Dövlətin
qayğısı hər kəsə çatır
Qazanılan
nəticələr isə fərqlidir
Xalqımızın
ümummilli lideri Heyder Əliyev "Təhsil millətin gələcəyidir"
müdrik deyimi ilə əslində bu sahədə dövlət
siyasətinin gələcək dövr üçün aydın istiqamətlərini müəyyənləşdirmişdir.
Prezident İlham Əliyev ötən 10 il ərzində
milli təhsilimizin inkişafı, Avropaya inteqrasiyası, sahənin
maddi-texniki bazasının möhkəmləndirilməsi naminə
dövlət əhəmiyyətli, taleyüklü direktiv qərarlara
imza atmış, qarşıya qoyulan şərəfli məqsədin
reallaşdırılması, milli təhsilimizin
inkişafı üçün xalqın
bütün təbəqələri
tərəfindən razılıqla qarşılanan zəruri
tədbirlər görmüşdür. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın təşəbbüsləri, həyata
keçirdiyi genişmiqyaslı layihələr hər kəsdə məmnunluq
doğurur. Təhsil Nazirliyində son dövrlərdə
baş verən yeniləşmə, bunun nəticəsi olaraq təhsil
prosesinin təkmilləşməsi yönümündə
islahatların başlanması da ictimaiyyətdə birmənalı
razılıq yaradıb.
Qarşıdan yeni dərs ili
gəlir. Təbii ki, yeni dərs ili
özü ilə yeni qayğılar, yeni vəzifələr də
gətirir. Başa vurulan dərs ilinin nəticələrini
araşdırmaq, qazanılan uğurları təqdir etmək,
yol verilmiş nöqsanları aşkar edib aradan qaldırmaq nailiyyətləri
daha da möhkəmləndirmək yolunda, heç şübhəsiz,
etibarlı zəmin olar.
Mingəçevirin
təhsil göstəricisi: 700 ballıq iki nəticə, 18
qızıl medal
Dövlət paytaxt Bakı ilə
yanaşı, bütün bölgələrdə təhsilin
inkişafı üçün zəruri qayğı və
diqqətini əsirgəmir. Ancaq ayrı-ayrı şəhər və
rayonların təhsilin inkişafı istiqamətində
qazandığı nəticələr kifayət qədər
fərqlidir. Energetiklər şəhəri
olan Mingəçevirdə təhsilin inkişafına
böyük önəm verilir. Şəhər rəhbərliyi
gənc nəslin
sağlam ruhda böyüməsi, yüksək
intellektual səviyyəyə malik olması, vətənini,
xalqını, dövlətini sonsuz məhəbbətlə
sevən kamil insanlar kimi formalaşması
üçün müasir
dövrün tələblərinə uyğun tədbirlər
görür, təhsil müəssisələrinin
qayğılarını daim diqqət mərkəzində
saxlayır. Mingəçevir Şəhər Təhsil
Şöbəsinin müdiri Sahib Məmmədov söhbət
zamanı dedi:
- Dövlətimizin davamlı və yetərli
qayğısı müqabilində zəif işləməyə
haqqımız yoxdur. Şəhərdə 22
orta təhsil müəssisəsi fəaliyyət göstərir.
Uzun illərdən bəri şəhərin
bütün məktəblərində məlum hadisələrlə
bağlı çox sayda qaçqın və məcburi
köçkün ailəsi məskunlaşmışdı.
Belə vəziyyət isə təlimin və tədrisin
gedişinə öz mənfi təsirini göstərirdi.
Bu ilin aprel ayında məktəblərdə məskunlaşan
bütün ailələr dövlət
başçısının təşəbbüsü ilə
yeni inşa edilmiş qəsəbəyə
köçürüldülər. Köçürülən
ailələrin sayı 400-dən çox idi. İndi bizi yeni dərs ilinə hazırlıq
qayğıları düşündürür. Şəhər 3 saylı orta məktəbin əsaslı
təmiri müvəffəqiyyətlə başa
çatdırılmışdır. Şəhər
4 və 10 saylı məktəblərin əsaslı təmiri
isə davam etdirilir.
Mingəçevir Şəhər Təhsil
Şöbəsinin müdiri Sahib Məmmədov söhbət
zamanı ötən dərs ilinin uğurlu yekunlarından və
qazanılan nailiyyətlərdə dövlət qayğısının
müstəsna rolundan ətraflı söz
açdı. Məlum olur ki, 2013-cü ildə 9-cu sinfi bitirən
1.072 nəfər şagirddən 9 nəfəri fərqlənmə
şəhadətnaməsi almış, 11-ci sinfi bitirən 829 nəfər şagirddən isə
18 nəfəri qızıl medala layiq
görülmüşdür. Bütövlükdə orta məktəblərin
buraxılış imtahanlarında qazanılan nəticə
respublika üzrə ən yüksək göstəricilərdən
sayılır. Bu il ali məktəblərə
qəbul olunmaq üçün sənəd verən 667 nəfərin
384-ü tələbə adını qazanmışdır.
Çox fərəhlidir ki, Mingəçevir məzunlarının
2 nəfəri 700 bal, 29 nəfəri 600-700 arası, 53 nəfəri
isə 500-600 arası bal toplayaraq bütün şəhər
sakinləri üçün qürurverici uğura imza
atmışlar. Mingəçevir Şəhər İcra
Hakimiyyətinin başçısı Niyazi Bayramov yüksək
balla ali məktəblərə qəbul
olunan məzunların böyük bir qrupunu bu günlərdə
qəbul etmiş, onlara təhsil uğurlarını bundan
sonra da davam etdirməyi arzulamış, təhsil zərbəçilərinə
qiymətli hədiyyələr təqdim etmişdir.
Yaxşı
şagird yaxşı müəllimin yetirməsidir
Mingəçevirdə şərəfli müəllim peşəsinə bütün varlığı ilə bağlanan, elm çırağının gerçək pərvanələrinə çevrilən
müəllimlər kifayət qədər çoxdur. Sıradan
bir fakt dediyimiz fikrin təsdiqi olar. Mingəçevir
texniki-humanitar liseyin müəllimləri Sevda İsmayılova
və Arzu Hüseynovanın keçən il
hazırladıqları "Riyaziyyat-5" dərsliyi Təhsil
Nazirliyi tərəfindən alternativ dərslik kimi təsdiq
edilmişdi. Bu qabaqcıl müəllimlərin 2013-cü ildə
hazırladıqları "Riyaziyyat-6" dərsliyi isə
artıq bu ildən 6-cı siniflər üçün əsas
dərslik kimi təsdiq edilmişdir.
Peşəkar müəllimlərin
ümidverən yetirmələri olan mingəçevirli
şagirdlər təhsildə olduğu kimi, ictimai işlərdə
də çox fəaldırlar. Ulu
öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş bütün müsabiqələrdə qaliblər
sırasında yer alan nur şəhərinin yeniyetmələri
idman üzrə məktəblilərin il boyu
spartakiadasında respublika
yarışının yekununa görə ikinci yer, "Ana
dilimizi sevək, sevdirək" respublika inşa müsabiqəsində
birinci yer, "Fövqəladə hallar uşaqların
gözü ilə" müsabiqəsində bütün
nominasiyalar üzrə 10 nəfər şagirdlə qaliblər
sırasında olmaq və yuxarıda xoş duyğularla
söhbət açdığımız nailiyyətlər
ondan xəbər verir ki, Mingəçevir təhsili bu gün
doğru yoldadır və təlim-tərbiyə sahəsində
daha böyük uğurlar qazanmağa qadirdir.
Təəssüf ki, Mingəçevir təhsilinin
ünvanına deyilən xoş sözləri bir çox digər
rayonlara aid etmək mümkün deyildir.
İşini müasir tələblər səviyyəsində
qura bilməyən, mütərəqqi təlim-tədris
metodlarını yaradıcılıqla tətbiq etməyi bacarmayan
rayon təhsil şöbələri nəticə etibarilə
qarşıya qoyulan vəzifələri reallaşdırmaqda
çətinliklərlə üzləşirlər. Respublika
üzrə orta məktəblərin buraxılış
imkanları maksimum 50 bal həddində müəyyən
edilmişdir. Ötən tədris ilinin yekunlarına görə,
Saatlı rayonunda bu göstərici yarıbayarı aşağı
olmaqla 25,8 faiz təşkil etmişdir.
Sözügedən göstərici Yevlax rayonunda 27,17 faiz, Tərtər rayonunda 27,45 faiz, Beyləqan
rayonunda 28,91 faiz olmuşdur. Təəssüf
ki, fərəh doğurmayan bu siyahını ayrı-ayrı
rayonların hesabına uzatmaq da olar. Real mənzərə
onsuz da hər kəsə aydındır. Şagird 10 il
yayın istisində, qışın soyuğunda məktəbə
gedib-gəlir, sonda isə müvafiq qiymət ala bilmir. Kimdir günahkar? Şagirdmi,
valideynmi, yoxsa məktəbmi? Bu suala konkret
cavab vermək, əlbəttə, çətindir. Gerçək olan odur ki, yüksək son nəticə
bu üç tərəfin bir məqsəd uğrunda birliyi
şəraitində qazanılır. Hansı
rayonda ki təhsil şöbəsinin rəhbərliyi
haqqında danışılan tərəflərin səylərini
bir məcraya yönəldə bilir, orada uğur
qazanılır. Yuxarıda adlarını
çəkdiyimiz rayonlarda isə məktəb-valideyn əlaqələri
formal xarakter daşıyır desək, səhv etmərik.
Bu rayonların təhsil sistemində valideyn komitələrinin
fəaliyyəti yox dərəcəsində, sadəcə
kağız üzərindədir.
Təhsil Nazirliyinin məqsədyönlü islahatları nöqsanların aradan qalxacağına əminlik yaradır
Az sayda orta təhsil
müəssisələri istisna olmaqla, əksər məktəblərin,
rayon təhsil şöbələrinin ali məktəblərə
qəbulun yüksək nəticələri ilə
öyünməyə qətiyyən haqqı yoxdur. Gəlin
etiraf edək ki, bu sahədəki uğurlar əsasən repetitor
müəllimlərin adına
yazılmalıdır. Xatırlatmaq istədiyimiz
bir mənzərə hamıya yaxşı tanışdır.
Məktəb vaxtı, dərs saatı olsa da,
küçələrdə dəstə-dəstə
şagirdlərin harayasa tələsdiyini çox
görmüşük. Məktəbə
getməyən bu uşaqlar heç bir rəsmi statusu olmayan
hazırlıq kurslarına gedirlər. Niyə?
Məgər məktəbdə dərs keçən
yoxdur? Əlbəttə var, amma... Bu ammaların
açması isə hər kəsə, o cümlədən
övladının sabahını düşünən, onun
xoşbəxt gələcəyi üçün hər şeyini qurban verməyə
hazır olan valideynlərə də yaxşı məlumdur. Bu, reallıqdır ki, əksər məktəblərdə
öz ixtisasını yaxşı bilən müəllimlər
çox azdır. Təhsil Nazirliyi tərəfindən
vaxtaşırı keçirilən attestasiyalar da bu prosesə
təsir edə bilmir.
Sevindirici haldır ki, yeni təhsil naziri
Mikayıl Cabbarov da bu nöqsanları aradan qaldırmaq
üçün məqsədyönlü fəaliyyətə
başlayıb və bu prosesin həyata keçməsi
üçün ictimai nəzarətin vacibliyini
vurğulayır. Şübhəsiz, qısa
müddətdə böyük dönüşə nail olmaq
çətindir. Amma Təhsil Nazirliyinin artıq həyata
keçirməyə başladığı islahatların
ümumilikdə milli təhsilimizin keyfiyyətcə
yaxşılaşacağına ictimai inam var. Unutmayaq ki,
dövlətin səxavətlə ayırdığı vəsait
hesabına tikilən müasir tipli, bütün zəruri təhsil
avadanlıqları ilə təchiz edilən məktəblərin
yuxarı siniflərində dərsə davamiyyət bərbad
vəziyyətdədir. Çünki az-çox
imkanı olan valideynlər məktəb rəhbərliyi ilə
razılaşır (buna sövdələşir də demək
olar), uşağını məktəbdən ayırıb
hazırlıq kurslarına göndərirlər. Qəribə də olsa, nəticə hər kəs
üçün sərfəlidir. Hazırlığa gedən
şagirdlərin əksəriyyəti ali məktəblərə
daxil olur. Məktəb rəhbərləri bu uğuru öz adına çıxıb öyünürlər.
Şagirdin çəkdiyi zəhmət, itirdiyi
günlər hədər getmir. Valideyn,
öz növbəsində, həqiqətən rahatlığa
qovuşur. Cəmiyyətdə isə məktəbin
nüfuzuna kölgə düşür. Əgər
bu problemləri Təhsil Nazirliyi artıq gizlətmir və
onları aradan qaldırmaq üçün səylə
çalışırsa, demək, nikbinliyə əsas var.
Maddi imkanı zəif olan valideynlər
uşaqlarını hazırlıq kurslarına göndərə
bilmirlər. Məlum səbəbdən
davamiyyətin zəif olduğu yuxarı siniflərdə dərslər
ya heç keçilmir, ya da tamamilə formal xarakter
daşıyır. Hazırlıq
kurslarına gedə bilməyən şagirdlər məktəbdə
də normal təhsil ala bilmirlər. Bu,
özünü sonda, buraxılış imtahanlarında
göstərir.
Sonda ulu öndər Heydər Əliyevin
"Təhsil millətin gələcəyidir" kəlamını
bir daha xatırlatmağı vacib sayırıq.
Gələcəyimizin aydın və etibarlı
olması üçün hər kəs gücü çatan
hər şeyi etməlidir. Məktəbin cəmiyyətin
fövqündə olması üçün dövlətimizin müəyyən etdiyi tədbirlərin
icrasına hər birimiz yardımçı olmalıyıq.
Lazım
QULİYEV
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 7.