Ağcabədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində son on ildə ölkənin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunun da sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası, "Qarabağ" Muğam Mərkəzi, Şahmat məktəbi, Gənclər Mərkəzi digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, iri kənd təsərrüfatı, sənaye müəssisələri yaradılmış, 22 mindən çox yeni yerləri açılmış, avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Ağcabədi şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Ağcabədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 sentyabr 2013-cü il

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 1.