Mədəniyyət və turizm naziri Cəlilabadda vətəndaşları qəbul etmişdir

 

Sentyabrın 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cəlilabad Olimpiya İdman Kompleksində Lənkəran, Cəlilabad, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini dinləmişdir.

AzərTAc xəbər verir ki, 40-a yaxın vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdır.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşlar müxtəlif təkliflərlə çıxış etmişlər.

Vətəndaşların müraciətləri əsasən yerlərdə musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi, yeni filialların açılması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-diyarşünaslıq muzeylərinin yenidən qurulması, muzeylərdə bədii tərtibat işlərinə kömək göstərilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarix-mədəniyyət abidələrinin bərpa və təmiri, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olmuşdur.

Qəbula gələn vətəndaşları dinləyən nazir Ə.Qarayev bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirmişdir.

Qəbuldan sonra nazir Əbülfəs Qarayev jurnalistlərlə müsahibəsində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin öyrənilərək həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır. Dövlət başçısının siyasəti regionlarda insanlar tərəfindən dəstəklənir.

Nazir bəzi vətəndaşların sosial məsələlərlə bağlı xahişlərinin olduğunu qeyd edərək bu müraciətlərin də diqqətdə saxlanılacağını bildirmişdir.

 

Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 5.