Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 232             Bakı şəhəri, 27 avqust 2013-cü il

 

 

 

"Gömrük ekspertizasının aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında

 

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

"Gömrük ekspertizasının aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Gömrük ekspertizasının aparılması

 

QAYDALARI

 

1. Ümumi müddəa

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra – Gömrük Məcəlləsi) 322.15-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük ekspertizasının təşkili və aparılması, habelə mallardan prob və nümunələrin götürülməsi, onlar barəsində sərəncam verilməsi qaydalarını müəyyən edir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

2.1.1. gömrük laboratoriyası - Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilən məqsədlərə nail olmaq üçün Azərbaycan  Respublikasının ərazisində gömrük ekspertizasını aparan qurumdur;

 

2.1.2. gömrük ekspertizası - gömrük tənzimlənməsi sahəsində məsələlərin həll edilməsi üçün xüsusi və elmi biliklərdən istifadə etməklə, gömrük ekspertləri və (və ya) digər ekspertlər tərəfindən aparılan tədqiqatdır;

 

2.1.3. gömrük eksperti - gömrük ekspertizasını aparmağa səlahiyyəti olan gömrük laboratoriyasının vəzifəli şəxsidir;

 

2.1.4. prob - gömrük laboratoriyasına təqdim edilməsi məqsədi ilə tədqiqat üçün tələb olunan minimum miqdarda (sayda, ölçüdə) götürülmüş və malın bütün həcminin tərkib və xassələrini xarakterizə edən mal və ya malın bir hissəsidir;

 

2.1.5. nümunə - bütün mal (məhsul) partiyasının və ya seriyasının struktur, tərkib və xassələrinə uyğun gələn mal (məhsul) vahidi, yaxud yazılı və ya digər təsvir etmə formalarında təqdim edilmiş tək obyektdir;

 

2.1.6. prob və nümunələrin götürülməsi haqqında akt - mallardan prob və nümunələrin götürülməsi faktını təsdiq edən və onların gömrük ekspertizasının aparılması üçün əsas olan sənəddir;

 

2.1.7. sınaq protokolu – mallardan götürülmüş prob və nümunələrin gömrük laboratoriyasında aparılan sınaqlarının nəticələrini əks etdirən sənəddir;

 

2.1.8. ekspert rəyi – gömrük ekspertizasının nəticələrinə dair ekspert tərəfindən yazılı formada tərtib edilən sənəddir.

 

 

 

3. Malların gömrük ekspertizasına göndərilməsi

 

 

 

3.1. Gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında aparılır.

 

3.2. Malların gömrük ekspertizasına göndərilməsi barədə gömrük orqanlarının sənədində (göndərişində) aşağıdakılar göstərilməlidir:

 

3.2.1. gömrük ekspertizasının aparılmasının məqsədləri;

 

3.2.2. gömrük ekspertizasının aparılacağı gömrük laboratoriyasının adı;

 

3.2.3. ekspert qarşısında qoyulmuş suallar;

 

3.2.4. ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı;

 

3.2.5. bilə-bilə yalan rəy verməsinə görə ekspertin məsuliyyəti haqqında xəbərdarlıq.

 

3.3. Gömrük ekspertizasının aparılması məqsədləri üçün bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan sənədlə (göndərişlə) birlikdə aşağıdakı materiallar və sənədlər təqdim edilir:

 

3.3.1. gömrük bəyannaməsinin surəti;

 

3.3.2. bağlanılmış müqavilənin surəti (əlavələr və spesifikasiyalarla birlikdə);

 

3.3.3. malın gömrük dəyərini müəyyən edən sənədin surəti;

 

3.3.4. nəqliyyat sənədinin surəti;

 

3.3.5. emal proseduru altında yerləşdirilmiş mallar üçün emala dair ərizənin, hasilat normalarının, təmir məqsədi ilə emal proseduru altında yerləşdirilmiş mallar üçün qüsur barədə aktın surətləri;

 

3.3.6. baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatların (şəhadətnamələrin) surətləri;

 

3.3.7. bu Qaydaların 11.1-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, prob və nümunələr, onların götürülməsi haqqında akt.

 

3.4. Bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin gömrük ekspertizasının keçirilməsi barədə müraciətində aşağıdakılar göstərilməlidir:

 

3.4.1. gömrük ekspertizasının aparılacağı gömrük laboratoriyasının adı;

 

3.4.2. müraciət edən hüquqi şəxsin adı, hüquqi ünvanı, elektron ünvanı (olduqda), əlaqə telefonları və ya fiziki şəxsin adı, soyadı, atasının adı, ünvanı, elektron ünvanı (olduqda), əlaqə telefonları;

 

3.4.3. gömrük ekspertizasının aparılmasının məqsədləri;

 

3.4.4. ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı;

 

3.4.5. ekspert qarşısında qoyulmuş suallar;

 

3.4.6. gömrük yığımının ödənilməsi haqqında öhdəlik.

 

3.5. Bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulan müraciətlə birlikdə 3.3-cü bənddə göstərilən materiallar və sənədlər də təqdim edilir.

 

3.6. Bu Qaydaların 3.3.7-ci yarımbəndində göstərilənlər gömrük orqanının sənədi (göndərişi) və ya şəxsin müraciəti ilə birlikdə, yaxud həmin sənəd (göndəriş) və ya müraciət gömrük laboratoriyasına daxil olduqdan sonra 10 (on) gün müddətində təqdim edilir.

 

3.7. Təhlükəsizlik və keyfiyyət göstəricilərinin müəyyən edilməsinə dair gömrük ekspertizasının aparılması məqsədi ilə bu Qaydaların 3.3.1-3.3.6-cı yarımbəndlərində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur.

 

3.8. Mallar gömrük ekspertizasına göndərildikdə, gömrük orqanının vəzifəli şəxsi bu barədə eyni vaxtda bəyannaməçiyə, mallar barəsində səlahiyyəti olan digər şəxslərə və ya onların nümayəndələrinə yazılı bildiriş göndərir. Bildirişdə həmin şəxslərin hüquq və vəzifələri izah olunur.

 

 

 

4. Bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin hüquqları

 

 

 

4.1. Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron formada müraciət etmək hüququna malikdirlər.

 

4.2. Gömrük ekspertizasının aparılması zamanı bəyannaməçi, mallar barəsində  səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri Gömrük Məcəlləsinin 324.1ci maddəsinə uyğun olaraq aşağıdakı hüquqlara malikdirlər:

 

4.2.1. ekspertə əsaslandırılmış etiraz etmək;

 

4.2.2. konkret ekspertin təyin olunması barədə vəsatət vermək;

 

4.4.3. ekspert qarşısında əlavə sualların qoyulması və onlara dair rəy alınması barədə vəsatət vermək;

 

4.2.4. ekspertizanın aparılmasında iştirak etmək və ekspertə izahatlar vermək;

 

4.2.5. mallardan prob və nümunələr götürmək;

 

4.2.6. ekspertin rəyi, yaxud onun rəy verə bilməməsi barədə           məlumatı ilə tanış olmaq və həmin rəyin və ya məlumatın surətini almaq;

 

4.2.7. əlavə və ya təkrar ekspertizanın aparılması barədə vəsatət vermək.

 

4.3. Bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin vəsatəti təmin olunduqda, gömrük orqanının ekspertiza təyin etmiş vəzifəli şəxsi müvafiq qərar qəbul edir. Vəsatətin təmin olunmasından imtina olunduqda, gömrük orqanının vəzifəli şəxsi imtina haqqında əsaslandırılmış qərarı barədə vəsatət verənə yazılı məlumat verməlidir.

 

4.4. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının vəzifəli şəxsindən malların gömrük ekspertizasına göndərilməsi barədə yazılı bildiriş almaq, habelə gömrük ekspertizasının müddətinin uzadılması və ya dayandırılması (səbəblər göstərilməklə), habelə onun nəticələri barədə məlumat əldə etmək hüququna malikdirlər.

 

4.5. Gömrük ekspertizasına təqdim edilmiş materiallar və sənədlər əsasında rəyin verilməsi mümkün olmadıqda, bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasını aparan ekspertdən bu barədə səbəbləri göstərilməklə yazılı məlumat almaq hüququna malikdirlər.

 

 

 

5. Gömrük ekspertizasının aparılmasının təşkili

 

 

 

5.1. Gömrük ekspertizası gömrük laboratoriyasının rəhbəri tərəfindən təşkil edilir.

 

5.2. Gömrük ekspertizası üçün daxil olmuş gömrük orqanının sənədinə (göndərişinə) və ya şəxsin müraciətinə, habelə müşayiət materiallarına gömrük laboratoriyasının rəhbəri tərəfindən 1 (bir) iş günü müddətində baxılır və ekspertə təqdim edilir.

 

5.3. Gömrük ekspertizası gömrük laboratoriyasının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır.

 

5.4. Tədqiqat obyektinin gömrük laboratoriyasına gətirilməsi mümkün olmadığı hallar istisna olmaqla, gömrük ekspertizası gömrük laboratoriyasının binasında aparılır.

 

5.5. Gömrük ekspertizası gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır.

 

5.6. Ekspertizaya təqdim edilmiş materiallar və sənədlər ekspert tərəfindən öyrənilir. Ekspertizanın aparılması üçün zəruri olan məlumatların və sənədlərin olmadığı müəyyən edildikdə, ekspert materialların və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən etibarən 5 (beş) iş günündən gec olmayaraq, ona əlavə materialların və sənədlərin təqdim edilməsi barədə yazılı vəsatətlə müraciət edir. Vəsatətdə ekspertin tələbinin əsasları, konkret materialların və sənədlərin tam siyahısı göstərilir. Vəsatət iki nüsxədə tərtib olunur. Birinci nüsxə ekspertizanı təyin etmiş gömrük orqanına və ya bununla əlaqədar müraciət etmiş şəxsə göndərilir, ikinci nüsxə isə ekspertizanın icraatında saxlanılır.

 

5.7. Yalnız təcili hallarda və vəsatətin sonradan yazılı formada aidiyyəti ünvana göndərilməsi şərtilə, gömrük laboratoriyasının rəhbərinin razılığı ilə vəsatətin məzmunu telefonla və ya digər rabitə vasitəsilə ekspertiza təyin etmiş gömrük orqanına və ya bununla əlaqədar müraciət etmiş şəxsə çatdırılır.

 

5.8. Təqdim edilmiş materiallar və sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizasının aparılmasından imtina edilir.

 

5.9. Gömrük laboratoriyası tərəfindən ekspertizanı təyin etmiş gömrük orqanına və ya bununla əlaqədar müraciət etmiş şəxsə səbəblər göstərilməklə ekspertizanın aparılmasından imtina barədə yazılı və ya elektron formada məlumat verilir, təqdim edilmiş materiallar və sənədlər geri qaytarılır.

 

5.10. Gömrük orqanının təşəbbüsü ilə keçirilən gömrük ekspertizasının aparılması ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 

5.11. Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün həmin şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə gömrük yığımı ödənilir.            

 

 

 

6. Mallardan prob və nümunələrin götürülməsi, onların barəsində

 

sərəncam verilməsi

 

 

 

6.1. Gömrük nəzarəti altında olan mallardan prob və nümunələr aşağıdakı şəxslər tərəfindən götürülür:

 

  6.1.1. gömrük orqanının vəzifəli şəxsləri;

 

  6.1.2. gömrük orqanının vəzifəli şəxslərinin iştirakı ilə digər dövlət orqanları, yaxud bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri;

 

  6.1.3. xüsusi biliklərdən istifadəyə və ya xüsusi vasitələrin tətbiqinə ehtiyac olduqda:

 

  6.1.3.1. gömrük orqanının sorğusu əsasında gömrük orqanının vəzifəli şəxslərinin iştirakı ilə digər dövlət orqanlarının mütəxəssisləri və ya ekspertləri;

 

  6.1.3.2. gömrük orqanının vəzifəli şəxslərinin iştirakı ilə gömrük laboratoriyasının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər.

 

  6.2. Gömrük orqanları və laboratoriyaları standartlara uyğun olaraq prob və nümunələrin götürülməsi, qablaşdırılması, saxlanılması və daşınması üçün alətlər, qablaşdırma tutumları, termometr, tərəzi, soyuducu, dondurucu kameralar, soyuducu-konteyner və ya soyuducu kameralı nəqliyyat vasitələri ilə təchiz olunurlar.

 

  6.3. Prob və nümunələrin götürülməsindən əvvəl malın adı, markalanması, üzərində olan təhlükəsizlik işarələri yoxlanılmalıdır.

 

  6.4. Gömrük orqanının vəzifəli şəxsi tərəfindən bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən formada prob və nümunələrin götürülməsi haqqında akt tərtib edilir. Akt bir nüsxədə tərtib olunur. Aktın bir surəti bəyannaməçiyə, mallar barəsində səlahiyyəti olan digər şəxslərə və ya onların nümayəndələrinə verilir, digər surəti isə gömrük orqanının vəzifəli şəxsində saxlanılır. Akt prob və nümunələrlə birlikdə gömrük laboratoriyasına göndərilir.

 

  6.5. Prob və nümunələr gömrük orqanı tərəfindən üç eyni hissəyə bölünür, qablaşdırılır (paket, konteyner, butulka, zərf və s.) və etiketlənir. Prob və nümunələrin birinci hissəsi laborator tədqiqatların aparılması üçün, ikinci hissəsi əlavə və ya təkrar ekspertiza üçün, üçüncü hissəsi isə yarana bilən mübahisələrin həlli üçün istifadə edilir. Etiketdə prob və nümunələrin eyniləşdirilməsi üçün məlumat qeyd edilir, malın adı və malı daşıyan nəqliyyat vasitəsinin (konteynerin) nömrəsi əks olunur.

 

  6.6. Prob və nümunələr kimyəvi maddələrdən ibarət olduqda, onlar malın xassələri, toksikliyi, təhlükəsizlik tədbirləri və fərdi mühafizə vasitələri, istismar etmə, saxlama və utilizasiya qaydalarına riayət etmə haqqında sənədlərin surətləri ilə müşayiət olunmalıdırlar.

 

  6.7. Prob və nümunələrin götürülməsi malın xassələrindən asılı olaraq, təhlükəsizlik qaydalarına əməl etməklə həyata keçirilməlidir.

 

  6.8. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən mallardan prob və nümunələrin götürülməsi prosesində iştirak edə bilərlər. Bəyannaməçi mallardan prob və nümunələrin götürülməsində gömrük orqanlarının vəzifəli şəxslərinə yardım göstərməlidir. Aşağıda göstərilən hallarda mallar və nəqliyyat vasitələri yoxlamanın nəticələrində marağı olmayan şəxslərin iştirakı ilə yoxlanılır, habelə mallardan prob və nümunələr bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan götürülür:

 

  6.8.1. mallar gömrük orqanına təqdim edildiyi gündən 10 (on) gün keçdikdən sonra həmin şəxslər gəlmədikdə;

 

  6.8.2. milli təhlükəsizlik, ictimai asayiş, insanların həyat və sağlamlığı, heyvanlar və bitkilər aləmi, ətraf mühit, xalqların mədəni, tarixi və arxeoloji sərvətləri üçün təhlükə mövcud olduqda;

 

  6.8.3. mallar beynəlxalq poçt göndərişi vasitəsilə göndərildikdə;

 

  6.8.4. mallar gömrük ərazisində müvafiq gömrük proseduru pozulmaqla saxlanıldıqda.

 

  6.9. Prob və nümunələrin götürüldüyü, ekspertizasının aparıldığı yerlərə daşınması, bununla əlaqədar yükləmə-boşaltma işləri və digər yük əməliyyatları bəyannaməçinin özü tərəfindən, yaxud onun məsuliyyəti altında həyata keçirilir. Bu zaman yaranan xərclər bəyannaməçi tərəfindən ödənilir. Prob və nümunələrin gömrük ekspertizası ilə əlaqədar gömrük orqanlarının və gömrük laboratoriyalarının xərcləri bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən ödənilmir. Mallardan götürülən prob və nümunələrin gömrük ekspertizası bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə aparıldıqda, gömrük laboratoriyalarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə gömrük yığımları ödənilir.

 

                          6.10. Mallardan prob və nümunələr götürüldükdən sonra onlar plomblanaraq, gömrük təminatına alınırlar.

 

  6.11. Təqdim edilmiş prob və nümunələr gömrük laboratoriyasında qeydiyyata alınır.

 

  6.12. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri götürülən prob və nümunələr üzrə aparılmış ekspertizanın nəticələri ilə tanış olmaq hüququna malikdirlər. Digər dövlət nəzarəti orqanları tərəfindən götürülən prob və nümunələrin ekspertizasının nəticələri haqqında gömrük orqanlarına məlumat verilməlidir.

 

  6.13. Aşağıdakı hallar istisna olmaqla, gömrük ekspertizası bitdikdən sonra prob və nümunələr və ya onların qalıqları gömrük orqanının vəzifəli şəxsinə və ya gömrük ekspertizası ilə əlaqədar müraciət etmiş şəxsə qaytarılmır:

 

  6.13.1. malın məhv edilməsinə dair qərar qəbul edildikdə;

 

  6.13.2. prob və nümunələrin dəyəri 100 manatdan çox olduqda.

 

  6.14. Prob və nümunələr bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq onların gömrük ekspertizasını aparmağa imkan verən minimum miqdarda (sayda, ölçüdə) götürülməlidir.

 

  6.15. Gömrük ekspertizası üçün götürülən qatılaşdırılmış şirələrin və çaxır  materiallarının gömrük laboratoriyasına çatdırılma müddəti 3 (üç) gündən çox olmamalıdır və onlar müvafiq temperatur (+2 - +4 OC) rejimində saxlanılmalı və daşınmalıdır.

 

  6.16. Mallardan prob və nümunələrin götürülməsi, saxlanılması və daşınması  onların saxlanma temperaturu şəraitində aparılmadıqda, onlar gömrük laboratoriyası tərəfindən qəbul edilməməli və ya geri qaytarılmalıdır.

 

  6.17. Saxlama müddəti 1 (bir) aydan az olan tez xarab olan mallardan gömrük laboratoriyasına göndərilməsi üçün təhlükəsizlik, baytarlıq-sanitariya və keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədi ilə prob və nümunələr götürülmür, onların gömrük ekspertizası aparılmır.

 

  6.18. Təhlükəsizlik və keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün prob və nümunələr müvafiq standartlara uyğun götürülməlidir.

 

 

 

7. Gömrük ekspertizasının aparılması müddətləri

 

 

 

7.1. Gömrük ekspertizası 20 (iyirmi) iş günü müddətində aparılır. Ekspertizanın aparılması müddəti materialların və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı növbəti iş günündən hesablanır və rəyin imzalandığı tarixdə başa çatır. Ekspertizanın aparılma müddətinin sonuncu günü istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə və ya ümumxalq hüzn gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur.

 

  7.2. Gömrük ekspertizasının aparılması müddəti səbəbləri göstərilməklə, gömrük laboratoriyasının rəhbərinin yazılı icazəsi əsasında gömrük ekspertizasının aparılması üçün 4 (dörd) aydan çox olmayan müddətə uzadıla bilər. Gömrük ekspertizasının aparılması müddətinin uzadılmasına dair icazənin surəti 1 (bir) iş günü müddətində gömrük ekspertizasını təyin etmiş gömrük orqanına və ya gömrük ekspertizasının aparılması ilə əlaqədar müraciət etmiş şəxsə göndərilir.

 

  7.3. Gömrük ekspertizası aşağıda göstərilən hallarda uzadılır:

 

  7.3.1. gömrük orqanının sənədində (göndərişində) və ya şəxslərin müraciətində qeyd olunmamış və gömrük məqsədləri üçün əhəmiyyət kəsb edən faktların aşkar olunması ilə əlaqədar əlavə tədqiqatın aparılmasına ehtiyac olduqda;

 

  7.3.2. tədqiqat metodikalarına görə ekspertiza mürəkkəb olduqda.         

 

  7.4. Aşağıda göstərilən hallarda və bu Qaydaların 7.2-ci bəndində nəzərdə tutulan qaydada gömrük ekspertizasının müddəti 10 (on) günədək müddətə dayandırılır və gömrük ekspertizasını təyin etmiş gömrük orqanına və ya gömrük ekspertizasının aparılması ilə əlaqədar müraciət etmiş şəxsə bu barədə məlumat verilir:

 

  7.4.1. əlavə materialların və sənədlərin təqdim edilməsi haqqında ekspertin yazılı müraciəti olduqda;

 

  7.4.2. laboratoriya avadanlığı müvəqqəti nasaz olduqda və ya xüsusi şərait olmadıqda;

 

  7.4.3. ekspert əmək qabiliyyətini müvəqqəti itirdikdə;

 

  7.4.4. bəzi sınaqların aparılması üçün tələb olunan avadanlıq ekspertin sərəncamında olmadığından digər sınaq laboratoriyalarına müraciət edildikdə;

 

  7.4.5. təqdim edilmiş materiallar və sənədlər müvafiq siyahıya uyğun olmadıqda.

 

 

 

8. Gömrük ekspertizasının növləri

 

 

 

8.1. Gömrük ekspertizasının aşağıdakı növləri vardır:

 

  8.1.1. ilkin ekspertiza - xüsusi biliklərdən istifadə edərək, Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün ilk dəfə aparılan ekspertizadır;

 

  8.1.2. əlavə ekspertiza - ilkin ekspertizaya dair rəydə qoyulmuş suallara tam cavab verilmədikdə və ya tədqiqat obyektinə dair əlavə suallar yarandıqda aparılan ekspertizadır. Əlavə ekspertizanın aparılması həmin və ya başqa ekspertə həvalə edilir;

 

  8.1.3. təkrar ekspertiza - ekspert rəyinin əsaslandırılmadığı və ya onun düzgünlüyünə gömrük orqanlarında şübhə yarandığı hallarda, yaxud bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin şikayəti əsasında, keçirilməsi başqa ekspertə tapşırılmaqla aparılan ekspertizadır. Əvvəlki ekspertizanı aparmış ekspert təkrar ekspertizada iştirak edə və izahlar verə bilər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən iştirak edə bilməz. Təkrar ekspertiza aparıldıqda, ekspertə əvvəlki ekspertizanın sənədləri verilir;

 

  8.1.4. komisyon ekspertiza – mürəkkəb ekspert tədqiqatlarının aparılması tələb olunduqda, gömrük laboratoriyasının rəhbərinin göstərişi əsasında eyni ixtisaslı ekspertlərin komissiyası tərəfindən aparılan ekspertizadır;

 

  8.1.5. kompleks ekspertiza – Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin müəyyən edilməsi müxtəlif bilik sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla mümkün olduqda aparılan ekspertizadır.

 

 

 

9. Gömrük ekspertizasına daxil olmuş materialların və sənədlərin, o cümlədən prob və nümunələrin saxlanılması

 

 

 

9.1. Gömrük ekspertizasına təqdim edilmiş materialların və sənədlərin (prob və nümunələr istisna olmaqla) saxlanma müddəti 3 (üç) ildir.

 

  9.2. Gömrük ekspertizasına təqdim edilmiş materialların və sənədlərin təbii pozulması, qarşısıalınmaz qüvvə nəticəsində məhv olması və ya bərpa olunmayan itki halları istisna olmaqla, normal şəraitdə qorunub saxlanılması təmin edilməlidir.

 

9.3. Gömrük laboratoriyasına təqdim edilmiş prob və nümunələr onların qorunması üçün ayrılmış uyğun temperaturu tənzimlənən otaqlarda (soyuducuda, dondurucuda və s.) saxlanılır.

 

  9.4. Qida məhsullarından götürülmüş prob və nümunələrin gömrük laboratoriyasında saxlama müddəti onların son istifadə müddətindən çox olmamalıdır. Digər mallardan götürülmüş prob və nümunələrin saxlanma müddəti 4 (dörd) aydır.

 

9.5. Saxlama müddəti bitmiş prob və nümunələr məhv edilir.

 

 

 

10. Sınaq protokolu

 

 

 

10.1. Prob və nümunələr üzrə aparılan sınaqların protokolunda aşağıdakılar göstərilir:

 

10.1.1. gömrük laboratoriyasının rekvizitləri;

 

10.1.2. sınaq protokolunun nömrəsi;

 

10.1.3. sifarişçinin rekvizitləri;

 

10.1.4. prob və nümunələr haqqında məlumatlar:

 

10.1.4.1. malın adı;

 

10.1.4.2. istehsalçı haqqında məlumat;

 

10.1.4.3. seriya nömrəsi;

 

10.1.4.4. miqdarı və çəkisi;

 

10.1.4.5. qeydiyyat nömrəsi;

 

10.1.4.6. son istifadə tarixi;

 

10.1.4.7. götürülmə yeri;

 

10.1.4.8. götürülmə tarixi;

 

10.1.4.9. prob və nümunələrin götürülməsinə dair texniki sənədlərin rekvizitləri;

 

10.1.4.10. qablaşma, markalanma, daxili görünüş haqqında məlumat;

 

10.1.5. gömrük laboratoriyasına çatdırılma tarixi;

 

10.1.6. sınağın başlama və başa çatma tarixi;

 

10.1.7. aparılmış metodlar göstərilməklə sınaqların nəticələri;

 

10.1.8. sınağı aparan şəxsin soyadı, adı, imzası;

 

10.1.9. sınaq protokolunun tərtib edilmə tarixi.

 

10.2. Sınaq protokolunun bütün səhifələri nömrələnməlidir.

 

10.3. Sınaq protokolu gömrük laboratoriyasının möhürü vurulmaqla, gömrük laboratoriyasının rəhbəri tərəfindən təsdiq edilməlidir.

 

 

 

11. Mallara baxışın keçirilməsi

 

 

 

11.1. Malların gömrük laboratoriyasına gətirilməsi və onlardan prob və nümunələrin götürülməsi mümkün olmadıqda, gömrük ekspertizasının məqsədləri üçün malların olduğu yerdə onlara baxış keçirilir.

 

11.2. Mallara baxışın keçirilməsi gömrük ekspertizasını təyin edən gömrük orqanı və ya bununla əlaqədar müraciət etmiş şəxs tərəfindən təşkil edilir.

 

  11.3. Mallara baxışın keçirilməsi zamanı gömrük orqanının vəzifəli şəxsi, habelə bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri iştirak edirlər.

 

11.4. Mallara baxış keçirən ekspertin hüquqları aşağıdakılardan ibarətdir:

 

11.4.1. malların ekspertizaya göndərilməsi haqqında gömrük orqanının sənədi (göndərişi) gömrük laboratoriyasına daxil olduğu tarixdən 10 (on) gün müddətində  bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən mal baxışa təqdim edilmədiyi halda, onların iştirakı olmadan mala baxış keçirmək;

 

11.4.2. fotoşəkil və ya digər təsviretmə üsullarından istifadə etmək;

 

11.4.3. ekspertizanın aparılması üçün malı müşayiət edən texniki sənədləri əldə etmək (surətlərini çıxarmaq);

 

11.4.4. mallara baxışın keçirilməsi üçün əlverişli şəraitin yaradılmasını tələb etmək;

 

11.4.5. mallara baxışın keçirilməsi zamanı texniki ölçmə vasitələrindən istifadə etmək.

 

11.5. Bu Qaydaların 11.4.1-ci yarımbəndində göstərilən hallarda mallara baxış gömrük ekspertizasının nəticəsində marağı olmayan şəxslərin iştirakı ilə keçirilir.

 

11.6. Mallara baxışın keçirilməsi forması bu Qaydaların 3 nömrəli və 4 nömrəli əlavələri ilə müəyyən edilmiş aktla rəsmiləşdirilir. Akt bir nüsxədə tərtib olunur, baxışda iştirak edən şəxslər tərəfindən imzalanır və aktın surəti həmin şəxslərə təqdim edilir. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri baxış aktında olanlarla razılaşmadıqda və onu imzalamaqdan imtina etdikdə, ekspert baxış aktının xüsusi qeydlər hissəsinə bu barədə qeydi əlavə edir.

 

 

 

12. Gömrük ekspertizasına dair rəy

 

12.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert tərəfindən yazılı formada rəy hazırlanır, imzalanır və təsdiqlənməsi üçün gömrük laboratoriyasının rəhbərinə təqdim edilir.

 

12.2. Ekspertin rəyi giriş, tədqiqi və nəticə hissələrindən ibarətdir.

 

12.3. Ekspert rəyinin giriş hissəsində aşağıdakılar göstərilir:

 

12.3.1. ekspertizanın növü (ilkin, əlavə, təkrar, kompleks, komisyon);

 

12.3.2. ekspertizanın aparılması üçün əsas (sənəd (göndəriş) və ya müraciət).

 

12.3.3. ekspertizanın aparılmasının məqsədi;

 

12.3.4. ekspertizanın aparılmasının vaxtı və yeri;

 

12.3.5. ekspertizanı aparan ekspert (ekspertlər) haqqında məlumat: soyadı, adı və atasının adı, ixtisası, vəzifəsi;

 

12.3.6. ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı;

 

12.3.7. materialların və sənədlərin gömrük laboratoriyasına daxil olduğu tarix;

 

12.3.8. ekspertizaya təqdim edilmiş malların adı, tədqiq edilən obyektlərin qablaşdırılmasının növü və rekvizitləri;

 

12.3.9. ekspert qarşısında qoyulmuş suallar.

 

12.4. Əlavə ekspertizaya dair rəyin giriş hissəsində bu Qaydaların 12.3-cü bəndində sadalanan məlumatlardan başqa ilkin ekspertiza haqqında məlumatlar da göstərilir. Burada ilkin ekspertiza rəyinin nömrəsi və tarixi, ekspertin soyadı, adı və atasının adı, rəydə izahat və tamamlama tələb edən ilkin ekspertiza ilə müəyyən edilmiş məlumatlar və nəticələr əks etdirilir.

 

12.5. Təkrar ekspertizaya dair rəyin giriş hissəsində bu Qaydaların 12.3-cü bəndində sadalanan məlumatlardan başqa, ilkin ekspertiza haqqında məlumatlar da göstərilir. Burada ilkin ekspertiza rəyinin nömrəsi və tarixi, ekspertin soyadı, adı və atasının adı, ilkin ekspertizanın nəticələri, təkrar ekspertizanın aparılmasının əsasları əks etdirilir.

 

12.6. Ekspert rəyinin tədqiqi hissəsində tədqiqat prosesi və onun nəticələri təsvir olunur, müəyyən edilmiş faktların izahı verilir.

 

12.7. Ekspert rəyinin tədqiqi hissəsində aşağıdakılar göstərilir:

 

12.7.1. tədqiqat obyektlərinin vəziyyəti;

 

12.7.2. tədqiqat metodu və onun nəticələri;

 

12.7.3. prob və nümunələrin sınaqları keçirildikdə, onların nəticələri;

 

12.7.4. qoyulmuş sualları cavablandırarkən, ekspertin rəhbər tutduğu məlumat (rekvizitlər göstərilməklə normativ sənədlərə və (və ya) adı, müəllifi, nəşr yeri, ili, səhifəsi göstərilməklə elmi mənbələrə istinadlar).

 

12.8. Qoyulmuş suallardan bəzilərinə cavab vermək mümkün olmadıqda, ekspert rəyinin tədqiqi hissəsində onun səbəbləri göstərilməlidir.

 

12.9. Ekspert rəyinin tədqiqi hissəsi anlaşılan dildə ifadə olunmalı, terminlərdən düzgün istifadə edilməli və xüsusi terminlər izah edilməlidir.

 

12.10. Əlavə ekspertiza aparıldıqda, ilkin ekspertiza vaxtı tətbiq olunan metod və vasitələrdən istifadə edilmişdirsə və həmin nəticələr əldə olunmuşdursa, ekspert əlavə ekspertizaya dair rəyin tədqiqi hissəsində tədqiqatın gedişatını və nəticələrini göstərmədən ilkin ekspertizanın müvafiq bölmələrinə istinad edə bilər.

 

12.11. Təkrar ekspertiza keçirilərkən ilkin ekspertizanın nəticələri ilə  müxtəliflik yaranarsa, təkrar ekspertizaya dair rəyin tədqiqi hissəsində həmin müxtəlifliyin elmi-metodiki səbəbləri ekspert tərəfindən göstərilməlidir.

 

12.12. Tədqiqatın metod və üsulları, elmi-texniki vasitələrdən istifadə olunması şəraiti elə ifadə edilməlidir ki, aparılmış ekspertizanı təkrarlamaqla ekspertin gəldiyi nəticələrin doğruluğunu yoxlamaq mümkün olsun.

 

12.13. Qoyulmuş sualların sayı çox olduqda, rəyin tədqiqi hissəsinin hər bir bəndi sualın göstərilməsi ilə başlanılır. Suallara cavab olaraq ekspertin gəldiyi nəticələr sualların tədqiqi hissədə göstərilən ardıcıllığı üzrə verilməlidir. Hər bir suala mahiyyəti üzrə cavab verilir və ya onun həll edilməsinin mümkün olmaması göstərilir.

 

12.14. Ekspert rəyinin nəticə hissəsi dəqiq, aydın dildə və birmənalı şəkildə ifadə olunmalıdır. Rəyin tədqiqi hissəsində göstərilən və qoyulmuş suala qəti cavab verən tədqiqat yekunlarını müfəssəl təsvir etmədən nəticəni formalaşdırmaq mümkün olmadıqda, rəyin tədqiqi hissəsinə istinad etməyə yol verilir.

 

12.15. Komisyon ekspertizanın aparılması zamanı ekspertlər arasında fikir ayrılığı yaranarsa, hər bir ekspert ayrıca rəy təqdim etmək hüququna malikdir.

 

12.16. Kompleks ekspertiza aparıldıqda, hər bir ekspert rəyin ona aid olan hissəsini imzalayır.         

 

12.17. Ekspert rəyi iki nüsxədə tərtib edilir. Birinci nüsxə ekspertizanı təyin etmiş gömrük orqanına və ya onunla əlaqədar müraciət etmiş şəxsə təqdim edilir, ikinci nüsxə isə gömrük laboratoriyasının arxivində saxlanılır.

 

12.18. Gömrük laboratoriyasının rəhbəri ekspert rəyini nəzərdən keçirərkən, onun düzgün rəsmiləşdirilmədiyini və ya yanlış nəticə çıxarılmasına səbəb ola biləcək natamam tədqiqat aparıldığını, ekspertizanın aparılması  metodikasının pozulduğunu aşkar edərsə, rəy zəruri dəyişikliklər və dəqiqləşdirmələr edilməsi üçün ekspertə qaytarılır.

 

12.19. Ekspert bu Qaydaların 12.18-ci bəndində göstərilənlərlə razılaşmadıqda, ekspertizanın aparılması digər ekspertə tapşırılır.

 

12.20. Gömrük ekspertizasını təyin edən gömrük orqanının vəzifəli şəxsi gömrük ekspertizasının nəticəsi barədə dərhal bəyannaməçini, mallar barəsində səlahiyyəti olan digər şəxsləri və ya onların nümayəndələrini məlumatlandırır.

 

 

 

13. Yekun müddəalar

 

 

 

13.1. Ekspertin rəyinə əsaslanaraq, gömrük orqanı aşağıdakılarla bağlı qəbul edilmiş qərarlar barədə yazılı surətdə aidiyyəti gömrük laboratoriyasını məlumatlandırır:

 

13.1.1. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi, malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının müəyyən edilməsi və malların gömrük dəyərinin təyin olunması əsasında gömrük orqanı tərəfindən dövlət büdcəsinə ödənilmiş gömrük rüsumlarının və vergilərin miqdarı barədə;

 

13.1.2. təhlükəsizlik və ya keyfiyyət göstəricilərinə görə istifadəyə yararlı olmayan mallar barədə.

 

  

 

________________

 

 

 

“Gömrük ekspertizasının aparılması

 

Qaydaları”na

 

1 nömrəli əlavə

 

 

 

Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında

 

AKT

 

________________________                       “___”________20__ il

 

(aktın tərtib edildiyi yer)                                                                                saat______-______dəqiqə

 

 

 

Gömrük Məcəlləsinin 158-ci maddəsinə uyğun olaraq                                                    _________________

 

____________________________________________________tərəfindən

 

(hüquqi şəxsin adı, hüquqi ünvanı/fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı)

 

 

 

idxal/ixrac/tranzit/______olunan_________nömrəli_______tarixli invoysun

 

                                (invoysun nömrəsi)    (invoysun tarixi)

 

 

 

________________________________________________mövqeləri üzrə       

 

                                     ______________________________________________________nömrəli

 

(nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, konteynerin nömrəsi, anbarın nömrəsi)

 

nəqliyyat  vasitəsindən (konteynerdən) anbardan  gömrük  ekspertizasının  keçirilməsi üçün gömrük laboratoriyasına göndərilməsi məqsədi ilə ____________________________________________________ tərəfindən

 

(prob və nümunə götürən şəxsin soyadı və adı)

 

 

 

mallardan prob və nümunələr aşağıdakı miqdarda və standartlara uyğun götürülmüşdür:

 

İnvoysun

 

¹-si

 

Malın adı

 

Parametrlər

 

Prob və nümunənin miqdarı (sayı, ölçüsü)

 

Prob və nümunənin seriya

 

¹-si

 

Malın son istifadə tarixi

 

Prob və nümunənin götürülmə planı və proseduru (texniki sənədin rekvizitləri)

 

 

 

Prob və nümunələrin götürülməsi zamanı ətraf mühitin temperaturu ___ o C

 

Prob və nümunələrin saxlanma temperaturu _________ o C

 

Laboratoriyaya daşınması zamanı prob və nümunələrin temperaturu ___ o C

 

Nəqliyyat vasitəsi/konteyner/anbar ___________________ nömrəli plombiratorla gömrük təminatına alındı.

 

Prob və nümunələr qablaşdırılaraq ____________________ nömrəli  plombiratorla gömrük təminatına alındı və etiketləndi.

 

Prob və nümunələr Gömrük Məcəlləsinin 322.1-ci maddəsinə uyğun olaraq _______________________________________ məqsədi ilə tədqiq edilsin.

 

Bu Qaydaların 6.13-cü bəndində müəyyən edilmiş hallar istisna olmaqla, prob və nümunələrin qalığı sifarişçiyə geri qaytarılmır.

 

Gömrük Məcəlləsinin 322.10-cu maddəsinə uyğun olaraq, gömrük yığımını ödəməyə zəmanət verirəm (malların gömrük ekspertizası bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin (sifarişçinin) təşəbbüsü ilə aparıldıqda).

 

 

 

Sifarişçinin imzası   ___________

 

 

 

Biz, aşağıda imza edənlər prob və nümunələrin götürülməsində iştirakımızı təsdiq  edirik:

 

Sıra

 

¹-si

 

                   Soyadı, adı

 

Vəzifəsi

 

İmza

 

 

Xüsusi qeyd__________________________________________________

 

Prob və nümunələri laboratoriyaya  ___”________20__ il tarixdə

 

saat____-____dəqiqədə təhvil verdim.

 

Təhvil verən şəxs_____________________________________________

 

(soyadı, imzası)

 

Qəbul edən şəxs_______________________________________________

 

(soyadı, imzası)

 

 

 

Prob və nümunələrin identifikasiya nömrəsi_________________________

                                                                                   

Gömrük ekspertizasının aparılması üçün əsas olan sənədin (göndərişin) və ya müraciətin rekvizitləri___________________                                        

 

“Gömrük ekspertizasının aparılması Qaydaları”na

 

 

 

2 nömrəli əlavə

 

Gömrük ekspertizası üçün göndərilən prob və nümunələrin

 

minimum miqdarı

 

Sıra¹-si

 

Malların adı

 

Ekspertizaya göndərilən prob və nümunələrin miqdarı

 

1

2

3

 

1.

 

Toz, qranul və digər bərk formalarda olan quru süd

 

 

 

3 ədəd prob x 300 qr və qablaşma nümunəsi

 

2.

 

Qəhvə, çay və onların əsasında olan hazır məmulatlar, pərakəndə satış üçün

 

 

 

3 ədəd qablaşma x 100 qr

 

3.

 

Duru bitki yağı

 

 

3 ədəd prob x 250 ml və qablaşma nümunəsi

 

4.

 

Bərk piy və piy qarışıqları

 

 

 

3 ədəd prob x 200 qr və qablaşma nümunəsi

 

5.

 

Şəkər, un-yarma sənayesi məmulatları

 

 

3 ədəd prob x 500 qr və qablaşma nümunəsi

 

6.

 

Kakao-pasta, kakao-yağ,

 

 kakao-piy

 

 

 

3 ədəd prob x 300 qr və qablaşma nümunəsi

 

7.

 

Pərakəndə satış üçün qablaşdırılmamış hazır qida məhsulları

 

 

 

3 ədəd prob x 100 qr və etiket nümunəsi

 

8.

 

Şirələr, sular və alkoqolsuz içkilər

 

 

 

500 ml-dən az olmamaq şərtilə 3 ədəd qablaşma

 

9.

 

Çörəkbişirmə tozları

 

 

 

3 ədəd prob x 100 qr və qablaşma nümunəsi

 

10.

 

Şərabçılıq sənayesi məhsulları (avtomobil və dəmiryol sisternlərində, çəlləklərdə, flekstanklarda daşınan qablaşdırılmamış şərab, konyak, konyak spirti, çaxır içkiləri və kokteyllər)

 

 

 

3 ədəd prob x hər biri 1,5 dm3 birləşdirilmiş prob (ÃÎÑÒ-Ð 51144-2009 uyğun olaraq)

 

 

 

1

2

3

 

11.

 

Spirt, həlledici, durulaşdırıcı, buza qarşı məhlul

 

çəkisi 500 ml-dən az olmayan 3 qab

 

12.

 

Hazır araq-çaxır məmulatı

 

 

 

3 qab zavod qablaşdırmasında (ÃÎÑÒ-Ð 51144-2009 uyğun olaraq)

 

13.

 

Tütün və tütün tullantıları, tütün məmulatları

 

 

 

3 prob x 300 qr və qablaşma nümunəsi və ya 3 blok siqaret

 

14.

 

Dəmiryol və ya avtomobil sisternlərində, neft gəmilərində, çəllək və bidonlarda və digər daşınma vasitələrində daşınan neft və neft məhsulları

 

 

 

3 ədəd prob x 2 dm3 birləşdirilmiş prob (ÃÎÑÒ- 2517-85 uyğun olaraq)

 

15.

 

Üzvi və qeyri-üzvi kimyəvi birləşmələr

 

 

 

3 ədəd prob x 500 qr birləşdirilmiş prob   qablaşma nümunəsi

 

16.

 

Dərman vasitələri

 

 

 

3 ədəd qablaşma

 

17.

 

Ətirli maddələrin  qarışığı

 

 

 

3 qab x hər biri 100 ml və qablaşma nümunəsi

 

18.

 

Kosmetik vasitələr

 

 

pərakəndə satış üçün nəzərdə tutulmuş 3 qablaşma

 

19.

 

Dekstrinlər və nişasta

 

 

 

3 prob x 100 qr və qablaşma nümunəsi

 

20.

 

İlkin formada polimerlər

 

 

3 prob x 100 qr və qablaşma nümunəsi

 

21.

 

Səthlərin hazırlanması üçün qarışıq məhlullar

 

 

 

3 prob x 100 qr və qablaşma nümunəsi

 

22.

 

Polimer materiallardan lövhələr, vərəqlər, folqa, plyonkalar

 

 

 

3 nümunə A4 (297mm x 210 mm) və qablaşma nümunəsi

 

23.

 

Kağız və karton

 

 

 

3 nümunə A4 (297 mm x 210 mm) və qablaşma nümunəsi (etiket, rulonun ölçüləri)

 

24.

 

Sanitar-gigiyenik dəsmallar

 

 

 

3 qablaşma  ya 3 rulon  və qablaşma nümunəsi

 

1

 

2

 

 

 

3

 

25.

 

Kağız kütləsindən hazırlanmış məhsullar (pərakəndə satış üçün qablaşdırılmamış)

 

3 prob x 100 qr və ya 3 nümunə 25 x 15 sm və qablaşma nümunəsi

 

26.

 

Rezin şinlər

 

 

 

1 ədəd (böyük qabaritli olduqda - fotoşəkil)

 

27.

 

Kauçuk, rezin

 

 

 

3 nümunə x 500 qr qablaşma nümunəsi və ya etiket

 

28.

 

Laklar, boyalar

 

 

3 nümunə x 500 qr qablaşma nümunəsi və ya etiket

 

29.

 

Möhkəm saplar, monosaplar

 

 

 

3 nümunə x 10 m sap (və ya 500 qr-dan artıq olmamaq şərtilə 2 bobin)

 

30.

 

Müxtəlif növ parçalar

 

 

 

ölçüsü 20 sm x 35 sm olan 3 nümunə

 

31.

 

Linoleum , döşəmə örtükləri

 

 

 

3 nümunə A4 (297 mm x 210 mm) formatında

 

32.

 

Metallar, metal məmulatlar

 

 

 

3 nümunə x 100 qr

 

33.

 

Kiçikqabaritli tək-tək əşyalar

 

 

 

3 ədəd

 

34.

 

Böyükqabaritli dağıdılmaz mallar (xəz məmulatları, televizor və s.)

 

 

 

1 ədəd (pasportu, etiketi)

 

35.

 

Pərakəndə satış üçün nəzərdə tutulmuş tutumu 100-1000 qr olan məhsullar

 

 

 

3 ədəd qablaşma nümunəsi

 

36.

 

Pərakəndə satış üçün nəzərdə

 

tutulmuş tutumu 1000 qr-dan çox olan məhsullar

 

 

3 ədəd x 300 qr və qablaşma nümunəsi

 

 

 

“Gömrük ekspertizasının aparılması Qaydaları”na

 

 

 

3 nömrəli əlavə

 

 

 

Mala baxışın keçirilməsi haqqında

 

                   A K T

 

____________________                                                       “___”________20__ il

 

     (aktın tərtib edildiyi yer)

 

Gömrük Məcəlləsinin 91-ci maddəsinə uyğun olaraq

 

_____________________________________________________________   

 

(idxal/ixrac/tranzit/________ edən hüquqi şəxsin adı/fiziki şəxsin soyadı, adı və atasının adı)

 

________nömrəli_________tarixli invoysun __________  mövqeləri üzrə   

 

(invoysun nömrəsi)   (invoysun tarixi)

 

__________________________________________ünvanında yerləşən ______________________________________________________nömrəli

 

(nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı/konteynerin nömrəsi/anbarın nömrəsi)

 

nəqliyyat vasitəsində (konteynerdə) anbarda olan malların gömrük ekspertizasının keçirilməsi məqsədi ilə ekspert tərəfindən mallara baxış zamanı aşağıdakılar müəyyən edildi:

 

 

 

İnvoysun

 

¹-si

 

                   Malın adı

 

Təsviri

 

(qablaşdırılma növü, tərkibi, materialı, istehsal ili, ölçüləri, avadanlığın gücü, səmərəliliyi, həcmi, markalanması, təyinatı, gərginliyi və s. )

 

 

Nəqliyyat vasitəsi (konteyner) anbar __ saylı plombiratorla təminata alındı.

 

Biz, aşağıda imza edənlər baxış zamanı iştirakımızı təsdiq edirik:

 

 

 Sıra     ¹-si         Soyadı və adı       Vəzifəsi       İmza

 

                                      

 

 

Xüsusi qeyd___________________________________________________

 

"Gömrük ekspertizasının aparılması Qaydaları”na

 

 

 

4 nömrəli əlavə

 

 

 

Nəqliyyat vasitəsinə baxışın keçirilməsi haqqında

 

                   A K T

 

                   ____________________                          “___”____________20__ il

 

                       (aktın tərtib edildiyi yer)

 

____________________________________________________tərəfindən (idxal/ixrac/tranzit/_______ edən hüquqi şəxsin adı/fiziki şəxsin soyadı, adı və atasının adı)

 

_____________________________________________ünvanına gətirilmiş

 

nəqliyyat vasitəsinin gömrük ekspertizası məqsədi ilə ekspert tərəfindən keçirilən baxış vaxtı aşağıdakı texniki göstəricilər müəyyən edildi:

 

 Sıra

 

¹-si

 

Nəqliyyat vasitəsinin texniki göstəriciləri

 

                   Nəticə

 

 1.

 

Modeli, markası

 

 2.

 

Çəkisi (ton)

 

 3.

 

Buraxılış ili

 

 4.

 

Şassi nömrəsi

 

             

 

 5.

 

Mühərrikin həcmi

 

6.

 

Yanacağın növü

 

              

 

 7.

 

Oturacaqların sayı

 

 8.

 

Təyinatı

 

                   

 

 9.

 

Təchizatı

 

                   

 

 10.

 

Xüsusi qeyd

 

 

 

Biz, aşağıda imza edənlər baxış vaxtı iştirakımızı təsdiq edirik:

 

 

Sıra

 

¹-si

 

                   Soyadı və adı

 

                   Vəzifəsi

 

İmza

 

 

Xüsusi qeyd__________________________________________________

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri