Dünya İqtisadi Forumunun reytinqində Azərbaycanın İKT üzrə göstəriciləri xeyli yüksəlmişdir

 

Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə göstəriciləri də əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Xəbər verildiyi kimi, qlobal rəqabətqabiliyyətlilik indeksi üzrə Azərbaycan dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutmuşdur. Keçən ilin reytinqi ilə müqayisədə Azərbaycan (144 ölkə arasında) 46-cı yerdəki mövqeyindən 7 pillə irəliləyərək MDB məkanında öz liderliyini yenə də qorumuşdur.

AzərTAc xəbər verir ki, ölkədə mobil genişzolaqlı internet istifadəçilərinin sayı 54,8 faiz artmışdır. Hazırda Azərbaycanda hər 100 nəfərə 33,3 genişzolaqlı mobil internet istifadəçisi düşürbu göstərici üzrə ölkəmiz 148 ölkə arasında 50-ci yeri tutur.

Ölkədə hər internet istifadəçisinin payına 40,1 kbit/s internet trafiki düşür ki, bu da Azərbaycanın müvafiq reytinqdə 61-ci yerdən 45-ci yerə irəliləməsinə səbəb olmuşdur.

Fərdi internet istifadəçilərinin sayına görə ölkəmiz ötən illə müqayisədə mövqeyini 8,4 faiz yaxşılaşdıraraq 59-cu yerdə qərarlaşmışdır. Azərbaycanda əhalinin hər 100 nəfərinə 107,5 mobil telefon düşürbu göstərici üzrə ölkəmiz 78-ci yeri tutmuşdur.

Stasionar rabitə sahəsində Azərbaycanın göstəriciləri ötən illə müqayisədə 1,6 faiz yüksəlmişdir. Bu göstərici üzrə ölkəmiz 67-ci mövqedə qərarlaşmışdır. Hazırda hər 100 nəfərdən 18,4 faizi stasionar rabitə istifadəçisidir.

Genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayına görə isə Azərbaycan 47-ci yerdədir. Bu da ötən ilin müvafiq göstəricisindən 7 pillə yüksəkdir.

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 10.