Salyanda Heydər Əliyev Mərkəzi
açılmışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyanda Heydər Əliyev Mərkəzinin
açılışında iştirak etmişdir.
Dövlət
başçısı əvvəlcə rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini
salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Yenidən Salyanda olmağımdan çox
şadam. Son illər ərzində
mən dəfələrlə Salyan rayonunda olmuşam. Bu, mənim Prezident kimi yeddinci səfərimdir.
Çox şadam ki, Salyanda işlər
yaxşı gedir, şəhər
abadlaşır, gözəlləşir, bütün
küçələrdə abadlıq işləri görülür, binalar təmir
olunur, gözəl binalar
tikilir. Bu gün biz Heydər Əliyev
Mərkəzinin açılışını qeyd edirik. Gözəl,
möhtəşəm binadır. Əlbəttə ki, bu mərkəzlərin
yaradılması, ilk növbədə,
xalqımızın ulu öndərinin xatirəsinə olan
hörmətinin əlamətidir. Eyni zamanda, bu mərkəzlərdə
müxtəlif tədbirlər keçiriləcək, dərnəklər
fəaliyyət göstərəcəkdir. Yəni bu mərkəzlər yaşayacaq
və vətəndaşlar da mərkəzlərin
imkanlarından istifadə edəcəklər.
Bu il biz ulu
öndərin 90 illik yubileyini
qeyd etdik, eyni zamanda, Qurtuluş
Gününün 20-ci ildönümünü
də. Bu şanlı tarixə bir daha nəzər salaraq görürük ki, ulu öndər Heydər
Əliyevin Azərbaycan Respublikasının
formalaşmasında xüsusi xidmətləri
olmuşdur. Məhz onun fəaliyyəti
nəticəsində bu gün
Azərbaycan inkişaf edir.
Azərbaycan sabit, inkişafda olan ölkədir. Biz ulu öndərin qoyduğu
yolla gedirik və bu yol inkişaf,
tərəqqi yoludur. Son
10 il ərzində biz
bu yolda böyük nailiyyətlərə imza atmışıq. Biz bunu Salyan rayonunun
timsalında da görürük.
Salyan son illər ərzində
böyük inkişaf
yolu keçmişdir.
Qeyd etdiyim kimi, abadlıq işləri görülür,
binalar tikilir,
küçələr abadlaşır, eyni
zamanda, infrastruktur
layihələri də icra edilir.
Qazlaşdırma işləri yaxşı gedir,
rayon təxminən 60-70 faiz
qazlaşdırılmışdır. Ancaq
əlbəttə, qarşıya məsələ qoyulubdur ki, Salyanın bütün kəndləri 100 faiz
qazlaşdırılsın. Buna imkan vardır, biz bunu yaxın gələcəkdə edəcəyik.
İçməli
su-kanalizasiya layihələrinin icrası nəzərdə
tutulur. Əgər hər şey
proqram üzrə gedərsə, gələn
ilin sonuna qədər
bu problem də öz həllini tapacaqdır. Bilirəm ki, bu, çox
ciddi, vətəndaşları narahat edən problemdir.
İçməli su fasilələrlə,
qrafiklə verilir. Bildiyiniz
kimi, indi ölkəmizin
bütün bölgələrində bu böyük layihələr
icra edilir, o cümlədən Salyan rayonunda. Dediyim kimi, gələn ilin sonuna qədər bu məsələ
tam şəkildə həll olunacaq və 24 saat keyfiyyətli
içməli su veriləcəkdir.
Mənə indi verilən məlumata görə, bir neçə məsələ var ki, insanları narahat edir, öz
həllini gözləyir. Biz onu da həll edəcəyik.
Kür çayı üzərində körpünün tikintisi
məsələsi vardır. Bu da, əlbəttə ki, öz həllini tapmalıdır. Son illərdə
Azərbaycanda 150-dən çox körpü tikilmişdir,
həm Bakıda, həm bölgələrdə. Bu körpülərin tikintisi,
ilk növbədə, insanların
rahatlığı üçündür.
Əlbəttə ki, nəqliyyat infrastrukturunun yaradılması, yeniləşməsi
çox vacib məsələdir.
İndi Bakı-Salyan avtomobil
yolu tikilir. Onun bir hissəsi artıq
hazırdır. Qalan hissə də tikiləcəkdir
və bütünlükdə Bakıdan Astaraya
qədər - sərhədə qədər yeni
dördzolaqlı yolun tikintisi
həll ediləcəkdir. Körpünün
tikintisi də, əlbəttə ki, böyük əhəmiyyətə
malik olan məsələdir.
Bu, öz həllini
tapacaqdır.
Digər məsələ
Şirvan-Salyan
avtomobil yolunun tikintisidir. Bu məsələ
də öz həllini tapacaqdır. Güman edirəm ki, gələn
ilin investisiya
proqramında hər iki məsələ öz əksini tapmalıdır. Vəsait
ayrılacaq və bu məsələlər
öz həllini tapacaqdır.
Eyni zamanda,
hələ ki, qəzalı vəziyyətdə
olan məktəblər vardır. Baxmayaraq ki, son illərdə bir çox məktəblər əsaslı şəkildə
təmir edilib, hər bir
rayonda, o cümlədən
burada qəzalı vəziyyətdə məktəblər
vardır.
Bu məsələlər də
öz həllini tapacaqdır.
Əlavə hər
hansı görüləsi işlər varsa,
siz mənə deyin,
onları da həll edək. Mənim
bölgələrə səfərlərimin əsas səbəbi
bundan ibarətdir, vəziyyətlə
tanış olum, görüm
əlavə nə işlər görülməlidir ki, insanlar daha
da razı olsunlar.
SAKİNLƏR:
Çox sağ olun, minnətdarlığımızı bildiririk. Sizin sayənizdə
işlər çox gözəl gedir.
***
Əməkdar
müəllim Yaqut ƏLƏSGƏROVA
Salyanın inkişafına göstərdiyi diqqət və
qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edərək
dedi:
- Hörmətli
cənab Prezident, Sizi rayon ictimaiyyəti adından ürəkdən salamlayıram. Salyana
xoş gəlmisiniz deyirəm.
Salyanlılar Sizin gəlişinizi səbirsizliklə,
intizarla gözləyirdilər. Bu gün Salyan
bayram əhval-ruhiyyəsindədir. Sevinc hissi ilə bildirirəm
ki, bu gün
ulu öndərin, dahi
şəxsiyyətin adını daşıyan Heydər
Əliyev Mərkəzinin açılışındayıq.
Bu mərkəzin açılması
salyanlıların ürəyincədir. Çünki burada bizim ziyalılarımız, gənclərimiz öz potensial
imkanlarını artıracaq, istək və arzularını həyata
keçirəcək və istirahət edəcəklər. Buna
görə Sizə minnətdarlığımı bildirirəm.
Bu, bizi çox sevindirir.
Cənab Prezident, hər bir azərbaycanlı
bilir ki, ulu öndər Azərbaycan Respublikasına rəhbərlik
etdiyi müddətdə öz
fəaliyyətini müstəqil Azərbaycanın
yaradılmasına sərf edib. Onun atdığı addımlar, irəli sürdüyü ideyalar hər
bir azərbaycanlının qəlbində böyük, dərin
iz buraxıb. Siz ulu öndərin layiqli
davamçısı olaraq onun
ideyalarını davam etdirirsiniz.
Bu, Sizin apardığınız siyasətin
nəticəsidir. Biz fəxr edirik ki, belə gözəl
bir respublikada
yaşayırıq. Siz Salyana
son səfəriniz zamanı qeyd etmişdiniz ki, Salyan Azərbaycanın
ən gözəl rayonlarından birinə çevriləcəkdir.
Bu, artıq reallıqdır və bizi həddindən artıq sevindirir.
Biz Sizi sevirik. Biz Sizinlə fəxr
edirik, qürur duyuruq. Ona görə ki, Sizin Salyana
diqqət və qayğınız həmişə olub və olacaqdır. İndi
Salyanda yeni-yeni obyektlər
həyata vəsiqə alır. Vaxtınızın məhdud
olmasına baxmayaraq, bu
obyektlərin hamısının açılışında
bizimlə birgə iştirak etmisiniz, əziz Prezidentimiz.
Rayon ictimaiyyəti adından Sizə
cansağlığı, uzun ömür arzulayıram. Sonda
bildirirəm ki, salyanlılar Sizinlə olub, Sizinlədir və Sizinlə olacaqlar.
***
Əməkdar
mədəniyyət işçisi Yavər
CƏBRAYILOV dedi:
- Cənab Prezident! Siz salyanlılara,
nəinki salyanlılara, bütün azərbaycanlılara
çox yüksək diqqət və
qayğı ilə yanaşırsınız. Doğma
Vətənimizi, Azərbaycanı ürəkdən sevən bir oğul kimi
Sizə bütün
ziyalılarımız adından, bütün
Salyan camaatı adından böyük
təşəkkür edirik. Həmişə
yolunuz uğurlu olsun, həmişə yolunuz
böyük uğurlara
doğru getsin.
SAKİNLƏR:
Bir daha xoş gəlmisiniz, hörmətli Prezidentimiz.
Prezident İlham ƏLİYEV: Sağ
olun. Hələ görüşlərimiz çox olacaqdır.
Salyanda açılışlar gözlənilir.
Burada qeyd edildiyi kimi,
biz əvvəlki illərdə
də bir neçə tədbirin açılışında bərabər
olmuşuq - Olimpiya Mərkəzi, xəstəxananın
təmiri, digər layihələr. Bu gün biz gözəl bir mərkəzin açılışında bərabərik.
Hələ görüləsi işlər var, baxmayaraq ki, çox işlər görülüb. Bu işlərin görülməsi
üçün bütün
imkanlar vardır.
Azərbaycan son illərdə dünyada ən sürətlə inkişaf
edən ölkədir.
Bizim imkanlarımız
da vardır, büdcəmiz də artır, investisiya proqramımız
da kifayət qədər böyükdür.
Əsas odur ki,
biz bütün mövcud olan problemləri bilirik və onları ardıcıllıqla
həll edirik.
SAKİNLƏR: Çox
sağ olun.
Prezident İlham ƏLİYEV: Buraya
gəlməzdən əvvəl
mənə verilən
arayışda, bax bu körpünün tikintisi, Şirvan-Salyan yolunun yenidən qurulması, məktəblərin
tikintisi, bütün bu məsələlər vardır. Növbəti ilin investisiya
proqramında bu məsələlər öz
həllini tapacaqdır.
Beləliklə, mövcud olan
problemlərin hamısı
aradan götürüləcəkdir.
SAKİNLƏR: Çox
sağ olun,
Allah Sizə cansağlığı
versin.
Prezident İlham ƏLİYEV: Bir daha sizi ürəkdən
salamlayıram, cansağlığı
arzulayıram.
SAKİNLƏR: Çox
sağ olun.
***
Sonra xatirə şəkli çəkdirildi.
***
Daha sonra Prezident
İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki,
mərkəzin inşası
2011-ci ilin dekabrında
başlanmış və
bu ilin avqustunda
başa çatdırılmışdır.
İnşaat işləri rayonun
daxili imkanları hesabına həyata keçirilmişdir. Mərkəzin 10 otaqdan ibarət üçmərtəbəli binasının
ümumi sahəsi 626 kvadratmetrdir.
Azərbaycan Prezidenti mərkəzdə
yaradılan şəraitlə
tanış oldu.
Binanın birinci mərtəbəsində
sərgi zalı, inzibati otaqlar yerləşir. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.
Burada ulu öndərin və Prezident İlham Əliyevin Salyana səfərlərini
əks etdirən fotoguşələr vardır.
Foyedə, həmçinin dahi rəhbər Heydər Əliyevə həsr olunan videoçarx da nümayiş olunur.
Mərkəzin ikinci mərtəbəsində
sahəsi 457 kvadratmetr
olan sərgi zalındakı stendlərdə
ulu öndərin uşaqlıq, Naxçıvanda
təhsil aldığı
dövrləri, Dövlət
Təhlükəsizlik Komitəsində,
eləcə də Moskvada çalışdığı
illəri əks etdirən şəkilləri,
həmçinin görkəmli
dövlət xadiminə
həsr olunmuş nəşrlər, ümummilli
liderin diplomları və tərifnamələrinin
surətləri nümayiş
olunur.
Mərkəzin üçüncü
mərtəbəsində isə
rəqs studiyası, rəsm otağı, elektron kitabxana, xarici dil mərkəzi,
şahmat dərnəyi,
kompyuter və informatika kabineti, fotostudiya vardır.
Prezident İlham Əliyev mərkəzdə yaradılmış
şəraitdən razılığını
bildirdi, tapşırıq
və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 1-2
.