Aqrar sektor dinamik inkişafdadır

 

Əsas məqsəd əhalinin ərzaq təhlükəsizliyini etibarlı təmin etməkdir

 

Keçən əsrin sonlarında siyasiiqtisadi amillərin təsiri nəticəsində Azərbaycan iqtisadiyyatı, o cümlədən onun aparıcı sahələrindən olan aqrar-sənaye kompleksi dərin böhran vəziyyətinə düşmüş, kənd təsərrüfatı və emalı sənayesi məhsullarının istehsalı kəskin azalmış, ictimai təsərrüfat sistemi bazar iqtisadiyyatı tələblərinə dözməyərək iflasa uğramışdı. Azərbaycanın keçmiş müttəfiq respublikalar arasında 70-80-ci illərdə tutduğu yüksək mövqe itirilmiş, o dövrdə Heydər Əliyevin gərgin zəhməti, zəngin təcrübəsi və tələbkarlığı sayəsində aqrar-sənaye kompleksində toplanmış potensial dağıdılmışdı.

Lakin belə bir vəziyyətdə Heydər Əliyevin hakimiyyətə qayıdışı bu sahədə də mövcud böhranın aradan qaldırılması ilə nəticələndi. Aqrar sahədə başlanan islahatlar kənd təsərrüfatında yaşanan tənəzzülün qarşısını almaqla bərabər, onu yeni inkişaf yoluna çıxardı. Hələ 1992-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR-in Culfa rayonunda ölkədə ilk dəfə olaraq ictimai təsərrüfatlarda islahatlara başlanıldı və özəl təsərrüfat qurumları yaradıldı. Bu təcrübə sonralar respublikada aqrar islahatların aparılmasına hazırlıq dövründə nümunə rolunu oynadı və müxtəlif bölgələrdə kəndli (fermer) təsərrüfatlarının yaradılması ilə müşayiət olundu. Ulu öndər 1994-cü ilin mart ayının 4-də kənd təsərrüfatı problemlərinin həllinə həsr olunan müşavirədəki nitqində qətiyyətlə bəyan etdi: "Azərbaycanın daxili imkanları çox böyükdür, böhran vəziyyətindən çıxmaq üçün mümkünatlar var. Biz bu imkanların hamısını işə salmalı, onlardan səmərəli istifadə etməli və respublikamızı bu ağır vəziyyətdən çıxarmalıyıq... Biz artıq sözdən işə keçməliyik. Düzgün başa düşün, bu sistemi dağıtmaq fikrində deyiləm, ancaq kənd təsərrüfatı sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur". Beləliklə, ümummilli lider MDB məkanında ilk dəfə olaraq aqrar islahatlara start verdi.

Ümumiyyətlə, Heydər Əliyevin prezidentliyi dövründə aqrar sahə ilə bağlı 50-dən artıq normativ-hüquqi akt qəbul edilmiş, çoxsaylı sərəncamlar imzalanmışdır. Bu sənədlər aqrar islahatların gedişini sürətləndirmiş, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etmiş, kənddə sahibkarlığın inkişafına təkan vermişdir. Ulu öndərin müdrik siyasəti nəticəsində ölkədə xüsusilə çörək problemi həll olunmuş, taxıl istehsalı ilbəil artmışdır.

Möhkəm əsaslar üzərində qurulan, aqrar sahənin inkişafına yönəldilən bu siyasətin nəticəsi olaraq son illər aqrar-sənaye kompleksində çalışan  fermersahibkarlar, alim və mütəxəssislər tərəfindən böyük rəğbətlə qarşılanan bir çox sənədlər və dövlət proqramları (2003-cü il 24 noyabr tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında", 2004-cü il 11 fevral tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", 2004-cü il 23 oktyabr tarixli "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" və "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamlar, 2008-ci il 25 avqust tarixli "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", 2009-cu il 14 aprel tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", 2011-ci il 15 dekabr tarixli "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" və s.) qəbul edilmişdir. Həmin hüquqi-normativ sənədlər aqrar-sənaye kompleksinin inkişafına güclü təkan vermişdir.

Hazırda aqrar sektorda çalışan sahibkarlar torpaq vergisindən savayı bütün növ vergilərdən azaddırlar. Dünyanın heç bir ölkəsində fermerlərin xeyrinə belə bir əlverişli qərar qəbul olunmayıb. Bundan əlavə, əkinlə məşğul olan hər bir fermerə istifadə etdiyi yanacaqsürtkü yağlarına görə dövlət kompensasiya ödəyir. Eyni zamanda fermerlər istifadə etdikləri gübrəni bazar qiymətlərindən ucuz alırlar. Yaranan qiymət fərqini isə dövlət büdcə hesabına ödəyir. Fermerlərə qayğı bununla da bitmir. Onlara toxum, kənd təsərrüfatı texnikası və cins mal-qara da güzəştli qiymətlərlə satılır.

Bu sahədə qəbul edilən ən önəmli qərarlardan biriaqrar sektorda çalışan fermerlərə uzunmüddətli və güzəştli kreditlərin verilməsidir. Artıq güzəştli kreditlər almaq imkanı olan fermerlərin maliyyə problemləri yoxdur. İndiyəcən dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib. Bu müəssisələrin hamısı iri istehsal obyektləridir. Bununla yanaşı, regiondakı sahibkarlar aldıqları güzəştli kreditlər hesabına minlərlə kiçikorta həcmli fermer təsərrüfatlarını inkişaf etdirirlər.

Aqrar sektorda islahatlar həyata keçirildikdən sonra ölkənin kənd təsərrüfatında yeni iqtisadi şərait yaranıb, ən əsası, bu sektorda müxtəlif təsərrüfat formaları yaradılıb. Yeni təsərrüfat subyektləri arasında üstünlük veriləni fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarıdır. Son illər bu növ təsərrüfat subyektləri daha çox inkişaf edərək öz maddi-texniki bazalarını xeyli möhkəmləndirir. İnkişaf prosesində təsərrüfatların formalaşması və maliyyə imkanlarının dəyişməsi birbaşa onların fəaliyyətinə təsir edir.

Bu gün Azərbaycanda taxılçılığın inkişafı üçün iri aqrar komplekslərinin yaradılmasına ehtiyac var. Ən yüksək səviyyədə dövlət torpaq fondu hesabına iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı tövsiyələr də verilmişdir. Hazırda bir neçə rayonda bu istiqamət üzrə kompleks işlər həyata keçirilir. Artıq bu məqsəd üçün 200 min hektar torpaq sahəsi müəyyənləşdirilib. Beyləqan, Ağcabədi rayonlarının ərazisində isə belə təsərrüfatlardan sayılan "Qarabağ-Taxıl" MMC fəaliyyətə başlayıb. Burada 4.000 hektara yaxın sahədə meliorasiya işləri görülüb və ABŞ-ın müasir suvarma sistemi əsasında 6 RİVOD qurulub, "Con Der" texnikaları alınıb. Nəticəsi göz qabağındadır. Təsərrüfat payızlıq buğda, 1.390 hektarda qarğıdalı, 30 hektarda günəbaxan və 5 hektarda soya əkib. Hər hektardan orta hesabla 55-60 sentner məhsul (taxıl, günəbaxan, soyas.) götürülür ki, bu da ölkə üzrə ən yüksək göstəricidir. Ən önəmlisi isə, təsərrüfatda istifadə edilən yeni texnologiya bir ildə iki dəfə məhsul yığımına imkan verir.

Yüksək məhsul əldə etmək üçün məhsuldar toxum sortları xüsusi önəm daşıyır. Hazırda ölkədə bitki sortlarının yaradılması, rayonlaşdırılması və ilkin toxumçuluğun inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçirilir. Toxumçuluq təsərrüfatlarında tələbata uyğun növlər və sortlar üzrə orijinal, superelitelit toxum istehsalı müəyyənləşdirilir və dövlət tərəfindən onun istehsalına çəkilən xərclər kvotalaşdırılır. İndiyəcən torpaq-iqlim şəraitinə uyğun təkcə dənli bitkilər üzrə yumşaq buğdanın 29, bərk buğdanın 9, yazlıq buğdanın 1, payızlıq arpanın 8, yazlıq arpanın 1 sortu öyrənilərək rayonlaşdırılmışdır. Onlardan 28-i istehsalata tətbiq edilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalının intensiv inkişafında Prezidentin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamının qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2004-cü ildə yaradılmış "Aqrolizinq" ASC-nin fəaliyyət  dairəsi sonralar ildə-ilə genişlənmişdir. ASC dövlət büdcəsindən və digər mənbələrdən, o cümlədən təkrar istifadədən yaranmış vəsait də nəzərə alınmaqla 2005-2012-ci illər ərzində 191,21 milyon manatlıq kənd təsərrüfatı texnikası, 113,79 milyon manatlıq texnoloji avadanlıq, 114,55 milyon manatlıq mineral gübrələr, 22,86 milyon manatlıq damazlıq heyvanlar almış və 50,5 milyon manatlıq tikinti işləri aparmışdır. Bununla yanaşı, "Aqrolizinq" ASC təsərrüfatlarının maddi-texniki  bazasının genişləndirilməsinə 50,5 milyon manat vəsait sərf etmişdir. Diqqətçəkən faktdır ki, təkrar istifadədən yaranan 119,49 milyon manat vəsait yenidən kənd təsərrüfatı texnikaları, müxtəlif təyinatlı maşın və texnolojı avadanlıqların alınmasına yönəldilmişdir. Məsələn, sahibkarların sifarişi əsasında ümumi tutumu 54,8 min ton olan 39 soyuducu kamera istifadəyə verilmiş, ümumi sahəsi 27,2 hektar olan 14 istixana quraşdırılmışdır ki, bu da əhalinin qış dövründə tərəvəzlə təmin edilməsində  xüsusi əhəmiyyətə malikdir.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında "Aqrolizinq" ASC tərəfindən xarici ölkələrdən gətirilən, lizinq yolu ilə məhsul istehsalçılarına satılan damazlıq düyələr də mühüm əhəmiyyət kəsb edir. Təkcə 2009-2012-ci illər ərzində respublikamıza 6.290 baş düyə gətirilmiş və onların sayı 10.029 başa çatdırılmışdır. Onu da qeyd edək ki, həmin cins qaramalın hər başından ildə 4.500-5.000 kiloqram süd sağılır.

Məhsul istehsalçılarına verilən subsidiyalara gəldikdə isə, bu faktları vurğulamaq istərdik: 2003-2013-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən birbaşa dəstək, o cümlədən yanacaqmotor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrə, toxum və tinglərə görə 585 milyon 170 min manat subsidiya, eləcə də "Aqrolizinq" ASC-yə kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, mineral gübrələrin, damazlıq heyvanların alınması üçün 427 milyon 100 min manat vəsait verilmişdir. Bu illər ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına həmçinin 1 milyard 400 milyon manat vergi güzəştləri edilmişdir.

2003-2012-ci illər ərzində ərzaq təhlükəsizliyinin gücləndirilməsində xeyli uğurlar əldə olunmuşdur. Bu da təsadüfi deyil. Çünki müasir dövrdə əhalinin ərzaqla təminatı bəşəriyyətin ən qlobal problemlərindəndir. Taxılçılıq təsərrüfatı isə problemin həllində əsas yerlərdən birini tutur. Bizim ölkəmizdə də taxıl istehsalının sosial-iqtisadi əhəmiyyəti, əhalinin çörək və çörək məmulatları ilə etibarlı təminatı, gündəlik istehlak məhsullarında onun əvəzolunmaz məhsul kimi əhəmiyyət kəsb etməsi ön plana çəkilir. Bu baxımdan "2008-2015-ci illərdə Azərbaycan Respublikasında  əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" müstəsna rol oynayır. Dövlət proqramının uğurla icra edilməsi nəticəsində əsas ərzaq məhsullarının istehsalında müsbət nəticələr əldə edilmişdir. Məsələn, ölkədə 2003-cü ildə adambaşına 246 kiloqram taxıl (təmizlənmədən sonrakı çəkidə) düşürdüsə, ötən ilin yekununda bu göstərici 292 kiloqram təşkil etmişdir. Ümumiyyətlə, ötən il taxıl istehsalı 2003-cü ilə nisbətən 36,2, o cümlədən buğda istehsalı 19,4 faiz artmışdır. Söz düşmüşkən bildirək ki, göstərilən dövrdə adambaşına kartof istehsalı 94 kiloqramdan 104, tərəvəz 128 kiloqramdan 130, bostan bitkiləri 44 kiloqramdan 46, şəkər çuğunduru (sənaye emalı üçün) 16 kiloqramdan 19, meyvə və giləmeyvə 70 kiloqramdan 87, ət 23 kiloqramdan 30,5, süd 143 kiloqramdan 183,8 kiloqrama, yumurta 83 ədəddən 131,1 ədədə yüksəlmişdir.

Azərbaycan ən qədim əkinçilik mədəniyyətinə malik ölkədir. Torpaq-iqlim şəraitinin son dərəcə müxtəlifliyi burada zəngin bitki örtüyünün inkişafına səbəb olmuşdur ki, bu da Azərbaycanda zəngin bitkiçilik təsərrüfatına imkan yaradır. Ümumiyyətlə, bitki örtüyünün müxtəlifliyinə görə Azərbaycan dünyanın ən zəngin ölkələrindəndir, Qafqaz florasında olan bitki örtüyünün 70 faizi ölkəmizdədir. Azərbaycanda 4.500-dən çox bitki növü, həmçinin meyvə, giləmeyvə, tərəvəz və bostan bitkiləri var. Ərazimizdə buğda bitkisinin becərilməsinə isə qədim dövrlərdən başlanmışdır. Odur ki, bitkiçilikdə  böyük nailiyyətlərin qazanılmasını təsadüfi hesab etmək olmaz. Məsələn, 2003-cü ildə cəmi 776,3 min hektar sahədə taxıl əkilirdisə, ötən il bu rəqəm 1 milyon 30,7 min hektara çatmışdır, o cümlədən buğdanın əkin sahəsi 595,2 min hektar əvəzinə 687,3 min hektar təşkil etmişdir. Göstərilən dövrdə kartofun əkin sahəsi 59,3 min hektardan 66 min, tərəvəzin əkin sahəsi 73,1 min hektardan 78,3 min, meyvənin əkin sahəsi 88,4 min hektardan 133,5 min, üzümün əkin sahəsi 7,7 min hektardan 16,3 min  hektara yüksəlmişdir. Bütün bunlar isə bitkiçilikdə yüksək nailiyyətlər əldə edilməsi ilə nəticələnmişdir. Məsələn, 2003-cü ildə 2 milyon 57,8 min ton taxıl istehsal edilmişdirsə, ötən il bu rəqəm 2,8 milyon tonu ötmüşdür, o cümlədən buğda istehsalı 1,5 milyon tondan 1 milyon 850 min tona yaxınlaşmışdır. Göstərilən dövrdə kartof istehsalı 769 min tondan 968,5 min tona, tərəvəz istehsalı 1 milyon 46,3 min tondan 1 milyon 216,2 min, bostan məhsulları istehsalı 356,7 min tondan 428 min, meyvə istehsalı 572,1 min tondan 810 min, üzüm istehsalı 65 min tondan 150,9 min tona çatmışdır.

Heyvandarlıq sahəsində də uğurlar əldə edilmişdir. 2013-cü il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 703,9 min baş mal-qara, o cümlədən 1 milyon 302,3 min inək və camış, 8 milyon 651,2 min qoyunkeçi mövcud olmuşdur. 2012-ci il yanvarın 1-nə nisbətən mal-qaranın baş sayı 22 min, o cümlədən inək və camışların sayı 14,2 min, qoyun və keçilərin sayı 91,9 min baş artmışdır. Qaramalın 48,2 faizini məhsuldar inək və camışlar təşkil edir. Bütün bunlar isə heyvandarlıqda ət və süd istehsalının artması ilə müşayiət olunur. 2003-cü ildə ət (kəsilmiş çəkidə) 185,6 min ton olmuşdursa, ötən il bu rəqəm 285,6 min ton təşkil etmişdir. Həmin dövrdə süd istehsalı 1 milyon 167,8 min tondan 1 milyon 719,6 min, yun istehsalı 12,1 min tondan 16,5 min tona, yumurta istehsalı 681,9 milyon ədəddən 1 milyard 226,7 milyon ədədə yüksəlmişdir.

Dövlət aqrar sahənin inkişafına qayğı və dəstəyini ardıcıl davam etdirir. Məsələn, 2007-ci ildə əkin sahələri və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaqmotor yağlarına 42,2 milyon manat subsidiya verilmişdirsə, ötən il bu rəqəm 56,7 milyon manata çatmışdır. Göstərilən dövrdə buğda və çəltik səpininə görə dövlət büdcəsindən ödənilən subsidiyaların həcmi 20,2 milyon manatdan 24,9 milyon, mineral gübrələrin güzəştli qiymətlərlə satılmasına görə ayrılan subsidiyaların həcmi 2,43 milyon manatdan 20,1 milyon, toxumting istehsalçılarına 1-ci və 2-ci reproduksiyalı toxumting satışına görə subsidiyaların həcmi 0,89 milyon manatdan 7,3 milyon manatacan yüksəlmişdir. Əgər 2007-ci ildə bütün sahələr üzrə verilən subsidiyaların həcmi cəmi 66,33 milyon manat idisə, ötən il bu rəqəm 109,93 milyon manat təşkil etmişdir.

Bunlardan əlavə, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycan hökumətinin beynəlxalq maliyyə-kredit təşkilatları ilə bağlanılmış sazişlərə əsasən aqrar sektorun inkişafına yönəldilən 8 layihə icra olunmuş, 3 layihə isə icra olunmaqdadır. Həmin layihələr çərçivəsində 122,3 min fermer və digər sahibkarlara mikrokreditlər verilmiş və nəticədə regionlarda 48,3 min müvəqqəti və daimi yerləri açılmışdır. Ölkənin 47 rayonunda yolların, icməli su xətlərinin, suvarma su kanallarının çəkilməsi və bərpası, məktəblərin, uşaq bağçalarının, tibb məntəqələrinin tikintisi və bərpası və s. tipli infrastruktursosialyönümlü 792 kənd icma layihəsi icra olunmuşdur. Bununla yanaşı, bütün regionları əhatə edən "AZVET" Milli Baytarlıq Elektron İnformasiya Sistemi, ölkə üzrə informasiya məsləhət xidmətlərinin milli şəbəkəsi yaradılmış, Azərbaycan Elmi- Tədqiqat Əkinçilik İnstitutu modernləşdirilmişdir.

Dövlətin bu ardıcıl qayğı və dəstəyi nəticəsində Azərbaycan kənd təsərrüfatı məhsulları idxal edən ölkədən həmin məhsulalrı ixrac edən ölkəyə çevrilmişdir. 2003-cü ildə ölkəmiz cəmi 91,6 milyon dollarlıq bitkiçilik məhsulları ixrac edirdisə, 2012-ci ildə bu rəqəm 3 dəfə artaraq 279,1 milyon dollar təşkil etmişdir. Həmin dövrdə heyvandarlıq məhsullarının ixracı 3,4 milyon dollarlıqdan 26,9 milyon, emal sənayesi məhsullarının ixracı 20,3 milyon dollarlıqdan 289,3 milyon dollara qalxmışdır. Bütövlükdə son 10 il ərzində kənd təsərrüfatı məhsullarının ümumi ixracı 115,3 milyon dollardan 595,3 milyon dollaradək artmışdır.

 

*    *    *

 

İşimizlə əlaqədar tez-tez bölgələrdə olur, kəndlilərlə görüşürük. Fermerlərimiz hər görüşdə dövlətin göstərdiyi qayğıdan son dərəcə razı olduqlarını bildirirlər. Belə görüşlərdə fermerlər bir qayda olaraq vurğulayırlar ki, onların torpağa bağlanmalarının, halal zəhmətlə üzü , alnı açıq yaşamalarının səbəbi dövlət müstəqilliyi və dövlətin onlara verdiyi dəstəkdir.

 

 

Aslan ASLANOV,

 

kənd təsərrüfatı nazirinin müavini

 

Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 5.