Mərkəzi Seçki Komissiyasının seçicilərə
göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılmış və
«elektron hökumət» portalına qoşulmuşdur
Mərkəzi Seçki Komissiyasının (MSK) seçicilərə
göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılmış və
"elektron hökumət" portalına
qoşulmuşdur.
AzərTAc xəbər
verir ki, bu sözləri MSK katibliyinin
informasiya mərkəzinin müdiri
Rüfət Gülməmmədov sentyabrın 3-də jurnalistlərə
müsahibəsində demişdir.
Rüfət
Gülməmmədov bildirmişdir ki, Prezident İlham
Əliyevin 2011-ci ildə imzaladığı müvafiq
sərəncama uyğun olaraq
dövlət qurumlarında elektron xidmətlərin
inkişafı üzrə tədbirlər həyata keçirilir. Həmçinin 2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan
edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən Tədbirlər
Planı təsdiq olunmuşdur. Həmin Tədbirlər
Planına uyğun olaraq,
hər bir dövlət qurumuna
aid müvafiq bəndlər
nəzərdə tutulmuşdur. MSK-ya aid bənddə seçki prosesində müasir
informasiya texnologiyalarının tətbiqinin
genişləndirilməsi qeyd olunmuşdur. Bu iki mühüm sənəddən
irəli gələn tədbirləri həyata keçirmək
üçün müəyyən
addımlar atılmışdır.
MSK-nın
seçicilərə göstərdiyi elektron
xidmətlərin sayının hazırda 6 olduğunu
deyən Rüfət Gülməmmədov
vurğulamışdır ki, seçki günü əlavə
3-4 xidmətin də göstərilməsi nəzərdə tutulmuşdur. Diqqətə
çatdırmışdır ki,
ümumilikdə 9-10 elektron xidmət "elektron hökumət" portalı vasitəsilə
seçicilərin istifadəsinə veriləcəkdir.
Qeyd edilmişdir
ki, əvvəlki illərdə
seçicilər seçici
siyahısında adlarını axtarmaq üçün mütləq öz
dairələrini bilməli idilər. Hazırda
isə seçicilər "elektron
hökumət" portalına inteqrasiya olunmuş xidmət vasitəsilə
adını, soyadını, atasının adını, cinsini və təvəllüdünü yazmaqla səs verəcəyi məntəqəni
və həmin məntəqənin aid olduğu dairəni müəyyənləşdirə
bilərlər. Seçicilər həmin dairənin və məntəqənin
yerini xəritə üzərində
görmək imkanı da əldə edəcəklər.
Onlar, həmçinin daimi
yaşadıqları ünvanın parametrlərini daxil etməklə də dairəni və məntəqəni
müəyyənləşdirə bilərlər. Hər iki halda əgər seçici adını siyahıda tapa bilməsə "elektron
hökumət" portalına daxil edilmiş müvafiq xidmət
vasitəsilə məlumatlarını onlayn
şəkildə MSK-ya təqdim edə
bilər.
MSK katibliyinin informasiya mərkəzinin
müdiri Rüfət Gülməmmədov
vurğulamışdır ki, seçicilər
istədikləri dairə və məntəqənin nömrəsini
seçməklə onun
ünvanını əldə edə bilərlər. Həmçinin
seçicilərin MSK-ya olan
müraciətlərinin məzmunu da
genişləndirilmişdir. Artıq 5 adda
müraciət forması mövcuddur.
Seçicilər onlayn şəkildə
müraciət formasının birini
seçərək müraciətlərini MSK-ya
göndərə bilərlər.
Diqqətə
çatdırılmışdır ki, seçki günü 1000-ə
yaxın məntəqədə veb-kameralar
quraşdırılacaqdır. "Elektron
hökumət" portalı və MSK-nın müvafiq
internet səhifələri vasitəsilə
həmin veb-kameralara qoşulmaqla
səsvermə prosesini canlı izləmək
mümkün olacaqdır. Seçkinin
yekunları ilə bağlı ilkin məlumatlar
da müvafiq xidmətdən
istifadə etməklə operativ şəkildə
əldə ediləcəkdir. Bu istiqamətdə
addımlar davam etdirilir.
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 4.