Ohayo ştatından konqresmen Maykl Terner Hyustondakı Azərbaycan Mərkəzində olmuşdur

 

Ohayo ştatından konqresmen Maykl Terner Hyustondakı Azərbaycan Mərkəzində olmuşdur.

Şəhərin azərbaycanlı icması və Azərbaycandan olan dostları ilə görüşündə konqresmen ABŞ ilə ölkəmiz arasında ikitərəfli münasibətlərə dair bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparmışdır.

Enerji təhlükəsizliyi, ABŞ-ın enerji resursları istehsal edən  müttəfiqləri ilə qarşılıqlı münasibətlərinin və ticarət əlaqələrinin yaxşılaşdırılması məsələlərində Birləşmiş Ştatların fəallığının tərəfdarı və Konqresdə "Cənub dəhlizi layihəsi"nin həyata keçirilməsi vasitəsilə Avropadakı müttəfiqlərin enerji təhlükəsizliyini möhkəmləndirməyə çağıran qətnamənin müəllifi kimi M.Terner Transadriatik qaz kəməri layihəsini və onun həyata keçirilməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın sanballı köməyi məsələsini müzakirə etmişdir. Qanunverici orqanın təmsilçisi qeyd etmişdir ki, ABŞ hökuməti bu sahədə Azərbaycana daha çox diqqət yetirməlidir.

Konqresmen  Azərbaycan Mərkəzinin işi ilə tanış olmuş və qardaşlaşmış şəhərlər layihəsini, xüsusən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının fəaliyyətini, son 37 ildə onun iki neft şəhəri, ümumiyyətlə, ABŞ ilə Azərbaycan arasında  münasibətlərin inkişafına çox böyük kömək göstərməsini yüksək qiymətləndirmişdir. M.Terner bildirmişdir ki, ABŞ-dakı Azərbaycan diasporu genişlənir. O, bütövlükdə Amerika-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafında ABŞ Azərbaycanlıları Şəbəkəsinin və Azərbaycan icması üzvlərinin rolunu xüsusi qeyd etmişdir.

Maykl Terner Ohayo ştatının 10 seçki dairəsini təmsil edir.  ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsinin Taktik AviasiyaQuru Qoşunları yardımçı komitəsinin sədri, ABŞ-ın Nəzarət və Hökumət İslahatları Komitəsinin böyük üzvüdür. 2003-2012-ci illərdə o, ştatın 3-cü dairəsini təmsil etmiş, 1994-cü ildən 2004-cü ilədək Bosniya və Herseqovinada müharibəyə son qoymuş 1995-ci ilin Deyton sazişinin bağlandığı Deyton şəhərinin (Ohayo ştatı) meri olmuşdur.

 

 

Yusif BABANLI,

 

AzərTAc-ın xüsusi müxbiri

 

Vaşinqton

 

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 7.