Prezident İlham
Əliyev Maştağada qəsəbədaxili yollarda
aparılan əsaslı təmir və yenidənqurma işləri
ilə tanış olmuşdur
Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 2-də Maştağada qəsəbədaxili
yollarda aparılan əsaslı təmir və yenidənqurma
işləri ilə tanış olmuşdur.
Dövlət
başçısının göstərişi ilə
Bakı və Bakıətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi,
paytaxtın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi
istiqamətində məqsədyönlü tədbirlər
ardıcıl olaraq həyata keçirilir. Azərbaycan
Prezidentinin sərəncamı ilə təsdiq edilmiş
"Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci
illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı"nın davamı olan
2011-2013-cü illəri əhatə edən Dövlət
Proqramında yol infrastrukturunun daha da müasirləşdirilməsi
nəzərdə tutulur. Bakı və ətraf qəsəbələrin
yollarının ən müasir səviyyədə
inşası, yol ötürücülərinin, körpü,
tunel, yeraltı və yerüstü piyada keçidlərinin
tikintisi ardıcıl olaraq həyata keçirilir.
Bakı Şəhər
İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov görülən işlər və həyata
keçiriləcək tədbirlərlə bağlı
Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki,
Bakının digər qəsəbələrində olduğu
kimi, Maştağada da daxili yollar əsaslı şəkildə
yenidən qurulur, əhalinin sosial həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində tədbirlər
davam etdirilir. Qeyd olundu ki, qəsəbədə 72 min 500
kvadratmetr yol sahəsinə asfalt örtüyü döşənmiş,
yolların kənarları abadlaşdırılmış, ətraf
ərazilərdə səliqə-sahman
yaradılmışdır. Qəsəbədaxili yolların kənarlarında
100-ə yaxın yeni işıq dirəkləri qoyulmuş,
müasir işıqlandırma sistemi
quraşdırılmışdır.
Azərbaycan
Prezidentinin diqqətinə çatdırıldı ki, qəsəbədaxili
yolların əsaslı şəkildə yenidən
qurulması işləri davam etdirilir.
Görülən
işlərlə yaxından tanış olan dövlət
başçısı sakinlərlə görüşdü.
Qəsəbə
sakinlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Sizi görməyimə
çox şadam. Əvvəllər Maştağa qəsəbəsində
dəfələrlə olmuşam. Mən indi yeni çəkilən
yola da baxdım. Keyfiyyətli yoldur. Qəsəbədaxili
bütün yollar bu səviyyədə olmalıdır. Elə
də olacaqdır. Maştağa böyük qəsəbədir.
Burada qəsəbədaxili yollar da çoxdur. Ancaq biz
bütün bu yolları tədricən yüksək səviyyədə
təmir etdirəcəyik ki, insanlar rahat yaşasınlar,
gediş-gəliş də rahat olsun.
İndi Azərbaycanda
bütün yol infrastrukturu yenilənir, o cümlədən
Bakı şəhərində. Bütün bölgələrdə,
rayonlarda kənd yolları, qəsəbə yolları tikilir.
Bakıda qəsəbələrarası yollar yenidən
qurulur. Bu gün səhər biz böyük bir yol-nəqliyyat
qovşağının açılışını qeyd
etdik. Metronun "Gənclik" stansiyasının
yaxınlığındakı böyük bir nəqliyyat
infrastrukturu açılmışdır. Bununla bərabər,
bütün qəsəbələrdə yol infrastrukturu layihələri
icra edilir.
Bildiyiniz kimi,
Bakının kənd və qəsəbələrinin
inkişafı ilə bağlı Dövlət Proqramı icra
edilir. Bu il proqramın əsas hissəsi başa
çatacaqdır. Proqramda əsasən yol, qazlaşdırma,
su, kanalizasiya xətləri layihələri nəzərdə
tutulur. Bütün bu məsələlər
ardıcıllıqla icra edilir. Qəsəbələrdə
bütün infrastruktur layihələri yüksək səviyyədə
təşkil edilməlidir.
Bakının
qəsəbələrinin arasında isə Maştağa ən
böyük qəsəbədir, tarixi bir yerdir.
Maştağanın çox böyük tarixi vardır. Bu
gün də böyük potensiala malik olan bir qəsəbədir.
Şadam ki, burada bütün işlər məqsədyönlü
şəkildə aparılır. Biz bu işlərə
kompleks şəkildə yanaşırıq. Məktəblər
tikilir, təmir edilir, tibb məntəqələri, uşaq
bağçaları, yollar, su-kanalizasiya layihələri də
icra ediləcəkdir. Bütün yollar bax bu səviyyədə
olmalıdır. Bu günə qədər
görülmüş işlər xəritədə göstərilir,
burada əks olunub. Ancaq bir daha demək istəyirəm ki, qəsəbə
çox böyükdür. Qəsəbədaxili yollar da
çoxdur. Biz hələ gərək bir müddət işləyək
ki, bütün yollar bu səviyyədə olsun.
Əlbəttə,
hər bir qəsəbənin inkişafı ilə
bağlı xüsusi proqramlar vardır. Qəsəbələrdə
iş yerlərinin, yeni sənaye müəssisələrinin
yaradılması layihələri icra edilir. Əlbəttə
ki, Bakının digər bölgələri ilə əlaqə
rahat olmalıdır.
Zabrat yolu
genişləndirilmişdir. İndi Pirşağı yolu,
sahilboyu Bilgəh-Sumqayıt yolu tikilir. Bütün bu yollar
Bakı sakinlərinin rahatlığı üçün
edilir. Gördüyümüz bütün işlərin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Həm bölgələrdə,
həm Bakıda, Bakının qəsəbələrində
çox böyük quruculuq işləri aparılır.
Əlbəttə ki, bu layihələrin icra edilməsi bizə
əlavə güc verir. Ona görə də
görülmüş bu işlərlə bağlı mən
sizi ürəkdən təbrik edirəm. Deyə bilərəm
ki, gələcəkdə də Maştağanın
inkişafı daim diqqət mərkəzində olacaqdır.
Sakinlər:
Çox sağ olun.
Prezident
İlham ƏLİYEV: Mən xatırlayıram ki, Prezident kimi
ilk dəfə qəsəbəyə gəlmişdim. O vaxt
yollar, əlbəttə ki, belə vəziyyətdə deyildi.
O vaxt biz bəzi qəsəbədaxili yolların tikintisinə
başlamışdıq. Ondan
sonra sakinlərin bir neçə xahişi olmuşdu, onlar da
icra edildi. Ancaq bu gün Azərbaycan
daha da böyük maliyyə imkanlarına malikdir. Biz daha da böyük işlər görməyə
qadirik, bunu edirik və edəcəyik. Bir
daha sizi təbrik edirəm.
Görülən işlərlə
bağlı sakinlər adından Prezident İlham Əliyevə
minnətdarlığını bildirən Maştağa qəsəbəsinin
sakini Hüseynqulu ƏLƏSGƏROV dedi:
- Hörmətli cənab Prezident!
Əvvəla, icazə verin, sakinlər
adından qəsəbəmizə gəlməyiniz münasibətilə
Sizə "Xoş gəldiniz" deyək.
Xoş gəlmişsiniz!
Sizin qəsəbəmizin sakinlərinə,
qəsəbəyə göstərdiyiniz diqqət
hamımıza bəllidir. Elə bunun nəticəsidir ki, qəsəbəmizdəki
bütün məktəblər, uşaq bağçaları əsaslı
təmir olunub. Poliklinika şöbəsi əsaslı
təmir edilib və istifadəyə verilib. Biz buna görə Sizə təşəkkür
edirik. Elə bu gün istifadəyə
verilən yollarımızın, bu yaxınlarda
Buzovna-Maştağa-Zabrat yolunun açılışında
da Sizinlə birlikdə iştirak etdik. Bizi
çox sevindirir ki, istər Bakı şəhərinin
yolları, istərsə də qəsəbədaxili
yollarımız eyni səviyyədə, eyni keyfiyyətdədir.
Bizim küçələrimiz, - artıq 10 belə
küçə vardır, -
asfaltlaşdırılmışdır. Qaz
və işıq problemimiz yoxdur. Kanalizasiya sisteminin
çəkilməsi haqqında bizə xoş xəbər
verdilər ki, Sizin bu haqda göstərişiniz
olub. Qəsəbə sakinləri adından Sizə
təşəkkür edirik ki, bu işimiz də öz yolunda
olacaqdır.
Su problemimizlə bağlı Sizin göstərişiniz nəticəsində
artıq bu işlərə başlanmışdır. Son zamanlar rayonumuzda gedən işlərlə
bağlı Sizə dərin təşəkkürümü
bildirirəm. Eyni zamanda, demək istəyirəm
ki, qəsəbəmizin bir hissəsində qrunt
sularının qalxması ilə bağlı Sizin bircə
göstərişiniz kifayət etdi ki, 70-ə qədər
nasos quraşdırıldı, kilometrlərlə xətlər
çəkildi. Hazırda bu problem, demək
olar ki, aradan qaldırılıb. Sizə dərin
təşəkkürümüzü bildiririk. Sizə bu işlərinizdə müvəffəqiyyətlər
arzulayırıq. Sizə
cansağlığı, uzun ömür arzulayırıq.
Sonda demək istəyirəm, qəsəbə
sakinləri arzu edirlər ki, Siz onların əbədi
Prezidenti olasınız.
* * *
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Qəsəbədə
doğrudan da böyük işlər görülüb, amma
görüləsi işlər çoxdur. Əlbəttə, mənim rayonlara, qəsəbələrə
səfərlərimin səbəbi ondan ibarətdir ki, əlavə
nə kimi işlər görülməlidirsə, onu Sizdən
eşidim. Çünki, əlbəttə
ki, forsmajor hadisələr də olur, gözlənilmədən
hansısa bir hadisə baş verir. Siz də
qeyd etdiyiniz kimi, qrunt sularının qalxması ilə əlaqədar
insanlar əziyyət çəkdilər. Ancaq
bütün bu məsələlər operativ qaydada öz həllini
tapdı. Yəni bu hadisə və
gördüyümüz bütün başqa işlər onu
göstərir ki, iradə olan yerdə istənilən işi
görmək olar. Təki iradə, istək,
həvəs olsun.
Hər bir vəzifəli şəxs öz
xalqına bağlı olmalıdır.
Hər bir məmur öz vətəndaşlarına
xidmət etməlidir. Əgər hər
bir qəsəbənin problemi öz həllini taparsa, onda
ölkədə heç bir problem qalmaz. Çox
sadə bir məntiqdir.
Azərbaycanda dörd mindən artıq kənd
və qəsəbə vardır. Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı da bütün bu qəsəbələrin problemlərini
özündə ehtiva edir. Bu ilin sonunda
ikinci Dövlət Proqramı başa çatır. Üçüncü proqram da hazırlanır.
Növbəti beş il ərzində
infrastruktur və sosial obyektlərlə bağlı heç
bir problem qalmayacaqdır.
Bir daha demək istəyirəm ki, Maştağa
qəsəbəsində bir çox məsələlər
öz həllini tapmışdır. Qazlaşdırma tam şəkildə öz həllini
tapıb. Elektriklə bağlı problem
yoxdur. Yollar çəkilir və bu proses davam etdiriləcəkdir.
Su-kanalizasiya layihələri bütün qəsəbələrdə böyük problemdir. Bilirsiniz ki, bu məsələlər Bakıda
heç vaxt lazımi səviyyədə öz həllini
tapmamışdır. Bunun təbii səbəbləri
vardır. Çünki Abşeron
yarımadasında su mənbələri çox azdır.
Vaxtilə Abşerona digər yerlərdən xətlər
çəkilərək su verilmişdir. Ancaq
hazırda bütün ölkəmizin su probleminin həlli
üçün xüsusi proqram icra edilir. Siz də yəqin ki, izləyirsiniz. Demək olar ki, hər həftə hansısa rayonda
içməli su, kanalizasiya layihələri öz həllini
tapır. Belə olan halda mütləq
Bakı şəhərinin bütün qəsəbələrində
bu problem öz həllini tapmalıdır. Müvafiq
göstərişlər verilmişdir. Proqram
tutulub. Maştağada yaxın zamanlarda bu
proqram icra edilməyə başlanacaqdır. Hər bir evə 24 saat ərzində içməli
suyun verilməsi, özü də keyfiyyətli içməli
suyun verilməsi təşkil ediləcəkdir. Yəni qarşıya belə vəzifə qoyulubdur.
Gələcəkdə, əlbəttə
ki, digər layihələr icra ediləcəkdir.
Məktəb, uşaq bağçası
tikintisi, təmiri gedir. Ancaq əhali artır,
Maştağa qəsəbəsi də böyüyür və
üstünlüyümüz ondan ibarətdir ki, bizdə daim
demoqrafik inkişaf gedir. Əhali artır, bu da
gücümüzü daha da artırır. Ona görə bütün bu işlər, o cümlədən
burada qurulacaq su layihəsi də 2035-ci ilə hesablanıb ki, əhalinin
artımı orada nəzərə alınır. Bütün başqa məsələlər.
Əgər indi əlavə hansısa bir təklifiniz, istəyiniz,
xahişiniz varsa, deyin, biz onu da həll edək. Çünki
mən ona görə gəlmişəm ki, həm
tanış olum,
həm də Sizdən eşidim ki, biz əlavə
nə etməliyik.
Sakin: Təşəkkür edirik. Çox
sağ olun! Hər şey
yaxşıdır.
Prezident İlham ƏLİYEV: Rayonda da
bütövlükdə işlər yaxşı gedir. Sabunçu rayonu inkişafdadır, digər qəsəbələrdə
də quruculuq işləri aparılır. Bir daha demək istəyirəm ki, mənim
üçün mərkəzi, yaxud da ki, qıraq rayon
anlayışı yoxdur - nə ölkə, nə də
Bakı şəhəri üzrə. Hər
bir rayon mərkəzdir. Hər bir qəsəbədə
işlər elə görülməlidir ki, sanki bu, şəhərin
mərkəzidir. Bax, Bakı şəhərinin
mərkəzi necə gözəldir. Bütün
şəhərlər, bütün rayonlar elə
olmalıdır. Bir daha demək istəyirəm
ki, bunu etməyə bizim imkanımız da, iradəmiz də
vardır. Xalq da bütün bu işləri
dəstəkləyir. Belə olan halda
qarşımızda heç bir maneə ola
bilməz.
* *
*
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 1.