Sosial siyasətin
mərkəzində insan
amili dayanır
Vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi, əhalinin
aztəminatlı təbəqələrinə
kömək göstərilməsi,
yoxsulluğun aradan qaldırılması Azərbaycanda
dövlət siyasətinin
başlıca istiqamətlərindən
biridir. Son illərin reallıqları
ondan ibarətdir ki, ölkəmizin dinamik iqtisadi inkişafı sosial sahəyə təsirsiz ötüşməyib. İqtisadiyyatda həyata keçirilən
köklü dəyişikliklər
makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini daha da gücləndirmək
üçün möhkəm
zəmin yaradıb.
Artıq
iqtisadi inkişafın,
uğurla həyata keçirilən yeni neft strategiyasının elə bir mərhələsini
yaşayırıq ki,
indi nəinki problemlər həll edilir, həmçinin böyük sosial layihələr həyata keçirilir.
Azərbaycan hakimiyyətinin sosial siyasətinin mahiyyəti ondan ibarətdir ki, ölkəmizdə aztəminatlı,
yoxsul insan olmamalıdır. Bu mənada Azərbaycanda
1993-cü ildən başlanan
Heydər Əliyevin siyasi kursu hər
il sosial
problemlərin aradan qaldırılmasına xidmət
edən kompleks tədbirlərin işlənib
hazırlanması və
uğurla reallaşması
ilə əlamətdar
olub, aparılan islahatların sosial yönümünü təmin
edib. Ölkə rəhbərinin verdiyi
vədləri yerinə
yetirməsi, əhalinin
sosial müdafiəsinin
gücləndirilməsi üçün
zəruri addımlar atması ölkəmizin sosial sahədəki nailiyyətlərinin əsasını
təşkil edib.
Bunun real
təsdiqidir ki, respublikanın davamlı iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır
və iqtisadi tərəqqi insanların
gündəlik rifah halında öz təcəssümünü tapır.
İqtisadiyyatda həyata keçirilən
köklü dəyişikliklər
bu sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial təminatının
gücləndirilməsinə və maddi rifah
halının yaxşılaşdırılmasına
geniş imkanlar açır. Maliyyə imkanlarının
çoxalması adekvat
olaraq xalqın sosial rifahının, güzəranının daha
da yaxşılaşdırılması,
sosial problemlərin həlli istiqamətində
atılan addımların
real nəticələri ilə
müşayiət olunur.
Bu mənada Azərbaycanda
aparılan siyasətin
mərkəzində məhz
insan amili dayanır.
Sosial sahəyə diqqət və qayğının nəticəsidir
ki, dövlət büdcəsi təsdiq olunarkən sosialyönümlülük
prioritet olaraq qalır. Bu, bir daha təsdiq
edir ki, Azərbaycanda aparılan siyasətin mərkəzində
məhz insan amili dayanır və ölkə rəhbərliyinin sosial siyasətinin fəlsəfəsi
bütün vətəndaşların
sosial şəraitinin
yaxşılaşdırılmasına xidmət edir. Bu sırada aztəminatlı
ailələrə dövlət
qayğısının ilbəil
yüksəlməsi xüsusilə
diqqət çəkir.
Belə ki, ölkədə yoxsulluğun səviyyəsi
son illərdə dəfələrlə
aşağı düşüb.
Ölkədə ünvanlı dövlət
sosial yardımı sisteminin işə düşməsi aztəminatlı
ailələrin sosial təminatının yaxşılaşdırılmasına
təkan verib. Ünvanlı dövlət
sosial yardımının
göstərilməsinin məqsəd
və prinsiplərini,
təyin olunmasının
hüquqi əsaslarını
və bu sahədə yaranan münasibətləri tənzimləyən
"Ünvanlı dövlət
sosial yardımı haqqında" qanunun qüvvəyə minməsindən
qısa müddət ötməsinə baxmayaraq,
onun ünvanlılıq,
ədalətlilik, bərabərlik
kimi prinsiplərinə
ciddi riayət olunur. Bu yardımın
verilməsi minlərlə
ailənin sosial vəziyyətinin yaxşılaşmasına
səbəb olub.
Minimum əməkhaqqının,
pensiya və müavinətlərin davamlı
olaraq artırılması
ilə yanaşı, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində
ölkədə adambaşına
düşən orta aylıq gəlirlər davamlı olaraq artmaqdadır. Belə
ki, ünvanlı sosial yardımın təyin olunması üçün müəyyən
edilmiş ehtiyac meyarı 2006-cı ildə
30 manat olduğu halda, növbəti illərdə 3,1 dəfə artırılaraq
2013-cü ilin əvvəlindən
93 manata çatdırılıb.
2013-cü ilin 6 ayının
yekununa olan məlumata əsasən, ölkəmizdə 120 min 904 ailənin hər birinə ayda orta hesabla
120 manata qədər ünvanlı yardım ödənilir. Onu da qeyd edək ki, bir
çox ölkələrdə
donorlar hesabına ödənilən ünvanlı
yardımlar Azərbaycanda
məhz dövlət büdcəsi hesabına yoxsul ailələrə verilir.
Aztəminatlı əhaliyə dövlət qayğısını
əks etdirən göstəricilər içərisində
ayrı-ayrı qrup vətəndaşlara müxtəlif
güzəştlərin və
imtiyazların verilməsi
xüsusi qeyd edilməlidir. Son bir neçə
ildə sosial müdafiəyə ehtiyacı
olan şəxslərin
maddi durumunun yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə
yanaşı, onların
bəzi zəruri tələbatlarının ödənilməsi
üçün də
dövlət büdcəsindən
ayrılan vəsaitlərin
miqdarı artırılıb.
Bununla da müharibə əlilləri
və şəhid ailələri üçün
yaşayış evlərinin
tikintisi, onların minik avtomobilləri ilə təmini sürətləndirilib, əlillərin
sanatoriya-kurort müalicəsinin
təşkili, minlərlə
ailəyə hər il pulsuz
dərman preparatlarının
verilməsi yeni mərhələyə qədəm
qoyub.
Prezident İlham Əliyevin "Əmək pensiyalarının
baza hissəsinin artırılması haqqında"
27 avqust 2013-cü il tarixli, məcburi köçkünlərə
yemək xərci üçün verilən
aylıq müavinətin
artırılması ilə
bağlı 22 avqust
2013-cü il tarixli sərəncamları bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını, pensiyaçıların sosial
müdafiəsinin gücləndirilməsini,
məcburi köçkünlərə
qayğının artırılmasını
daim diqqət mərkəzində saxlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmək pensiyalarının baza hissəsinin artırılmasına
dair sərəncamı
təxminən 1 milyon
209 min 135 pensiyaçıya şamil olunacaq.
Pensiyanın baza hissəsini
100 faiz alanların, yəni 1 milyon 90 min nəfərin pensiyasının
artımı 15 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox
olacaq. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alan 15 min 580 nəfər üzrə artım 19 manat 50 qəpik, 200 faiz həcmində alan 7.763 nəfər I qrup gözdən əlillər üzrə isə 31 manat 50 qəpik təşkil edəcək. Milli qəhrəmanların ailə
üzvlərinin pensiyasının
baza hissəsi 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi 27 manat 75 qəpik artırılaraq
185 manata çatacaq.
Döyüşən ordunun tərkibində
xidmət etmiş müharibə iştirakçılarının,
habelə döyüş
əməliyyatı aparılan
ölkədə hərbi
xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların
pensiyasının baza
hissəsi 16 manat 50 qəpik artacaq.
Böyük Vətən
müharibəsi iştirakçılarının
pensiyasının baza
hissəsi 28 manat 50 qəpik, bu sıradan olan I qrup əlillər üzrə 37 manat 50 qəpik, II qrup əlillər üzrə
31 manat 50 qəpik, III
qrup əlillər üzrə isə 28 manat 50 qəpik artırılacaq. Artım nəzərə
alınmaqla hazırda
Azərbaycanda əmək
pensiyalarının baza
hissəsi 128 ABŞ dolları
təşkil edir.
Bu göstəriciyə görə Azərbaycan
MDB-də öncül
yerlərdən birini tutur. Əmək pensiyalarının baza hissəsinin artımının
maliyyələşdirilməsi üçün ilin sonuna kimi təxminən
73,2 milyon manat əlavə vəsait tələb olunur ki, həmin
vəsait fondun büdcəsində nəzərə
alınmışdır.
Azərbaycan hakimiyyəti məcburi köçkünlərin
yaşayış səviyyəsinin
yüksəldilməsinə daim qayğı göstərir, onların sosial şəraitlərinin
yaxşılaşması üçün
əhəmiyyətli tədbirlər
həyata keçirir.
Ölkədə bir dənə
də olsun çadır şəhərciyinin
qalmayacağını bəyan
edən ölkə rəhbərliyi verdiyi vədi artıq yerinə yetirib. Məcburi köçkünlərin
məşğulluğunun yüksəldilməsi
istiqamətində də
xeyli iş görülmüşdür. "Məcburi köçkünlərə
yemək xərci üçün verilən
aylıq müavinətin
artırılması haqqında"
sərəncama əsasən
məcburi köçkünlərə
yemək xərci üçün verilən
aylıq müavinətin
məbləği 2013-cü il sentyabrın
1-dən 10 faiz artacaq.
Bu, yurd-yuvalarından didərgin düşən
insanların sosial təminatının yaxşılaşdırılmasına
yönəlmiş konkret
addımlardan biridir.
Sosial problemlərin aradan qaldırılması,
o cümlədən insanların
rifahının yaxşılaşdırılması
istiqamətində həyata
keçirilən çoxşaxəli
tədbirlər ictimaiyyət
tərəfindən rəğbətlə
qarşılanır.
Azərbaycanın sürətli iqtisadi
inkişafı isə
belə bir fikri söyləməyə
əsas verir ki, dövlətimizin maliyyə imkanları artdıqca vətəndaşların
sosial rifahı daha da yaxşılaşacaq.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.
- 2013.- 31 avqust.- S. 11.