Çinin nüfuzlu
«Global times» qəzeti
Azərbaycan xalçası və Naftalan nefti haqqında məqalələr dərc etmişdir
Çin Xalq
Respublikasının gündəlik "Global
times" ("Huanqiu Shibao") qəzetində Azərbaycan
haqqında növbəti iki məqalə
dərc edilmişdir.
Azərbaycanın
Çindəki səfirliyinin təşkilatçılığı
ilə bir müddət öncə ölkəmizdə
səfərdə olan "Global
times" qəzetinin əməkdaşları
Azərbaycan haqqında silsilə məqalələr
hazırlayırlar. Növbəti iki məqalə
Azərbaycan xalçası və Naftalan nefti haqqındadır.
Gündəlik
1,5 milyon nüsxə tirajla
çap olunan nüfuzlu "Global times" qəzetində dərc edilən
"Xalçaçılıq - Azərbaycan xalqının milli sərvətidir" başlıqlı məqalədə
xalqımızın qədim xalçaçılıq sənətindən,
Azərbaycan xalçalarının gözəlliyindən,
xalçaçılığın bugünkü
vəziyyətindən söz
açılır. Müəllif qeyd edir ki, tarixi
Bürünc dövrünədək gedib çıxan xalçaçılıq
sənəti orta əsrlərdə
çiçəklənməyə başlamışdır.
Həmin dövrdən etibarən Azərbaycan
xalçaları xarici ölkələrə
ixrac olunmağa
başlamışdır. Hazırda dünyanın nüfuzlu muzeylərinin nadir
eksponatları sırasında Azərbaycan xalçaları da yer alır.
Qəzet
yazır ki, bir çox Avropa rəssamları
Azərbaycan xalçalarının naxışlarından öz əsərlərində mütəmadi
istifadə edirlər. Daha bir
maraqlı fakt isə məşhur Yalta konfransında SSRİ, ABŞ və Böyük Britaniya
dövlət başçılarının görüşü
zamanı döşəmədəki xalçanın Azərbaycandan
gətirilməsi ilə bağlı məqamdır.
Məqalədə
həmçinin Azərbaycan hökumətinin
xalçaçılıq sənətinin qorunması və
inkişafı istiqamətində gördüyü
işlərdən söz
açılır, ölkənin müxtəlif bölgələrində
xalça muzeylərinin və
xalçaçılıq məktəblərinin fəaliyyət göstərdiyi bildirilir. Eləcə də xalça
sənətinin qorunması və inkişaf
etdirilməsinə dair xüsusi
qanun qəbul olunduğu
diqqətə çatdırılır.
"Azərbaycanda
xəstəliklər neft vannası ilə
müalicə edilir"
başlıqlı məqalədə isə Naftalan
neftinin müalicəvi əhəmiyyətindən
bəhs edilir. Qeyd olunur ki, müalicəvi
xüsusiyyətə malik Naftalan
neftindən faydalanmaq istəyənlər
təkcə Azərbaycan vətəndaşları deyil. Dünyanın müxtəlif ölkələrindən
bu sehrli neftin sorağını alıb gələnlər
var. Hər il 10 mindən
çox turist Naftalan nefti ilə
müalicə olunmaq məqsədilə Azərbaycana
gəlir.
Şahin
CƏfƏrov,
AzərTAc-ın
xüsusi müxbiri
Pekin
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 11.