymətli
kağızlar bazarının səmərəli fəaliyyətini
ölkənin dinamik iqtisadi
inkişafı şərtləndirir
Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin
yaranmasının 15 ili tamam
olur. Bunu həm də
Azərbaycanda mütəşəkkil qiymətli
kağızlar bazarının yaranmasının tarixi kimi də dəyərləndirmək
olar. Həqiqətən bu
dövr ərzində Azərbaycan
iqtisadiyyatının bütün sahələri
kimi, qiymətli kağızlar bazarı da əhəmiyyətli institusional
inkişaf yolu keçmişdir. Tarixi prizmadan baxdıqda qiymətli kağızlar
bazarının inkişafı ölkədə davam edən iqtisadi quruculuq proseslərinin tərkib elementlərindən
biri olmuşdur.
Analoji sosial-iqtisadi
keçmişə malik ölkələrdə
olduğu kimi, Azərbaycanda
da kapital
bazarının yaranması özəlləşdirmə
proseslərinin başlanması ilə üst-üstə düşür. Məlumdur ki, ümummilli lider Heydər Əliyevin xalqın iradəsi ilə
hakimiyyətə qayıdışından sonra
özəl mülkiyyət və azad
sahibkarlıq prinsiplərinə əsaslanan yeni
iqtisadi münasibətlər sisteminin quruculuğuna
başlandı. Amma yeni
biznes təşəbbüslərinə
dövlət dəstəyi ilə yanaşı, geniş dövlətsizləşdirmə
- özəlləşdirmə proseslərinə ehtiyac var idi.
Odur ki, 1995-ci ildən
irimiqyaslı özəlləşdirmə proqramına start verildi. Qiymətli
kağızlar bazarı isə bu proseslərdə
hüquqların təminatı vasitələrindən biri kimi
çıxış etməli və bunun
üçün qismən kapital
bazarı mexanizmlərini də əhatə edən müvafiq institusional
bazanın formalaşdırılması zəruri idi. Bu dövrdə səhmlərin
buraxılışı və tədavülünə dair ilkin hüquqi
baza, habelə Auksion Mərkəzi,
"Mülk" Milli
Depozit Mərkəzi kimi
səhmləşmə, onların uçotu
və qeydiyyatını təmin edən infrastruktur
təsisatları formalaşdı. Təxminən 3 ilədək
davam edən qısa bir
dövr ərzində 1000-dən çox səhmdar cəmiyyəti, 70 min səhmdardan ibarət fərdi investorlar təbəqəsi formalaşdı ki, bu da
öz növbəsində yeni
korporativ münasibətlər sisteminin əsasını təşkil edirdi.
O
dövr özəlləşdirmə
prosesləri nəticəsində qiymətli kağızlarla əlaqəli
baza hüquqlar təmin
edilsə də, onların özündə
daşıdığı kompleks hüquqlar, o cümlədən
qiymətli kağızların maliyyə bazarı aləti kimi istifadəsi yetərli dərəcədə
təşkilatlanmamışdı. Bu baxımdan artıq ötən
əsrin 90-ci illərinin sonunda mütəşəkkil
qiymətli kağızlar bazarının formalaşması,
habelə ona dair vahid dövlət siyasəti və tənzimləmə
mexanizmlərinin tətbiqi sosial sifarişə
çevrilmişdi. Mühüm məqam
ondadır ki, yeni formalaşan, dinamik sosial təbəqənin tələbatı olan mütəşəkkil kapital
bazarı quruculuğu hədəflənən
iqtisadi münasibətlər sisteminə dair dövlət strategiyası ilə də
uzlaşırdı. Bu səbəbdən
1998-ci il dekabrın 30-da Prezident
tərəfindən "Azərbaycan
Respublikasının Prezidenti yanında
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin
yaradılması haqqında" fərman imzalandı. Fərmana
müvafiq olaraq
qısa müddətdə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi təşkilatlandı və
artıq 1999-cu ilin mayından komitə real fəaliyyətə
başladı. İlk dövrdən komitənin
belə yüksək statusda (Azərbaycan
Respublikası Prezidenti yanında bir orqan kimi)
təsis edilməsi ölkədə mütəşəkkil fond bazarlarının yaradılması proseslərinə
ali siyasi dəstəyi
təmin edirdi.
Komitənin
formalaşması ilə paralel olaraq, mütəşəkkil qiymətli
kağızlar bazarının zəruri təsisatları da yaradıldı. 1999-cu ildə "Mülk" Milli Depozit Mərkəzi restruktizasiya
edildi, onun əməliyyat
infrastrukturu təkmilləşdirildi və
qiymətli kağızlar bazarında mərkəzi depozitar funksiyasının icrasına
başlandı.
2000-ci ildə qabaqcıl maliyyə
institutlarının iştirakı və 100 faiz
özəl sərmayə əsasında Bakı Fond Birjası təşkil olundu.
2000-ci ildən etibarən Bakı Fond
Birjasında dövlət qiymətli kağızları,
2001-ci ildən isə səhmlərlə ticarətə
başlandı. Beləliklə, qiymətli kağızlar
bazarının özəlləşmə proseslərini
dəstəkləyən infrastruktur təsisatından
maliyyə vasitəçiliyi institutuna
transformasiyası tamamlandı.
2003-cü ildə
dövlət başçısı tərəfindən post-hasilat dövrünün
iqtisadi doktrinası bəyan edildi. Dayanıqlı artım və yüksək
rifahın təmin olunmasına hədəflənmiş bu doktrinanın əsasını
iqtisadiyyatın sahəvi və coğrafi
şaxələndirilməsi, eləcə də əhalinin məşğulluğunun
təmin edilməsi təşkil edirdi. Bu çağırışlar özəl sektorun maliyyə təminatı
institutlarından olan qiymətli
kağızlar bazarı üçün yeni inkişaf mərhələsinin
başlanması demək idi.
Bəyan
edilmiş iqtisadi
prioritetlər şəraitində kapital
bazarlarının yenidən restruktizasiyasına geniş hüquqi islahatlarla başlandı. 2004-cü ildə Mülki Məcəlləyə müvafiq əlavə və dəyişikliklərin
edilməsi ilə kapital bazarlarının
fəaliyyətini tənzimləyən qanunvericlik
bazası əhəmiyyətli dərəcədə təkmilləşdirildi.
Yeni hüquqi mühit
bazarın əməliyyat və institusional
arxitekturasında da köklü
islahatlara zəmin yaratdı. Bazarın əməliyyat
infrastrukturu sadələşdirildi, yeni maliyyə vasitəçiliyi təsisatları
(broker və dilerlər)
formalaşdırıldı. 2004-cü ildən isə yerli və xarici valyutada korporativ
istiqrazların və Mərkəzi Bankın notlarının
fond birjasında kütləvi ticarətinə
başlandı. Kapital bazarlarındakı pozitiv institusional proseslər
və bu proseslərin ölkənin dinamik inkişafı və dayanıqlı makroiqtisadi mövqeyi ilə
dəstəklənməsi xarici
investorların diqqətini çəkirdi. Beləliklə,
2006-cı ildən etibarən xarici investorlar Azərbaycan maliyyə alətlərinə
sərmayələr yatırmağa başladılar.
2009-cu ildən
etibarən qiymətli kağızlar bazarının ticarət
və post-ticarət sistemlərinin inteqrasiya
edilməsi və ticarətin avtomatlaşdırılması
proseslərinə start verildi.
Maliyyə vasitəçilərinin əhatə dairəsi
genişləndirildi və onlara ticarət
sisteminə məsafədən çıxış
imkanları təqdim edildi. Bazara müddəti
və gəlirliyinə görə müxtəlif alətlər
çıxarıldı, mövcud maliyyə
alətlərinin ticarət həcmi əhəmiyyətli dərəcədə
artdı. Həmçinin Bakı Fond
Birjasında listinq və ticarət
mexanizmləri təkmilləşdirildi və artıq 2009-cu
ildə 2 şirkət ən yüksək
səviyyəli ticarət kateqoriyasına - listinqə daxil edildi. İpoteka
istiqrazlarının Bakı Fond
Birjasında ticarətinə start verilməsi
ilə ipoteka kreditləşməsinin kapital bazarları vasitəsilə yenidən
maliyyələşməsinə başlandı. 2010-cu ildə
"İnvestisiya fondları
haqqında" Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi ilə bazarda
institusional investorların fəaliyyəti
və tənzimlənməsi üçün
hüquqi və əməliyyat mühiti formalaşdırıldı.
Bütövlükdə
bu proseslər nəticəsində
2003-2012-ci illər ərzində qiymətli kağızlar
bazarında ticarətin həcmi orta hesabla illik 130 faiz artaraq qeyri-neft
ÜDM-inə nisbətdə 2 faizdən 33 faizə yüksəldi.
Bakı Fond Birjasında ticarətin həcmi
90, Milli Depozit Mərkəzində
saxlanılan qiymətli kağızların həcmi 10 dəfədən
çox artdı.
Azərbaycan
iqtisadiyyatının son illərdəki dinamik inkişafı kapital
bazarları üçün yeni missiya və məqsədlər
formalaşdırır. Məlum olduğu kimi, müstəqilliyimizin üçüncü
on ilində ölkə
iqtisadiyyatının ikiqat artımı və
rifah səviyyəsinin inkişaf
etmiş ölkə standartlarına
çatdırılması hökumətin əsas iqtisadi prioriteti kimi müəyyən edilmişdir.
Son 20 il ərzində
həyata keçirilmiş uğurlu iqtisadi siyasət
isə bunun üçün
dayanıqlı baza
formalaşdırmışdır. Sosial-iqtisadi həyatın bütün sahələrində əhəmiyyətli
kəmiyyət və keyfiyyət sıçrayışı baş vermiş, əhalinin
rifah səviyyəsi ortagəlirli
iqtisadiyyatların səviyyəsinə yüksəlmişdir.
Ölkədə insan kapitalı
davamlı olaraq inkişaf
etmiş, rəqabətqabiliyyətliliyi
yüksəlmiş, sosial rifahın təmin
olunmasında qeyri-neft sektorunun
rolu əhəmiyyətli dərəcədə
artmışdır.
Növbəti
10 ilin iqtisadi inkişaf hədəflərinə daha geniş diversifikasiya edilən, ixracyönümlü,
rəqabətqabiliyyətli innovativ iqtisadiyyatla nail olmaq mümkündür.
Belə iqtisadiyyatın formalaşdırılması yolu intensiv sərmayə
qoyuluşlarından keçir. Bu çağırışlar kapital bazarlarının inkişaf
üfüqləri üçün
ambisiyalı gündəlik müəyyən edir.
Effektiv kapital təminatı
modelinin yaradılması və onun səmərəli infrastrukturunun
təmin edilməsi bu gündəliyin mərkəzi
elementidir.
Ümumiyyətlə,
Azərbaycan iqtisadiyyatının son 20 ildəki
inkişaf dinamikasına baxsaq,
onun iki aktiv sərmayə dalğası ilə
müşayiət olunduğunu görərik.
1994-2003-cü illərdə neft sektoruna yatırılan birbaşa
xarici investisiyalar və
2003-2012-ci illərdə iri dövlət sərmayələri
iqtisadiyyata zəruri kapitalizasiyanı təmin edirdi. Növbəti onillikdə ÜDM-in ikiqat
artımı və 120 milyard dollarlıq
iqtisadiyyatın formalaşdırılması isə qeyri-neft sektoruna özəl
investisiyaların illik həcminin 3,5-4 dəfə
artmasını tələb edir. Bu da dinamik
institusional inkişaf,
çevik biznes mühitinin təmin olunması, insan kapitalının yeni inkişaf səviyyəsinə
çatdırılması ilə yanaşı, maliyyə sektorunun şaxələndirilməsi və dərinləşdirilməsini tələb edir.
Odur ki, məqsədimiz
növbəti onillik ərzində maliyyə
vəsaitlərinin çevik və əlverişli
şərtlərlə əldə olunduğu,
investorlara və bu
xidmətlərin digər istehlakçılarına daha yaxın olan maliyyə
sisteminin
formalaşdırılmasıdır. Bununla
yanaşı, sistem risklərinin adekvat tənzimlənməsi, investorların
hüquqlarının qorunması və bütövlükdə
maliyyə sektorunun sabitliyi
məsələləri də xüsusi
diqqət mərkəzində saxlanılmalıdır. Kapital bazarlarında dövlət siyasətinin
əsasını məhz bu prinsiplər təşkil
edəcək. Məlum olduğu kimi, 2011-ci ilin mayında
"2011-2020-ci illərdə Azərbaycanda qiymətli
kağızlar bazarının inkişafı" Dövlət
Proqramı təsdiq olunmuşdur. Bu prinsiplərə əsaslanan inkişaf
strategiyası və onun taktiki
addımları Dövlət Proqramında müəyyən edilmişdir. Proqramın məqsədi
ortamüddətli perspektivdə qabaqcıl standartlara
uyğun, səmərəli fəaliyyət
göstərən və tənzimlənən, özəl sektora geniş maliyyələşmə
imkanları təqdim edən kapital
bazarlarını formalaşdırmaqdır. Bu çərçivədə
qiymətli kağızlar bazarının institusional
inkişafı, əməliyyat infrastrukturunun
tam avtomatlaşdırılması, qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, tələb
və təklifin genişləndirilməsi, qiymətli
kağızlar bazarında tənzimləyici potensialın və
peşəkar hazırlığın yüksəldilməsi
kimi istiqamətlər hədəf götürülmüşdür.
Proqram iki ildir icra olunur
və artıq ilk nəticələr əldə
edilib. Kapital
bazarlarının əməliyyat infrastrukturu
əhəmiyyətli dərəcədə təkmilləşdirilib,
ticarət sisteminin
avtomatlaşdırılma səviyyəsi artırılıb.
Məsələn, Bakı Fond
Birjasında həyata keçən əqdlərin icra müddəti 7 gündən 30 saniyəyə
qədər azaldılıb. Bundan əlavə,
qiymətli kağızların qeydiyyat və
uçot mexanizmləri sadələşdirilib,
qiymətli kağızlara beynəlxalq nömrələnmə
sisteminin və bütövlükdə qeydiyyat uçot xidmətlərinin
elektron qaydada tətbiqinə
başlanılıb.
Yeni keyfiyyətdə fəaliyyət
göstərəcək kapital
bazarının 3-cü nəsil qanunvericilik
bazasının formalaşdırılması davam
edir. "Qiymətli kağızlar
haqqında" qanun layihəsinin hökumətdaxili
müzakirəsi tamamlanıb. Proqramın qüvvədə olduğu son dövr ərzində 24 normativ
xarakterli qayda və standart qəbul olunub. Habelə broker və dilerlərin
institusional potensialının
artırılması, peşəkar
hazırlığının yüksəldilməsi, risk menecmenti və daxili nəzarət sistemlərinin gücləndirilməsi
və maliyyə dayanıqlığının təmin edilməsi
üçün yeni
nəzarət və tənzimləmə konsepsiyasının tətbiqinə
başlanılıb.
Qiymətli
kağızlar bazarında tələb və təklifin
artırılması məqsədilə QKDK-nın dəstəyi
ilə Bakı Fond Birjası tərəfindən
"Listinq Məsləhət
Proqramı" icra edilir.
Proqram şirkətlərin kapital bazarlarına çıxışı üçün hazırlanması məqsədini
daşıyır və bununla əlaqədar
qiymətli kağızları ticarət potensialına malik şirkətlərə peşəkar dəstəyi
təmin edir. Bütün
bunlar qiymətli kağızlar
bazarında əməliyyatların dinamikasına və ticarətin
strukturuna müsbət təsirini göstərir.
Bir neçə il
öncə bazarda dövlət qiymətli
kağızları ilə ticarət üstünlük
təşkil edirdisə, bu gün özəl sektorun
qiymətli kağızları ilə əməliyyatların
payı ümumi ticarətin 50 faizini keçib. Maliyyə sektoru ilə
yanaşı, qeyri-maliyyə sektorunu təmsil
edən müəssisələr də yerli
fond bazarı vasitəsilə maliyyələşmə
imkanlarından istifadə edirlər. 2012-ci ildə ilk dəfə olaraq enerji sektorunu təmsil edən
şirkətlər də fond bazarı
vasitəsilə maliyyələşmə cəlb etməyə
başladılar. Hazırda bu istiqamətdə
bir neçə yeni
layihələr üzərində hazırlıq işləri
davam edir ki, bu da
növbəti dövrlərdə bazarın daha
dinamik inkişafı barədə fikir söyləməyə əsas verir. Proqramın icrasına beynəlxalq ekspertiza da cəlb edilib. Bu məqsədlə
Dünya Bankı ilə birlikdə "Kapital Bazarlarının Müasirləşdirilməsi"
layihəsi icra olunur.
Layihə 2015-ci ilin sonuna
qədər Azərbaycan kapital
bazarlarının hüquqi və texniki infrastrukturunun beynəlxalq
standartlara tam
uyğunlaşdırılmasını hədəfləyir.
Özəl sektor bu gün
kapital bazarlarının imkanlarından geniş istifadə edir.
Hazırda Bakı Fond Birjasında 20-dən
artıq şirkətin səhmləri aktiv
ticarət olunur. Bu
müəssisələr tikinti, nəqliyyat,
maliyyə, ticarət, maşınqayırma, kənd təsərrüfatı,
yeyinti, tekstil sənayesi
kimi müxtəlif sferaları təmsil edir. Söz
düşmüşkən qeyd edək ki, bütövlükdə dünya
birjalarında ticarət olunan şirkətlərin
sayı 50 mini keçmir.
Maliyyələşmə
üçün girovun
tələb olunmaması, onun qiymətləndirilməsi
və sığortalanması xərclərinin olmaması, vəsaitlərin
geri ödənilməsi şərtlərinin
bizneslər tərəfindən müəyyənləşməsi
və aylıq-rüblük əsasda ödənişlərin
tələb olunmaması, faiz dərəcələrinin
aşağı, müddətlərin isə uzun
olması və bir çox
hallarda biznes risklərinin
qarşılıqlı bölüşdürülməsi kimi üstünlüklər artıq yerli şirkətlər tərəfindən
anlaşılır və onlar bu bazarın imkanlarından istifadə edirlər.
Keyfiyyətcə
yeni səviyyəyə
qaldırılmış kapital
bazarları şirkətlərə ucuz və
uzunmüddətli vəsaitləri daha əlverişli
və çevik şərtlərlə əldə
etmək imkanı təqdim edəcək. Daha öncə qeyd etdiyimiz "Listinq Məsləhət Proqramı" da məhz bu
üstünlüklərin şirkətlərə
çatdırılması, onların fond
bazarında maliyyələşmə imkanlarının
genişləndirilməsi və bu sahədə
zəruri peşəkar dəstəyin göstərilməsinə
hədəflənib.
Texniki və hüquqi
infrastrukturun beynəlxalq standartlara
uyğunlaşdırılması həm xarici
investorların Azərbaycan kapital
bazarlarında, həm də yerli
investorların xarici bazarlarda
daha geniş
iştirakına şərait yaradacaq. Məlum
olduğu kimi,
hazırda qlobal maliyyə bazarlarında gəlirlik
minimal həddədir. Bu, investorları daim
yeni bazarlar və daha yüksək mənfəət
arayışına sövq edir. Azərbaycan iqtisadiyyatı isə yüksək
investisiya reytinqi və
çevik biznes mühiti ilə xarici
investorları cəlb edir. Qeyri-neft
sektorunun geniş
diversifikasiyası fonunda yeni,
innovativ biznes sahələrinə
sərmayələr yatırmaq istəyən investorlara
kapital bazarı institutları həm əlverişli
giriş, həm də
çıxış imkanları verir. Kapital bazarlarının yeni
fəaliyyət mühiti fərdi
investorların da xarici
bazarlara sərmayə
qoyuluşlarını həyata keçirmələri üçün şərait yaradacaq.
Bu isə Azərbaycan maliyyə
bazarlarının qlobal iqtisadi
proseslərdə daha fəal
iştirakı deməkdir.
Qeyd etmək lazımdır ki, kapital bazarları
şirkətlərə heç də
birtərəfli qaydada preferensiyalar
təqdim etmir. Kapital
bazarlarından maliyyələşən şirkətlər, eyni zamanda, bir
sıra ciddi tənzimləmə tələblərinə
və normativlərinə cavab verməlidirlər.
Onlar korporativ idarəetmə
standartlarını tətbiq etməli, maliyyə
hesabatlığı və mühasibatlıq prosedurlarını
təkmilləşdirməli, peşəkar kadr
potensialını daha da
gücləndirməlidirlər. Bu isə
bütövlükdə iqtisadiyyatın rəqabət
potensialının əhəmiyyətli dərəcədə
artırılması deməkdir.
Amma qiymətli kağızlar
bazarının təqdim etdiyi bütün bu imkanlara baxmayaraq, dünya maliyyə bazarlarındakı proseslərin
də nəticəsində cəmiyyətdə bu sektor haqqında nisbətən
ehtiyatlı təsəvvürlər mövcuddur.
Son onilliklər qlobal iqtisadiyyatda, xüsusilə də maliyyə
bazarlarındakı volatilliklər bu kimi ehtiyatlı fikirlərin
formalaşmasına zəmin hazırlayıb. Lakin
unutmaq olmaz ki, bütün
müşahidə olunan proseslərlə
birlikdə dünya iqtisadiyyatı sürətlə
inkişaf etmişdir.
XX əsrin əvvəllərindən bu
günədək Qərbi Avropada
adambaşına düşən real gəlir
10 dəfədən çox
artmışdır. Müqayisə üçün
faktlara nəzər salaq:
həmin gəlirlər 1500-cü ildən 1820-ci ilədək
cəmi 56 faiz, ikinci minilliyin ilk 9 əsri ərzində
isə 3 dəfədən də az
artmışdır. Göründüyü
kimi, son onilliklər inkişaf dəfələrlə çox olmuşdur. Bu inkişaf yeni fəaliyyət sferalarının
yaranması, istehsal sənayesinin
artması, informasiya
texnologiyalarının kütləvi istifadəsi ilə
yanaşı, maliyyə bazarlarının və maliyyə
vasitəçiliyinin də qlobal miqyasda genişlənməsi ilə reallaşmışdır.
İqtisadiyyatın
müsbət və mənfi dinamikası isə sərbəst bazar iqtisadiyyatının qaçılmaz
atributlarındandır və real
sektordakı durğunluğun səbəblərini
həm də iqtisadi artım modellərində
axtarmaq lazımdır. Artıq hamı tərəfindən
qəbul edilən faktdır ki, İkinci Dünya
müharibəsindən sonra tətbiq edilməyə
başlamış artım və rifah
modelləri bu gün öz rəqabət qabiliyyətliklərini itirir. Son 5 ildə dünya iqtisadiyyatı cəmi 2,9 faiz artmışdır ki,
bu da 70-ci illərdən
bəri 5 illik zamanda
müşahidə olunan ən
aşağı artım tempidir. Qlobal rifahın pisləşməsində iqtisadi artım templərinin azalması ilə
yanaşı, gəlirlərin ədalətli
bölgüsündəki fundamental boşluqlar da əhəmiyyətli
rol oynayır. Bu baxımdan, maliyyə sektorunu "bidətçilikdə"
günahlandırmaq doğru olmazdı. Bütün bunlarla bərabər,
keçən əsrin 80-ci illərindən başlayaraq
izafi derequlyasiya meyillərinin
güclənməsi, sistem risklərinin adekvat qiymətləndirilməməsi, iqtisadi subyektlərin məsuliyyət və səlahiyyət
çərçivələrinin təhrif olunması kimi mühüm tənzimləyici
boşluqların mövcudluğu da danılmazdır. Bu
baxımdan, sahənin mütəxəssisləri, akademik çevrələr və iqtisadi siyasəti müəyyən edənlər
tərəfindən yeni nəzarət və
tənzimləmə yanaşmalarının tətbiqinə dair axtarışlar davam edir. QKDK öz
növbəsində bu prosesləri diqqətlə
izləməklə yanaşı, ölkənin maliyyə sektorunun dayanıqlılığı, qiymətli
kağızlar bazarının sabit fəaliyyətini
təmin edən qabaqlayıcı tənzimləmə və nəzarət
mexanizmlərini tətbiq və inkişaf etdirir.
Qiymətli
kağızlar bazarının inkişafı ilə yanaşı,
nəzarət və tənzimlənməsi potensialının
gücləndirilməsi də komitənin fəaliyyət
gündəliyinin predmetlərindəndir. Mütərəqqi nəzarət
və tənzimləmə mexanizmlərinin
formalaşdırılması, eyni zamanda, onların tətbiqi üzrə peşəkar
hazırlığın təmin edilməsi ortamüddətli
strategiyamızın əsas prioritetlərindəndir.
Hazırda QKDK tərəfindən qiymətli kağızlar
bazarında sistem xarakterli
risklərin vaxtında aşkarlanması və effektiv
tənzimlənməsi vasitələri tətbiq edilir. Son iki
il ərzində bazar
iştirakçılarının fəaliyyətinə nəzarət
gücləndirilib, peşəkar fəaliyyətin
lisenziyalaşdırılması prosesləri sistemləşdirilib.
Maliyyə vasitəçilərinin fəaliyyəti isə risk əsaslı nəzarət sistemi
vasitəsilə tənzimlənir. Həmçinin qiymətli
kağızlar bazarında hesabatlılıq gücləndirilib
və məlumatların açıqlanması mexanizmləri təkmilləşdirilib.
Məlumat və hesabatların QKDK tərəfindən
mütəmadi olaraq sistemli
təhlili bazarda aparılan əqdlərin
şəffaflığının artırılmasını, manipulyasiya və insayder
ticarəti hallarının erkən rejimdə
aşkarlanmasını təmin edir.
İnvestorların hüquqlarının müdafiəsi, habelə
qiymətli kağızlar bazarı sahəsində hüquqi məsuliyyətin gücləndirilməsi
və səmərəli təsir mexanizmlərinin
yaradılması işləri tamamlanmaq
üzrədir. Bu məqsədlə bir sıra qanunvericliik
aktlarına əlavə və dəyişikliklərin layihəsi
hökumətə təqdim olunub.
Bütövlükdə
komitənin fəaliyyətinin təkmilləşdirilməsi və
mütərəqqi idarəetmə təcrübəsinin
formalaşdırılması məqsədilə 2010-cu ildən
etibarən ortamüddətli strateji
planlaşdırma mexanizmləri tətbiq edilir.
2013-cü ildə biz artıq ikinci ortamüddətli strateji
planlama dövrünə
başlamışıq. Hazırda hər bir funksional struktur bölmə öz
fəaliyyətini qiymətli kağızlar bazarının inkişaf strategiyasına uyğun
olaraq digər struktur
bölmələri ilə əlaqəli şəkildə
hazırlanmış ortamüddətli strateji
və illik fəaliyyət planları əsasında
qurur.
Komitənin kadr potensialının gücləndirilməsi
və peşəkar hazırlığın inkişaf
etdirilməsinə də xüsusi diqqət
yetirilir. Bu gün QKDK-nın kollektivi
əsasən gənc, dinamik, yaxşı
təhsilli və yüksək peşəkarlığa malik əməkdaşlardan formalaşıb.
Xaricdə təhsil proqramının məzunları bu gün kollektivimizin
özəyini təskil edir. Güclü baza təhsili
ilə yanaşı, QKDK-da insan kapitalının gücləndirilməsi
"davamlı təlim" prinsiplərinə əsaslanır.
QKDK-nın hər bir əməkdaşı
ildə ən azı 30 saat təlim
kurslarında iştirak edir.
Bu da təbiidir, çünki qiymətli kağızlar
bazarı dinamik inkişaf
edən sahədir və buradakı proseslər kifayət qədər
mürəkkəbdir.
QKDK beynəlxalq
əlaqələr və əməkdaşlığın
qurulmasına xüsusi önəm verir. Beynəlxalq maliyyə institutları, kapital bazarları sahəsində
ixtisaslaşmış qurumlar, digər
ölkələrin tənzimləyiciləri ilə
dayanıqlı qarşılıqlı münasibətlərimiz
movcuddur. Bu əlaqələrdən
həm qiymətli kağızlar bazarının inkisafı və
tənzimlənməsində, həm də komitənin daxili potensialının gücləndirilməsində
istifadə olunur.
Bütövlükdə
isə növbəti onillik ərzində kapital bazarları qarşısında duran mühüm
mandatı və çağırışları nəzərə
alaraq komitənin institusional
potensialının gücləndirilməsinə daim diqqət yetiririk. Düşünürük ki,
bu vəzifələrin öhdəsindən
yalniz ali dəyərlərə
əsaslanan prinsiplər, yüksək peşəkarlıq və
davamlı inkişaf vasitəsi ilə gəlmək
mümkündür.
Rüfət
ASLANLI,
Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 6.