Azərbaycan-Koreya əlaqələri yüksələn xətlə inkişaf edir

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Koreya Respublikasının "Arirang" TeleviziyaRadio Şirkətinin prezidenti və icraçı direktoru xanım Sohn Jie-Ae arasında görüş keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı, ölkələrimizin mədəniyyət və turizm potensialının qarşılıqlı şəkildə mediada işıqlandırılması və iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Ə.Qarayev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan-Koreya əlaqələri yüksələn xətlə inkişaf edir. Son illərdə Koreya və Azərbaycan xalqlarının mədəniyyətlərinin qarşılıqlı olaraq təbliği ilə bağlı müxtəlif aksiyalar keçirilmişdir. Bu tədbirlər iki xalqın yaxınlaşmasında mühüm rol oynamışdır.

Azərbaycanda gördüklərinə heyran olduğunu bildirən Sohn Jie-Ae ölkəmizin inkişafının onda böyük təəssürat yaratdığını diqqətə çatdırmışdır. Qonaq Koreya və Azərbaycan xalqları arasında bir sıra oxşar cəhətlərin olduğunubunun da əməkdaşlığın daha da yaxşı inkişafı üçün zəmin yaratdığını qeyd etmişdir. Görüşün sonunda müzakirə edilən məsələlərin konkret layihə şəklində hazırlanaraq mübadilə olunması barədə razılığa gəlinmişdir.

Görüşdə "Arirang" TeleviziyaRadio Şirkəti Xəbərlər departamentinin müdiri Kim Joong Shik, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Sukin iştirak etmişlər.

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 10.