Məqsəd təkcə
alovu söndürmək deyil,
quyunu istismara
qoşmaqdır
Bununla
"Bulla-dəniz" yatağının yeni
bir dövrü başlana bilər
Dünyada neft-qaz
sənayesi böyük yüksəlişlərə
nail olub. İndi bu sahədə ən
müasir texnikadan
istifadə olunur, ən mütərəqqi
texnologiyalar tətbiq edilir,
ən yüksək ixtisasa malik
işçilər çalışır. Bununla
belə, istər quruda, istərsə də
dənizdə yerləşən yataqlarda
bəzən qəzalardan, ələlxüsus
yanğınlardan da qaçmaq
mümkün olmur. Çünki bu qurğular da, insanlar da sözün
həqiqi mənasında, odlu bir məkandadırlar. Hər an
alışmağa bənd olan odlu bir məkanda...
Deyilənlərə
istənilən qədər misal gətirmək
olar. Dünyada ötən
onilliklərdə baş verən hadisələri
də, bildir-inişilə aid olayları da xatırlamaq mümkündür.
Ən son hadisə isə Xəzərdə
baş verdi - Xəzərin
Azərbaycan sektorundakı "Bulla-dəniz"
yatağında...
Bu, yatağın
şimal-şərq qanadındakı 29 nömrəli
özüldən məhsuldar qatın VIII horizontunun
karbohidrogen potensialının qiymətləndirilməsi
məqsədilə layihələndirilmiş 90 nömrəli quyuda oldu. Belə ki, keçən ayın 17-də gecə saat 23.00 radələrində 5868 metr dərinlikdə qazma
zamanı quyuda qaz təzahürləri
müşahidə edildi. ARDNŞ-nin
məlumatına görə, qaz təzahürünün
qarşısını almaq üçün qazma
briqadası tərəfindən mümkün
olan bütün tədbirlər
görülmüşdür. Lakin buna baxmayaraq,
gecə saat 23.30-da quyu
açıq qaz fontanına keçmiş və yanğın baş vermişdir.
Həmin vaxtdan bu günədək
qəzanın aradan
qalıdırılması uğrunda
ardıcıl işlər aparılır. Bunun
üçün xüsusi
komissiya yaradılıb. ARDNŞ-nin
vitse-prezidentinin sərdlik etdiyi
bu komissiyaya şirkətin,
eləcə də Fövqəladə Hallar
Nazirliyinin fontana
qarşı mübarizə və yanğından mühafizə
üzrə təcrübəli mütəxəssisləri daxildir.
Xatırladaq ki, qəza haqqında xəbər yayılan kimi Azərbaycanda ən iri
neft-qaz və ixrac
layihələrinin əməliyyatçısı olan BP şirkəti ARDNŞ-ə müraciətlə öz köməyini
təklif etmişdir. Komissiya
bunu nəzərə alaraq
elə ilk iclasına BP-nin
nümayəndələrini də dəvət etmiş
və situasiyadan çıxış
yolları haqqında onların da təklifləri
dinlənilmişdir. Hərçənd BP-nin bu yataqla
bağlı heç bir
işi yoxdurE Yeri gəlmişkən qeyd
edək ki, bu, ARDNŞ-nin və Azərbaycanda
çalışan xarici şirkətlərin
bir-biri ilə əməkdaşlıq,
etibarlı tərəfdaşlıq
etməsinə və təcrübə mübadiləsi
aparmasına aydın misaldır.
"Bulla-dəniz"dəki
qəzanın aradan qaldırılması
istiqamətində indiyədək xeyli iş görülüb.
Yanğının baş verdiyi
özül "Şirvan"
və "Z.Hacıyev" kran gəmiləri
vasitəsilə yanğın zamanı çökmüş
qülləaltı postamentin elementlərindən
başqa bütün
avadanlıqlardan tam təmizlənmişdir.
Bundan sonra aparılacaq əməliyyatlara
Amerikanın zəngin təcrübəyə malik
"Boots & Coots İnternational Well Control" şirkətinin
nümayəndələri də dəvət olunmuşlar.
İndi yataqda ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin
fontana qarşı "Dağmədənxilasetmə"
hərbiləşdirilmiş hissəsinin, Fövqəladə Hallar Nazirliyinin yüksək
ixtisaslı mütəxəssisləri və xarici
mütəxəssislər birgə çalışırlar.
Hadisə yerinə baxış keçirilmiş
və quyunun bağlanmasında "Qurban Abbasov" kran gəmisinin gücündən istifadə
etmək qərara alınmışdır.
Məqsəd təkcə
yanğını söndürmək deyil.
Onu bəlkə də indiyədək
söndürmək olardı. Başlıca məqsəd quyunu xilas etmək, onun potensialından istifadə etmək və bununla da "Bulla-dəniz"ə
yeni həyat bəxş etməkdir.
Axı, o, Xəzərdəki ən zəngin,
səxavətli, indiyə qədər Azərbaycana bol-bol məhsul vermiş bir yataqdır.
Yeri gəlmişkən,
"Bulla-dəniz" yatağı Bakı arxipelaqının
şimal hissəsində, "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə
Zirə adası" yatağından 10 kilometr
cənub-şərqdə yerləşir. Bu
yatağın neftlilik-qazlılığı hələ 40 il əvvəl - 1973-cü ildə
qazılmış 18 nömrəli quyu ilə
aşkar edilmişdir.
Bu "nübar" quyudan VII horizontun 5203-5190 metr
hüdudlarından sınaq vaxtı gündə orta hesabla 200 ton kondensat və 1 milyon kubmetr qaz alınmışdır. 1975-ci ildə isə
14 saylı quyudan V horizontun
4601-4578 metr hüdudlarından orta gündəlik hasilat
65 ton kondensat və 40
min kubmetr qaz olmuşdur. Nəhayət,
1982-ci ildə 56 nömrəli quyudan VIII horizontun 6097-6088 metr
hüdudlarından orta hesabla
gündə 550 ton kondensat
və 1100 min kubmetr qaz əldə edilmiş və
burada sənaye miqyaslı karbohidrogen
yığımlarının olması sübuta
yetmişdir. Yataqda əsas
işlənmə obyektləri məhsuldar qatın VII və
VIII horizontlarıdır.
ARDNŞ-nin birinci
vitse-prezidenti, akademik
Xoşbəxt Yusifzadə "Ömrümün
illəri və izləri" kitabında yazır: "Bəzi
alimlər Azərbaycanda böyük ehtiyatlara malik qaz yataqlarının olması fikrinə
şübhə ilə yanaşırdılar. Respublikanın quru hissəsində "Qaradağ",
dənizdə isə "Cənub" qaz
yataqlarının aşkar edilməsi də
çoxlarını inandıra bilmədi ki,
Azərbaycan mavi yanacaqla
da zəngin ölkədir. Lakin
1968-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda böyük qaz ehtiyatlarına malik olan "Bahar"
yatağının kəşfi ənənəvi fikri alt-üst etdi. Bir qədər irəli gedib deyə
bilərəm ki, sonralar
"Bulla-dəniz" yatağının kəşfi və
"Duvannı-dəniz - Bulla-dəniz" yatağının
VIII horizontunda qazın aşkar
olunması nəticəsində artıq 1982-ci ildə Azərbaycanda
qaz hasilatı 15,3 milyard
kubmetrə çatdı ki, bu da respublikanın bir çox rayonlarının
qazlaşdırılmasına imkan
yaratdı".
2010-cu ilin ortalarında "Bulla-dəniz"in
çıxarıla bilən ehtiyatları neft
və kondensat üzrə 0,882 milyon ton və qaz üzrə 7,101 milyard kubmetr həcmində qiymətləndirilmişdir.
Qeyd edildiyi
kimi, hazırda yanğının davam etdiyi 90 nömrəli
kəşfiyyat quyusu yatağın
şimal-şərq qanadında 29 nömrəli özüldə
məhsuldar qatın VIII horizontunun
ehtiyatlarının qiymətləndirilməsi üçün
layihələndirilmişdir. Bu quyuda qazma işlərinə
hələ keçən ilin
payızında dənizin dərinliyinin 26,5 metr
olduğu ərazidə
başlanmışdı. Qazmanın dərinliyi artıq 5868
metrə çatmışdı.
Hazırda
mütəxəssislər qəzanı aradan
qaldırmaqla yanaşı, bu quyunu da xilas
etmək istəyirlər. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev
jurnalistlərə bildirib ki,
əməliyyatlara cəlb olunmuş "Qurban Abbasov" gəmisinin
kranı üzərində böyük su şırnaqları hazırlanıb. Məqsəd
su pərdəsini sistemlərlə 30 tonluq quyu
başlığına endirib quyunu ələ almaq və
beləliklə, onu prosesə
qoşmaqdır. R.Abdullayev deyib:
"Belə ki, quyuda hasilat göstəriciləri yüksək olduğundan onun
istismarı məqsədəuyğundur".
Deməli, məqsəd
quyunun xilas edilməsi
və istismarıdır!
Lakin bu, nə
vaxt mümkün olacaq? Axı,
ümumiyyətlə, yataqlarda
baş verən qəzaları aradan qaldırmaq, o cümlədən
yanğını söndürmək,
sözügedən halda
isə üstəlik
həm də quyunu istismara daxil etmək o qədər də asan bir məsələ
deyil.
Neft eksperti
İlham Şaban deyir: "Qaz quyusunda baş vermiş bu tip qəzanın aradan qaldırılması üçün
nə qədər zaman gərəkdir? Əslində, bunun üçün
heç bir zaman göstəricisi adlı bir meyar
yoxdur. Çünki
hər bir qaz quyusunun öz
individual xüsusiyyətləri, daha doğrusu, qazın quyudan çıxma təzyiqi, quyuüstü alışmanın
vəziyyəti və
s. var... Başqa bir tərəfdən
quyunun heç dənizdə və quruda olması belə tez və
gec söndürülməsinə
dəlalət etmir".
Ekspert daha sonra
müxtəlif yerlərdə
və vaxtlarda neft-qaz quyularında baş vermiş yanğınların söndürülməsi
ilə bağlı bir neçə misal gətirir.
Məsələn, 2013-cü il avqustun
27-də Rusiyada, Sibirin
"Samburq" yatağında
qaz quyusunda davam edən yanğının söndürülməsinə
düz bir həftə sonra nail olublar. Ekspert eləcə
də 1963-cü ildə
keçmiş SSRİ-nin
qaz məkanı sayılan Özbəkistanda
"Urta-Bulaq" qaz yatağında baş vermiş yanğının
necə çətinliklə
söndürülməsindən söhbət açır.
1971-ci ildə Ukraynanın Xarkov vilayətindəki qaz yatağında, 1985-ci ildə
isə Xəzərin Qazaxıstan sektorundakı
"Tengiz" yatağının
neft quyusunda yanğınlar olub.
Xəzərin Azərbaycana məxsus bölməsində
isə indiyədək
yanğınlar əsasən
qaz quyularında müşahidə edilib.
Ən böyük yanğın
1968-ci ildə "Bahar"
yatağında baş
verib. O zaman yanğın iki aya qədər davam edib. Sonralar həmin
yataqda 1974 və
1985-ci illərdə də
yanğınlar olub.
Bu yanğınların söndürülməsi bir
neçə həftə
çəkib.
Deməli, bu və
ya digər səbəbdən hansısa
neft, yaxud qaz yatağında yanğının baş verməsi heç də müstəsna hal deyil.
Elə isə nə üçün bəzi insanlar, o cümlədən
müxalifətyönlü qəzetlər "Bulla-dəniz"də
baş verən qəzaya yanlış səbəblər "tapdılar"?
Hətta onu təxribat adlandıranlar da
oldu.
Əlbəttə,
heç kəs istəməz ki, qəza olsun! Çünki sözügedən tipli hər bir qəza məhsul
və vəsait itkisi, ekologiyanın
çirklənməsi, insanların narahatlığı və
s. deməkdir. İnsanlar
demişkən, şükür ki, bu qəzada insan itkisi olmayıb, heç kəsin səhhətinə zərbə dəyməyib.
Özüldə çalışan işçilər təcili
evakuasiya ediliblər.
Təbii ki, hər hansı bir qəzanın
səbəbləri araşdırılarkən onu
yaradan amillər aşkar
edilir, eləcə də buraxılan səhvlər
məlum olur. Nəticə etibarilə, günahkarlar varsa, onlar da öz
cəzalarını alırlar. Kənarda dayanıb yalan səbəblər uydurmaq,
hadisələrə siyasi rəng vermək,
ajiotaj yaratmaq, əsassız
şayiələr yaymaq isə
nadanların işidir...
İndi hamı -
mütəxəssislər də, adi vətəndaşlar
da istəyirlər ki,
"Bulla-dəniz"dəki alov sönsün və bu
yatağın alt horizontlarında böyük ehtiyatlar olduğunu sübut edən
90 nömrəli quyu tez
həyata qayıtsın. Çünki bu quyu ilə, bu tapıntı
ilə Xəzərin qiymətli yataqlarından olan
"Bulla-dəniz" yeni bir
dövrünü yaşamağa
başlayar.
Flora
SADIQLI
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 11.