İmişli yeni dövrünü yaşayır

 

Son illərdə dinamik inkişafı, sürətli yüksəlişi ilə Muğan düzünün  parlaq ulduzuna çevrilən İmişli daha işıqlı sabahlara doğru inamla addımlayır. Dövlətin yetərli qayğı və diqqətinin ünvanına çevrilən bu bölgə son zamanlar, sözün həqiqi mənasında, əsl intibah dövrünü yaşayır. Bir-birinin ardınca işə salınan istehsalemal müəssisələri rayonun sənaye potensialını müqayisəedilməz dərəcədə artırmaqla yanaşı, yeni yerlərinin açılmasını təmin edir, bölgə əhalisinin faydalı məşğulluğuna imkan yaradır. Kənd təsərrüfatı rayonu olan İmişli elmi əsaslarla idarəetmə nəticəsində, mütərəqqi texnologiyaların bacarıqla, yerli şəraitin spesifik xüsusiyyətlərinə uyğun bir yaradıcılıqla tətbiq edilməsi sayəsində gerçək bir sənaye mərkəzinə çevrilməkdədir.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev söhbət zamanı deyir ki, inkişaf etmiş ölkələr iqtisadi böhran burulğanında çabalasa da, Azərbaycan dünyanı heyrətə salan sürətlə inkişaf etməkdədir. Yeniləşən, gözəlləşən, son illər bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən, çoxsaylı ali qonaqları heyran qoyan təkcə paytaxt Bakı deyildir. İndi respublikanın bölgələri arasında genişmiqyaslı abadlıq, quruculuq sahəsində böyük rəqabət gedir. Regionların sosial-iqtisadi inkişafına hesablanan dövlət proqramları vüsət alan bu xeyirxah rəqabətə gerçək anlamda stimul verir.

Abadlıq, quruculuq bəhsində İmişlinin  ön mövqedə qərar tutması isə təsadüfi xarakter daşımır. Regionun geniş iqtisadi potensialı, bölgə əhalisinin  işgüzarlığı, əməksevərliyi bu prosesdə böyük rol oynayır. Dövlət səviyyəsində həyata keçirilən uğurlu kadr siyasəti, necə deyərlər, işin işbilənə tapşırılması ümumi nailiyyətləri şərtləndirən həlledici amildir. İnkaredilməz bir reallıqdır ki, bu gün Azərbaycanın bütün bölgələrində tikinti, abadlıq, quruculuq işləri vüsət alıb. Bu sırada İmişlini fərqləndirən əsas cəhət isə işlərin xüsusi zövqlə, yüksək kefiyyətlə görülməsidir. Bu üstün cəhət hər kəsin diqqətini istər-istəməz cəlb edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramın ifadəsi kimi ucaldılmış "Heydər Əliyev Mərkəzi" öz möhtəşəmliyi və gözəlliyi ilə bir ecazkar sənət əsəri təsiri bağışlayır. Tikintisi müvəffəqiyyətlə başa çatdırılmış "Gənclər Mərkəzi" xüsusi yaraşığı ilə İmişlinin gözəlliyinə yeni vurulan bir naxışdır. Bu mərkəz rayonun yeniyetmə və gənclərinə dövlətin dəyərli hədiyyəsidir. Burada Vətənini, xalqını, milli-mənəvi dəyərlərini  sonsuz məhəbbətlə sevən, elinə-obasına qırılmaz tellərlə bağlı, yüksək intellektual səviyyəyə malik yeni nəslin - sabahımızın  qurucularının yetişməsi üçün  nümunəvi şərait yaradılmışdır. Yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilən mərkəzin fəaliyyətə başlaması yeniyetmə və gənclərin öz asudə vaxtlarını səmərəli keçirmələri, kamil şəxsiyyət kimi formalaşmaları yolunda mühüm rol oynayacaqdır.

İnkişafın, yüksəlişin əsas hədəfi insan amilidir. Dövlətin daxili siyasətinin  ana xətti insanların yaşayış səviyyəsini hər vasitə ilə yüksəltməyə, onların qayğısız yaşamasını təmin etməyə hesablanır. Bu, İmişlinin timsalında da aydın görünür. İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Dövlətin vəsait ayırdığı bu möhtəşəm layihənin icrası bölgə əhalisində, sözün həqiqi mənasında, yüksək əhval-ruhiyyə doğurmuşdur. Əsrlər boyu içməli su sarıdan korluq çəkən İmişli camaatı dövlətin qayğısı sayəsində tezliklə bu problemdən xilas olacaqdır. "Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə" çərçivəsində işlər zərbəçi ahənglə davam etdirilir. Layihədə su mənbəyi kimi nəzərdə tutulan Beyləqan rayonunun Aşıqlılar kəndi ərazisində artezian quyularının qazılması qrafik əsasında aparılır.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin  yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu aydın mövqeyin göstəricisidir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə İmişli şəhərində 6 mərtəbəli, 54 mənzilli yaşayış binası inşa olunur. Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzil şəraitini yaxşılaşdırmaq üçün Bəhrəmtəpə ərazisində 550 evdən ibarət yeni qəsəbə salınır. Qəsəbədə geniş, işıqlı və rahat evlərlə yanaşı, məktəb, uşaq bağçası, tibb məntəqəsi və s. xidmət obyektləri də inşa olunmuşdur. İndi yeni qəsəbənin tikintisində son tamamlama işləri görülür.

Yeni dərs ilinin yaxınlaşması hər yerdə olduğu kimi, İmişlidə də qayğıları artırmışdır. Məktəblərin yeni dərs ilinə nümunəvi hazırlanması üçün qüvvələr səfərbər edilmişdir. 960 şagirdlik şəhər 5 saylı məktəb-liseyin yüksək zövqlə əsaslı təmiri və müasir avadanlıqlarla təchiz olunması şəhər ictimaiyyətində böyük razılıq doğurur. Rayonun Cavadxanlı, Buludlu, Cəfərli və Sarıxanlı kənd məktəblərində bərpa-gücləndirmə işləri görülmüş, Xoşçobanlı kənd məktəbi üçün  yeni korpus tikilmişdir.

İmişlidə yüksəlişin, inkişafın sürəti bir an da olsun səngimir. Son illərdə fəaliyyətə başlayan "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin Qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə  qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən "Araz Damazlıq Quşçuluq" MMC-nin səmərəli fəaliyyəti rayon iqtisadiyyatının inkişafına sanballı töhfədir.

"Bayraq meydanı" İmişli sakinlərinin çox sevdiyi, həm də yeni yaradılan bir məkandır. Yayın bu qızmar günlərində şəhər sakinləri axşamlar gəzintiyə çıxmağı, dincəlməyi çox xoşlayırlar. "Heydər parkı"ndakı güllərin, çiçəklərin  ətrindən, buradakı musiqili fontanın sərinliyindən, əsəblərə çəkdiyi sığaldan zövq alan, xoş ovqata köklənən imişlililər başları üzərində, əlçatmaz yüksəklikdə dalğalanan üçrəngli bayrağımızla qürur duyurlar.

 

 

 

Lazım QULİYEV

 

Azərbaycan. - 2013.- 5 sentyabr.- S. 10.