Azərbaycan
Prezidenti İlham Əliyevin cənub bölgəsinin gəncləri
ilə görüşü
Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 5-də Lənkəranda Gənclər
mərkəzinin açılışında iştirak
etmişdir. Dövlət başçısı yeni mərkəzdə
cənub bölgəsinin ali məktəblərə builki qəbul
imtahanlarında yüksək bal toplamış gəncləri
ilə görüşmüşdür.
Azərbaycan
Prezidenti görüşdə çıxış
etmişdir.
Prezident
İlham Əliyevin çıxışı
- Bu gün biz Lənkəranda yeni Gənclər
mərkəzində toplaşmışıq. İlk
növbədə, Lənkəran gənclərini və
bütün Azərbaycan gənclərini bu mərkəzin
açılışı münasibətilə təbrik etmək
istəyirəm.
Gözəl mərkəzdir və ümumiyyətlə,
gözəl təşəbbüsdür ki, artıq ölkəmizin
müxtəlif yerlərində, demək olar, hər bir şəhərdə
gözəl gənclər mərkəzləri tikilir, gənclərin
sərəncamına verilir. Bu mərkəzlər həm
memarlıq baxımından göz oxşayır, eyni zamanda,
onların funksional mahiyyəti də çox önəmlidir. Burada müxtəlif tədbirlər keçirilə
bilər, gənclər öz problemlərini müzakirə edə
bilərlər. Əyləncə üçün burada
imkanlar vardır - kinozal, tir. Əminəm ki, Lənkəran gəncləri
bu mərkəzdən səmərəli şəkildə
istifadə edəcəklər. Qeyd etdiyim kimi, hər bir
şəhərdə müasir gənclər evi, yaxud gənclər
mərkəzi tikilir. Bir çox yerlərdə artıq
tikilmişdir.
Azərbaycanda,
ümumiyyətlə, çox düşünülmüş
və məqsədyönlü gənclər siyasəti
aparılır. Bu siyasətin təməlində ulu öndər
Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü
ildən başlayaraq bütün sahələrdə olduğu
kimi, gənclər siyasəti istiqamətində də
çox vacib addımlar atılmışdır. Görülən
işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri
çox böyük işlərə imza atırlar, cəmiyyətdə
çox mühüm rol oynayırlar. Gənclərin fəallığı,
onların bilikləri bu gün ölkəmizi gücləndirir.
Bu gün Azərbaycanda
gənclər siyasəti uğurla aparılır. Müxtəlif
layihələr, proqramlar icra edilir. Mən xüsusilə, Azərbaycan
Gəncliyi Dövlət Proqramını qeyd etmək istərdim.
Bu proqram qəbul olunarkən cəmiyyətdə, xüsusilə,
gənclər arasında geniş müzakirələr
aparılmışdı. Gənclər tərəfindən irəli
sürülmüş təkliflərin bir çoxu bu proqrama
daxil edilmişdir. Proqram konkretdir, orada konkret məsələlər
öz əksini tapmışdır və uğurla icra edilir.
Ondan sonra yenə də gənclərin
təklifini nəzərə alaraq mənim sərəncamımla
Azərbaycan Gənclər Fondu yaradılmışdır.
Fondun əsas vəsaiti Prezidentin Ehtiyat Fondundan təmin edilir.
Bu da gənclər siyasətinə olan münasibətin təzahürüdür.
Çünki ehtiyat fondundan ancaq ölkə üçün ən
əhəmiyyətli layihələrə vəsait
ayrılır. Gənclər Fondu artıq uğurla fəaliyyət
göstərir, müxtəlif layihələr icra edilir. Gənclər
bu işlərə cəlb olunur və ölkəmizin gələcəyi,
ölkədə gedən proseslərlə bağlı
müxtəlif layihələrin icra edilməsi
üçün Gənclər Fondu öz vəsaitindən
istifadə edir.
Gənclərin məişət problemləri
həll edilir. Hesab edirəm ki, gələcəkdə
bu işlərə daha da böyük diqqət göstərilməlidir.
Bilirəm ki, gəncləri maraqlandıran,
narahat edən məsələlər mənzil problemidir. Azərbaycanda
artıq ipoteka kreditləşməsi tətbiq olunur. Hesab edirəm ki, gənclər bu işlərə
daha da fəal cəlb edilməlidir. Müvafiq
göstərişlər verilmişdir. Gənclər
və İdman Nazirliyi təkliflər hazırlayır ki, biz gəncləri
ipoteka layihəsi ilə əhatə edə bilək.
Bir sözlə, Azərbaycan dövləti
bu istiqamətdəki siyasətini daim gücləndirir.
Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri
yenə də demək istəyirəm ki, cəmiyyətin fəal
üzvləridir və cəmiyyətdə çox müsbət
rol oynayırlar.
Siz bu bölgəni təmsil edən gənclərsiniz.
Siz qəbul imtahanlarında ən yüksək bal
toplamış gənclərsiniz. Mən bu
münasibətlə sizi ürəkdən təbrik edirəm.
Prezident kimi sizə öz minnətdarlığımı
bildirmək istəyirəm ki, siz məktəbdə
yaxşı oxumusunuz.
Bunun nəticəsidir ki, siz bu gün ən
yüksək bal toplaya bilmisiniz. Yəni, bu, onu göstərir ki, oxumaq istəyən,
öz gələcəyi haqqında düşünən,
istedadlı, bilikli gənclər təhsil sahəsində
öz yolunu seçə bilərlər. Əminəm ki,
siz ali məktəblərdə də
yaxşı oxuyacaqsınız, əlaçı
olacaqsınız. Çünki məktəb illərində
göstərdiyiniz nəticələr bunu deməyə əsas
verir. Nəticədə bir neçə
ildən sonra artıq cəmiyyətdə peşəkar kadrlar
kimi öz sözünüzü deyəcəksiniz.
Sizin fəaliyyətiniz əlbəttə
ki, ilk növbədə, gələcəyinizi müəyyən
edəcəkdir. Çünki bu gün Azərbaycanda
yüksək biliklərə malik olan insanlar özləri
üçün yaxşı yer tapa bilərlər. Bu gün cəmiyyətdə artıq bir fikir
formalaşıb ki, yaxşı oxuyan, böyük biliklərə
malik olan insanlar həyatda özləri üçün
yaxşı şərait də yarada biləcəklər.
Çünki Azərbaycan cəmiyyəti
açıq cəmiyyətdir. Azərbaycan
cəmiyyəti demokratik cəmiyyətdir. Azərbaycanda
bazar iqtisadiyyatı prinsipləri tam şəkildə tətbiq
olunur. Ona görə gözəl mütəxəssislər,
peşə sahibləri cəmiyyətdə öz yerlərini
mütləq tapacaqlar və xoşbəxt gələcəklərini
təmin edəcəklər. Eyni zamanda,
sizin bilikləriniz ölkəmizin inkişafına töhfə
olmalıdır, əminəm ki, olacaqdır. Çünki bu gün Azərbaycan çox sürətlə,
dinamik şəkildə inkişaf edir. Hər
bir ölkənin inkişafını vətəndaşların
bilikləri müəyyən edir. İndi
siz istedadlı gənclərsiniz, dünyada gedən prosesləri
izləyirsiniz, təhlil etmək imkanlarınız vardır.
Görürsünüz ki, qabaqcıl ölkələr
ona görə inkişaf edir ki, orada biliyin, təhsilin, elmin səviyyəsi
yüksəkdir. Hər bir ölkənin inkişafını
bilik müəyyən edir. Əvvəllər
də belə olub. Tarixdə də belə
olub. Ən önəmli ixtiralar ölkələri
inkişaf etdirib. Hərbi sahədə
ixtiralar ölkələrin hərbi gücünü
formalaşdırıb. Elm sahəsində
ixtiralar ölkələrə əlavə gəlir gətirmişdir.
Bu gün inkişaf daha çox bilikdən
asılıdır. Çünki bu gün
biz informasiya-kommunikasiya texnologiyaları dövründə
yaşayırıq. İnformasiya-kommunikasiya
texnologiyaları çox sürətlə inkişaf edir.
Bu gün hər bir ölkənin gələcəyini
cəmiyyətdə olan biliyin səviyyəsi müəyyən
edir. Bu, aksiomadır. Biz
hamımız əlbəttə ki, dövlət və vətəndaşlar
çalışmalıyıq ki, Azərbaycanda ümumi səviyyə
yüksək olsun və eyni zamanda, istedadlı gənclər,
insanlar ön plana çıxsınlar.
Əminəm ki, sizin gələcək fəaliyyətiniz
də sizin üçün, ölkəmiz üçün
uğurlu olacaqdır. Beləliklə,
gələcəkdə siz hərəniz öz yerinizdə
ölkəmizin inkişafına töhfənizi verəcəksiniz.
Ölkəmizin inkişafı isə
çox dinamikdir, uğurludur. Son illərdə Azərbaycan dünya miqyasında ən
sürətlə inkişaf edən ölkədir. Gələcək planlarımız da çox
böyükdür. Görüləcək
işlər Azərbaycanı inkişaf etmiş ölkələrin
sırasına daxil etməlidir. Hər
halda, qarşıya belə vəzifə qoyulubdur. Hesab edirəm ki, buna nail olmaq üçün imkanlarımız
vardır. Müstəqilliyimizin son 20 ili
bunu təsdiqləyib. Son 20 il ərzində
Azərbaycan yalnız inkişaf yolu ilə getmişdir.
Siz, əlbəttə ki, gəncsiniz.
Müstəqilliyimizin ilk illərini əlbəttə
ki, xatırlaya bilmirsiniz. Ancaq yəqin ki,
tarixdən oxumusunuz, görmüsünüz, eşitmisiniz.
Müstəqilliyimizin ilk illəri ölkəmiz
üçün çox ağır keçib. Ölkə idarəolunmaz vəziyyətdə idi,
böhran içində idi. Hərbi,
iqtisadi, siyasi böhran ölkəmizi uçuruma
aparırdı. 1991-1993-cü illər bizim
qara səhifəmizdir. Əfsuslar olsun ki, o vaxtkı rəhbərlik
müstəqillik şansından istifadə edə bilmədi və
biz iki il itirdik. Bu itkilər
çox ağır itkilər olmuşdur. Torpaqlarımızın
bir hissəsi işğal altına düşdü. Ölkədə xoşagəlməz proseslər
baş vermişdir. İqtisadiyyat tamamilə
iflic vəziyyətdə idi. Ancaq
1993-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyə
qayıdışından sonra bütün xoşagəlməz
halların qarşısı alındı və Azərbaycan
sürətlə inkişaf etməyə başladı. Bu gün bu siyasi xətt davam etdirilir. Əminəm ki, bundan sonra da davam etdiriləcəkdir.
Çünki son 20 ilin təcrübəsi onu göstərir
ki, bu xətdən başqa Azərbaycana xeyir gətirə biləcək
heç bir siyasət ola bilməz. Ölkəmizin dinamik və dayanıqlı
inkişafını təmin etmək üçün gələcəkdə
sizin kimi gənclər öz sözünü deyəcəklər.
Əlbəttə, siz gənc mütəxəssislər
kimi artıq 5-6 ildən sonra cəmiyyətin işinə,
ölkədə gedən proseslərə fəal
qatılacaqsınız. Gələcəkdə
ancaq sizin kimi gənclər ölkəmizi idarə edəcəklər.
Azərbaycanda idarəçilik təcrübəsi
nəsildən-nəslə ötürülməlidir. Azərbaycanda bütün ənənələr yaşamalıdır.
Biz öz milli-mənəvi dəyərlərimizə
çox bağlıyıq. Xüsusilə,
indiki dövrdə, qloballaşan dünyada milli ruhda tərbiyə
almaq xüsusi əhəmiyyətə malikdir. Qloballaşmanın müsbət tərəfləri
də, mənfi tərəfləri də vardır. Biz o mənfi təsirdən özümüzü
sığortalamalıyıq. Bunun yeganə
yolu ondan ibarətdir ki, gənclər vətənpərvərlik
ruhunda tərbiyə alsınlar, öz Vətəninə
bağlı olsunlar, öz Vətənini sevsinlər və
dövlət müstəqilliyini hər şeydən
üstün tutsunlar. Bu gün Azərbaycan,
sözün əsl mənasında, müstəqil dövlətdir,
müstəqil siyasət aparır, öz hesabına
yaşayır, iqtisadi cəhətdən müstəqildir,
siyasi cəhətdən müstəqildir. Məhz
müstəqil siyasət apardığı üçün
dünyada daha çox böyük nüfuza malik olan bir
ölkədir. Bu meyillər gələcəkdə
davam etməlidir və möhkəmlənməlidir.
Bugünkü hakimiyyət, bugünkü
iqtidar bu müsbət dinamikanı təmin edəcəkdir.
Ancaq bizdən sonra gələn nəsil bizim kimi
vətənpərvər və Vətənə bağlı
olmalıdır ki, gələcəkdə Azərbaycan daha da
qüdrətli dövlətə çevrilsin. Bunu etmək üçün bu gün biz möhkəm
təməl qoyuruq. Bu gün başlanan,
icra edilən layihələrin bir çoxu gələcəyə
hesablanıb. Bu gün Azərbaycanın gələcək
inkişafı müəyyən edilir. İqtisadi
islahatlar, ondan sonra siyasi proseslərin müsbət məcrada
getməsi, sosial sahədə aparılan işlər, hərbi
gücümüzün artırılması, energetika,
xüsusilə, neft-qaz sahəsində atılan addımlar ən
azı, 50, 60 il bundan sonra ölkəmizin
gücünü təmin edəcəkdir. Belə olan halda Azərbaycana
mümkün ola biləcək təzyiq, təsir
cəhdləri artacaqdır. Biz nə qədər
inkişaf edirik, bir o qədər də diqqəti
özümüzə cəlb edirik.
Biz - bu gün Azərbaycana rəhbərlik
edən şəxslər artıq hesab edirəm, sübut
etmişik ki, heç bir kənar təsir bizi yolumuzdan döndərə
bilməz. Mən çox istəyirəm ki, gənc
nəsil də bax bu ruhda - müstəqillik ruhunda
böyüsün, tərbiyə alsın. Çünki
Azərbaycan bu gün müstəqildir. Azərbaycan
xalqı bu gün azaddır. Bizim taleyimiz
öz əlimizdədir və bu, tarixi şansdır. Tarixdə heç vaxt, - siz də yaxşı oxuyan
gənclər kimi Azərbaycan tarixini yaxşı bilirsiniz, -
heç bir dövrdə Azərbaycan bu qədər
güclü olmamışdır. Heç
vaxt müstəqilliyimiz bu qədər möhkəm
olmamışdır.
Müxtəlif dövrlərdə dövlətçilik
ənənələri olmuşdur. Azərbaycan xalqı müxtəlif dairələr
çərçivəsində yaşamışdır.
Amma Azərbaycan heç vaxt bu qədər azad,
müstəqil və güclü olmamışdır. Bu, böyük dəyərdir, böyük sərvətdir.
Biz bunu qoruyuruq. Siz də gələcəkdə
bunu qorumalısınız ki, ondan sonra heç vaxt Azərbaycan
heç bir kənar təsirin altına düşməsin.
Bunu etmək üçün əlbəttə
ki, iqtisadi əsaslar olmalıdır. Təbii,
əgər bu gün Azərbaycanın güclü
iqtisadiyyatı olmasaydı, istər-istəməz bu, bizim
siyasi kursumuza da təsir edə bilərdi. Ancaq
iqtisadi amillərdən daha önəmli məhz milli-mənəvi
dəyərlərdir, milli ruhdur, müstəqillik amilidir.
Əminəm ki, bugünkü Azərbaycanın
reallıqları, ölkəmizin dinamik inkişafı hər
bir gənci ruhlandırır, sevindirir və hər bir Azərbaycan
vətəndaşı fəxr edir ki, Azərbaycan vətəndaşıdır.
Bu gün doğrudan da, müxtəlif sahələrdə
ölkəmizin uğurları dünyada artıq təqdir
edilir, qiymətləndirilir. İqtisadi,
beynəlxalq, bütün başqa sahələrdə Azərbaycan
kimi inkişaf edən ölkə yoxdur. Bunun
təməlində bir daha demək istəyirəm ki, öz Vətəninə,
xalqına olan bağlılıqdır, məhəbbətdir.
Budur əsas və biz bunu mütləq
qorumalıyıq, gələcək nəsil də
qorumalıdır.
Bizim nəslimiz sovet dövründə
doğulmuşdur, dünyaya gəlmişdir.
Sovet İttifaqı dağılanda mənim 30
yaşım var idi. Əlbəttə ki, mən
bu dövrü yaxşı xatırlayıram. Mənim həyatımın böyük hissəsi o
dövrdə keçmişdir. Ona görə
bəlkə də bizim nəsil müstəqil həyatı
daha da çox dəyərləndirir. Çünki
siz artıq müstəqillik dövründə dünyaya gəlmisiniz.
İndi gənclərlə söhbət əsnasında
keçmişdən bəzi hadisələri diqqətə gətirəndə
bəzən inanmırlar ki, bu, necə olar bilər? Misal üçün, orada məhdudiyyət, burada məhdudiyyət,
oraya girmək olmaz, buraya girmək olmaz, ideoloji çərçivələr.
Gənclər üçün qəribə gəlir,
sanki başqa bir reallıqdır. Amma bizim
nəsil o dövrdə böyüyüb, ona görə təbii
ki, müstəqillik duyğuları və müstəqilliyin
üstünlükləri bizim üçün daha da
yaxındır. Ona görə ki, biz daha da
yaşlıyıq, təcrübəliyik. Amma
siz də - müstəqillik dövründə dünyaya
göz açan uşaqlar, gənclər bunu bilməlisiniz ki,
bu müstəqillik elə-belə göydən düşməyib.
Azərbaycan xalqı əsrlər boyu müstəqilliyə
doğru getmişdir. Bizdən əvvəlki
nəsillər müstəqillik arzuları ilə
yaşamışlar. Ancaq onların
arzuları reallaşmadı. Bizdən əvvəlki nəslin
nümayəndələri həsrətlə, nisgillə
yaşamışlar, öz dövlətini, xalqını azad
görmək istəmişlər, buna nail ola
bilməmişlər.
Biz xoşbəxtik ki, müstəqil,
güclü, özünü təmin edə bilən və
inkişafda olan dövlətdə yaşayırıq.
Biz azad, rahat, təhlükəsizlik şəraitində
yaşayırıq. Bu da böyük
nailiyyətdir. Bu da siyasətimizin nəticəsidir
ki, bu gün Azərbaycan bu bölgədə sabitlik, təhlükəsizlik
məkanıdır, nəinki ölkə daxilində, eyni
zamanda, regionda sabitləşdirici rol oynayır. Bunu beynəlxalq müşahidəçilər də
qeyd edir ki, Azərbaycan sabitləşdirici rol oynayır.
Bu gün Azərbaycanın inkişafı
və müxtəlif istiqamətlər üzrə aparılan
dövlət siyasəti çox
düşünülmüşdür, ardıcıldır və
milli maraqlara söykənir. Azərbaycan dövlətinin və xalqının
milli maraqları hər şeydən üstün
olmalıdır. Siz bunu bilin və yadda
saxlayın. Bu, aksiomadır. Heç
bir başqa amil milli maraqlardan üstün ola
bilməz. Milli maraqları müdafiə etmək
üçün biz hər bir yola getməliyik, hazır
olmalıyıq. Hesab edirəm yaxın
tarix bunu göstərir ki, bəzən bizim milli
maraqlarımız bəzi ölkələr tərəfindən
nəzərə alınmadığı halda, Azərbaycan
öz sözünü demişdir, milli maraqlarını
müdafiə edə bilmişdir və öz gücünü
göstərmişdir. Ona görə bir
daha demək istəyirəm mənim sizə tövsiyəm
ondan ibarətdir ki, orta məktəbdə necə oxumusunuz elə
də davam edin. Növbəti beş
il ərzində gözəl mütəxəssis olun, cəmiyyətdə
öz yerinizi tapın, öz gələcəyinizi müəyyən
edin və ölkəmizin inkişafına töhfə verin. Dövlət isə hər bir istedadlı gəncə
öz dəstəyini, diqqətini əsirgəməyəcəkdir.
Gələcəkdə - 10 ildən, 20 ildən
sonra daim xalq, Vətən, dövlət haqqında
düşünün, fikirləşin. Çalışın
ki, siz öz əməyinizlə dövlətin
gücünü artırasınız. Azərbaycan
dövləti bu gün, ölkə daxilində və xaricdə
öz vətəndaşlarını müdafiə etməyə
qadirdir. Yenə də deyirəm, yaxın
tarix bunu göstərmişdir. Biz heç
vaxt öz soydaşlarımızı darda qoymarıq. Bütün imkanlardan istifadə edib onları çətin
vəziyyətdən xilas edə bilərik və bunu sübut
etmişik. Ona görə hər bir Azərbaycan
vətəndaşının arxasında güclü dövlət
dayanır. Ancaq eyni zamanda, hər bir vətəndaş
öz işi ilə bu dövləti gücləndirib və
gücləndirməlidir. Yəni, bu proseslər bir-biri
ilə bağlı
olan məsələlərdir. Əminəm
ki, siz bütün bu məsələləri yaxşı dərk
edirsiniz, orta məktəbdə yaxşı
oxumağınız sizin məsuliyyətinizi göstərir.
Əminəm ki, gələcəkdə siz
ölkəmizin dəyərli vətəndaşlarına
çevriləcəksiniz, artıq siz dəyərli vətəndaşlarsınız.
Ancaq peşəkar kimi, gənc kadr kimi, siz
öz sözünüzü deyəcəksiniz. Mən sizi bir daha salamlayıram, təbrik edirəm.
Arzu edirəm ki, sizin həyatınızda hər
şey yaxşı olsun.
***
Tələbə Səmidzadə MİRHADI
dedi:
- Cənab Prezident, bu il
qəbul imtahanında 659 bal yığaraq Bakı Dövlət
Universitetinin hüquq fakültəsinə qəbul olmuşam. Burada olan gənclərin adından, ümumiyyətlə,
regionumuzun bütün gəncləri adından Sizə təşəkkürümüzü
bildiririk ki, bizim bölgəyə səfər etmisiniz.
Dünən Dünya İqtisadi Forumu belə
bir məlumat yayıb ki, Azərbaycan rəqabət
gücünə görə dünyada bir sıra ölkələri
qabaqlayaraq 39-cu yerə çıxmışdır.
Bu, böyük bir nailiyyətdir. Nailiyyətin
qazanılmasında Sizin
apardığınız iqtisadi islahatların rolu
böyükdür. Ölkəmizi inkişaf
etdirmək üçün həyata keçirilən
islahatlardan biri də tələbələrə verilən tələbə
kartlarıdır ki, bunun da sayəsində artıq 100 mindən
artıq tələbə kart almışdır. Orada da tələbələr üçün bir
sıra güzəştlər öz əksini
tapmışdır. Bizim xahişimiz ondan
ibarətdir ki, bu güzəştlərə ictimai nəqliyyatda
olan güzəştlər və tibbi müayinə zamanı
olan güzəştlər də daxil edilsin.
Diqqətinizə görə minnətdaram.
***
Prezident İlham ƏLİYEV:
Yaxşı, biz bunu nəzərə alarıq. Tələbə
kartları, necə deyərlər, nisbətən yeni bir təşəbbüsdür.
Biz çalışmalıyıq ki, tələbələrin
bütün problemlərini, məişət problemlərini həll
edək. Yataqxanalarla bağlı olan
problemlər öz həllini tapır. Bilirsiniz ki, erməni
işğalından əziyyət çəkən vətəndaşlarımızın
bir çoxu
yataqxanalarda, çadır şəhərciklərində
yerləşmişdir. Çadır şəhərcikləri
artıq ləğv edilib. Artıq 6 ildir
ki, yoxdur. Yataqxanalarda da indi bu proses gedir. Yeni
yataqxanalar tikiləcəkdir. Tələbələrin
təqaüdləri artırılır. Hesab
edirəm ki, bu da çox müsbət haldır. Ona görə, əlbəttə, bu məsələ
də öz həllini tapacaqdır.
Qeyd etdiyiniz kimi, Azərbaycan
iqtisadiyyatı güclü iqtisadiyyatdır.
Bunu təsdiqləyən beynəlxalq
qurumların hesablamalarıdır. Dünya
İqtisadi Forumu dünya miqyasında bir nömrəli
İqtisadi Forumdur. Hər il Davosda
forum keçirilir. Artıq son yeddi il ərzində
mən də Azərbaycan Prezidenti kimi foruma dəvət
alıram və iştirak edirəm. Bu il
ilk dəfə olaraq Davos Forumu Bakıda keçirildi. Bu, doğrudan da böyük nailiyyətdir.
Çünki Davos Forumu bütün başqa iqtisadi qurumlardan, iqtisadi
forumlardan qat-qat üstün olan bir formatdır. Onun
adı iqtisadi forumdur, amma əslində bu, siyasi forumdur. Çünki dünyanın aparıcı ölkələrinin
dövlət və hökumət başçıları
forumda iştirak edirlər. Forumun
iştirakçıları çox məhduddur. Yəni oraya ancaq dünyanın siyasi və iqtisadi
elitasının nümayəndələri dəvət olunur.
Əlbəttə, bu qiymətləndirmə
böyük diqqətə malikdir və bir daha onu göstərir
ki, Azərbaycan son illər ərzində rəqabətqabiliyyətliliyinə
görə də ön plana çıxıb.
Mən xatırlayıram, 10 il bundan əvvəl
Prezident kimi təzə işə başlayanda xaricdən gələn
qonaqların bəziləri deyirdilər ki, Azərbaycanın gələcək
inkişafı
birtərəfli olacaq, Azərbaycan neft-qaz amilinə
bağlıdır, iqtisadiyyat çoxşaxəli
olmayacaqdır. Azərbaycan üçün belə
bir gələcək proqnozlaşdırılırdı.
Ancaq həyat onu göstərdi ki, bu gün Azərbaycan
iqtisadiyyatı neft-qaz amilindən o qədər də
asılı deyildir. Əgər ümumi
daxili məhsulun strukturuna baxsaq görərik ki, əsas hissə
qeyri-neft sektorunda formalaşıb. Bu ilin
yeddi ayında qeyri-neft sektorumuz 10 faizdən çox
artmışdır. Bölgələrin
inkişafı da qeyri-neft sektorunun inkişafıdır.
Mən bu zonaya dəfələrlə səfərlər
etmişəm. Son on il ərzində
bu, mənim Lənkərana doqquzuncu səfərimdir. Masallıda səkkiz dəfə, Astarada altı dəfə
olmuşam. Yəni bütün bu zonada mən
dəfələrlə olmuşam. Dünən
və bu gün yeddi rayonda olmuşam. Əlbəttə
ki, mənim səfərlərimin məqsədi vəziyyətlə
tanış olmaqdır. Verilən
tapşırıqların necə yerinə yetirildiyinə nəzarət
etməkdir. Ancaq, eyni zamanda, indi o qədər
açılışlar vardır ki, bu
açılışlarda iştirak etmək üçün
adam vaxt tapa bilmir. Bu gün Lənkəranda
içməli su layihəsi açılmışdır.
Bir azdan sonra mən rayon mərkəzi xəstəxanasının,
kənd yolunun açılışında iştirak edəcəyəm.
Dünən Cəlilabadda böyük xəstəxana,
Biləsuvarda, Yardımlıda su xətləri, Astarada xəstəxana
açıldı. Nəinki bu zonada,
ölkəmizin hər bir yerində quruculuq, inkişaf,
abadlıq gedir.
Bir də mən tövsiyə etmək istərdim
ki, bizim vətəndaşlar, yəni müxtəlif bölgələrdə
yaşayan vətəndaşlar vaxt tapıb digər bölgələrə
də getsinlər. Turist kimi gedib şənbə,
bazar günlərini orada keçirsinlər. İndi müxtəlif yerlərdə gözəl
imkanlar - kempinqlər, motellər vardır. Əlbəttə, gənclər üçün
bahalı hotellərdə qalmaq, yəqin ki, o qədər də
məqbul olmaz. Amma indi qalmaq
üçün yerlər vardır. Təyyarə
uçuşları vardır. Yəni, cənub
zonasının uşaqları getsinlər şimal zonasına,
şimaldan gəlsinlər cənuba. Yəni
bu olarsa, onda hər bir yerdə yaşayan vətəndaş
ölkənin ümumi inkişafını daha da əyani
şəkildə görər. Mən bunu görürəm,
çünki son 10 il ərzində
bölgələrdə bəlkə min dəfə olmuşam.
Yəqin ki, mindən çox tədbir olubdur.
Ancaq bölgələrdə yaşayan əhalinin
böyük əksəriyyəti öz bölgəsinin inkişafını
görür. Ona görə, arzu edirəm
ki, tələbəlik illərində çalışın
Azərbaycanın hər bir yerində olun və görün
ki, doğrudan da Azərbaycan gözəl ölkədir. Həm təbiət müxtəlifliyi, eyni zamanda mədəniyyət
müxtəlifliyi vardır. Bu, bizim
böyük üstünlüyümüzdür, böyük
sərvətimizdir.
Tələbə Gülay SEYFULLAYEVA dedi:
- Hörmətli cənab Prezident, bu il qəbul imtahanında 683 bal toplayaraq Azərbaycan
Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul
olunmuşam. Sizi salamlayıram və bizimlə
bu görüşü keçirdiyiniz üçün Sizə
təşəkkür edirəm. Bu gün
ölkə gənclərinin xarici universitetlərdə təhsil
almaları Sizin imzaladığınız 2007-2015-ci illərdə
xaricdə təhsil üzrə Dövlət Proqramının
icrası nəticəsində mümkün olmuşdur. Mənim bununla bağlı bir xahişim vardır.
Qəbul imtahanlarında yüksək bal
toplayan abituriyentlərə ali məktəblərə ixtisas
seçimi məsələsində yerli universitetlərlə
yanaşı xarici ölkələrin universitetlərinin də
adının qeyd olunmasına imkan verilməsini istərdim. Bir də bunu qeyd etmək istərdim ki, bildiyiniz kimi,
2015-ci ildə xaricdə təhsil üzrə Dövlət
Proqramının müddəti bitir. Mən
çox istərdim ki, bu proqramın müddəti
artırılsın. Diqqətinizə görə sağ
olun!
Prezident İlham ƏLİYEV: Sağ ol. Əlbəttə, sənin bu təkliflərin nəzərə
alınacaqdır. Biz buna baxacağıq.
Əlbəttə, 2015-ci ildən sonra bu proqram
davam etdiriləcəkdir. Burada heç bir məhdudiyyət
ola bilməz. Yüksək bal
toplamış tələbələr, əlbəttə ki,
xaricə getmək istəyirlərsə, Təhsil Nazirliyi
onların istəklərini nəzərə almalıdır.
Bu sahədə müəyyən işlər
görülmüşdür. Xaricdə tələbələrin təhsil
almaları məsələsi öz həllini tapır. Bu məsələ vacib olduğu üçün
burada maliyyələşmə Dövlət Neft Fondundan təşkil
edilir. Bilirsiniz ki, Dövlət Neft Fondunun
xətti ilə ancaq ölkəmiz üçün ən
strateji layihələr maliyyələşdirilir. Məsələn, köçkünlər
üçün şəhərciklər fondun hesabına
tikilir, sonra böyük su anbarları, məsələn,
Taxtakörpü su anbarı bu yaxınlarda
açılacaqdır. O da Neft Fondunun xətti ilə həll
edilir. O cümlədən xaricdə gənclərin
oxumaları da Neft Fondunun xətti ilə təşkil edilir. Hər
il 10 milyonlarla manat vəsait ayrılır.
Minlərlə gəncimiz xarici ali məktəblərdə
oxuyur. Bu proqram, əlbəttə ki, davam etdiriləcəkdir.
Yəqin bilirsiniz ki, dövlət hesabına
xaricdə oxuyan gənclər qarşısında heç bir
şərt qoyulmur. Biz bu proqrama
başlayanda müxtəlif fikirlər var idi ki, gəlin şərt
qoyaq, onlar mütləq Azərbaycana qayıtsınlar.
Yaxud, onlar girov qoysunlar, sabah gedib dövlət
hesabına oxuyacaqlar, sonra o ölkələrdə qalacaqlar. Yəni pulumuz batacaqdır. Mən
qətiyyən buna imkan vermədim. Çünki
biz gənclər qarşısında heç bir şərt
qoya bilmərik. Biz o proqramı ona görə
başlamışıq ki, gənclərimizin dünyanın
aparıcı ali məktəblərində
oxumağa imkanları olsun. Eyni zamanda, o vaxt
demişəm ki, biz Azərbaycanda elə bir şərait
yaratmalıyıq ki, gənclərimiz qayıtsınlar. Çünki bizim gənclərimiz öz doğma
elinə, obasına bağlı olan gənclərdir.
Əgər burada şərait yaxşı olsa, iş yerləri
olsa, gözəl imkanlar olsa, niyə də onlar
qayıtmasınlar?! Onların heç biri
başqa ölkələrdə qalmayacaqdır.
Çox şadam ki, mənim bu
proqnozlarım reallaşır. Xaricdə
təhsil alan gənclərin böyük əksəriyyəti
vətənə qayıdır. Müxtəlif
dövlət qurumlarında, dövlət şirkətlərində
xüsusi proqramlar vardır. Gənc mütəxəssislərin
işə qəbul edilməsi proqramları vardır.
Ümumiyyətlə, dövlət strukturlarında
çalışanların arasında gənclərin
sayını artırmaq üçün mütəmadi qaydada işlər
görülür. Yəqin bilirsiniz ki, bu məsələ
ilə bilavasitə bağlı olan pensiyaya getmək məsələsidir.
Çünki bir çox hallarda pensiya
yaşına çatmış vətəndaşlar pensiyaya
getmək istəmirlər və getməməklə, demək
olar ki, onlardan sonra gələn nəslin
qarşısını alırlar. Ona
görə pensiya təminatı elə olmalıdır ki,
pensiyaya getmək faciəyə çevrilməsin.
İnkişaf etmiş ölkələrdə
insanlar gözləyirlər ki, nə vaxt pensiyaya
çıxacaqlar. O günü gözləyirlər ki, mən
pensiyaya çıxacağam, çünki təminat
yaxşıdır. Düzdür, indi böhrana
görə orada da problemlər yaranıbdır. İndi onlar pensiya yaşını da artırmaq istəyirlər.
Pensiya xərclərini də ixtisar edirlər.
Amma bütövlükdə inkişaf etmiş ölkələrdə
pensiyaya çıxmaq hər bir vətəndaşın
böyük arzusudur. Ona görə bu məsələlər
bir-biri ilə bağlı olan məsələlərdir.
İnsanlar pensiyaya vaxtında getməlidir ki,
onlardan sonrakı nəslin nümayəndələri bu vəzifələrə
gəlsinlər, işləsinlər. Beləliklə,
gənclərə yol açılacaqdır.
Ancaq mən bir məsələni də
qeyd etmək istəyirəm. Hesab edirəm, biz Azərbaycanda təhsil sahəsində
elə bir vəziyyət yaratmalıyıq ki, heç xaricə
getməyə ehtiyac olmasın. Ona görə
gənclərin xaricə göndərilməsi təşəbbüsü
bir zərurət nəticəsində mənim tərəfimdən
irəli sürülmüşdür. Çünki
buna böyük ehtiyac var idi. Ancaq bu gün təhsil sahəsində
aparılan islahatlar, güman edirəm ki, yaxın zamanlarda Azərbaycanda
da ali təhsilin səviyyəsini
qaldıracaqdır. Belə olan halda xaricə
getməyə böyük ehtiyac olmayacaqdır. Ancaq əlbəttə, bu, bugünün məsələsi
deyildir. 2015-ci ildən sonra da, əlbəttə
ki, bu proqram davam etdiriləcəkdir.
Qeyd etmək istəyirəm ki, Azərbaycan
Dövlət Tibb Universiteti üçün son illərdə
iki gözəl tədris korpusu tikilmişdir.
Terapevtik korpus istifadəyə verilmişdir.
Cərrahiyyə korpusu isə bu il istifadəyə
veriləcəkdir. Ona görə sən indi
Bakıda gözəl şəraitdə oxuyacaqsan. Sən gələcək peşə haqqında fikirləşirsən
indidən? Hansı sahəni istəyirsən?
Gülay SEYFULLAYEVA: Cərrah olmaq istəyirəm.
Tələbə Fərhad
HƏSƏNLİ dedi:
- Hörmətli cənab Prezident, mən 15
yaşımda bu il ali məktəblərə
keçirilən qəbul imtahanında 650 bal toplayaraq Azərbaycan
Tibb Universitetinin müalicə işi fakültəsinə
daxil olmuşam.
Cənab Prezident, müxtəlif bölgələri
təmsil edən biz gənclər ölkəmizdə
yaradılan mövcud şəraitdən yararlanaraq yüksək
təhsil hüququ qazanmışıq. Gələcəkdə
ali təhsil ocaqlarını bitirdikdən
sonra yenidən bölgələrimizə qayıdıb işlə
təmin olunmağımız da vacib məsələlərdəndir.
Bu sahədə işlərin sistemləşdirilməsi
üçün müəyyən tədbirlərin
görülməsini çox istərdim.
Diqqətinizə görə təşəkkür
edirəm.
Prezident İlham ƏLİYEV: Sən
hansı rayondansan?
Fərhad HƏSƏNLİ: Astara rayonundan.
Prezident İlham ƏLİYEV: Astara
rayonundan. Dünən biz Astarada gözəl xəstəxananın
açılışını etdik. Onu da qeyd etmək
istəyirəm ki, keçən il xəstəxananın
əsas korpusunun açılışında olarkən mən
gördüm ki, orada bir bina da var, o bina yararsız vəziyyətdədir.
Getdim tanış oldum, gördüm ki, əsas
korpus təmir olunubdur. Amma poliklinika, diaqnostika
korpusu bərbad vəziyyətdədir. Ona görə
keçən il Bakıya qayıdan kimi sərəncam
imzaladım və Prezidentin ehtiyat fondundan vəsait
ayırdım ki, Astara Rayon Xəstəxanası tam şəkildə
əsaslı təmir edilsin. Dünən
axşam Astara xəstəxanasının ikinci korpusunun
açılışını da qeyd etdik. Ona görə Astarada həkim işləmək
üçün bütün imkanlar vardır. İndi sən
təxminən 5-6 il oxuyacaqsan. O vaxta qədər
Astarada yeni tibb ocaqları tikiləcəkdir. Yerlərdə əlbəttə
ki, iş yerlərinin açılması
prosesi gedir. Son 10 ildə təxminən 1 milyon 200 min iş
yeri açılmışdır. Onların
böyük əksəriyyəti bölgələrdə
açılıb. Bölgələrdə
işsizliyin aradan qaldırılması üçün bu
proqramın çox böyük əhəmiyyəti
olmuşdur.
Ona görə sən gərək yaxşı
oxuyasan, yaxşı mütəxəssis olasan.
Əlbəttə, əgər sən hesab edirsənsə
ki, Astaraya qayıtmalısan, mən buna çox şadam.
Çünki bu gün bölgələrdə
tikilən xəstəxanalar inkişaf etmiş ölkələrdə
olan xəstəxanalardan geri qalmır.
Cəlilabadda əvvəllər diaqnostika mərkəzi,
indi isə böyük xəstəxana açıldı.
Xəstəxana bir memarlıq əsəridir.
Orada işləmək hər bir həkim
üçün, necə deyərlər, çox böyük
xoşbəxtlik olar. Keçən həftə
Ağcabədidə böyük xəstəxananın
açılışını etdik. Yəni
belə xəstəxanalar adətən inkişaf etmiş
ölkələrin əsas şəhərlərində
tikilibdir. Bizdə isə
rayonlarımızda tikilibdir. Yalnız hələ
ki Biləsuvar Rayon Xəstəxanası yaxşı vəziyyətdə
deyildir. İndi mən Bakıya qayıdan
kimi göstəriş verəcəyəm ki, Biləsuvar Rayon
Xəstəxanası da əsaslı şəkildə təmir
edilsin. Belə olan halda Salyandan Astaraya qədər
bütün bu zonada bir dənə də təmirsiz rayon mərkəzi
xəstəxanası qalmayacaqdır.
Tələbə Sona ƏSGƏROVA dedi:
- Hörmətli Prezident, builki imtahanda 652 bal toplayaraq Azərbaycan Tibb Universitetinin
müalicə işi fakültəsinə daxil olmuşam.
Sizi bölgəmizdə görmək
çox xoşdur. Buradakı hər bir gənc
kimi mən də çox qürur hissi keçirirəm ki, bu
görüşdə varam. Biz bölgəmizin
gənclərini təmsil edirik və Sizinlə fikirlərimizi
bölüşmək istəyirik. Bilirik
ki, ölkəmizdə şagirdlər və tələbələr
arasında bir çox olimpiadalar keçirilir. Hazırda
belə bir qanun vardır ki, beynəlxalq olimpiadaların qalibləri
imtahansız ali təhsil almaq hüququna
malikdirlər. Biz çox istəyərdik ki, gələcəkdə
bu hüquq ölkə olimpiadasının qaliblərinə də
şamil olunsun. Bilirsiniz ki, tələbələrin
ortaq bir arzusu vardır - yataqxana. Biz çox istərdik
ki, gələcəkdə ölkəmizdəki ali
təhsil müəssisələrinin şəhərcikləri,
yataqxanaları daha da müasirləşdirilsin və
artırılsın.
Diqqətinizə görə çox sağ olun!
Prezident İlham ƏLİYEV: Sağ ol. Bu məsələyə baxmaq olar. Əlbəttə, bizdə imtahanlar test üsulu ilə
keçirilir. Hesab edirəm ki, bu,
düzgün yoldur. İmtahanlar ədalətli
keçirilir. Test üsulu dünyada qəbul edilmiş
praktikadır. Amma əlbəttə ki, beynəlxalq
olimpiadalarda yüksək nailiyyət göstərmiş gənclər
üçün bu, yəqin ki, xüsusi bir imtiyaz
olmalıdır. Buna baxmaq olar. O ki
qaldı yataqxanalara, əlbəttə ki, mən artıq bu məsələyə
toxundum. Buna böyük ehtiyac vardır. Tələbə şəhərciklərinin tikilməsi
ideyası vardır, müzakirə edilir. Yəqin,
ki, reallaşacaqdır.
İndi Azərbaycanda yeni ali
təhsil ocaqları yaradılır. İnformasiya
Texnologiyaları Universiteti yaradılmalıdır. Azərbaycan Diplomatik Akademiyasının binası
tikilibdir. Moskva Dövlət Universitetinin
filialı üçün bina tikilibdir. Tibb
Universiteti üçün iki böyük xəstəxana
tikilmişdir. Görəcəksiniz, ən
yüksək səviyyədə tikilmiş binalardır.
Digər ali məktəblərin
binaları təmir edilir. Texniki Universitetin
binası təmir edilir. Əlbəttə
ki, yataqxanaların tikilməsi olacaqdır.
Bakı Dövlət Universitetinin yataqxanalarında
məcburi köçkünlər məskunlaşmışdılar.
Onları biz artıq köçürdük.
Bu yataqxanalarda artıq qalmaq mümkün
deyildir. Təmir etmək də
mümkün deyildir, onlar sökülür. Yeni yataqxanalar tikiləcəkdir. Bu
məsələ diqqət mərkəzindədir. Ancaq yəqin bilirsiniz ki, erməni
işğalından əziyyət çəkən
soydaşlarımızın bir çoxu məhz yataqxanalarda,
uşaq bağçalarında, məktəblərdə yerləşmişdir.
Bakı şəhərinin bir neçə
uşaq bağçasında hələ də məcburi
köçkünlər yaşayırlar. Məktəblərin
bir hissəsində məcburi köçkünlər
yaşayırlar. Bağçanın bir
hissəsi bağçadır, bir hissəsi isə
köçkünlər üçün evdir.
Biz hər il 20 min
köçkünü yeni mənzillərlə, evlərlə
təmin edirik. Demək olar ki, hər il bir
kiçik şəhər tikilir. Ancaq hələ
ki biz təxminən 200 minə qədər
köçkünü yerləşdirə bilmişik. Ona görə, təbii ki, bu yataqxanalarda, məktəblərdə,
uşaq bağçalarında, bəzi hallarda hərbi hissələrin
ərazilərində məskunlaşan köçkünlərimiz
köçürüldükcə əlbəttə,
yataqxanalarımızın tikintisi daha da sürətlə gedəcəkdir.
Ancaq bu, əlbəttə ki, nəzərdə
tutulur. Bu gün təhsillə
bağlı olan məsələlər, bilirəm ki,
uğurla həll edilir, uğurla həll edilməlidir. Çünki bu, yəqin ki, tez-tez təkrarlanan bir
fikirdir. Ancaq həqiqətdir ki, təhsil hər
bir ölkənin gələcəyidir. Hər
bir cəmiyyətin inkişafı ilk növbədə təhsildən,
ondan sonra elmi-texniki tərəqqidən asılıdır.
Biz çalışmalıyıq ki, gənclərimiz
hazırlıqlı, peşəkar olsunlar.
Biz dünyada gedən bütün yenilikləri
Azərbaycanda tətbiq etməliyik. Biz
dünyada mövcud olan bütün müsbət meyilləri
Azərbaycanda tətbiq etməliyik ki, ölkəmiz daim
inkişafda olsun, sürətlə inkişaf etsin, vətəndaşlar
rahat yaşasınlar, Azərbaycan öz müstəqil yolu ilə
getsin, böyük uğurlara imza atsın.
Mən sizi bir daha təbrik edirəm.
Sizin üçün yeni dövr, yeni həyat
başlayır. Ali məktəblərdə
oxumağa başlayırsınız. Çox
maraqlı dövrdür. Arzu edirəm ki, həyatınızda
hər şey yaxşı olsun, gələcəkdə ölkəmizin
inkişafına öz töhfənizi verəsiniz. Sağ olun!
***
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 7
sentyabr.- S. 1-2.