Heydər Əliyev
siyasi kursu qələbələrin əsasıdır
Bu ilin oktyabr
ayının 9-da ölkəmiz üçün mühüm və
taleyüklü olan siyasi aksiya - Azərbaycan Respublikası
Prezidentliyinə növbəti, sayca altıncı seçkilər
keçiriləcəkdir. Yerli və xarici
ekspertlərin Azərbaycanda prezident seçkiləri ilə
bağlı apardıqları təhlillərin nəticələri
qarşıdakı ümumxalq kampaniyasının əvvəlkilərlə
müqayisədə daha yüksək seçici fəallığı
ilə müşayiət olunacağını, ictimai-siyasi
sabitlik şəraitində baş tutacağını əminliklə
söyləməyə əsas verir.
Çünki bugünün seçicisi vətəndaşı
olduğu dövlətin gələcək taleyinə biganə
deyildir, nihilizmdən kənardır, seçkilərdə
böyük inam və ümidlə iştirak edir, ölkənin
siyasi həyatında fəaldır və şəxsi
mövqeyinin müdafiəsində qətidir. 2013-cü ilin
orta statistik seçicisi daha nikbin və daha praqmatikdir, reallıqları
düzgün dəyərləndirməyi bacarır. Onun siyasi
baxışları illüziyalara, əsassız vədlərə
söykənmir, əksinə, mövqeyini reallıqların
düzgün dəyərləndirilməsi üzərində
formalaşdırır.
Azərbaycan
Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin
seçkiqabağı şəraitin təhlili ilə
bağlı apardığı araşdırmaların nəticələrinə
və proqnozlara əsasən dövlət
başçısı postuna müxtəlif ictimai-siyasi təşkilatlar
və ya müstəqil şəkildə irəli sürülən
xeyli sayda
namizəd arasında hazırki dövlət
başçısı cənab İlham Əliyevə
alternativ şəxs yoxdur. Bu alternativsizlik özünü ilk
növbədə ümumxalq etimadında və dəstəyində,
ölkə vətəndaşlarının ona etibarında
göstərməkdədir. Xatırladım ki, 2008-ci ildə
keçirilmiş prezident seçkilərində təqribən
3 milyon 200 min nəfər seçici İlham Əliyevə səs
vermiş, onun dövlət başçısı postuna namizədliyini
fəal müdafiə etmişdir. Bu sayda seçicini onun sabit,
dəyişilməz elektoratı hesab etmək olar. Mərkəzi
Seçki Komissiyasının son rəsmi məlumatına əsasən,
hazırda Azərbaycanda seçki hüququna malik vətəndaşların
ümumi sayı 4 milyon 986 min 296 nəfərdir. Onların təqribən
bir milyon 318 min nəfəri gənclər - yaşı 19-dan
30-dək olan seçicilərdir. Gənclərin 114 min nəfəri
isə bu il ilk dəfə olaraq seçki hüququndan istifadə
edəcəkdir. Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin ölkənin iqtisadi-siyasi
potensialının gücləndirilməsinə, beynəlxalq
aləmdə nüfuzunun möhkəmləndirilməsinə,
dövlətimizin ərazi bütövlüyünün bərpasına,
əhalinin rifah halının daha da yüksəldilməsinə
yönəldilmiş davamlı siyasəti, o cümlədən
müsbət nəticələrini verən uğurlu gənclər
siyasəti qarşıdakı seçkilərdə də onun
tərəfdarlarının sayının nəzərəçarpacaq
dərəcədə artacağını söyləməyə
əsas verir. Seçkilər ərəfəsində bir vacib
məqama da xüsusi diqqət yetirək. Cənab İlham
Əliyev 2003-cü və 2008-ci illərdə
keçirilmiş prezident seçkilərində bir namizəd
kimi xalq qarşısında götürdüyü
bütün öhdəliklərin
reallaşdırılmasına nail olmuşdur.
Bu fikirləri
ötən on il ərzində ölkəmizin müxtəlif
sahələr üzrə əldə etdiyi nailiyyətlər də
təsdiq edir. Təsadüfi deyildir ki, Dünya
İqtisadi Forumunun 2012-2013-cü
illər üçün qlobal rəqabətliliyə
dair hazırladığı hesabatda Azərbaycan
Respublikası özünün əvvəlki mövqeyini əhəmiyyətli
dərəcədə yaxşılaşdırmış,
infrastruktur, makroiqtisadi mühit, əmtəə və
işçi bazarının səmərəliliyi, texnoloji
hazırlıq, bazarın həcmi, innovasiya və digər göstəricilər
üzrə ilk 40 dövlət sırasına düşərək,
dünyanın 144 ölkəsi arasında 39-cu yerdə qərarlaşmışdır.
Bundan başqa, Dünya İqtisadi Forumunun tərtib
etdiyi reytinq cədvəlinə əsasən, Azərbaycan daha
geniş potensiala malik dövlət kimi dəyərləndirilmiş
və yaxın gələcəkdə bu göstəricini xeyli
yaxşılaşdıra bilməsi imkanları xüsusi qeyd
edilmişdir. Həmin siyahıda İtaliya, Türkiyə,
Braziliya, Malta kimi ölkələrlə qonşu olan Azərbaycan
Qazaxıstanı, Rusiyanı, Ukraynanı sürətlə
qabaqlayaraq, MDB dövlətləri içərisində birinci
olmuşdur.
Statistik rəqəmlərə
müraciət edək: 2003-2013-cü illər ərzində Azərbaycanın
strateji valyuta ehtiyatlarının həcmi 48 milyard, dövlət
büdcəsi gəlirlərinin həcmi isə 25 milyard
ABŞ dolları həddini ötmüşdür. Dünyanın 144 dövləti sırasında milli
iqtisadiyyatın rəqabət qabiliyyəti göstəricilərinə
görə ölkəmiz ilk 40, innovasiya amilləri sub indeksi
üzrə ilk 60, makroiqtisadi sabitliyə görə isə ilk
20 dövlət sırasında mövqeyini möhkəmləndirmişdir.
Ötən on il ərzində ölkə
iqtisadiyyatına 137 milyard ABŞ dolları məbləğində
sərmayə qoyulmuş, dövlət büdcəsinin həcmi
19 dəfə artmışdır. İqtisadiyyatın və
sosial sahələrin inkişafı üçün yönəldilən
vəsaitin 49 faizini dövlət, 51faizini isə qeyri-dövlət
investisiyaları təşkil etmişdir. Qeyri-neft sektorunun
inkişafına yönəldilmiş vəsaitin ümumi həcmi
11,1 dəfə artaraq 52,1 milyard manatı
ötmüşdür. Hazırda ümumi məhsul
istehsalının həcmində qeyri-dövlət müəssisələrinin
payı 81%-ə bərabərdir. İqtisadiyyatın və
sosial sahələrin inkişafına indiyədək təqribən
84 milyard manat vəsait yönəldilmişdir. Azərbaycanda
ötən müddət ərzində 3592 istehsal və xidmət
müəssisəsi yaradılmış, sahibkarlıq subyektlərinin
sayı 2,9 dəfə çoxalmışdır. Ölkədə
bərqərar olan ictimai-siyasi sabitlik və davamlı
inkişaf, əlverişli biznes şəraiti xarici investisiya
imkanlarının da genişləndirilməsinə müsbət
təsir göstərmişdir. Belə ki, 2003-cü ildən
etibarən xarici investisiyalı müəssisələrin
sayı 25%-dən çox artmışdır. Bu
baxımdan, Dünya Bankı və Beynəlxalq Maliyyə
Korporasiyasının hazırladığı "Doing Business
2009" hesabatında Azərbaycanı biznes mühitinin
yaxşılaşdırılması sahəsində ən
islahatçı ölkə elan etməsi tamamilə məntiqlidir
və ölkəmizdə iqtisadi inkişafla bağlı
reallıqları tam dolğunluğu ilə özündə əks
etdirir. Eyni zamanda, onu da vurğulamaq
lazımdır ki, Beynəlxalq Telekommunikasiya
İttifaqının "İnformasiya Cəmiyyətinin
Ölçülməsi-2012" hesabatında Azərbaycan
İKT İnkişaf İndeksi göstəricilərinə
görə əvvəlki mövqeyindən 6 pillə irəliləyərək
155 ölkə arasında 68-ci yerdə qərarlaşmış,
"Dünyanın on ən
dinamik inkişaf edən ölkələri" qrupunda öz
mövqelərini möhkəmlətmişdir.
Azərbaycan
ötən on il ərzində siyasi və iqtisadi müstəqilliyini
möhkəmləndirərək milli dövlətçiliyini
inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnmiş,
liberal prinsiplərə əsaslanan unikal iqtisadi modelini
yaratmışdır. Bu baxımdan Azərbaycanın
perspektiv inkişafının mühüm hədəf və
istiqamətlərini müəyyənləşdirən və
2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasından irəli gələn vəzifələrin
icrası xalqımızın və dövlətimizin gələcək
taleyi üçün mühüm əhəmiyyətə
malikdir. Prezident İlham Əliyev tərəfindən
təsdiqlənmiş konsepsiya bu ali məqsədlərə
nail olunması üçün ciddi elmi əsaslara söykənən
innovativ idarəetmə üsullarının tətbiqini tələb
edir və strateji yanaşmaların daha uzunmüddətli
dövrü əhatə etməsinə istiqamətləndirir.
Sənəd qarşıdan gələn yeddi il ərzində
Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin
daha da artırılmasını, regionların sosial-iqtisadi
inkişafını, ölkədə insan kapitalının
inkişafı ilə mükəmməl sosial müdafiə
sisteminin bərqərar olunmasını, dövlət idarəetmə
sistemində zəruri islahatların həyata keçirilməsini
və digər aktual məsələləri əhatə edir.
Strateji
Araşdırmalar Mərkəzinin keçirdiyi sosioloji
sorğuların yekunlarına görə Azərbaycan
Respublikası Prezidentinin sosial sahədə həyata
keçirdiyi əsaslı islahatların nəticələri də
əhali tərəfindən rəğbətlə
qarşılanmaqdadır. Hazırda Azərbaycanda
iqtisadi fəal əhalinin sayı 7,2 faizə, məşğul
əhalinin sayı isə 11,9 faizə yüksəlmiş,
ölkədə 1,2 milyon yeni iş yerinin açılması
sayəsində işsizliyin səviyyəsi 5 faizə
enmişdir. 2004-2013-cü illər ərzində yalnız
Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən
266 min nəfər daimi işlə təmin
edilmiş, 28 mindən çox vətəndaş isə
peşə hazırlığı kurslarına cəlb
olunmuşdur. Əhalinin sosial müdafiəsinə və təminatına
yönəldilən dövlət vəsaitinin həcmi də
ötən müddət ərzində 9 dəfə artmış,
yoxsulluğun səviyyəsi böhran həddindən -
44,7 faizdən 6 faizə
enmişdir. Bu göstəricilərin yaxın gələcəkdə
daha da yaxşılaşdırılması
proqnozlaşdırılır. Ötən müddətdə
Azərbaycanda bir sıra mühüm infrastruktur layihələri
reallaşdırılmış, o cümlədən ölkənin
müxtəlif regionlarında 5 beynəlxalq hava
limanı, 4 avtovağzal kompleksi, Bakıda 4 yeni metropoliten
stansiyası tikilib istifadəyə verilmişdir.
Yaxşı
məlumdur ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərmanlarına uyğun olaraq 2006-cı ildən etibarən ölkədə ünvanlı sosial yardım proqramının da icrasına başlanılmışdır. Bu
proqram ötən dövr ərzində on minlərlə aztəminatlı
ailəni əhatə etmişdir. Bundan
başqa, Ermənistanın hərbi təcavüzü nəticəsində
daimi yaşayış yerlərindən qaçqın və məcburi
köçkün düşmüş
soydaşlarımızın, vətəndaşlarımızın
sosial problemlərinin həlli məqsədilə Azərbaycan
Prezidenti tərəfindən indiyədək 51 mühüm fərman
və sərəncam imzalanmış, onların sosial şəraitinin
yaxşılaşdırılması məqsədilə
Dövlət Proqramı qəbul olunmuşdur. Görülən
işlər nəticəsində son on ildə ölkənin
ayrı-ayrı guşələrində 7 çadır şəhərciyi,
12 müvəqqəti yaşayış məntəqəsi
tamamilə ləğv edilmiş, təqribən 110 min nəfərin
məskunlaşması və normal yaşayışı
üçün 23500 yaşayış evindən ibarət 57
müasir qəsəbə və məhəllə
(bütövlükdə isə 78 qəsəbə və
şəhərcik) salınmışdır. İndiyədək
qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həllinə dövlət tərəfindən
təqribən 3,8 milyard manat vəsait
yönəldilmiş, 16 min ailəyə isə ünvanlı
sosial yardım göstərilmişdir.
Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin yürütdüyü siyasət nəticəsində
təhsilə yönəldilən xərclərin həcmi də
6,9 dəfə çoxalmış, 1099 ümumtəhsil məktəbi,
104 məktəbəqədər təhsil müəssisəsi
tikilmiş, ölkə məktəblərinin 87,2 faizi kompyuter
və digər müasir avadanlıqla təmin olunmuşdur.
Dövlət xətti ilə xarici ölkələrdə təhsil
alan gənclərin sayı 2,6 dəfə
çoxalmışdır. Əhalinin sağlamlığı
da dövlət başçısının daimi diqqət mərkəzində
olmuş, dövlət büdcəsindən səhiyyəyə
ayrılan vəsaitin həcmi 12,7 dəfə
yüksəlmişdir. Ötən müddət ərzində
Azərbaycanda 15 müalicə-diaqnostika və bərpa mərkəzi,
93 xəstəxana, 119 ambulatoriya-poliklinika müəssisəsi
tikilib istifadəyə verilmişdir. Bundan başqa, Azərbaycan
xalqının maddi-mədəni irsinin qorunmasına yönəldilən
dövlət qayğısı nəticəsində 2003-cü
ildə Azərbaycan muğamı, 2007-ci ildə Qobustan Milli
Tarixi Bədii Qoruğu, 2009-cu ildə aşıq sənəti
və Novruz bayramı, 2010-cu ildə Azərbaycan xalça sənəti,
2012-ci ildə tar ifaçılıq sənəti UNESCO-nun
Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanda bədən tərbiyəsi və
idmanın inkişafında, gənc nəslin fiziki
sağlamlığının möhkəmləndirilməsi
istiqamətində də böyük irəliləyişlərə
nail olunmuşdur. İndiyədək Azərbaycanın
müxtəlif bölgələrində mövcud idman
qurğularının sayı 12 faiz artaraq 10 minə
çatdırılmış, bütövlükdə 38
olimpiya idman kompleksi, 5 stadion, 12 şahmat məktəbi və
s. tikilib gənclərin istifadəsinə verilmişdir. Nəticədə, Azərbaycan
idmançıları mötəbər beynəlxalq
yarışlarda ölkəmizi uğurla təmsil edərək
onun idman şərəfini qorumuş, 735 medalla Vətənə
qayıtmışlar. O cümlədən, olimpiya idman
növləri üzrə yarışlarda fəxri
kürsünün yüksək pillələrinə qalxaraq
ölkəmizə 273 medal qazandırmışlar.
Son dövrdə Azərbaycanda həyata
keçirilən islahatlar ölkənin siyasi-iqtisadi və
sosial-mədəni sahələrində özünün
müsbət nəticələrini verməkdədir.
Bu gün Azərbaycan inkişafın yeni mərhələsinə
qədəm qoymuşdur. Yeni intibahın hədəfi
isə effektiv və innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması ilə əhalinin rifah
halının beynəlxalq standartlar səviyyəsinə
yüksəldilməsi, elmin, təhsilin, mədəniyyətin
inkişaf etdirilməsi, cəmiyyət həyatının
bütün istiqamətlərində tərəqqinin əldə
olunmasıdır. Ötən illər ərzində
Azərbaycanda insan kapitalının davamlı
inkişafına, peşəkar kadr potensialının
hazırlanmasına, elmin və mədəniyyətin yüksəlişinə
də xeyli diqqət ayrılmışdır. Belə ki,
on il ərzində dövlət büdcəsindən elmin
inkişafına yönəldilən dövlət vəsaitinin
həcmi 2,1 dəfə
artmışdır. Elmin maddi-texniki
bazasının möhkəmləndirilməsi, tədqiqat
işlərinin maliyyələşdirilməsi və
stimullaşdırılması üçün də vacib
addımlar atılmışdır. Ölkəmizdə
kosmik sənayenin təməlinin qoyulması da Azərbaycan rəhbərliyinin
elmə göstərdiyi qayğının, ölkəmizin
sürətli inkişafının təzahürlərindəndir.
Elm və qabaqcıl texnologiyanın
inkişafında əldə olunan nailiyyətlər sayəsində
bu ilin fevral ayının 8-də Azərbaycan
Respublikasının ilk telekommunikasiya peyki Yer orbitinə
çıxarılmışdır. Onu da
deyək ki, 2014-cü ildə Yer səthini müşahidə
peykinin, 2016-cı ildə isə ikinci telekommunikasiya peykinin
orbitə çıxarılması
planlaşdırılmışdır.
Təməli ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan və Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilən daxili və
xarici siyasət kursu, çevik və uzaqgörən
sosial-iqtisadi siyasət son on il ərzində Azərbaycanın
davamlı inkişafını təmin etməklə yanaşı,
ölkəmizin etibarlı tərəfdaş, bir sıra qlobal
məsələlərdə strateji müttəfiq kimi
mövqelərini xeyli möhkəmləndirmişdir. O da
yaxşı məlumdur ki, 2011-ci ildə dünya birliyi Azərbaycan
Respublikasının namizədliyini dəstəkləyərək
onu BMT-nin Təhlükəsizlik Şurasına üzv
seçmişdir. Bu fakt dövlətimizin beynəlxalq
miqyasda artan nüfuzunun, bir sıra qlobal məsələlərdə
strateji tərəfdaş kimi güclənən mövqeyinin
bariz göstəricilərindən biridir. Fərəh
və qürur doğuran haldır ki, bu gün dünyanın
aparıcı dövlətləri regiona məhz Azərbaycan
kontekstindən yanaşır, rəsmi Bakının mövqeyi
və qərarı ilə hesablaşırlar. Təsadüfi deyildir ki, xarici ölkə
başçıları əvvəlki illərdə olduğu
kimi regional turnelərini yalnız Azərbaycana səfər etməklə
əvəzləmişlər. Azərbaycanın
uğurlu neft strategiyası ölkəmizin iqtisadi
potensialını yüksəltməklə onu beynəlxalq
enerji təhlükəsizliyi məsələlərində fəal
təşəbbüskara və iştirakçıya
çevirmiş, Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin və digər
transsərhəd xarakterli layihələrin
reallaşdırılması regiondakı iqtisadi, siyasi mənzərəni
əsaslı şəkildə dəyişmiş, inteqrasiya
prosesini sürətləndirmişdir. Bu
gün Azərbaycan həm də enerji ehtiyatlarının
hasilatı və nəqli üzrə rəqabətədavamlı
ölkəyə çevrilmişdir. İndiyədək
həmin kəmərlərlə 214 milyon ton neft, 24 milyard
kubmetr qaz ixrac edilmişdir.
Azərbaycan zəngin neft-qaz
ehtiyatlarına malik ölkə kimi enerji təhlükəsizliyinin
həm regional, həm də beynəlxalq miqyasda təminatında
üstün mövqeyə malikdir. Dünyanın aparıcı enerji şirkətləri
ilə strateji əhəmiyyət daşıyan və gələcəyə
hesablanan neft müqavilələrinin bağlanmasında
başlıca strateji xətt dövlətimizin milli mənafelərinin
ödənilməsidir. Son on ildə Azərbaycanın
iqtisadi strategiyasında prioritet istiqamətlərdən biri məhz neft və
qaz ehtiyatlarının müxtəlif marşrutlar üzrə
ixracı məsələləri olmuşdur. Ölkəmiz bu
müddət ərzində nəzərdə tutduğu ixrac
layihələrini uğurla reallaşdıra, məsuliyyətli
və etibarlı tərəfdaş kimi özünü doğrulda
bilmişdir. Xüsuslə vurğulanmalıdır ki, bu
gün dünyanın qlobal iqtisadi-siyasi layihəsinə
çevrilən Cənub Qaz Dəhlizi təşəbbüsü
Azərbaycanın iqtisadi qüdrətini xeyli artırmaq,
inteqrasiya imkanlarını genişləndirməklə
yanaşı, bütün region üçün siyasi əhəmiyyətə
də malikdir və sabitliyin, inkişafın, təhlükəsizliyin
təminatçılarından biridir. Bu qlobal
layihənin reallaşdırılması strategiyası Azərbaycana
enerji ehtiyatlarının nəqlində müxtəlif
marşrutlara malik olmaq və gələcəkdə hər
hansı bir istiqamətdən asılılıqdan qurtulmaq kimi
siyasi-iqtisadi imkanı da qazandırmışdır. Cənub
Qaz Dəhlizinin iqtisadi və siyasi əhəmiyyəti həm
də ondadır ki, bu layihə Avropa ölkələrinin
"mavi yanacaqla" təminatını siyasi-iqtisadi iddia və
təzyiqlərdən, bir marşrutdan asılılıqdan
azad edəcək, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qərbin
enerji xəritəsini tamamilə dəyişdirəcəkdir. Heç kimə sirr deyil ki, məhz Azərbaycan
dövlətinin qətiyyətli mövqeyi sayəsində
indiyə kimi Şərq-Qərb enerji təchizatı istiqamətlərinin
mühüm nəql marşrutları
reallaşdırılmış, ölkəmizin Avropanın
enerji təchizatı üçün əhəmiyyəti
yüksəldilmişdir. Daha dəqiq desək,
Azərbaycanın təşəbbüsləri və fəaliyyəti
nəticəsində böyük bir regionun geosiyasi-geoiqtisadi mənzərəsi
yeni strateji məzmun və əhəmiyyət kəsb etməyə
başlamışdır. Əminliklə deyə bilərik
ki, Cənub Qaz Dəhlizi sisteminin mühüm tərkib hissəsi
olan TAP və TANAP layihələrinin yaxın gələcəkdə
reallaşdırılması ölkəmizin sosial-iqtisadi
imkanlarını daha da genişləndirəcək, onun Avropa
məkanının enerji təhlükəsizliyində də əhəmiyyətə
malik dövlət olmasını bir daha təsdiqləyəcək,
qarşılıqlı faydalı əməkdaşlıq
üçün yeni imkanlar açacaqdır.
Azərbaycanın inteqrasiya prosesi əsasən
Qərbə doğru istiqamətlənsə də, onun Şərqlə,
İslam dünyası və türk xalqları birliyi ilə ənənəvi
əlaqələri davamlı şəkildə inkişaf
etdirilməkdədir. Fərəh
doğuran faktlardan biri də budur ki, türk dünyasına
daxil olan xalqlar, dövlətlər arasında dostluq,
qardaşlıq əlaqələrinin qurulması və
möhkəmləndirilməsi prosesi də Azərbaycanla, onun
müdrik övladlarının adları ilə üzvi şəkildə
bağlıdır. Azərbaycan xalqı dövlət
müstəqilliyini bərpa etdikdən sonra ümummilli
liderimiz Heydər Əliyev türkdilli xalqlar arasında birliyi qarşılıqlı
faydalı və bərabərhüquqlu iqtisadi-siyasi əlaqələr
qurmaqla reallaşdıra bilmiş, möhkəmləndirmişdir.
Azərbaycanın dövlət başçısı
İlham Əliyevin prezidentliyi dövründə - ötən
on il ərzində türkdilli dövlətlərin
qarşılıqlı əməkdaşlığı daha
da inkişaf etdirilərək yeni səviyyəyə
qaldırılmış, xalqlarımız və dövlətlərimiz
arasında ortaq iqtisadi-siyasi maraqların perspektivləri,
imkanları müəyyənləşdirilmişdir.
Əminliklə demək olar ki, müasir Azərbaycan Respublikası Qərbə doğru yönələn,
lakin İslam dünyasının mənəvi-mədəni
irsini də qayğı ilə qoruyan, türk etnomədəni
məkanına daxil olan müasir və dünyəvi dövlətdir.
Azərbaycanın son on ildə əldə
etdiyi ən mühüm nailiyyət dövlət müstəqilliyinin
möhkəmləndirilməsi, bu anlayışın yeni fəlsəfi
məzmun kəsb etməsi və inteqrasiya prosesi arasında
mühüm tarazlığın əldə olunmasıdır.
Siyasətdə "qismən müstəqillik"
deyilən məfhum yoxdur. Azərbaycan
dövlətinin bütün qlobal təşəbbüsləri,
qoşulduğu iqtisad-siyasi layihələr paralel şəkildə
dövlət müstəqilliymizin daha monolit xarakter
almasına, onun təsdiqinə və dərkinə, dövlətimizin
istənilən xarici təzyiqə qarşı
dayanıqlılığının təminatına yönəldilmişdir.
Prezident İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, müstəqillik Azərbaycan üçün
danılmaz dəyərdir və yüz faizlik
müstəqillik labüddür. Ölkə
başçısı bu konseptual yanaşmanı şərh
edərək demişdir: "İndi yeni tarix yazılır -
müstəqillik tarixi. Bu, xalqımızın həyatında
bütün dövrlərdə ən şanlı tarixdir.
Əsrlər boyu heç vaxt Azərbaycan
xalqı bu qədər rahat yaşamamışdır, Azərbaycan
dövləti möhkəm olmamışdır. Bu müstəqillik həqiqi müstəqillikdir.
Keçən əsrin əvvəllərində iki il Azərbaycan müstəqil ölkə kimi
yaşadı. Ancaq biz hamımız bilirik ki, o
müstəqillik tam deyildi və ona görə müstəqilliyin
ömrü uzun olmadı. İki ildən
sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ondan əvvəlki dövrlərdə də,
tariximizdə müxtəlif dövrlərdə dövlətçilik
ənənələri olmuşdur. Onlar
bizim üçün çox vacibdir. Amma
bu qədər azad və müstəqil Azərbaycan heç
vaxt olmamışdır. Bunu bilməliyik -
biz də, gənc nəsil də bilməlidir. Bunu biz qorumalıyıq, möhkəmləndirməliyik.
Hər bir şəhərin inkişafı, hər
bir kəndin abadlaşdırılması, eyni zamanda, müstəqillik
binamıza möhkəm bir daş, möhkəm bir təməldir".
Yuxarıda göstərilən faktlar Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi, onun inteqrasiya imkanlarının
genişləndirilməsi, ölkənin iqtisadi-siyasi qüdrətinin
artırılması, əhalinin sosial vəziyyətinin daha da
yüksəldilməsi, maddi-mədəni irsin qorunması
istiqamətində həyata keçirdiyi məqsədyönlü
siyasətinin yalnız bir hissəsini əhatə edir. Lakin bu amilin özü də qarşıdakı
seçkilərdə Azərbaycan xalqının yenidən
Heydər Əliyev siyasi kursuna etimad göstərəcəyini,
onu dəstəkləyəcəyini əminliklə söyləməyə
əsas verir. Bununla bağlı onu da bildirmək istərdik
ki, Azərbaycanın müxalifət düşərgəsi də
yaradılan demokratik rəqabət şəraitindən bəhrələnərək
qarşıdakı prezident seçkilərində öz
qüvvəsini bir daha nümayiş etdirmək imkanına malikdir. Bununla belə, proseslərə ötən illərin
təcrübəsi və bu günün reallıqları
müstəvisindən yanaşanda müəyyən qüvvələrin
seçkiqabağı hazırlığında əvvəlki
pessimizmin hakim kəsildiyinin, qütbləşmələrin
yenidən baş qaldırmasının və
reallıqları düzgün dəyərləndirə bilməməyin
şahidi oluruq. Təhlillər göstərir
ki, müxalifət düşərgəsində yenə də
fərdi və qrup mənafeləri ümummilli maraqları
üstələməkdədir. Nəticədə
radikal müxalifət qarşıdakı prezident seçkiləri
ilə bağlı hələ də vahid mövqe
nümayiş etdirə bilməmiş, buradakı siyasi
münasibətlərdə pərakəndəlik, xaotik fəaliyyət,
populizm xarakterli şüarlar və daxili çəkişmələr
üstünlük təşkil etməkdədir. Yəni Azərbaycan parlamentində təmsil olunan
müxalifət ictimai-siyasi proseslərdə fəal
iştirakına, konstruktiv mövqeyə malik olmasına,
prezident seçkilərinə öz namizədləri ilə
qoşulmalarına baxmayaraq, patoloji radikalizmə, siyasi
qarşıdurmalara meyilli olan dağıdıcı qüvvələrin
real nəticə uğrunda birləşməsi şansı
olduqca aşağıdır. Birmənalı
olaraq, radikal müxalifətin fəaliyyəti reallıqlara
deyil, illüziyalara, deklarativ bəyanatlara söykənir və
seçici dəstəyi qazanmaq ehtimalları son dərəcə
aşağıdır. Bundan başqa, irəli
sürülən namizədlərin seçkidə hər
hansı bir uğur qazanmasına hətta özləri də
inamsızlıqla yanaşırlar. Strateji
Araşdırmalar Mərkəzi ilə tərəfdaşlıq
edən xarici ekspertlərin də prezident seçkiləri və
seçkilərdə iştirak edən siyasi qüvvələrlə
bağlı proqnozları da birmənalıdır. Radikal müxalifət düşərgəsində
birliyin, vahid mövqeyin olmaması, ifrat populizm meyilləri,
korporativ maraqların önə çəkilməsi, eləcə
də daxili çəkişmələr onun prezident
seçkilərində növbəti məğlubiyyətini
indidən proqnozlaşdırmağa tam əsas verir.
Xarici mütəxəssislərin ümumi
qənaətinə görə, müxalifətdən fərqli
olaraq, məhz iqtidar düşərgəsi seçkilərin
tam şəffaf və demokratik şəraitdə keçirilməsində
maraqlıdır. Müxtəlif adlar
altında birləşməyə cəhd edən radikal
müxalifətin bütün gecikmiş səylərinə
baxmayaraq, ölkə başçısı İlham Əliyev
yenə də ümumxalq dəstəyi nəticəsində
seçki marafonunun qalibi olacaqdır.
Fərhad
MƏMMƏDOV,
Azərbaycan
Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin
direktoru
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 7.