Azərbaycan-Böyük
Britaniya əməkdaşlığı
müzakirə edilmişdir
Azərbaycanın
xarici işlər naziri
Elmar Məmmədyarov Böyük
Britaniya və Şimali
İrlandiya Birləşmiş
Krallığına işgüzar səfəri
çərçivəsində bu ölkənin
xarici işlər naziri
Uilyam Heyq ilə görüşmüşdür.
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə
BMT Təhlükəsizlik Şurasının gündəliyində
duran aktual məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır. İkitərəfli əməkdaşlıq
məsələlərinin geniş müzakirə edildiyi görüşdə ölkələrimiz
arasında əlaqələrin gələcəkdə daha da inkişafı üçün yaxşı perspektivlərin olduğu vurğulanmışdır.
Böyük iqtisadi nailiyyətlər əldə etmiş Azərbaycanın 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyi
münasibətilə təbriklərini çatdıran nazir Uilyam Heyq
ölkəsinin Londonda keçirilmiş
Yay Olimpiya
Oyunlarını uğurla təşkil etdiyini və bu sahədə
Böyük Britaniyanın öz
təcrübəsini
Azərbaycan ilə bölüşməkdən məmnun
olacağını diqqətə
çatdırmışdır.
Azərbaycanın
enerji məsələlərində rolunun yüksək qiymətləndirildiyini deyən
Uilyam Heyq NATO çərçivəsində
əməkdaşlığa və Əfqanıstanda həyata
keçirilən əməliyyatlara verdiyi
töhfələrinə görə təşəkkürünü
ifadə etmişdir.
Azərbaycanın Birləşmiş
Krallıq ilə enerji sahəsində əməkdaşlığının
uğurla həyata keçirildiyini
qeyd edən nazir Elmar Məmmədyarov sərmayə qoyuluşu, turizm, təhsil
kimi digər sahələrdə əlaqələrin
daha da inkişaf
etdirilməsi üçün geniş imkanların olduğunu
bildirmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı danışıqlar prosesi haqqında məlumat verən E.Məmmədyarov
problemin həlli üçün,
ilk növbədə, Ermənistan
silahlı qüvvələrinin işğal
etdiyi Azərbaycan torpaqlarından
çıxarılmasının zəruriliyini
vurğulamış və hərtərəfli
sülh müqaviləsinin
hazırlanması üzrə fəaliyyətə
başlamağın vacib olduğunu
diqqətə çatdırmışdır.
Uilyam Heyq ikitərəfli münasibətlərin daha da inkişaf
etdirilməsinin hər iki ölkənin
maraqlarına cavab verdiyini
bildirərək rəsmi Londonun
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə əlaqədar ATƏT-in Minsk
qrupunun fəaliyyətini dəstəklədiyini
və münaqişənin sülh yolu
ilə həllinin tərəfdarı olduğunu
qeyd etmişdir.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 10.