Prezident İlham Əliyev Belçikanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Belçika Krallığının ölkəmizdəki səfiri xanım Karen Petitin etimadnaməsini qəbul etmişdir.

Xanım Karen Petit fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlət başçısı bu münasibətlərin gələcək illərdə uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. İqtisadi əməkdaşlığımızın yaxşı nəticələri olduğunu deyən Prezident İlham Əliyev Belçikanın bəzi şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin önəmini qeyd etdi. Azərbaycan ilə Belçika arasında iqtisadi siyasi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayan dövlət başçısı ölkələrimizin Avropa İttifaqı çərçivəsində əməkdaşlığından məmnunluğunu ifadə etdi. 

Xanım Karen Petit Belçika kralı əlahəzrət Filippin şahzadə olarkən Azərbaycan Prezidenti ilə görüşünü məmnunluqla xatırladığını dedi. Diplomat ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının önəmini qeyd etdi.

Görüşdə ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, ticarət, sərmayə qoyuluşu, qeyri-neft sektoru, təhsil, səhiyyə, turizm, kənd təsərrüfatı digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 1.