Avropa İttifaqı ilə əməkdaşlığın
inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindəndir
Sentyabrın
3-də Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov
Londona səfəri çərçivəsində
Böyük Britaniya
parlamentində Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun, həmçinin
Lordlar və İcmalar
palatalarının xarici əlaqələr
və enerji məsələləri
üzrə komitələrinin üzvləri ilə görüşmüşdür.
Görüşdə
Elmar Məmmədyarov ölkəmizin sosial-iqtisadi inkişafı, son
illərdə bütün sahələrdə
əldə etdiyi nailiyyətlər, uğurlu beynəlxalq əlaqələri,
xüsusilə ikitərəfli və çoxtərəfli formatda Azərbaycan-Böyük Britaniya əməkdaşlığının
inkişafı barədə danışmışdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
və bu problemin həlli
ilə əlaqədar danışıqlar prosesi
haqqında məlumat verən E.Məmmədyarov rəsmi
Bakının mövqeyini görüş
iştirakçılarının diqqətinə
çatdırmışdır. Münaqişənin həlli üçün, ilk
növbədə, Ermənistan qoşunlarının Azərbaycanın
işğal olunmuş
ərazilərindən çıxarılmasının vacibliyi vurğulanmışdır.
Elmar Məmmədyarov Azərbaycan
iqtisadiyyatının, xüsusilə qeyri-neft
sektorunun uğurla inkişaf etdiyini və son illər ərzində müşahidə olunan yüksək iqtisadi
artım tempinin davamlı xarakter
aldığını söyləmişdir.
Nazir Azərbaycan
və Böyük Britaniya
arasında münasibətlərin hazırkı səviyyəsini
yüksək qiymətləndirərək enerji
sahəsində əməkdaşlığın ikitərəfli
əlaqələrin inkişafında mühüm
rol oynadığını qeyd etmişdir.
Azərbaycanın
Gürcüstan və Türkiyə ilə
regional əməkdaşlığı
genişləndirdiyini deyən xarici siyasət
idarəsinin rəhbəri Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini,
Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərini regionun
davamlı inkişafına mühüm töhfə
kimi qiymətləndirmişdir.
Nazir qonşu
dövlətlərlə yanaşı, Avropa
İttifaqı ölkələri ilə əməkdaşlıq
əlaqələrinin inkişaf etdirilməsinin
Azərbaycanın xarici siyasət prioritetlərindən
biri olduğunu diqqətə
çatdırmışdır.
Britaniya-Azərbaycan
parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer Azərbaycanın xarici
işlər naziri ilə Britaniya
parlamentində görüşdən məmnunluğunu bildirmiş, ətraflı məlumata görə
Elmar Məmmədyarova təşəkkür
etmişdir.
K.Pinçer dostluq
qrupunun fəaliyyəti və Azərbaycan
Respublikasının Milli Məclisi ilə
əməkdaşlığı haqqında məlumat vermişdir.
Görüşdə
nazir E.Məmmədyarov Azərbaycan-Böyük
Britaniya münasibətləri və
hazırda BMT gündəliyində olan aktual məsələlərə dair sualları cavablandırmışdır.
Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 10.