«Astara» dövlət sərhədindən buraxılış məntəqəsinin xidməti binalar kompleksi istifadəyə verilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev sentyabrın 4-də Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinin, sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün yeni inşa olunan yaşayış şəhərciyi, həmçinin sərhəd komendantlığı və sərhəd zastavasının əsaslı təmir olunmuş xidməti binalar kompleksinin açılışında iştirak etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verdi.

Bildirildi ki, kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılmış, yeni tikililər inşa olunmuş, yaşıllıq zolaqları salınmışdır. Yeni şəhərciyin ərazisi 5 hektara yaxındır. Buradakı səkkizmərtəbəli binada 77, digər iki binanın hər birində isə səkkiz mənzil vardır. Şəhərcikdəki 93 xidməti mənzildə də hər cür şərait yaradılmışdır. Burada 50 yerlik uşaq bağçası və istirahət parkı da vardır.

Dövlət başçısı yeni mənzillərin orderlərini sərhədçilərə təqdim etdi.

Prezident İlham ƏLİYEV: Təbrik edirəm.

Sərhədçilər Ali Baş Komandan, Prezident İlham Əliyevi salamladılar.

Sərhədçinin həyat yoldaşı: Xoş gəlmisiniz, cənab Prezidentimiz.

Prezident İlham ƏLİYEV: Sağ olun. Necəsiniz? Güzəranınız yaxşıdır?

Sərhədçinin həyat yoldaşı: Bizə yaratdığınız bu şəraitə görə Sizə çox böyük minnətdarlığımızı bildiririk. İnşallah, biz ümid edirik, Azərbaycan Sizin rəhbərliyiniz ilə daha da inkişaf edəcək yeni-yeni uğurlara imza atacaqdır.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Siz bu evdə rahat yaşayın. Şərait gözəldir. Xidmət aparmaq üçün bütün imkanlar vardır. Azərbaycan dövləti bütün lazımi tədbirləri görür. Hərbçilərin məişət problemləri, ev məsələsi həll olunur, maaşlar artır. Azərbaycan güclü dövlətdir. Güclü dövlətin güclü hərbi potensialı olmalıdır.

Sərhədçinin həyat yoldaşı: Çox sağ olun. Minnətdarıq.

Prezident İlham ƏLİYEV: Sizə uğurlar arzulayıram. Sağ olun.

 

*  *  *

 

Bildirildi ki, 25,3 kilometr məsafədə dövlət sərhədinin mühafizəsinə cavabdeh olan "Astara" sərhəd komendantlığının ikimərtəbəli qərargah binası da əsaslı təmir edilmişdir. "Astara" sərhəd zastavasının üçmərtəbəli xidməti binası da yenidənqurmadan sonra müasir standartlara cavab verir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 6.