Həqiqi müstəqilliyimizin
təminatçısı
Xalqları dünya miqyasında tanıdaraq məşhurlaşdıran
təkcə onların zəngin təbii sərvətləri və
maddi mədəniyyət inciləri deyil, həm də dünya
siyasətində mühüm rol oynamış fenomen
şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi
mütərəqqi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə
onun dünya
arenasında özünəlayiq yer
tutmasını təmin edir. Ümummilli liderlik
ucalığına qovuşmuş Heydər
Əliyev də dövrünün dahi və yaradıcı şəxsiyyətlərindən
biri olaraq
xalqımıza Azərbaycan boyda qüdrətli
bir əsər bəxş etmişdir.
Ötən əsrin
90-cı illərinin əvvəlləri Azərbaycanda, o cümlədən onun
ayrılmaz tərkib hissəsi olan
Naxçıvanda ictimai-siyasi hadisələrin
ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Həmin dövrdə sovet
imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına
zidd siyasəti, ermənilərin
Naxçıvana ərazi iddiaları və sərhəddə
hərbi toqquşmalar yaratması
Naxçıvanın həyatına ciddi
təsir göstərmişdi. 1990-cı il
yanvarın 20-də Bakı tarixinin ən
dəhşətli gecələrindən biri
yaşandı. Xalqın istiqlal ruhunu qan dənizində boğmaq istəyi ilə silahlanmış imperiya cəlladları Azərbaycan
paytaxtında dinc əhaliyə
qarşı qətliam törətdilər.
Bakıdakı
qanlı qırğından sonra onu və doğmalarını izləyən
ağır təhlükələrə baxmayaraq,
Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələn Heydər Əliyev mərkəzin
Bakıda keçirdiyi vəhşiliyə
qarşı kəskin bəyanat verdi, bu cəlladlığı qətiyyətlə pislədi. Bir müddətdən sonra
isə ulu öndər Heydər Əliyev Sov.İKP sıralarını tərk etdi. Müsahibələrinin birində ulu öndər özünün
partiya ilə əlaqələrinin
qırılmasını belə izah etmişdir: "Mən Kommunist
Partiyasına xeyli güc
və enerji sərf etmişəm. Mən SSRİ-nin rəhbərlərindən biri olmuşam. Lakin əmin olanda ki bu quruluşun
məhvi labüddür, partiya
dönükdür və
açıq-aydın xalqın əleyhinədir, mən onun sıralarını heyifsilənmədən
tərk etdim. Azadlıq və demokratiya ideallarına xidmət naminə tərk
etdim".
Ulu öndər Heydər
Əliyev artıq Moskvada qala
bilməzdi. Onu ölkənin gələcək
müqəddəratının həll olunduğu
vətən, coşqun siyasi
hadisələrin mərkəzi özünə çəkirdi.
Ulu öndərin heç
bir vəzifəsi olmadığı və
fəal siyasətdən kənarda qaldığı illərdə
hörmət və ehtiramla
qarşılanan növbəti addımı onun
Moskvadan Azərbaycana qayıtmaq barədə
qərarı idi. Azərbaycan
həmin dövrdə çox ağır
günlərini yaşayırdı. SSRİ-nin
dağılmasından sonra Azərbaycan
ağır bəlalarla üzləşmiş, parçalanmaq
təhlükəsi qarşısında qalmışdı. Ona görə də Heydər Əliyev həmin
çətin məqamda öz
xalqının yanında olmağı məqsədəuyğun saydı və Moskvadan
Azərbaycana qayıtdı. Amma Heydər
Əliyev Moskvada nə qədər təhdid
və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda
da onu xalqa
zidd hakimiyyət tərəfindən bir o qədər də təzyiq
və hədələr gözləyirdi. Hətta ulu öndərin siyasi dəst-xəttinə
və dövlətçilik təcrübəsinə
açıq rəğbət göstərən
tanınmış yazıçı Əjdər Xanbabayevin qətlə yetirilməsi ilə Heydər
Əliyevə xəbərdarlıq da edilmişdi. Ancaq böyük siyasətçinin öz xalqına inamı, eyni
zamanda xalqa
bağlılığı tam
qarşılıqlı idi. Xalq ona inanır və hər
zaman öz böyük oğlunu bütün təhlükələrdən qorumağa hazır olduğunu
bildirirdi. Bu məqamı
Heydər Əliyev bütün incəliklərinə
qədər bilsə də, Ayaz Mütəllibov
və onun Moskvadakı himayədarları
dəqiq qiymətləndirə bilmirdilər. Heydər
Əliyev 1990-cı il iyulun
20-də təyyarə ilə Bakıya gəldi. İki gün sonra - iyulun 22-də isə
səhər saatlarında ulu öndər
hakimiyyətin təhdidləri nəticəsində təyyarə
ilə Bakıdan Naxçıvana getməyə məcbur oldu. Bu, böyük
qayıdışın başlanğıcı idi.
Bu qayıdış təkcə
qədim Naxçıvan torpağının deyil,
ümumilikdə Azərbaycan tarixinin yeni bir dövrünün
başlanğıcı idi. Heydər Əliyevin Moskvadan
Naxçıvana qayıdışı, o
dövrün bəzi qəzetlərində
yazıldığı kimi, əyalət
mərkəzinə yox, vətənə, böyük siyasətə fəal şəkildə,
birmənalı, ardıcıl, qətiyyətli
qayıdış idi. 1990-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası olduqca gərgin bir dövr yaşayırdı. Bu dövrdə
Dağlıq Qarabağ problemi
ətrafında yayılan dalğanın zərbə qüvvəsinə
məruz qalan, sərhədyanı kəndləri
ermənilər tərəfindən işğal
və qarət olunan, dincliyi
əlindən alınan Naxçıvan doğrudan
da "taleyin
ümidinə buraxılmış tənha bir ada"nı xatırladırdı.
1990-cı il noyabr ayının 17-də
XII çağırış Naxçıvan MSSR-in
Ali Məclisinin ilk
sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Həmin sessiyada
çox mühüm
qərarlar qəbul olunmuşdur. Sessiya Naxçıvan Muxtar
Sovet Sosialist
Respublikasının adını dəyişdirərək
Naxçıvan Muxtar Respublikası
adlandırmağı qərara almışdır. Naxçıvan MSSR Ali Sovetinin adının dəyişilərək
Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi adlandırılması, Azərbaycan
Respublikasının milli istiqlal
rəmzi olan üçrəngli dövlət
bayrağının bərpası, onun
Naxçıvan Muxtar Respublikasının
Dövlət bayrağı kimi qəbul
edilməsi haqqında qərarlar qəbul olundu.
1990-cı il noyabrın 21-də
Naxçıvan MR Ali Məclisi Heydər
Əliyevin işləyib hazırladığı
"1990-cı ilin yanvar
ayında Bakı hadisələrinə siyasi
qiymət verilməsi haqqında" qərar qəbul etmişdir.
1990-cı
ilin 14 dekabrında Naxçıvan MR Ali Məclisi deputat Heydər
Əliyevin hazırladığı "Azərbaycan SSR-in Dağlıq Qarabağ
Muxtar Vilayətində, Şaumyan
rayonunda və Xanlar rayonunun Çaykənd kəndində
yaranmış vəziyyətə münasibət
haqqında" qərar qəbul etmişdir.
1991-ci il sentyabrın 3-də
Naxçıvan MR Ali Məclisinin fövqəladə
sessiyasında Heydər Əliyev yekdilliklə Ali
Məclisin Sədri seçildi.
Azərbaycanın
siyasi tarixində özünə parlaq iz qoymuş
bu böyük şəxsiyyətin
Naxçıvanda yenidən siyasi hakimiyyətə
qayıdışı və Naxçıvan Muxtar
Respublikasının rəhbəri kimi fəaliyyət
göstərməsi Naxçıvandan başlanan
müstəqillik yolunun bütün
Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə
çevrilməsinə, milli dövlətçiliyin
bərpası istiqamətində qəti addımların
atılmasına gətirib çıxardı. Milli
şüurun dirçəlməsi istiqamətində
ən zəruri tədbirlər görüldü.
Bu dövrdə dövlət
müstəqilliyinin bərpası istiqamətində tədbirlər
təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə
söykənən, bazar iqtisadiyyatı tələblərinə
uyğunlaşan iqtisadi
model formalaşırdı. Blokadanın vurduğu ziyanın aradan
qaldırılması üçün tədbirlər
görülür, qonşu
Türkiyə və İranla iqtisadi əlaqələr
yaradılırdı. Qısa müddətdə Araz çayı üzərində "Ümid" körpüsü
tikilib istifadəyə verildi.
Sədərək, Culfa və
Şahtaxtı gömrük-keçid məntəqələri
fəaliyyətə başladı. Naxçıvan şəhəri
yaxınlığında istilik-elektrik
stansiyası tikildi, Türkiyədən və
İrandan Naxçıvan Muxtar
Respublikasına yüksək gərginlikli elektrik
xətləri çəkildi.
1990-1993-cü
illərin Naxçıvanının siyasi,
mədəni, mənəvi və iqtisadi
mühitindən Heydər Əliyevin quruculuq
fəaliyyəti qırmızı xətlə keçir.
Bu
dövrdə Naxçıvan Muxtar
Respublikasının həyatında mühüm
dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə hərbi təcavüzə
son qoyulmuş, əmin-amanlıq
yaradılmış, siyasi
tarazlığın pozulmasına yönəldilən cəhdlərin
qarşısı alınmışdı. Heydər
Əliyevin siyasi fəaliyyətinin
Naxçıvan dövrü dövlətçilik
təcrübəsində xalqla işləməyi
bacarmaq nümunəsidir.
Heydər
Əliyevin siyasi hakimiyyətinin
Naxçıvan dövründə gördüyü
işlər, muxtar respublikanın
yaşamasına və xilasına yönəlmiş tədbirlər
1990-1993-cü illərdə xaos və təhlükələr,
açıq şəkildə bildirilən kəskin
narazılıqlar və qarşıdurmalar mərhələsini
yaşayan, qardaş
qırğını və vətəndaş müharibəsi
həddinə gəlib çatan, parçalanaraq milli əyalətlər
və quberniyalar halında fəaliyyət
göstərməyə təhrik edilən Azərbaycan üçün ümid, nicat yeri idi.
Ulu öndərin
1993-cü ilin oktyabrında dövlət
başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi
suverenliyinin təmin olunması prosesi daha da
sürətlənmişdir. Ümummilli lider ilk növbədə
ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin
iş aparmış, qeyri-qanuni
silahlı dəstələr
zərərsizləşdirilmiş, Azərbaycan vətəndaş
müharibəsi təhlükəsindən xilas
edilmişdir. Heydər
Əliyev bir ictimai-iqtisadi
formasiyadan digərinə keçid
dövründə respublikanın qarşısında duran strateji vəzifə və
hədəfləri düzgün müəyyənləşdirməklə
dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində
sınaqdan uğurla
çıxmış, müsbət nəticələr
verən inkişaf kursunun
tətbiqinə nail olmuşdur.
Yeni minilliyin
başlanğıcında formalaşan
mürəkkəb və ziddiyyətli dünya
nizamı böyük siyasət
ustadının məharətlə əsaslandırdığı
bu inkişaf modelinin respublikamız üçün
müstəsna əhəmiyyətini tam sübuta yetirdi. Respublikamızın son 20 ildə
iqtisadi və demokratik
inkişaf, hüquqi
dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində
qazandığı böyük nailiyyətlər
də məhz ümummilli lider
Heydər Əliyev tərəfindən
formalaşdırılmış möhkəm təmələ
əsaslanır. Son illərdə bu inkişaf modelinin yeni dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsinə xidmət
edən kompleks islahatlar
Azərbaycanı daha da
gücləndirmişdir. Bu gün dünyanın ən müxtəlif iqtisadi mərkəzləri respublikanın
davamlı iqtisadi yüksəlişi
timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin
mahiyyətini öyrənməyə çalışır.
Azərbaycanın
dayanıqlı və sabit inkişafı üçün nəinki proqressiv
proqram və konsepsiyalar
mövcuddur, eyni zamanda ulu öndər Heydər
Əliyev tərəfindən işlənib hazırlanaraq
ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi
inkişaf strategiyası uğurlu
nəticələr verir. Azərbaycanda
mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi
inkişaf istiqamətində görülən
işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar
olmasına yönəlmişdir. Xalqın sosial sifarişi əsasında
Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham
Əliyev öz siyasətini bu ənənələr çərçivəsində
qurur.
Ulu öndərin
qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu
Azərbaycan hazırda sürətlə inkişaf
edir, qarşıya qoyduğu
hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri
dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə
demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı
sahəsində ciddi nailiyyətlərə
imza atır. Dövlət
başçısı respublikanın sosial-iqtisadi
inkişafına paralel gedən demokratikləşmə
prosesini bir-birindən təcrid olunmuş şəkildə götürmədən
hər iki xətti Azərbaycanın gələcək
yüksəlişinin mühüm şərti
hesab edir. Azərbaycanın
bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas
verir ki,
respublikamız yaxın gələcəkdə bütün
sahələrdə dünyanın qabaqcıl ölkələrindən
birinə çevriləcəkdir.
Elnur
HACALIYEV
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 5.