Salyan rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı dövlət proqramlarının yerinə
yetirilməsi sahəsində son 10 ildə
Salyan rayonunda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, əsas kapitala
yönəlmiş investisiya 58,6 dəfə,
o cümlədən
tikinti-quraşdırma işləri 111,8 dəfə
artmışdır. Müasir tələblərə cavab verən
Olimpiya İdman Kompleksi tikilmiş, Mərkəzi
Rayon Xəstəxanası yenidən qurulmuş, təhsil, mədəniyyət və
digər sosialyönümlü obyektlər
istifadəyə verilmiş, yeni istehsal və emal müəssisələri
açılmış, 28 kənddə sutəmizləyici qurğular quraşdırılmış,
avtomobil yolları çəkilmiş, parklar salınmış, genişmiqyaslı
abadlıq-quruculuq işləri görülmüşdür.
Salyan şəhərində
abadlıq-quruculuq işlərinin davam
etdirilməsi, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nda rayon
üzrə müəyyən olunmuş tədbirlərin
həyata keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Salyan rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədi
ilə Salyan Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 sentyabr 2013-cü il
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 2.