Lənkəran şəhərinə içməli suyun verilməsi mərasimi olmuşdur

 

Prezident İlham Əliyev Lənkərana  səfəri çərçivəsində sentyabrın 5-də şəhərə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Dövlət başcısı "Lənkəran  şəhərinin  su  təchizatı    kanalizasiya sistemlərinin yenidən  qurulması" layihəsinin baş planını əks etdirən stendlərlə tanış oldu.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemləri ötən əsrin 60-70-ci illərində yaradılmışdır. Şəhərə içməli su Xanbulançay su anbarından verilirdi. Lənkəran şəhərinin və ona bitişik kəndlərin 68 min əhalisinin cəmi 15 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin olunurdu. İçməli su həyət evlərinə fasiləsiz, çoxmənzilli yaşayış binalarına isə gündə 1-2 saat olmaqla cədvəl əsasında verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada quyu suları ilə ödəyirdi. İndiyədək istismarda olan magistral və şəhərdaxili paylayıcı su xətləri isə yararsız vəziyyətə düşmüşdü. Şəhərdə cəmi 28 kilometr kanalizasiya xətti mövcud idi. Qalan ərazilərin tullantı suları açıq kanallarla təmizlənmədən dənizə axıdılırdı.

Diqqətə çatdırıldı ki, bu problemlərin həlli məqsədilə dövlət başçısının göstərişinə əsasən hazırlanmış "Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Lənkəran şəhəri, Şilavar, Digah, Velədi, Sütəmurdov və Göyşaban kəndlərinin 82 min sakininin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasına hesablanmışdır. Gələcəkdə magistral kəmər boyunca yerləşən Gərmətük, Şürük, Bala Şürük, Küvənil, Tütəpeştə, Lüvəsər və Səpnəkəran kəndlərinə də bu mənbədən içməli su verilməsi nəzərdə tutulur. Bütövlükdə layihədən 100 min nəfər faydalanacaqdır.  Şəhərə saniyədə 348 litr su veriləcəkdir ki, bu da sakinlərin tələbatını tam ödəyəcəkdir.

Bildirildi ki, layihəyə əsasən Lənkəran şəhəri və ətraf kəndlər üçün içməli su mənbəyi kimi Xanbulançay anbarı seçilmişdir. Burada məhsuldarlığı sutkada 30 min kubmetr olan qum süzgəcli suqəbuledici qurğu inşa olunmuşdur. Lənkəran şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr olan anbar tikilmişburadan şəhərə 11,6 kilometr uzunluğunda magistral xətt çəkilmişdir.

Prezidentə məlumat verildi ki, Lənkəran  şəhərində tikintisi nəzərdə tutulan 233 kilometr paylayıcı su şəbəkəsinin 160 kilometrlik hissəsində işlər yekunlaşmış, 15 min abonentin 10 mini yeni şəbəkəyə birləşdirilmiş və onların 3 mini smart-kart tipli  sayğacla təmin olunmuşdur. Layihə üzrə inşası planlaşdırılan 197 kilometr  uzunluğunda kanalizasiya xətlərinin 20 kilometrlik hissəsi çəkilmişdir və 9,4 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun inşası davam etdirilir. Şəhərdə toplanan tullantı suları gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 40 min kubmetr olacaq təmizləyici qurğuya ötürüləcəkdir.

Vurğulandı ki, icrasına 2011-ci ilin oktyabrında başlanılmış və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihə 2014-cü ildə başa çatdırılacaqdır. Gələcəkdə Astara şəhərinin və həmin  rayonun 27 kəndinin 90 mindən artıq sakininə də içməli suyun Xanbulançay mənbəyindən verilməsi nəzərdə tutulur.

Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Lənkəran şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 7.