Biləsuvar şəhərinə
içməli suyun verilməsi mərasimi
olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvar
şəhərinə içməli suyun
verilməsi mərasimində iştirak etmişdir.
Dövlət
başçısı əvvəlcə rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini
salamlayan Prezident İlham ƏLİYEV dedi:
-
Sabahınız xeyir olsun!
Sizi ürəkdən
salamlayıram və bu gün
burada açılacaq böyük
layihənin icra edilməsi münasibətilə
ürəkdən təbrik edirəm. Bu, böyük tarixi layihədir.
Biləsuvar şəhərinin içməli su
ilə təminatı artıq bundan sonra 100 faiz təşkil
ediləcəkdir. Bu, böyük
nailiyyətdir, böyük uğurumuzdur. Bilirəm ki,
Biləsuvarda su problemi
həmişə olmuşdur, insanları narahat edirdi. Ancaq bundan sonra
görülən işlər nəticəsində bu problem tamamilə aradan qaldırılacaq, şəhər 100 faiz su ilə təmin ediləcəkdir
və 24 saat ərzində təmiz
içməli su verilməlidir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bundan sonra kəndlərə
də su xətləri çəkiləcəkdir
və beləliklə, uzun illər
qalmış bu problemi
biz birdəfəlik həll edirik.
Bildiyiniz kimi,
təmiz içməli su insanların
sağlamlığını təmin edir.
Biz isə istəyirik ki,
Azərbaycan vətəndaşları sağlam
olsunlar, xəstələnməsinlər və
Azərbaycanda bütün sahələrdə
ən yüksək standartlar tətbiq edilsin. Ona görə
içməli su və kanalizasiya
xətlərinin çəkilişi bu gün Azərbaycanda hər bir
bölgədə icra edilir.
Bu, bəzi rayonlarda
artıq istifadəyə verilmişdir, bəzi
rayonlarda icra edilir, bəzi rayonlarda isə
hazırlıq işləri gedir. Ancaq Azərbaycanda bir dənə
də şəhər qalmayacaq ki, orada 24 saat
ərzində içməli su olmasın.
Eyni zamanda, bununla paralel olaraq bir çox
kəndlərdə də içməli su
layihələri təmin ediləcəkdir, o
cümlədən Biləsuvarda. Beləliklə, biz bu insanları həmişə
narahat edən ən əsas problemi həll edəcəyik.
Bununla yanaşı, Biləsuvarda
digər infrastruktur layihələri, o cümlədən qazlaşdırma layihəsi
uğurla icra edilir. Mənə verilən məlumata görə,
rayon təqribən 90 faiz
qazlaşdırılıbdır. Bu ilin sonuna qədər bir neçə kəndin
qazlaşdırılması nəzərdə tutulur.
Biləsuvarda qazlaşdırma 100 faiz təmin
ediləcəkdir. Yəni bunlar əsas infrastruktur layihələridir ki,
Azərbaycan dövləti bunları uğurla,
ardıcıllıqla icra edir.
Bildiyiniz kimi, bu layihələr böyük
maliyyə vəsaiti tələb edir. Bütün maliyyə vəsaiti isə Azərbaycanın
dövlət büdcəsi hesabına formalaşır və
ildən-ilə artan maliyyə
imkanlarımız imkan verir
ki, biz belə gözəl
layihələri icra edək.
Bütün
uğurlarımızın təməlində güclü
iqtisadiyyat, düşünülmüş
iqtisadi siyasət, iqtisadi
islahatlar dayanır. Ölkəmiz son 10 il ərzində iqtisadi sahədə dünya
miqyasında ən sürətlə inkişaf
edən ölkədir. Dünyada 200-dən
çox ölkə vardır. Bütün beynəlxalq qurumların
hesablamalarına, statistikaya görə, son 10 ildə iqtisadi sahədə
Azərbaycan qədər inkişaf edən
ikinci ölkə yoxdur.
Bütün bunlar
reallıqdır və bu
reallığın arxasında düşünülmüş
siyasət və xalqla iqtidar
arasında olan birlik
dayanır. Çünki bizim
bütün təşəbbüslərimiz
xalq tərəfindən dəstəklənir.
Bütün təşəbbüslərimiz
Azərbaycan xalqının daha da yaxşı yaşamasına yönəldilib.
Bu layihələr,
o cümlədən digər infrastruktur layihələri bir
məqsədi güdür ki,
Azərbaycan vətəndaşları rahat
yaşasınlar, rifah içində
yaşasınlar, bütün sosial problemlər öz həllini
tapsın və bütün infrastruktur layihələri ən yüksək
səviyyədə təşkil edilsin.
Hər bir şəhərdə, o
cümlədən Biləsuvarda içməli su
layihələri 2035-ci ilə qədər əhalinin təbii
artımını nəzərə almaqla
hesablanır. Bildiyimə görə, artıq suyun
verilməsi başlamışdır və yaxın zamanlarda bütün şəhəri
əhatə edəcəkdir. Bir sözlə,
bu layihə həm əhəmiyyətlidir,
həm də böyük rəmzi məna
daşıyır. Çünki ancaq müstəqil Azərbaycanda belə layihələr
icra edilə bilər. Ancaq müstəqillik
dövründə ölkə qarşısında duran bütün vəzifələr
uğurla icra edilə
bilər. Çünki bizim
taleyimiz öz əlimizdədir
və bu gün Azərbaycan
xalqı gündən-günə daha da yaxşı yaşayır, Azərbaycan
dövləti daha da
möhkəmlənir və regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarının icrası
bölgələri də canlandırır.
Mən Biləsuvarda
dəfələrlə olmuşam. Əvvəlki
dövrlərdə də, prezidentlik
dövrümdə də olmuşam. Bu, mənim Prezident kimi dördüncü səfərimdir.
Burada gedən abadlıq-quruculuq işləri,
əlbəttə ki, məni sevindirir. Əminəm ki, sizi də sevindirir. İndiki Biləsuvar əvvəlki ilə
müqayisəedilməz dərəcədə inkişaf
edibdir. Gözəl şəhər
yaradılıbdır. Gözəl binalar tikilir, küçələr abadlaşıb.
Bax, bu meydan
yox idi. Yeni tikilib. Yəni hər şey etmək mümkündür.
Gözəl Heydər Əliyev Mərkəzi, icra
hakimiyyətinin yeni binası, park. Yəni hər şey
insanlar üçün
edilir. Bizim şəhərlərimiz
deyə bilərəm ki, sürətlə
abadlaşır, yeni görkəm alır.
İnsanların rahatlığı üçün
işlər görülür. Əvvəlki
dövrdə də Biləsuvarda müxtəlif layihələr
icra edilmişdir. Olimpiya Mərkəzi, məktəblər tikilmişdir, zavodlar
işə salınmışdır, iş
yerləri açılmışdır. Kənd yolları tikilmişdir. İki böyük kənd yolu
layihəsi icra edilir.
Kənd
yolları problemi Biləsuvarda tam şəkildə həll ediləcəkdir.
Qazlaşdırma dediyim kimi,
90 faizdir, 100 faizə çatacaqdır.
İçməli su şəhəri tam əhatə edəcəkdir, kəndlərə
də çəkiləcəkdir. Budur bizim bugünkü
reallıqlarımız. Biləsuvarın timsalında biz regionların inkişafını, dövlət
siyasətinin nəticələrini görürük.
Əlbəttə ki, bütün
bu layihələrin içərisində
insanların sağlamlığına xidmət edən layihə
xüsusi yer tutur. Bax, bu
layihə onların arasında bəlkə də ən önəmlisidir.
Bilirəm ki, Biləsuvarda rayon mərkəzi
xəstəxanasının vəziyyəti o
qədər də yaxşı deyildir. Biz xəstəxananın təmirini də təşkil
edəcəyik. Azərbaycanda bir dənə
də gözəl xəstəxanası olmayan
şəhər olmamalıdır. İndi
ətraf bölgələrdə də, rayonlarda
da xəstəxanalar tikilib
və təmir edilib. Biləsuvarda da bu iş
görüləcəkdir.
Əlavə hər
hansı bir təklifiniz, xahişiniz
olarsa, siz mənə,
əlbəttə ki, yerli
icra orqanlarına çatdırın ki, biz növbəti investisiya proqramlarımızda bütün
bunları nəzərə alaq. Çünki bizim vəzifəmiz
insanlara xidmət etməkdir. Bu gün güclənən
Azərbaycan, bir daha demək istəyirəm ki, bütün
görülən işlərin məntiqi nəticəsidir. Bir daha sizi
salamlayıram və gözəl hadisə münasibətilə
təbrik edirəm.
***
Rayon Mərkəzi
Xəstəxanasının həkimi Xoşbəxt AĞAYEVA
ölkənin bütün rayonları kimi, Biləsuvarın da
inkişafına göstərdiyi diqqət və qayğıya
görə dövlət başçısına minnətdarlığını
bildirərək dedi:
- Cənab Prezident, icazə verin, Sizi bütün Biləsuvar
ictimaiyyəti adından salamlayım. Doğma
Biləsuvarımıza xoş gəlmisiniz.
Bu gün
biləsuvarlıların həyatında möhtəşəm
bir gündür. Bu gün Siz
biləsuvarlılara təmiz içməli su
verəcəksiniz. Su həyat, təmizlik,
sağlamlıq deməkdir. Siz bununla minlərlə biləsuvarlılara həyat
verəcəksiniz, sağlamlıq verəcəksiniz.
İcazə verin, bu böyük
problemi həll etdiyinizə görə,
Sizə bütün biləsuvarlıların
adından dərin minnətdarlığımı bildirim.
Mən onu qeyd etməliyəm ki, artıq bu, bir ənənə halını
almışdır, Siz bölgələrimizə,
regionlarımıza səfərlər edirsiniz.
Bu cür
açılışlarda vaxtınızın az
olmağına baxmayaraq, şəxsən özünüz iştirak
edirsiniz. Bax bu gün olduğu
kimi, insanların sevincinə şərik olursunuz, onlarla bu sevinci bölüşürsünüz.
Bu da onu
göstərir ki, Siz xalqa nə qədər yaxınsınız və
xalqın qayğısına nə qədər
qalırsınız. Bu, bizim
insanlarda yüksək əhval-ruhiyyə
yaradır.
Möhtərəm
Prezidentimiz, bizə məlumdur ki, Biləsuvar son 10 ildə
çox sürətlə inkişaf
etmiş, simasını olduqca
dəyişmiş, füsunkar bir bölgəyə çevrilmişdir.
Bu gün Biləsuvarda
yeni-yeni yollar çəkilir,
abadlıq işləri gedir. Müasir üslubda
salınan parklar, yaşayış məntəqələri
insanlara xüsusi zövq, xüsusi
rahatlıq verir. Bu inkişaf, bu tərəqqi
son 10 ildə təkcə Biləsuvarda deyil, bütün Azərbaycanımızda
getmişdir. Azərbaycan son
10 ildə simasını olduqca dəyişmiş,
çox qüdrətli bir
ölkəyə çevrilmişdir. Biz bu qüdrətli
ölkənin vətəndaşları olmağımızdan qürur duyuruq. Bütün bunlar isə Sizin gərgin əməyinizin, yorulmaz fəaliyyətinizin
nəticəsidir.
Cənab Prezident, bütün Azərbaycan
xalqı kimi, biləsuvarlılar da bax bu
əmin-amanlığın, bu sabitliyin, bu
inkişafın, bu tərəqqinin
davamını istəyirlər. Bunu bizə
yalnız Siz verə bilərsiniz və verəcəksiniz
də.
Mən isə
biləsuvarlılar adından Sizi əmin
edirəm ki, biz həmişə
Sizinlə olmuşuq, bundan
sonra da Sizinlə
olacağıq. Ulu Tanrı Sizi qorusun!
Prezident İlham
ƏLİYEV: Sağ olun.
Mən burada köhnə dostumu
da görürəm. Gərək onunla görüşəm. 2000-ci ildə parlament seçkiləri ərəfəsində,
mən o vaxt seçki kampaniyasında Yeni
Azərbaycan Partiyasının rəhbəri kimi
iştirak edirdim,
bölgələri gəzirdim. Yadımdadır, maşınla
keçib cənub zonasına gedirdim. Bu yoldaş
durmuşdu yolda, məni
salamlayırdı və mən də maşını
saxladım, tanış olduq. O vaxtdan bu günə qədər,
10 ildən çoxdur ki,
bizim dostluğumuz davam edir. Çoxdandır
görməmişəm. Dəyərli, sədaqətli
insandır. Şadam ki,
həmişə olduğu kimi,
fəalların içərisindəsən.
***
Sonra Prezident
İlham Əliyev Biləsuvar şəhərinin
su təchizatı sisteminin,
Şirvan-Muğan qrup
su kəmərinin baş
planları və texniki göstəricilərini
əks etdirən stendlərə baxdı.
Layihə
barədə məlumat verən "Azərsu"
Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirdi ki, Biləsuvar
şəhəri içməli su ilə Araz çayından çəkilən "Cənub"
kanalından təmin olunurdu. Şəhərdə
sutəmizləyici qurğu
olmadığından kanal suyu
çökdürülərək əhaliyə
verilirdi. Şəhərin 21 min sakininin təxminən
50 faizinə yerli Sukanal
İdarəsi tərəfindən xidmət göstərilirdi.
Əhalinin qalan hissəsi isə tələbatını
fərdi qaydada ödəyirdi. Şəhər
əhalisinə içməli su həftənin
5 günü cədvəl üzrə 7-8 saat ərzində verilirdi.
İstismarda olan su xətləri isə yararsız vəziyyətdə
idi. Kanalizasiya sistemi, ümumiyyətlə,
olmamışdır.
Sonra dövlət
başçısına "Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması" layihəsi
haqqında məlumat verildi. Qeyd olundu ki,
layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 26 min nəfərin içməli su təchizatı və kanalizasiya
xidmətlərindən istifadəsinin
yaxşılaşdırılmasına
hesablanmışdır. Layihəyə əsasən, Biləsuvar
şəhərinə içməli su yeni mənbədən - Şirvan-Muğan
qrup su kəmərindən
verilir. Bu məqsədlə
Salyan şəhəri
yaxınlığındakı anbardan 57 kilometr uzunluğunda
özüaxımlı magistral su kəməri çəkilmişdir. Biləsuvar
şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün
ümumi tutumu 10 min kubmetr olan
iki su anbarı tikilmişdir. Yeni layihəyə
əsasən, şəhərə saniyədə 158 litr su veriləcəkdir ki, bu da
istehlakçıların tələbatını tam ödəyəcəkdir. Biləsuvar şəhərində
89 kilometrlik paylayıcı su şəbəkəsində işlər tam yekunlaşmış, 4430 ünvanın
hamısı yeni şəbəkəyə
qoşulmuşdur. Layihəyə uyğun olaraq Biləsuvar
şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi
yaradılır. 88 kilometr kanalizasiya
şəbəkəsinin 70 kilometrlik hissəsinin
tikintisi başa
çatmış, 3 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Tullantı suları şəhərin kənarında
tikiləcək çirkab sutəmizləyici
qurğuya ötürüləcəkdir.
İcrasına 2011-ci ilin oktyabrında başlanan və dövlət büdcəsi vəsaiti
hesabına maliyyələşdirilən layihə 2014-cü
ildə tam başa
çatdırılacaqdır. Biləsuvar şəhərini
içməli su ilə təmin edən Şirvan-Muğan qrup su kəməri rayonun 24 kəndini
də içməli su ilə təmin edəcəkdir.
Prezident İlham
Əliyevə Şirvan-Muğan qrup su kəməri
haqqında da məlumat verildi.
Kəmərin təməli 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Kür və Bakı su kəmərləri
ilə nəql edilən suyun bir hissəsi Şirvan-Muğan
qrup su kəməri
vasitəsilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və
Biləsuvar şəhərlərinin, həmçinin həmin
rayonların 121 kəndinin tələbatının ödənilməsinə
imkan verəcəkdir. Kəmərin istismara verilməsi ilə 470 min
əhali fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Artıq
2013-cü ilin aprelindən Hacıqabul, iyulundan isə Şirvan
şəhərinə bu kəmər vasitəsilə
su verilir.
Layihələrlə
tanışlıqdan sonra Prezident
İlham Əliyev Biləsuvar şəhərinə
içməli suyun verilməsini bildirən
düyməni basdı.
***
Sonda xatirə şəkli
çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 3.