MDB Parlament Assambleyasının müşahidə missiyasının üzvləri Gəncəyə səfər etmişlər

 

Azərbaycanda keçiriləcək  prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirəcək Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyanın (MDB PA) ekspert qrupunun üzvləri sentyabrın 1-də Gəncəyə səfər etmişlər.

AzərTAc xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qrupun üzvlərini qəbul etmiş və "dəyirmi masa" arxasında görüş keçirilmişdir. İcra başçısı ölkəmizdə, eləcə də Gəncədə aparılan abadlıq və quruculuq işlərindən, son illər dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan danışmışdır.

Bildirilmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Gəncədə də prezident seçkilərinə ciddi hazırlıq işləri görülür. Seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılır.

MDB PA Şurasının baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da nümayəndəsi Aydın Cəfərov, qurumun beynəlxalq monitorinq institutunun direktor müavini Andrey Baranov çıxış edərək qrupun missiyasından danışmış, seçkiyə hazırlığın vəziyyəti və onun Azərbaycanın seçki qanunlarına uyğun keçirilməsi vəziyyətinə dair müşahidə aparacaqlarını qeyd etmişlər.

Qrupun ekspertləri dairə seçki komissiyalarında qanunun aliliyinin təmin olunması, seçki məntəqələrində hazırlığın vəziyyəti, həmçinin seçkilərin demokratik keçirilməsində inzibati orqanların iştirakı, Konstitusiyanın tələblərinə əməl edilməsi, müxalifət partiyalarının namizədlərinə yaradılan şəraitlə bağlı ətraflı məlumat toplayacaqlar.

Görüşdə iştirak edən Milli Məclisin üzvü Musa Quliyev çıxış edərək  prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi və hər bir Azərbaycan vətəndaşının seçki günü məntəqələrə gələrək sərbəst şəkildə istədiyi namizədə səs verməsi üçün lazımi şərait yaradılacağını diqqətə çatdırmışdır.

Daha sonra qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini, Bayraq Meydanını ziyarət etmiş sakinlərlə işgüzar söhbətlər aparmışlar.

Sentyabrın 2-də MDB PA-nın ekspert qrupunun üzvləri Gəncədə, Şəmkirdə və Samuxda fəaliyyət göstərən dairə seçki komissiyalarında və seçki məntəqələrində seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmuşlar.

 

Azərbaycan. - 2013.- 3 sentyabr.- S. 7.