Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin elektron kitabxanası istifadəyə verilmişdir

 

Sentyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin elektron kitabxanasının açılışı olmuşdur.

AMEA Naxçıvan Bölməsindən AzərTAc-a bildirmişlər ki, tədbirdə qurumun sədri akademik İsmayıl Hacıyev bu gün muxtar respublikada elmin inkişafına hərtərəfli qayğı göstərildiyini demişdir. Diqqətə çatdırılmışdır ki, AMEA Naxçıvan Bölməsinə də bu qayğıdan pay düşmüş, bölmənin maddi-texniki bazası gücləndirilmiş, əməkdaşların fəaliyyəti üçün lazımi şərait yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 1972-ci ildən fəaliyyət göstərən bölmənin kitabxanasının elektron kitabxana statusu alması münasibətilə əməkdaşları təbrik etmişdir. O, elektron kitabxanalarda müasir texniki avadanlığın quraşdırılması ilə yanaşı, onlardan səmərəli istifadənin vacibliyinə də diqqəti cəlb edərək demişdir: "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşları elektron kitabxanadan səmərəli istifadə etməli, alim və ziyalılarımızın dünya səviyyəsində tanıdılmasında, yeni elmi əsərlərin, monoqrafiya və dissertasiyaların yazılmasında kitabxananın imkanlarından lazımınca bəhrələnməlidirlər". Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin bölmənin əməkdaşları tərəfindən layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulayaraq, açılışı bildirən lenti kəsmişdir.

Muxtar respublikanın rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirmişdir ki, elektron kitabxananın yaradılması məqsədi ilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılmış, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılmışdır. Kitabxana lazımi avadanlıqla təmin edilmiş, surətköçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün televizormobil elektron lövhə qoyulmuşdur. Surətköçürmə aparatı kitabların elektron versiyalarının yaradılmasına və köhnə kitabların bərpasına imkan verir. Hazırda kitabxananın fondunda 33 minə yaxın kitab vardır. Kitabxanaya fiber-optik kabel çəkilmiş, daxili şəbəkə yaradılmış və internet səhifəsi hazırlanmışdır. Elektron kitabxananın resursları oxuculara lokal şəbəkə və internet vasitəsilə təqdim olunur. Bu da fondun mühafizəsinə, oxucuların zamandan və məkandan asılı olmayaraq istənilən vaxt kitabxananın xidmətlərindən səmərəli istifadə etmələrinə şərait yaradır. Kitabxananın www.e-

kitab.ameanb.nmr.az internet saytı dünyadakı istənilən elektron kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verəcəkdir. İlkin mərhələdə kitabxanada 788 kitabın elektron kataloqu, 246 kitabın isə tam mətnli elektron versiyası hazırlanmışdır. Saytın "Kitabxana", "Elektron kataloq", "Bizimlə əlaqə" bölmələrində kitabxana ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, dövri mətbuatla tanış olmaq imkanı vardır. İnternet saytında kitablar haqqında biblioqrafik məlumat və kitabların elektron variantları, "Media" bölməsində isə audio-kitablarvideofayllar yerləşdirilmişdir. "Elektron kitablar" bölməsində hər bir elm sahəsi üzrə ədəbiyyatlarla təchiz olunan ayrıca keçidlər vardır. Bu da oxuculara kitabları həm əlifba sırası üzrə, həm də müxtəlif elm sahəsi üzrə axtarmaq imkanı verir. "Faydalı linklər" bölməsində isə digər kitabxanaların internet saytlarından istifadə etmək mümkündür.

 

Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 5.