Prezident İlham
Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında
aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev
sentyabrın 5-də Lənkəran Şəhər Mərkəzi
Xəstəxanasında aparılan yenidənqurma işləri
ilə tanış olmuşdur.
Səhiyyə naziri Oqtay Şirəliyev
dövlət başçısına aparılan yenidənqurma
işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, xəstəxananın binası 1983-cü
ildə inşa olunmuşdur.
O vaxtdan binada əsaslı
təmir aparılmamışdır. Azərbaycan
Prezidentinin Ehtiyat Fondundan Lənkəran Şəhər Mərkəzi
Xəstəxanasının yenidən qurulması üçün 2012-ci ildə 3 milyon manat, 2013-cü ildə
8 milyon manat ayrılmışdır. Ümumi
ərazisi 5 hektar olan
xəstəxananın yenidən qurulmasına 2012-ci ilin avqustunda
başlanılmış və bu ilin avqustunda başa çatdırılmışdır. Bu tibb müəssisəsi
möhtəşəmliyi və xidmətinin müxtəlifliyi
ilə fərqlənir. Kompleksə cərrahiyyə, poliklinika, narkologiya, terapiya, yoluxucu xəstəliklər
korpusları, inzibati bina
və mətbəx daxildir. Xəstəxananın
13 şöbəsində müxtəlif xəstəliklərin
müayinəsi və müalicəsi mümkün
olacaqdır. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya,
reanimatologiya, şüa-diaqnostika,
fizioterapiya, qəbul şöbələri,
konsultativ poliklinika, perinatal mərkəz, klinik
laboratoriya, təcili tibbi
yardım stansiyası tibbin ən son nailiyyətləri olan
avadanlıq və cihazlarla təmin edilmişdir.
Diqqətə
çatdırıldı ki, xəstəxananın
bütün infrastrukturu
tamamilə yenilənmişdir. Xidmətdə fasilələr
yaranmaması üçün 10 kilovoltluq transformator stansiyası və dizel
generatoru
quraşdırılmışdır. Yeni
qazanxana, su anbarı, nasos stansiyası
tikilmiş, avtomobil
dayanacağı salınmışdır. Xəstəxanada
çalışacaq 1900 tibb işçisinin 327-si həkim, 964-ü orta tibb işçisidir.
Bu böyük tibb heyəti özlüyündə şəhər
xəstəxanasının nə qədər geniş
funksiyanı yerinə yetirəcəyini göstərən amildir. Bütün bunlar həm də onu
göstərir ki, son
illər səhiyyə sahəsində yaşanan
ən böyük dəyişiklik tibb ocaqlarının ən müasir
tibbi texnika və
avadanlıqlar ilə təmin olunmasıdır. Müasir Azərbaycanı
modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini
qarşıya qoyan Prezident
İlham Əliyevin diqqət və
qayğısı sayəsində ölkəmizdə yenidən
qurulan səhiyyə müəssisələri
regionda ilk dəfə
açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi
kimi mühüm
nailiyyətlərə imza
atmışdır. Bu illər ərzində
yüzlərlə tibb ocağının,
müalicə-diaqnostika mərkəzlərinin inşa
edilməsi səhiyyə sisteminin
inkişafından xəbər verir. Yeni tibb ocaqları və müasir tibbi
avadanlıqlar ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin
sağlamlığının qorunması kimi
mühüm missiyanın yerinə yetirilməsinə
xidmət edir. Azərbaycan səhiyyəsi
son illərdə böyük
və şərəfli yol keçmişdir. Bu dövr səhiyyəmizin tarixində geniş islahatlar dövrü kimi yadda qalmışdır.
Xəstəxanada
yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə
təşkili ilə bağlı tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 7.