Cəlilabad Rayon Mərkəzi
Xəstəxanasının açılışı
olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının
açılışında iştirak etmişdir.
Dövlət
başçısı tibb ocağının rəmzi
açılışını bildirən lenti kəsdi.
Səhiyyə
naziri Oqtay Şirəliyev xəstəxanada yaradılan şərait
barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, xəstəxana
ərazisində əsas binadan əlavə yoluxucu xəstəliklər
üçün ikimərtəbəli infeksion şöbə
tikilmişdir. Həyətdə geniş abadlıq işləri
görülmüş, yaşıllıq zolaqları
yaradılmışdır. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının
inşasına Prezident İlham Əliyevin 2012-ci ildə
imzaladığı Sərəncama əsasən
başlanılmışdır. Səhiyyə Nazirliyinin
sifarişi ilə inşa edilən bina ən müasir tələblər
səviyyəsində tikilmişdir. Xəstəxananın
ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi isə 7381
kvadratmetrdir. Üç mərtəbədən ibarət
binada ən müasir tibbi avadanlıq quraşdırılmışdır.
Xəstəxanada laboratoriya, poliklinika şöbələri,
rentgen, USM, əməliyyat otaqları, reanimasiya-anesteziologiya
şöbəsi, mama-ginekoloji, uşaq xəstəlikləri
şöbələri və inzibati otaqlar vardır. Burada
nevrologiya və cərrahiyyə şöbələri də fəaliyyət
göstərəcəkdir. Tibb ocağının 50 nəfərlik
iclas zalı da vardır. Xəstəxana müasir tələblərə
cavab verən tibb avadanlığı ilə təmin
olunmuşdur. Bir sözlə, burada yaradılan şərait
yalnız cəlilabadlılara deyil, eyni zamanda, ətraf
rayonların sakinlərinə də yüksək səviyyəli
tibbi xidmət göstərməyə imkan verəcəkdir.
Xəstəxanada
yaradılan şəraitlə tanışlıqdan sonra
dövlət başçısı tibb işçiləri və
rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşdü.
Xəstəxananın
kollektivini və rayon ictimaiyyətinin nümayəndələrini
salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Mən sizi
ürəkdən təbrik edirəm. Cəlilabad Rayon Mərkəzi
Xəstəxanasının açılışı
çox gözəl hadisədir, böyük hadisədir. Bu xəstəxananın
qısa müddət ərzində tikilməsi də Azərbaycan
dövlətinin gücünü göstərir. Mən
xatırlayıram, keçən il Cəlilabadda olarkən
burada Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə
bağlı göstəriş vermişdim. Bu xəstəxana
bir il ərzində tikilib və ən yüksək standartlara
cavab verir. Dünyada hansı yüksək standart varsa, Cəlilabad
Rayon Mərkəzi Xəstəxanasında da o standart vardır
- həm keyfiyyət, həm memarlıq, həm gözəllik,
təmizlik. Eyni zamanda, burada ən müasir avadanlıq
quraşdırılıbdır, bütün şöbələr
- cərrahiyyə, terapiya, oftalmologiya, doğum şöbələri
fəaliyyət göstərir. Yəni bu xəstəxana
dünya səviyyəsində tikilmiş xəstəxanadır.
Xəstəxananın
tikintisi, bir daha demək istəyirəm ki, Azərbaycan
dövlətinin gücünü və siyasətini əks
etdirir. Çünki siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşıdır, onun rifahı, onun
sağlamlığıdır. İnsan
sağlamlığı hər şeydən
üstündür.
Hər bir insan öz sağlamlığını
qorumalıdır və hər bir insan keyfiyyətli tibbi xidmət
almalıdır.
Bu gün Azərbaycanın
müxtəlif yerlərində keyfiyyətli tibbi xidmət
almaq üçün bütün şərait vardır.
Xüsusilə cənub zonasında, demək olar ki,
bütün rayonlarda xəstəxanalar, diaqnostika mərkəzləri
tikilib, yaxud da ki, əsaslı şəkildə təmir
edilib. Bir rayonda - Biləsuvarda hələ ki, işlər
lazımi səviyyədə deyildir. Mən bu gün səhər
orada olmuşam. Biləsuvar Rayon Xəstəxanasının əsaslı
təmiri ilə bağlı artıq göstəriş
verilib. Beləliklə, bu zonanın bütün rayonlarında
ən yüksək səviyyəli tibbi xidmət təşkil
edilir. Nəzərə alsaq ki, bir müddət bundan əvvəl
Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi
tikilmişdir, hazırda rayonda iki müasir tibb mərkəzi
vardır. Bu, onu göstərir ki, burada müalicə,
diaqnostika, bütün terapevtik tədbirlər yüksək səviyyədə
təşkil edilir. Bu, bir daha demək istəyirəm ki,
dövlət siyasətimizin təzahürüdür, Cəlilabada
olan münasibətdir. Bilirsiniz ki, ulu öndər Heydər
Əliyev Cəlilabadın inkişafına daim böyük
diqqət göstərmişdir, dəfələrlə Cəlilabadda
olmuşdur.
Bu gün Cəlilabadın
yeni dövrü davam edir. Bu gün biz müstəqil dövlətdə
yaşayırıq, bizim taleyimiz öz əlimizdədir. Əlbəttə
ki, müstəqillik dövründə görülən
işlər göz qabağındadır. O cümlədən
Cəlilabadda əvvəlki dövrdə də böyük
işlər görülmüşdür, Olimpiya Mərkəzi
tikilmişdir, parklar salınır, kənd yolları tikilir. Bu
gün bir kənd yolunun açılışını da
qeyd etdik. Rayon sakinlərinin xahişini nəzərə alaraq
Cəlilabad-Yardımlı yolu tikilir. Həm iki rayonu birləşdirir,
eyni zamanda, yolun üstündə yerləşən onlarla kəndi
əhatə edirik. Onlarla kənd yeni yoldan istifadə edəcəkdir.
Bütün
işlər, iqtisadi-sosial, infrastruktur layihələri
ardıcıl şəkildə aparılır. Mənə
verilən məlumata görə, qazlaşdırma prosesi də
gedir. Düzdür, rayon hələ ki, tam şəkildə
qazlaşdırılmayıbdır, ancaq hesab edirəm ki,
yaxın bir il ərzində bütün kəndlər, şəhər
də daxil olmaqla yüz faiz
qazlaşdırılmalıdır. İçməli su layihəsi
gələn ilin sonuna qədər başa
çatacaqdır, Cəlilabad şəhərinin təmiz
içməli su ilə təminatı həll ediləcəkdir.
Tibb mərkəzləri. Yəni, rayonda bütün sosial
infrastruktur yenilənir, tikilir və bundan sonra da biz bu siyasəti
davam etdirəcəyik.
Cəlilabad
böyük rayondur, əhalisi də çoxdur. Əlbəttə
ki, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər
görülür, vaxtaşırı Prezidentin Ehtiyat Fondundan
vəsait ayrılır, Dövlət İnvestisiya
Proqramında məsələlər öz həllini tapır. Növbəti illər
üçün Cəlilabadda bu günə qədər həll
edilməyən məsələlər də öz həllini
tapacaqdır. Xüsusilə biz müxtəlif layihələri
gələn ilin investisiya proqramına salacağıq. Gələn
il növbəti Regional İnkişaf Proqramı qəbul ediləcəkdir
ki, oraya da bu günə qədər görə bilmədiyimiz
məsələlər salınacaqdır.
Rayonun hərtərəfli
inkişafı ilə bağlı kompleks tədbirlər
görülür və qeyd etdiyim kimi, səhiyyə, təhsil,
infrastruktur, iqtisadi inkişafla bağlı bütün məsələlər
öz həllini tapır. Deyə bilərəm ki, son illərdə Cəlilabadda görülən
işlər ölkəmizin ümumi dinamikasını göstərir.
Mən son 10 il ərzində Prezident kimi dəfələrlə
Cəlilabadda olmuşam, əvvəlki dövrlərdə də
olmuşam. Amma Prezident kimi bu, mənim altıncı səfərimdir.
Demək olar ki, rayonda iki ildən bir, bəlkə ondan da tez
oluram. Keçən il də olmuşam. Əlbəttə
ki, bu səfərlər imkan verir ki, vəziyyətlə dərindən
tanış olum, eyni zamanda, insanları narahat edən problemləri
də mən gərək sizdən eşidim. Əlavə nə
edilməlidir, həllini gözləyən hansı əlavə
məsələlər var ki, biz gələcəkdə
onları həll edək. Əlbəttə, bu səfərlərdə,
hər bir səfərdə biz hansısa bir önəmli
obyektin açılışında iştirak edirik.
Bu xəstəxana doğrudan da, bir
memarlıq əsəridir. Bir daha demək istəyirəm ki, bu xəstəxana
insanların sağlamlığı üçün tikilibdir
və insanların, vətəndaşların sərəncamına
verilir. Eyni zamanda, bu xəstəxana həkimlərin
iş yeridir. Həkimlər də başqa kateqoriyalı
işçilər kimi keyfiyyətli iş yerləri ilə təmin
edilməlidir. Burada iş şəraiti çox gözəldir,
yüksəkdir. İstənilən şəhərdən, hətta
Bakıdan buraya gəlib işləmək istəyənlərin,
hesab edirəm ki, sayı az
olmamalıdır. Ancaq mənə verilən məlumata
görə, yerli həkimlər də peşəkardırlar.
Həkimlər daim öz peşəkarlığını
artırmalıdırlar ki, dünyada gedən yeniliklər Azərbaycanda
tətbiq edilsin. Çünki tibb elmi sürətlə
inkişaf edir, burada ən müasir avadanlıq
quraşdırılıbdır. Əsas
odur həkimlərin təkmilləşdirilməsi prosesi daim
getsin ki, insanlara keyfiyyətli tibbi xidmət göstərilsin.
Həkimləri, vətəndaşları, Cəlilabad rayon
sakinlərini təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.
***
Həkim Nəzakət NƏZƏRLİ
rayon sakinləri adından Azərbaycan Prezidentinə minnətdarlıq
edərək dedi:
- Möhtərəm cənab Prezident, icazə
verin, Sizi rayon ictimaiyyəti, çoxsaylı səhiyyə
işçiləri adından salamlayım, Cəlilabada
xoş gəlmisiniz deyim. Hamımıza
yaxşı məlumdur ki, Sizin fəaliyyətinizdə insan
amili, onun sağlamlığı, rifahı həmişə
ön mövqelərdə durub. Respublikamızda
yeni tikilən, əsaslı təmir edilən xəstəxanalar,
müasir müalicə-diaqnostika mərkəzləri,
ixtisaslaşmış tibbi kadrların hazırlanması
istiqamətində aparılan işlər, mütərəqqi
tibbi nailiyyətlərin respublikamızın səhiyyə
ocaqlarına tətbiq olunması dediklərimizin əyani
sübutudur. 2010-cu ildə rayonumuzda
müasir müalicə-diaqnostika mərkəzi
açıldı. Hazırda bu mərkəz
öz işini müvəffəqiyyətlə yerinə
yetirir, əhaliyə nümunəvi xidmət göstərir.
Çox qısa bir müddət ərzində
belə möhtəşəm, yüksək səviyyəli
yeni səhiyyə ocağı tikildi və bu gün istifadəyə
verilir. İdeal iş şəraitinə, müasir təminat
və təchizata malik belə bir səhiyyə
ocağının yaranması əhaliyə yüksək səviyyəli
tibbi xidmət göstərmək üçün geniş
imkanlar açır, ən mürəkkəb əməliyyatların
aparılmasına şərait yaradır.
Cənab Prezident, bu, həm də həkim əməyinə
verilən yüksək qiymətdir.
Əlbəttə, bu yüksək qiymət
bizim üzərimizə yüksək məsuliyyət hissi də
qoyur. Çünki bizim belə möhtəşəm,
gözəl şəraitdə yaxşı işləməməyə
haqqımız yoxdur. Belə yüksək səviyyəli
tibb ocağını bizə bəxş etdiyinizə görə
Sizə təşəkkür edirik, çox sağ olun
deyirik. Sizi əmin etmək istəyirəm ki,
bundan sonra daha səylə çalışacaq, öz üzərimizdə
daha çox işləyəcək, əhalinin
sağlamlığının keşiyində dayanmaq
üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Ümumiyyətlə, son vaxtlar
respublikamızda təkcə səhiyyə sistemində deyil,
bütün sahələrdə böyük işlər
görülür. Rayonlarımız, şəhərlərimiz
böyüyür, abadlaşır, Cəlilabadımız da
gündən-günə gözəlləşir, demək olar
ki, regionda füsunkar, abad guşələrdən birinə
çevrilir. Parklar, meydanlar, uşaq
bağçaları, məktəblər, yeni yollar -
bütün bunlar hamısı, cənab Prezident, Sizin regionlara
olan diqqət və qayğınızın nəticəsidir, Sizin fədakar əməyinizin bəhrəsidir.
Sizə Azərbaycan xalqının rifahı
naminə bu müqəddəs, çətin, məsuliyyətli
işinizdə müvəffəqiyyətlər
arzulayırıq. Bütün Azərbaycan
xalqı, bütün cəlilabadlılar həmişə
Sizinlədir. Sizinlə birgə
addımlamağa hazırıq, Sizə inanırıq. İnanırıq ki, bizi ancaq zirvələrə
doğru aparacaqsınız. Tanrı Sizi
qorusun.
***
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Biz hələ birlikdə çox iş görəcəyik. Mən çox
şadam ki, son illər ərzində Cəlilabad rayonu doğrudan
da öz inkişaf dövrünü yaşayır. Siz də
qeyd etdiyiniz kimi,
rayon hərtərəfli inkişaf edir. Bütün məsələlər öz həllini
tapır. Həm iş yerləri, yeni müəssisələr
açılır, eyni zamanda, şəhər
abadlaşır. Əvvəlki dövrlərdə
Heydər Əliyev Seyrəngahını, Olimpiya Mərkəzini,
Diaqnostika Mərkəzini, yolları, sənaye obyektlərini
biz sizinlə bərabər açmışıq.
Əlbəttə ki, ölkənin inkişafı dövlət
siyasətindən, dövlətin başında dayanan şəxslərin
işindən, onların gələcəyə
baxışlarından asılıdır. Azərbaycanda
hər bir istiqamət üzrə
düşünülmüş siyasət aparılır.
Son 10 ilin tarixi bunun əyani sübutudur.
Çünki son 10 il ərzində dünyada Azərbaycan qədər sürətlə
inkişaf edən ikinci ölkə yoxdur. Bu, sadəcə
reallıqdır, dünya statistikasıdır. Ancaq o da həqiqətdir ki, əgər bu siyasət
və bu təşəbbüslər yerlərdə dəstək
qazanmasaydı, heç bir işi görmək mümkün
olmazdı. Bizim
üstünlüyümüz ondan ibarətdir ki, bütün
təşəbbüslər yerlərdə dəstəklənir
və eyni zamanda, qərarlarımızın təməlində
də insanların arzularıdır. Çünki
bir çox hallarda bölgələrdə görülən
işlərin təşəbbüskarı vətəndaşlar
olmuşlar. Mənim rayonlara səfərlərim
və insanlarla söhbət əsnasında qaldırılan məsələlər
sonradan regional inkişaf proqramının tərkib hissəsi
kimi qəbul edilir və icra olunur. Ona
görə bu canlı bağlantı mütləq
olmalıdır. Əgər bu olmasa, onda
işlər getməyəcəkdir. Bütün
təşəbbüslər xalq tərəfindən nəinki
dəstəklənir, Azərbaycan vətəndaşları bu
işlərin fəal iştirakçılarıdırlar, o
cümlədən Cəlilabadda.
Əlbəttə, dövlətimiz nə qədər
güclü olsa, bizim maliyyə imkanımız o qədər
də güclü olacaqdır ki, bütün bu işləri
görək. Çünki bütün
bu məsələlər böyük maliyyə vəsaiti tələb
edir. Sosial sahəyə qoyulan vəsait geri
qayıtmır. Yəni, vəsait kimi geri
qayıtmır. İnsan kapitalı kimi əlbəttə
ki, geri qayıdır və qayıtmalıdır. Xəstəxana, yol çəkilişi, digər
ictimai yerlərin yaradılması, məktəb tikintisi, su xətləri,
qazlaşdırma - bütün bu layihələr sırf sosial
məna daşıyır, bir daha onu göstərir ki, həmişə
dediyim kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan
vətəndaşı dayanır. Bu, sadəcə
olaraq bir şüar deyil, həqiqətdir, belə də
olmalıdır. Hər dövlətdə
belə olmalıdır. Belə olmasa, onda
dövlətlərdə problemlər yaşanar. Əgər insan amili kənara qoyulursa, başqa amillər
önə çəkilirsə, bu ölkələrin gələcəyi
yoxdur. Bizdə isə sosial siyasət
güclü iqtisadi islahatlarla, iqtisadi siyasətlə
tamamlanır. Bizim
uğurlarımızın səbəbi bax, budur.
İndi dünyanın müxtəlif yerlərində
yaşanan hadisələri hamımız televizordan
görürük, mətbuatdan izləyirik.
Görürük ki, dünyanın müxtəlif
yerlərində çox çətin proseslər gedir. Haradasa böhran, iqtisadi çətinliklər, sosial
narazılıqlar, haradasa qanlı toqquşmalar. Yəni, bizim ətrafımızda demək olar ki,
müxtəlif yerlərdə vəziyyət artıq çox
gərginləşib, alovlanır. Azərbaycan
isə bir sabitlik adasıdır. Azərbaycan
bölgədə də sabitləşdirici rol oynayır.
Yəni, bizim sabitliyimiz bölgəyə də
müsbət təsir göstərir.
Azərbaycan bütün bu böhranlı
illərə baxmayaraq, öz iqtisadi inkişafını təmin
edib və artırıb. Bunun səbəbi
çox aydındır. Bunun səbəbi
düşünülmüş, xalqın rifah halının
yaxşılaşdırılmasına yönəlmiş siyasət
və xalqla iqtidar arasında olan birlikdir. Budur,
bizim uğurlarımızın əsas sirləri. Çünki bəzi hallarda xarici qonaqlarla söhbət
əsnasında sual verilir ki, necə olur, hər yerdə vəziyyət
başqa cürdür, sizdə isə inkişafdır. Bunun sirri nədir? Yenə də
deyirəm və hesab edirəm ki, bunun əsas sirri xalqla iqtidar
arasında olan birlikdir, cəmiyyətdə ölkəmizin
inkişafı ilə bağlı vahid mövqeyin
mövcudluğudur.
Cəmiyyətdə ölkəmizin xarici,
daxili, iqtisadi siyasəti ilə bağlı heç bir fikir
ayrılığı yoxdur. Yəni, cəmiyyətin bütün üzvləri
qlobal, ümumi istiqamətlər üzrə bir fikirdədir -
ölkəmizi daha da gücləndirməliyik, beynəlxalq
mövqelərimizi gücləndirməliyik, daxili
inkişafı bundan sonra da təmin etməliyik ki, insanlar daha
da yaxşı yaşasınlar, Azərbaycan dövləti daha
da qüdrətli olsun.
Azərbaycan dövlətinin gücü hər
bir vətəndaşa xidmət göstərir.
Eyni zamanda, hər bir vətəndaşın
öz doğma Vətəninə olan sevgisi, onun əməyi
dövlət gücümüzü artırır.
Bütün bu işlər bir-biri ilə sıx bağlıdır. Deyə bilərəm ki, biz bütün bu müsbət
meylləri Cəlilabad rayonunda görürük.
Sizi bir daha ürəkdən təbrik edirəm,
sizə uğurlar, cansağlığı arzu edirəm.
***
Sonda xatirə şəkli çəkdirildi.
***
(Azərbaycan Prezidenti İlham Əliyev
respublikanın cənub bölgəsinin digər rayonlarında
da səfərdə olmuşdur. Bu barədə geniş
hesabat qəzetin növbəti nömrəsində dərc
olunacaqdır).
AzərTAc
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 5-6.