Azərbaycan ilə
Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq
məsələləri üzrə birgə hökumətlərarası
komissiyanın ikinci iclası keçirilmişdir
Sentyabrın
3-də Bakı Biznes Mərkəzində
Azərbaycan Respublikası ilə Tacikistan
Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq
məsələləri üzrə birgə hökumətlərarası
komissiyanın ikinci iclası keçirilmişdir.
AzərTAc
xəbər verir ki, iqtisadi inkişaf naziri, hökumətlərarası
komissiyanın həmsədri Şahin Mustafayev ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni
əlaqələrin uğurla inkişaf etdiyini diqqətə
çatdırmış, Azərbaycan-Tacikistan əməkdaşlığının
genişlənməsində dövlət başçılarının
və digər rəsmi şəxslərin
qarşılıqlı səfərlərinin əhəmiyyətini
qeyd etmişdir. Bildirilmişdir ki, bu gün iki
ölkə arasında iqtisadi sahədə
möhkəm müqavilə-hüquq bazası mövcuddur
və indiyədək 40-a yaxın sənəd
imzalanmışdır. Bu, eyni zamanda
iqtisadi-ticarət əlaqələrinin uğurlu
inkişafına önəmli töhfə verir
və son illər ölkələrimiz
arasında ticarət əlaqələrinin genişlənməsi
müşahidə edilir. 2012-ci ildə Azərbaycan
və Tacikistan arasında ticarət
dövriyyəsi 2,8 dəfə artmışdır.
Nazir Şahin Mustafayev hökumətlərarası
komissiyanın birinci iclasından ötən
dövr ərzində ölkələrimiz
arasında kənd təsərrüfatı, energetika,
İKT, nəqliyyat və digər sahələrdə görülmüş işlər barədə
də məlumat verərək, Azərbaycanda istehsal
olunan bir sıra məhsulların Tacikistan bazarında əhəmiyyətli yer tutduğunu, bu il Düşənbə-Bakı-Düşənbə
aviareysinin
açıldığını xüsusi
vurğulamışdır. Bununla belə,
ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrin daha
da genişləndirilməsi üçün böyük
potensialın olduğu diqqətə
çatdırılmışdır.
Ş.Mustafayev demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi islahatlar,
iqtisadiyyatın şaxələndirilməsi, biznes
və investisiya mühitinin
yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi istiqamətində görülmüş
genişmiqyaslı işlər nəticəsində davamlı
sosial-iqtisadi inkişafa nail olunmuşdur. Belə ki, son
10 ildə ümumi daxili
məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,7 dəfə, sənaye məhsulu 2,8 dəfə,
dövlət büdcəsinin gəlirləri 19 dəfə, xarici ticarət dövriyyəsi 8,8 dəfə
artmış, yoxsulluq səviyyəsi azalaraq 6 faizə enmişdir.
Hazırda
Azərbaycanın bir sıra regional layihələrin
iştirakçısı olduğunu qeyd edən nazir Ermənistan
tərəfindən Azərbaycan torpaqlarının
işğalının davam etdirilməsinin
regional əməkdaşlığın
genişlənməsinə başlıca maneə olduğunu vurğulamışdır. İclas iştirakçılarının diqqətinə
çatdırılmışdır ki, Azərbaycanın
regionun və Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa
çevrilməsi, ölkəmizin BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi, ilk
süni peykimizin orbitə
buraxılması son illərin mühüm siyasi-iqtisadi
nailiyyətləridir və bu, beynəlxalq
təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
Tacikistanın
meliorasiya və su təsərrüfatı
naziri Rəhmət Bobokalonov
ölkəsində Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verildiyini, ölkələrimiz arasında əməkdaşlığın
daha da genişləndirilməsində
maraqlı olduqlarını, əlaqələrin bundan sonra da
yüksələn xətlə inkişaf edəcəyinə əminliyini
bildirmişdir.
Komissiyanın
iclasında ölkələrimiz arasında iqtisadi-ticarət, investisiya qoyuluşu, tikinti, kənd təsərrüfatı,
İKT, mədəniyyət və turizm, meliorasiya və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi məsələləri müzakirə
edilmişdir.
Sonda Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq
üzrə birgə hökumətlərarası
komissiyasının ikinci iclasının
yekunlarına dair protokol
imzalanmışdır. Sənədi Azərbaycan
Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev və Tacikistan Respublikasının meliorasiya
və su təsərrüfatı naziri Rəhmət Bobokalonov
imzalamışlar.
Səfər
çərçivəsində Tacikistan
nümayəndə heyəti bir sıra
görüşlər keçirəcək və müxtəlif
müəssisələrin fəaliyyəti ilə tanış
olacaqdır.
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 3.