Azərbaycan əhalisi Prezident İlham Əliyevi dəstəkləyir

 

Azərbaycan əhalisinin böyük əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir.  AzərTAc xəbər verir ki, bunu "Rəy" Monitorinq Mərkəzinin avqustun sonunda ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti - 84,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.

"İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?" sualına respondentlərin 82 faizə yaxını "bəli, cavab verir" (tamya qismən), 6 faizi "xeyr, cavab vermir", 5 faizi  isə "əsasən cavab vermir" bildirmişdir. Qalan respondentlər bu sualı cavablandırmaqda çətinlik çəkmişlər.

Sorğu, həmçinin göstərmişdir ki, "prezident seçkiləri qarşıdan gələn bazar günü" keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti (62 faiz) birmənalı olaraq səsverməyə qatılardılar. Daha 20 faizi "yəqin ki, iştirak edərdim" cavab variantını seçmişdir. Səsverməyə getməyəcəyini deyən respondentlər isə 13 faiz təşkil etmişdir. Qalan 5 faiz cavab verməkdə çətinlik çəkmişdir.

Respondentlərə müxalifət düşərgəsindəki proseslər haqqında da sual verilmişdir. Onlardan "Milli Şura"nın prezidentliyə "ehtiyat namizəd" irəli sürməsindən xəbərdar olub-olmadıqları soruşulmuşdur.

Məlum olmuşdur ki, rəyi soruşulanların böyük əksəriyyəti - 90,4 faizi "ehtiyat namizəd" haqqında ilk dəfədir eşidirlər. Respondentlərin yalnız 9,6 faizi bu haqda məlumatlı olduqlarını bildirmişdir. Bu barədə məlumatı olanların 60 faizi paytaxt Bakının payına düşür və onların yalnız 58,3 faizi bu namizədin adını çəkə bilmişlər, 41,7 faizi isə Milli Şuranın "ehtiyat namizəd"inin adını bilmədiyini etiraf etmişdir.

Rəy sorğusu nəticəsində müxalifətin bütün namizədləri birlikdə, o cümlədən namizəd siyahısına düşməmiş prezidentliyə iddialılar da daxil olmaqla respondentlərin 1,5 faiz səsini almışlar.

Hesabat avqustun 26-30-da keçirilmiş "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanmışdır. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1535 nəfər iştirak etmişdir. Nisbi xəta 3 faizdir.

Əhalinin sosial stratifikasiyası, yaşcinsi strukturunu proporsional şəkildə əks etdirən bu sorğu təsadüfi seçmə metodu əsasında Azərbaycanın 10 sosial-iqtisadi zonası üzrə 36 yaşayış məntəqəsini əhatə etmişdir.

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 1.