Qafqaz Müsəlmanları İdarəsi Suriyaya gözlənilən hərbi müdaxilə ilə bağlı narahatlığını ifadə edən bəyanat yaymışdır

 

Qafqaz Müsəlmanları İdarəsi Suriyada baş verən hadisələr və bu ölkəyə gözlənilən hərbi müdaxilə ilə bağlı bəyanat yaymışdır.

Bəyanatda qeyd olunur ki, Suriya ərazisində hərbi əməliyyatlara başlanılacağı barədə xəbərlər bütün dünya ictimaiyyətinin, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin narahatlığına səbəb olmuşdur. Hadisələrin bu cür  gedişi ümumən bəşəriyyətin taleyinə təsir edə bilər.

Bəyanatda daha sonra deyilir: Suriya torpağı tarixən müxtəlif dinlərin nümayəndələrinin yaşadığı və zəngin mənəvi irs yaratdığı məkan olmuşdur. Hazırda bu torpaqlarda müqəddəs məkanların, İslam ziyarətgahlarının dağıdılması və insanların kütləvi şəkildə məhv edilməsi qəlbimizi  sarsıdır və bizi hədsiz dərəcədə hiddətləndirir. Bu hadisələrə heç bir vəchlə haqq qazandırmadan, əsl günahkarların müəyyən edilib, beynəlxalq mühakiməyə verilərək cəzalandırılmasının tərəfdarıyıq. İnsanlıq əleyhinə cinayət törədənlərlə mübarizə adı ilə günahsız insanların cəzalandırılması isə heç bir halda qəbulolunmazdır.

Qafqaz Müsəlmanları İdarəsi yaydığı bəyanatda vaxtilə Nyu-YorkVaşinqton şəhərlərində törədilmiş terror aktlarına da birmənalı qiymət verdiyini, həmin  hadisələri  təkcə Amerika xalqı əleyhinə deyil, bütün bəşəriyyətə qarşı yönəldilən cinayət hesab etdiyini xatırladaraq vurğulayır ki, Azərbaycan xalqı da təcavüzün və terrorun qurbanlarından biridir. Erməni təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, minlərlə azərbaycanlı erməni terrorunun qurbanı olmuşdur. Əgər vaxtilə dünya birliyi Ermənistan təcavüzünün və terrorunun qarşısına layiqli sipər çəksəydi, bu gün terror və təcavüzlər bu qədər vüsət almazdı.

Qafqaz Müsəlmanları İdarəsi belə hesab edir ki, bütün qlobal problemləri, habelə qaynar nöqtələrdəki gərginliyi bəşəriyyət birgə səylərlə, beynəlxalq hüquq normalarına uyğun şəkildə aradan qaldırmalıdır. Heç bir siyasət dinc əhalinin qırğınına, nahaq qanların tökülməsinə, şəhər və kəndlərin, müqəddəs ibadətgahların dağıdılmasına bais olmamalıdır

Bəyanatda belə bir əminlik ifadə olunur ki, ABŞ vətəndaşlarının iradəsini ifadə edən Konqres bütün dünyadan səslənən etiraz sədalarına biganə qalmayacaqSuriyada hərbi əməliyyatlarla bağlı qərara "yox" deyəcəkdir. Bu, həm ABŞ-ın dünyadakı nüfuzunu artırar, həm də dünyamızı daha böyük fəlakətlərdən xilas edər.

Qafqaz Müsəlmanları İdarəsi öz bəyanatında dünya ictimaiyyətini, Birləşmiş Millətlər Təşkilatını, dünya dini liderlərini Suriyadakı qanlı münaqişənin tezliklə dayandırılması üçün səylərini qətiyyətlə səfərbər etməyə və problemin yalnız dialoq yolu ilə həllinə çalışmağa səsləyir.

 

Azərbaycan. - 2013.- 4 sentyabr.- S. 6.