Azərbaycan ilə
Əfqanıstan arasında sənaye və energetika
sahəsində əməkdaşlığın perspektivləri
müzakirə edilmişdir
Azərbaycanın
sənaye və energetika naziri
Natiq Əliyev sentyabrın 4-də Əfqanıstanın neft və təbii
ehtiyatlar naziri Vahidulla Şahrani ilə görüşmüşdür.
AzərTAc xəbər
verir ki,
görüşdə tərəflər Azərbaycan ilə
Əfqanıstan arasında energetika sahəsində
əməkdaşlığın perspektivlərini, habelə sənaye
sahəsində qarşılıqlı əlaqələri
müzakirə etmişlər.
Natiq Əliyev Azərbaycanda sənaye
sahəsində həyata keçirilən layihələrin indiki vəziyyəti barədə qonağa məlumat vermiş,
ölkəmizin iqtisadiyyatının inkişafında
energetikanın əhəmiyyətli rol
oynadığını
vurğulamışdır.
Nazir demişdir
ki, Azərbaycan ilə Əfqanıstan
arasında ikitərəfli dostluq
münasibətləri çoxdan mövcuddur.
N.Əliyev qeyd etmişdir ki, Azərbaycan Əfqanıstanda kiçik neft emalı
zavodlarının tikintisində iştirak
etməyə hazırdır, çünki
ölkəmiz neft-qaz sahəsində böyük və uğurlu
inkişaf yolu keçmişdir. Əfqanıstanın
iqtisadiyyatı bərpa olunur. Azərbaycan
isə Əfqanıstanla əməkdaşlığa maraq göstərir.
N. Əliyev qonağa onu da bildirmişdir ki, Sənaye və Energetika
Nazirliyi Azərbaycanda həyata
keçirilən 50-dən çox
dövlət proqramının hamısına öz
töhfəsini vermişdir.
Sənaye
və Energetika Nazirliyinin
şöbə müdiri Ramiz
Rizayev nazirliyin hazırladığı təqdimat
zamanı çıxış edərək bildirmişdir
ki, hazırda Azərbaycan 2,4 trilyon kubmetr qaz, 2 milyard ton neft ehtiyatlarına malikdir. "Şahdəniz"
yatağının istifadəyə verilməsindən indiyə
qədər 44 milyard kubmetr
qaz hasil edilmişdir. İxrac boru kəmərlərinin
şaxələndirilməsi də davam edir.
R.Rizayev demişdir
ki, dünyanın 11 ölkəsində Azərbaycan
Dövlət Neft Şirkətinin
(ARDNŞ) nümayəndəliyi
açılmışdır. Ölkədə 22 elektrik stansiyası fəaliyyət göstərir
və respublika elektrik
enerjisi ixracatçısına çevrilmişdir.
R.Rizayev əlavə etmişdir ki, Azərbaycanın
iqlim şəraiti günəş,
külək və çayların enerjisindən istifadə
etməyə imkan verir.
Artıq bərpa olunan enerji
sahəsində 14 kiçik SES inşa olunur, 3 külək
elektrik stansiyası istifadəyə verilmişdir. Bütün
bu uğurları əldə etmək üçün külli miqdarda - 128 milyard dollar məbləğində sərmayə
yatırılmışdır.
Ölkəmizə
səfərindən məmnun olduğunu
bildirən Vahidulla Şahrani
demişdir ki, Azərbaycan
ilə Əfqanıstan
arasında möhkəm dostluq münasibətləri var.
Hələ ümummilli lider
Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Əfqanıstandan olan tələbələr ali
neft məktəbində oxumaq
üçün Azərbaycana gəlirdilər.
V.Şahrani bildirmişdir
ki, indiki nümayəndə
heyətinin tərkibində Azərbaycan Neft
Akademiyasının bir tələbəsi
də var. Bu bir daha göstərir ki, neft-qaz sahəsində Azərbaycanın təcrübəsi Əfqanıstan üçün
çox vacibdir.
Görüşdə
ikitərəfli əməkdaşlığı daha da genişləndirməyin
və inkişaf etdirməyin zəruri olduğu
vurğulanmışdır.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 6.