Azərbaycanın iqtisadi uğurları beynəlxalq miqyasda etiraf olunur
Dünya
İqtisadi Forumunun
2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik
Hesabatı"na əsasən
Azərbaycan qlobal rəqabət qabiliyyətlilik
indeksinə görə 7 pillə irəliləyib
Azərbaycan
iqtisadiyyatının dayanıqlı və davamlı
inkişafını özündə təcəssüm etdirən
milli sosial-iqtisadi modelin başlıca istiqaməti ölkə
iqtisadiyyatının daha da
inkişafı, dünya iqtisadiyyatına inteqrasiya və Azərbaycan vətəndaşlarının
rifahının yüksəldilməsidir. Ötən müddət
ərzində bu modelin
müvəffəqiyyətlə icra
olunması nəticəsində Azərbaycanın uğuru davamlı və sabit
xarakter almış, ölkəmiz nəqliyyat,
ərzaq və enerji təhlükəsizliyini
təmin edərək öz siyasi və iqtisadi müstəqilliyinə
nail olmuşdur.
Dövlət müstəqilliyinin üçüncü
onilliyini yaşayan
respublikamızda sosial-iqtisadi modernləşməyə
əsaslanmaqla yüksək əzmkarlıqla və
yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün
sahələrdə öz nəticələrini
göstərir.
Yüksək inkişaf dinamikasına malik
Azərbaycanın sosial-iqtisadi sahədə
qazandığı böyük
uğurların kökündə dayanan əsas
amillərdən biri iqtisadiyyatın
diversifikasiyası istiqamətində həyata keçirilən
məqsədyönlü siyasətdir. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının tərəqqisi
məhdud sfera üzərində köklənməyərək
çoxcəhətli, genişmiqyaslı xarakterə malikdir. Ölkə iqtisadiyyatının
müxtəlif sahələrində inkişafın paralel şəkildə getməsi, bir-birini tamamlaması hər zaman
xüsusi diqqət mərkəzində
olub. Bu səpkidə
görülən işlər Azərbaycanın iqtisadi yüksəlişinə
böyük töhfələr verərək
onu daha sürətli hala gətirib.
Azərbaycanın
əldə etdiyi nailiyyətlər dünya miqyasında da
diqqətlə izlənilməkdə, geniş
tədqiqat predmetinə çevrilməkdədir. İndi Azərbaycan qazandığı uğurlar baxımından əksər dövlətlər
üçün bir
nümunə rolunu oynamaqdadır və
sözügedən kontekstdə sosial-iqtisadi
sferanın müxtəlif sahələrində ölkəmizin malik olduğu təcrübəyə
getdikcə daha çox
müraciət olunur.
Azərbaycan daim irəliyə baxan və
daha böyük hədəflərə
çatmağı qarşıya əsas məqsəd qoyan dövlət olduğundan
inkişaf tempini
davamlı şəkildə artırır. Bu mənada tamamilə təbiidir
ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin miqyası mütəmadi
şəkildə genişlənir, Azərbaycan daha qüdrətli dövlətə çevrilir. Ölkəmizin inkişaf
prosesinin kompleks xarakter daşıması, innovativ
və novatorçu xarakter
daşıması artıq beynəlxalq miqyasda
təqdir olunur. Elə bunun nəticəsidir ki,
dünyanın ən nüfuzlu iqtisadi institutlarının araşdırmalarında,
hesabatlarında Azərbaycana böyük
diqqət yetirilir, ölkəmizlə
bağlı göstəricilər təqdir olunur.
Dünya İqtisadi Forumunun yeni hesabatı da bunu təsdiqləyən
növbəti mühüm sənəd kimi çıxış edir.
Sentyabrın
4-də Dünya İqtisadi
Forumunun 2013-2014-cü il
üzrə "Dünya Rəqabətlilik
Hesabatı" rəsmi olaraq beynəlxalq
ictimaiyyətə təqdim edilmişdir. Hesabata əsasən
Azərbaycan qlobal rəqabət qabiliyyətlilik
indeksinə görə 7 pillə irəliləmiş, rəqabətlilik
reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə
qərarlaşmışdır. Xatırladaq ki,
2012-2013-cü il hesabatında ölkəmiz
144 ölkə arasında 46-cı, 2011-2012-ci il
hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.
Qlobal
iqtisadiyyatın böhran dövrünü
yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın
7 pillə irəliləməsi və dünyanın 40 ən rəqabətqabiliyyətli
iqtisadiyyatı sırasına daxil
olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi
inkişaf siyasətinin əyani göstəricisi
və ölkəmizin beynəlxalq nüfuzunun
artmasının nümunəsi kimi qiymətləndirilə
bilər.
Reytinq cədvəlində
Qazaxıstan 50-ci, Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan 79-cu pillələrdə
qərarlaşmışlar. "Dünya
Rəqabətlilik Hesabatı 2013-2014" nəşrinə
görə dünyanın ən rəqabətqabiliyyətli
ölkəsi isə İsveçrədir. İlk
beşliyə daxil olan
digər ölkələr isə Sinqapur, Finlandiya, Almaniya və
ABŞ-dır. Bundan əlavə, Azərbaycan
makroiqtisadi mühit
göstəricisinə görə 8-ci, əmək
bazarının səmərəliliyi göstəricisinə
görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə
görə 50-ci, innovasiyalara görə
isə 51-ci yerdə qərar tutmuşdur.
Müasir dünya təcrübəsi aydın göstərir
ki, sürətli sosial-iqtisadi
tərəqqinin kökündə dayanan əsas
amillərdən biri əlverişli rəqabət
mühitinin və buna
rəvac verən qanunvericilik
bazasının formalaşdırılmasıdır. Sağlam
rəqabət şəraitində kəmiyyət və keyfiyyət
etibarilə məcmu istehsal sürətlə
artır və bu, ölkənin əsas makroiqtisadi göstəricilərinin davamlı
yaxşılaşmasına ciddi təsir
göstərir. Dünya İqtisadi
Forumunun hesabatında Azərbaycanın irəliləməsi
ölkəmizdə əlverişli rəqabət mühitinin formalaşdığını təsdiq
edir.
Rəşad
CƏFƏRLİ
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 9.