Masallıda Mədəniyyət
Mərkəzi əsaslı təmirdən sonra istifadəyə
verilmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də
Masallıda Mədəniyyət Mərkəzinin əsaslı
təmirdən sonra açılışında iştirak
etmişdir.
Dövlət
başçısına məlumat verildi ki, Mədəniyyət
Mərkəzi 1956-cı ildə inşa olunmuşdur. Bu mədəniyyət
ocağı istismarda olduğu müddətdə əsaslı
təmir edilməmişdir. Ümumi sahəsi 7300 kvadratmetr olan
bina üçmərtəbəlidir. Rayonun bu əsas mədəniyyət
ocağının əsaslı təmirinə 2011-ci ildən
başlanılmışdır. Tikinti işləri Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə həyata
keçirilmişdir.
Mərkəzin
foyesində ulu öndər Heydər Əliyevin mədəniyyət
və incəsənət xadimlərinə qayğısından
bəhs edən fotoguşə yaradılmışdır.
Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin
inkişafına, bu sahədə böyük əmək sərf
edən insanlara diqqət və qayğısını əks
etdirən fotolar da toplanmışdır.
Dövlət
başçısının Masallıya ötən səfərindən
sonra şəhərin inkişafı məqsədilə
imzaladığı sərəncama uyğun olaraq ayrılan vəsait
hesabına yenidən qurulan Mədəniyyət Mərkəzinin
binası müasir standartlara cavab verir. 358 yerlik tamaşa
salonundan və digər
yardımçı otaqlardan ibarət Mədəniyyət Mərkəzinin
bütün infrastrukturu tamamilə yenidən qurulmuşdur.
Mərkəzlə
tanışlıq zamanı dövlət
başçısı rayon incəsənət məktəbi
xor kollektivinin ifasını dinlədi.
Prezident
İlham Əliyev Masallı ictimaiyyətinin nümayəndələri
ilə görüşdü.
Rayon ictimaiyyətinin
nümayəndələrini salamlayan Prezident İlham
ƏLİYEV dedi:
- Mədəniyyət
mərkəzi hazırdır. Artıq fəaliyyətə
başlayır. Çox şadam ki, yüksək səviyyədə
təmir olunub. Keçən dəfə burada olarkən
göstəriş verilmişdi ki, bina əsaslı şəkildə
təmir olunsun və bu gün artıq hazırdır. Bu da hesab edirəm ki, həm Masallının, həm
də Azərbaycan mədəniyyətinin inkişafına
növbəti bir töhfədir. Əlbəttə ki,
bütün infrastruktur layihələri ilə yanaşı, əlbəttə
ki, mədəniyyətlə bağlı olan tədbirlər,
obyektlər, mədəniyyət sahəsindəki işlər
xüsusi məna daşıyır. Çünki mədəniyyət
hər şeyin əsasıdır.
Azərbaycan
xalqının çox zəngin mədəniyyəti, tarixi
vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə
fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti,
musiqisi, tarixi ilə tanınan bir ölkədir.
Dünyanın müxtəlif yerlərində Azərbaycan
günləri keçirilir. Azərbaycan mədəniyyətinin
nə qədər zəngin olduğunu artıq bütün
dünya bilir. Bakıda, eyni zamanda, bölgələrdə, o
cümlədən Masallıda müxtəlif mədəni tədbirlər,
müsabiqələr keçirilir. Azərbaycan cəmiyyəti
həmişə mədəniyyətə çox
bağlı olub və bu gün müstəqil Azərbaycan
dövləti çox güclü əsaslar - tarixi, mədəni
əsaslar, mənəvi dəyərlər üzərində
qurulubdur. Ona görə də mədəniyyət mərkəzlərinin,
yenidən qurulması böyük əhəmiyyət daşıyır.
Yenə də deyirəm ki, bütün başqa layihələrlə
bərabər, bu sahədəki işlər də təqdirəlayiqdir.
Son 10 il ərzində
mən Masallıda dəfələrlə olmuşam. Bu, mənim
səkkizinci səfərimdir. Demək olar ki, hər il gəlirəm
və hər il müxtəlif açılışlarda
iştirak edirəm. Sevinirəm ki,
açılışların sayı artır və vaxtilə
verilmiş qərarlar nəticə verir, gözəl səmərə
verir. Masallıda son illər ərzində böyük işlər
görülmüşdür. Bu gün də bu işlər
davam etdirilir. Xüsusilə, rayonun infrastrukturu ilə
bağlı layihələr uğurla icra edilir. Yol tikintisi
sürətlə gedir, kənd yolları tikilir. Masallıda
100-dən çox kənd vardır. Çox vacib layihədir.
Çünki kənd yolu kənddə yaşayan insanlar
üçün əsas məsələdir. Biz, əlbəttə
ki, ilk növbədə magistral yolların çəkilişi
ilə bağlı qərarlarımızı vermişik.
İndi isə kənd yollarının çəkilişinin
növbəsi gəlib və Masallıda bu layihələr
geniş vüsət almışdır. Yaxın aylarda
müasir xəstəxana olacaqdır.
Rayonlar
bir-birindən fərqlənir. Elə rayon var ki, orada əhalinin
əksəriyyəti rayon mərkəzində, şəhərdə
yaşayır. Masallıda isə əksəriyyət kəndlərdə
yaşayır. Belə olan halda biz şəhəri su ilə təmin
edəcəyik. Bəs kəndlər necə olacaq?! O tövsiyələr
nəzərə alınmışdır. Bu layihə gələn
ilin sonunda başa çatmalıdır və təmiz
içməli su veriləcəkdir. Bu da
böyük tarixi nailiyyətdir. Çünki ölkəmizdə
su mənbələri məhduddur. Əvvəlki dövrlərdə,
sovet dövründə də su həmişə problem idi.
1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə su kəmərləri çəkilmişdir. O
vaxt Azərbaycan əhalisi o qədər də çox deyildi.
İndi əhali artır, tələbat da artır. Bir də
ki, vaxtilə çəkilmiş xətlər artıq istismar
müddətini başa vurur. Belə olan halda yeni layihələrin
icrası böyük əhəmiyyət daşıyır. Bu
gün ölkəmizin hər yerində içməli su layihələri
icra edilir, o cümlədən bu zonada. Bu gün biz Biləsuvarda
və Yardımlıda içməli su layihələrinin
açılışını qeyd etmişik.
SAKİN: O
gün olsun bizdə də olsun.
Prezident
İlham ƏLİYEV: Sizdə gələn il olacaq. Hər
rayonda, hər şəhərdə. Bütün şəhərlər
100 faiz, kəndlərin də böyük əksəriyyəti
ilkin mərhələdə su ilə təmin ediləcəkdir.
Bu layihələrin böyük əhəmiyyəti vardır.
Çünki su həyat deməkdir. İnsan susuz yaşaya
bilməz. Bizim əksər şəhərlərimizdə
kanalizasiya ümumiyyətlə ya yox idi, ya da ki
yarımçıq vəziyyətdə idi. İçməli
su cədvəllə verilir. Bakının müəyyən
yerlərində baxmayaraq ki, biz su xətləri çəkirik,
bu gün Bakının bir hissəsi yenə də cədvəllə
su alır. Ona görə, böyük proqram
icra edilir ki, Bakı, bütün şəhərlər, əksər
kəndlər içməli su ilə təmin olunsun.
İnsanlar bunun xeyrini görəcəklər - həm
bugünkü, həm də gələcək nəsil.
Çünki insanların sağlamlığı
üçün içməli su əsas məsələdir.
Masallıda təbiət gözəldir, hava təmizdir,
dağlar, meşələr, ərzaq məhsulları keyfiyyətlidir.
Yəni, burada təkcə su məsələsi problem
yaradır. Bu da güman edirəm ki, gələn ilin sonuna qədər
həllini tapacaq və bütün digər sosial layihələr
icra ediləcəkdir. Bilirəm ki, hələ də qəzalı
vəziyyətdə məktəblər vardır. Onların
sayı çox az da deyildir. Onlar da əsaslı şəkildə
təmir edilməlidir. Xəstəxana, içməli su, kənd
yolları, elektriklə təchizat, qazlaşdırma sizdə
yaxşı gedir. Masallı rayonunun bütün kəndləri
qazlaşdırılmalıdır.
Bizim regional
proqramımızın təməlində məhz bu prinsip
dayanır. Çünki regional proqram dedikdə bəziləri
hesab edir ki, rayon mərkəzi elə regiondur. Düzdür,
amma kənd də, qəsəbə də vardır. Onlar da regiondur. Əlbəttə
ki, rayon mərkəzləri, şəhərlər, ilk
növbədə, diqqət mərkəzindədir. Ancaq bütün kəndlərdə də yol, qaz,
elektrik, su xətləri çəkilməlidir. Əgər belə getsə, burada yaxın illərdə
bir dənə də olsun infrastruktur problemi qalmayacaqdır.
Bütün məsələlər öz həllini
tapacaqdır. Əlbəttə, bununla bərabər,
iqtisadi sahədə islahatlar davam etdirilməlidir. Kənd təsərrüfatının, turizmin
inkişafı üçün Masallının potensialı
böyükdür. Burada sənaye müəssisələri,
iş yerləri yaradılır. Bu işlərə
gələcəkdə daha da böyük təkan veriləcəkdir.
Çünki hələ görüləsi
işlər çoxdur. Biz hələ
sizinlə gələcəkdə çox görüşəcəyik.
Çünki növbəti
açılışlar vardır. Su layihələri,
xəstəxananın istifadəyə verilməsi, digər tədbirlər
olacaqdır. Bu tədbirlərdə sizinlə
bərabər olacağıq.
Sizi bir daha təbrik edirəm.
* * *
Rayon Ziyalılar Cəmiyyətinin sədri
Qardaş FƏTULLAYEV dedi:
- Cənab Prezident, Sizi bütün
masallılılar adından salamlayıram və Sizə
"Xoş gəlmisiniz!" deyirəm. Dediyiniz
kimi, Masallıda son illər çox işlər
görülüb, yaxşı küçələr, parklar
salınıb. Başqa rayonlarda
görülən bütün işlər burada da
görülür. Bu işlər təkcə
rayon mərkəzində yox, kəndlərdə də, qəsəbələrdə
də görülür. Hazırda kəndlərimizə
asfalt yollar, qaz xətləri çəkilir. Elə kəndlərimiz var ki, indiyədək təbii
qaz görməmişdi, amma indi təbii qazdan istifadə edir.
Mən bir məsələni Sizin diqqətinizə
çatdırmaq istəyirəm. Bizim bölgədə
Muğan zonası deyilən bir ərazi vardır. Orada 110 min əhali yaşayır. O ərazidə
bir çox problemlər həll olunub. Yolu
asfaltdır, işığı daimidir, təbii qazı,
müasir məktəbi vardır. Lakin
onların çoxdandır ki, bir problemləri var - içməli
su. Yüz min əhali indiyədək suyu kənardan
nəqliyyatla daşıyır. Qədimdə
at arabaları ilə, indi isə maşınla
daşıyırlar. Tarixən orada su
olmayıb. İndi onlar çox sevinirlər
ki, dediyiniz kimi, gələn ilin axırında oraya içməli
su veriləcəkdir, özü də təmiz bulaq suyu,
dünya standartlarına cavab verən su. Buna
görə onlar həmişə Sizə, ailənizə,
balalarınıza, nəvələrinizə dua edirlər.
Çünki bu, onların ən
ağrılı yeri idi. Dediyiniz kimi, su həyatdır,
təmizlikdir, sağlamlıqdır. Siz bu
problemi həll edirsiniz. Bu, rəhbərin
xalqa qayğısıdır. Bu, Prezidentin
insanların sosial problemlərinin həlli üçün
lazımi olan bütün vasitələrdən istifadə etməsidir.
Mən bunun üçün Sizə "Çox sağ olun!" deyirəm. Bu,
böyük, müqəddəs işdir.
Hazırda kəndlərimizdə istirahət
mərkəzləri yaradılıb. Şəhərdə də bu cür mərkəzlər
- Ağsaqqallar klubu, Gənclər mərkəzi
yaradılıb. Hətta uşaqlar da nəzərə
alınıb. Onlar üçün əyləncə
mərkəzləri yaradılıb. Bunlar
çox gözəl işlərdir. Siz də,
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da mədəniyyətin
inkişafına çox böyük diqqət yetirirsiniz.
Burada bugünkü
çıxışınız bir daha sübut etdi ki,
doğrudan da, mədəniyyətə diqqət yetirirsiniz.
Bir xalqın mədəniyyəti olmasa, o xalqın heç nəyi
ola bilməz. Çox sağ
olun. Bizim mədəniyyət sahəsində təcrübəmiz
çoxdur. Son iki ildir biz ardıcıl olaraq Beynəlxalq
folklor festivalına ev sahibliyi edirik. Bu, Azərbaycanda birinci dəfədir. Özü də xarici ölkələrdən buraya
kollektivlər gəlir, bizim folklorumuzu öyrənir, gedib
yayırlar. Bu gün Sizin
qarşınızda duran bu milli geyimli xanımlar 50 ildən
çoxdur ki, xalqa təmənnasız xidmət edirlər.
* * *
Mahmudavar kənd mədəniyyət evinin
direktoru Natəvan ƏLİYEVA dedi:
- Cənab Prezident, Sizi mədəniyyət
işçiləri adından salamlayıram. Rayonumuza
xoş gəlmisiniz. Çalışdığım
"Halay" folklor xor kollektivi 1956-cı ildə mənim anam
Ümbülbanu Cəbiyeva tərəfindən
yaradılıb. Yarandığı
gündən bu günə qədər dünyanın bir
çox ölkələrində Azərbaycan mədəniyyətini,
Azərbaycan folklorunu uğurla göstərə bilmişik.
Hər zaman Azərbaycanımıza yüksək
mükafatlarla, diplomlarla, fəxri fərmanlarla
qayıtmışıq.
Cənab Prezident, hələ 1981-ci ildə
Azərbaycanda 30-cu qurultay keçirilib.
Qurultayda verilən yüksək konsert
proqramında biz iştirak edirdik. Ulu
öndərimiz Heydər Əliyev konsert proqramından sonra səhnəyə
çıxdı və bizim yanımıza gəldi.
Masallı mədəniyyəti çox zəngindir,
çox genişdir. Folklorumuz
çox genişdir. Bizim gözəl meydan
oyunlarımız, çox gözəl folklor nümunələrimiz
vardır. Masallı folkloru haqqında Folklor
İnstitutunda ikicildlik kitab hazırlanır. Artıq birinci cild hazırdır, ikinci cild üzərində
tamamlanma işləri gedir.
* * *
Prezident İlham ƏLİYEV: Sağ olun. Yaxşı olar ki, sizin kollektivləriniz Azərbaycanın
müxtəlif şəhərlərində konsertlər versin.
Çünki indi belə gözəl mədəniyyət
mərkəzləri hər yerdə vardır. Hər bir bölgədə gözəl, müasir mədəniyyət
mərkəzləri vardır. Bölgələr
arasındakı əlaqələr daha da sıx
olmalıdır. Çünki indi bizim mədəniyyətimiz
çox zəngindir, çoxşaxəlidir, müxtəlifdir.
Müxtəlif yerlərdə yaşayan
insanların öz ənənələri, öz tarixi
vardır. Yaxşı olar ki, sizin
kollektiviniz Bakıda, başqa şəhərlərdə daha
tez-tez çıxış etsin. Eyni
zamanda, xaricə də qastrollara çıxsın ki, bu
gözəl sənət tanınsın. Çünki
burada bu mədəniyyətlə bağlı biz fikirlərimizi
bölüşürük. Bir daha demək
istəyirəm ki, bu, əsasdır. Hər
bir dövlətin, hər bir xalqın əsasıdır.
Azərbaycan uzun illər, əsrlər boyu
başqa dövlətlərin tərkibində
yaşamışdır. Ancaq
öz milli xüsusiyyətlərini itirməmişdir. Nəyə görə? Ona görə
ki, mədəniyyət, incəsənət güclü olub və
Azərbaycan xalqı öz mədəniyyətinə həmişə
bağlı olubdur. Bu gün müstəqillik
dövründə əlbəttə ki, bu sahədə daha da
ciddi addımlar atılmalıdır. Çox
vacib məsələ ondan ibarətdir ki, gənc nəsil də
bizim milli mədəniyyətə maraq göstərsin. Çünki indi dünyada qloballaşma meylləri
gedir. On il bundan əvvəl demək
olar ki, ictimaiyyətin əksəriyyəti bunu
alqışlayırdı, indi bu məsələlərə
daha da real baxışlar üstünlük təşkil edir.
Qloballaşma əlbəttə ki, zəmanənin tələbidir.
Amma qloballaşma adı altında milli dəyərlər
gərək itməsin, biz onu gərək itirməyək.
Gənclər milli ruhda tərbiyə
almalıdırlar - vətənpərvərlik ruhunda, milli
ruhda. Onlar öz ənənələrinə
sadiq olmalıdırlar, öz incəsənətini
yaşatmalıdırlar. Bu, nadir bir sənətdir.
Bunu siz yaşadırsınız və sizdən
sonra gələn nəsil də bunu davam etdirməlidir.
Qardaş FƏTULLAYEV: Son günlərdə
müəllimlərin, həkimlərin, mədəniyyət
işçilərinin maaşlarını, təqaüdçülərin
təqaüdlərini artırdığınıza görə
Sizə təşəkkür edirəm. Bu,
bütün insanlarda ruh yüksəkliyi yaradıb. Həmin insanlar adından Sizə təşəkkürümü
bildirirəm.
Prezident İlham ƏLİYEV: Sağ olun. Maaşlar vaxtaşırı artırılır,
pensiyalar da artırılır. Bu artım
da xüsusi məna daşıyır, çünki dünyada
indi maaşlar artmır, əksinə kəsilir,
azaldılır, ixtisara düşür. İş həftəsi,
pensiya müddəti artırılır, maaşlar kəsilir,
iş yerləri kəsilir. Bəzi inkişaf
etmiş ölkələrdə işsizlik 30 faizə
çatmışdır. Ancaq Azərbaycan
çox nadir ölkələrdəndir ki, hətta bu illərdə
də maaşlar, pensiyalar artırılır. Bu son
artım 3 milyon insana şamil ediləcəkdir, pensiyaçılarla bərabər.
Əgər desəm ki, indiki dövlət
işində işləyənlərin maaşı bizi qane
edir, yəqin ki, düz olmaz. Ancaq dinamika,
artım vardır. Azərbaycan
iqtisadiyyatı gücləndikcə əlbəttə ki, bu artımlar
daha da təsirli olacaqdır. Ancaq hər
şey müqayisədə ölçülür. MDB məkanında
orta maaş və orta pensiyanın həcminə
görə Azərbaycan qabaqcıl yerlərdədir.
Əsas odur ki, sosial məsələlər
daim diqqət mərkəzindədir. Bax bu mədəniyyət mərkəzinin
açılışı sosial layihədir, içməli su
sosial layihədir, kənd yolu, xəstəxana sosial layihədir.
Görülən bütün işlərin
hamısı sosialyönümlüdür. Bütün bu işlərə böyük vəsait
tələb olunur. Azərbaycan bildiyiniz
kimi, o ölkələrdəndir ki, öz hesabına
yaşayır, heç kimdən, heç bir başqa dövlətdən,
beynəlxalq maliyyə qurumundan asılı deyildir. Əksinə, biz indi özümüz bəzi beynəlxalq
maliyyə qurumlarına kreditlər veririk. Yəni,
biz bu səviyyəyə çatmışıq. Ona
görə biz bütün işləri öz hesabımıza edirik. Bu
gün böhran içində olan ölkələrdə
dövlət borcu onların ümumi daxili məhsulunun 100 faizindən
çoxdur - 150 faiz, 180 faiz vardır. Yəni, ölkədə
il ərzində istehsal olunan məhsullar
dövlət borcundan azdır. Yəni, borc o qədər
böyükdür ki, bütün iqtisadi artım onu ödəmir.
Azərbaycanda isə xarici dövlət borcu
ümumi daxili məhsulun 7 faizini təşkil edir. Yəni, bu, dünyada çox nadir hallarda
müşahidə olunan bir məsələdir. Yəni, biz nəinki öz hesabımıza
yaşayırıq, bizim, eyni zamanda, böyük
ehtiyatımız vardır. İndi bizə
müxtəlif yerlərdən təkliflər gəlir ki,
kredit versinlər. Biz isə istəmirik, hər
şeyi özümüz edirik.
Masallı rayonu da Azərbaycanın
ümumi inkişafında həmişə xüsusi yer tutur.
Burada vətənpərvər insanlar
yaşayır. Sizi bir daha ürəkdən
salamlayıram.
* * *
Qafqaz Müsəlmanları İdarəsinin
qazısı Mirqiyas TƏHMƏZOV dedi:
- Cənab Prezident, ulu öndər Heydər
Əliyevin çəkdiyi o zəhmət bu gün bəhrəsini
verir. Siz onun davamçısısınız.
Mən həmişə tədbirlərdə
deyirəm ki, bizim hamımızın üzərində ulu
öndər Heydər Əliyevin haqqı vardır. Ümummilli lider bizim üçün iki əmanət
qoyub - biri canlı, o biri cansız əmanətdir. Canlı əmanət Sizsiniz. Cansız
əmanət isə bizim müstəqilliyimizdir. Biz rəhbərimiz,
böyüyümüz kimi hər zaman Sizin
arxanızdayıq. Sizə çox böyük
minnətdarlıq edirəm. Həzrəti
Peyğəmbərə sual verdilər ki, ya Rəsulallah, ən
qiymətli yer haradır? Peyğəmbər dedi ki, ən
qiymətli yer məktəbdir. Dedilər: Ya Rəsulallah, məsciddən
də qiymətlidir? Dedi: Bəli. Dedilər: Məkkədən,
minbərdən də? Dedi: Bəli. Çünki
məktəb bizim gələcəyimizi yetişdirir. Minbərdə oturan, moizə edən alim də məktəbdə
yetişib. Məkkəyə gedən də
məktəbdə yetişib gedir. Siz ki, Mehriban
xanımla birlikdə mədəniyyətimizə, təhsilimizə,
məktəblərə, universitetlərə,
ziyalılarımıza bu qədər qiymət verirsiniz, mənim
cəddim xatirinə, Peyğəmbər xatirinə Allah Sizə
yar olsun, Allah Sizə uzun ömür, cansağlığı
versin. Eşitdik ki, bizim Heydər balamız
instituta daxil olub, ona görə də Sizi təbrik edirik.
Bu nəsil bizə həmişə
lazımdır. Heydər balamıza da Allah cansağlığı
versin. O gün olsun ki, bu görüşü biz
Qarabağda - Şuşada, Xankəndidə keçirək,
sevincimiz daha da artsın. Çox sağ
olun.
* * *
Sonra "Halay" folklor kollektivi "Ay
lolo" xalq mahnısını ifa etdi.
* * *
Sonda xatirə
şəkilləri çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 3-4.