Azərbaycanın
fəlsəfə elmi Afinada
XXIII Dünya Fəlsəfə Konqresində
böyük uğur
qazanmışdır
Yunanıstanın
paytaxtı Afina şəhərində keçirilmiş XXIII Dünya
Fəlsəfə Konqresində Azərbaycanın bütün sahələrdə
qazandığı uğurlar
sırasına daha bir
uğur əlavə olunmuşdur.
Beş ildən bir
keçirilən bu dünya
konqresində ilk dəfə Azərbaycan
nümayəndə heyəti geniş tərkibdə
təmsil olunmuşdur.
Fəlsəfə
konqreslərinin işində müntəzəm surətdə iştirak edən AMEA-nın müxbir
üzvü Səlahəddin Xəlilovdan əlavə,
Afinada müxtəlif nəsillərin
nümayəndələrinin, o cümlədən
gənclərin iştirak etməsi, son illərdə ölkəmizdə elmi əlaqələrin kifayət qədər genişlənməsinə
dəlalət edir.
Fəlsəfə
elmləri doktorları Könül
Bünyadzadə, Zakir Məmmədəliyev,
Adil Əsədov, Rahid
Ulusel, siyasi elmlər doktoru Vəsilə Hacıyeva, fəlsəfə
doktorları Ariz Gözəlov, Roida Rzayeva, Rövşən
Hacıyev, Əlihəsən Həmzəyev, doktorant
Çinarə Məmmədova fəlsəfənin müxtəlif sahələri
üzrə bölmələrin işində, plenar
iclaslarda, "dəyirmi masa"larda və sosial-mədəni tədbirlərdə
fəal iştirak etmiş,
xarici ölkələrdən olan həmkarları ilə əməkdaşlıq
haqqında danışıqlar aparmışlar.
Konqresdə
elmin fəlsəfəsi, siyasətin fəlsəfəsi,
ontologiya, epistemologiya,
fəlsəfə tarixi və s. konkret sahələr
üzrə bölmə iclaslarından əlavə, görkəmli
filosofların təlimlərinə həsr olunmuş
fərdi müzakirələr də keçirilmişdir.
Platon, Kant,
Şopenhauer, Yaspers kimi böyük filosoflarla yanaşı, hazırda
yazıb-yaradan bir sıra klassiklərin (Yurgen Habermas, Umberto Eko, Anna-Teresa
Timiniçka, İoanna
Kuçuradi) təlimlərinə
ayrıca "dəyirmi masa"lar və seminarlar həsr olunmuşdur.
Əlamətdar
haldır ki, dünya
fəlsəfə konqreslərinin tarixində ilk
dəfə olaraq müasir
türk-islam dünyasının nümayəndəsinə
də yer ayrılmış, onun təliminin müzakirəsi keçirilmişdir.
AMEA-nın müxbir üzvü Səlahəddin
Xəlilovun Şərq və Qərb fəlsəfi
düşüncəsinin ortaq dəyərləri
əsasında hazırladığı yeni
fenomenoloji konsepsiya konqres iştirakçılarının diqqət
mərkəzində olmuşdur.
Professor Françesko
Alfieri (Vatikan) Səlahəddin
Xəlilovun ingilis dilində nəşr olunmuş "Həyat fenomenologiyası və
İdeyanın həyatı" kitabında irəli sürdüyü yeni ideyalar barədə məruzə ilə
çıxış etmişdir.
Professorlar Daniela Verduççi (İtaliya), Könül
Bünyadzadə (Azərbaycan), Maija Kule (Latviya) və
başqaları müzakirələrə qatılaraq S.Xəlilovun
təlimini fenomenologiyanın Şərq düşüncə
ənənələri üzərində qurulmuş
yeni istiqaməti kimi dəyərləndirmişlər.
Növbəti konqresin 2018-ci ildə Pekin
şəhərində keçirilməsi qərara
alınmışdır.
Azərbaycan.
- 2013.- 4 sentyabr.- S. 8.