Milli mənafeni təmin
edən, xalqın cari və strateji maraqlarına xidmət edən
siyasi xətt dönmədən davam etdirilməlidir
Müstəqil
Azərbaycan Respublikası özünün qısa, lakin şərəfli
tarixinin mühüm bir dövrünə qədəm qoyur.
Ölkəmizdə əldə olunmuş möhtəşəm
nailiyyətləri davam etdirmək, sosial-siyasi və iqtisadi
inkişafın daha yüksək səviyyəsinə ucalmaq
baxımından ciddi vəzifələrin qarşıda durduğu
hazırkı mərhələdə yeni seçiləcək
prezidentin şəxsiyyətindən, onun böyük quruculuq
işlərini qətiyyətlə davam etdirmək
bacarığından çox şey asılıdır. Belə
şəraitdə hər bir Azərbaycan vətəndaşının,
xüsusən onun ziyalı təbəqəsinin üzərinə
böyük məsuliyyət düşür.
Həqiqi
ziyalı mövqeyi kimi səciyyələndirilən mövqe,
əslində istənilən partiya mənafelərindən və
korporativ maraqlardan kənarda dayanaraq milli mənafelərin və
dövlətçilik maraqlarının önə çəkilməsi
deməkdir. Bu isə başlıca ideya kimi milli birlik və həmrəyliyin
möhkəmləndirilməsini, ictimai-siyasi sabitliyin
qorunmasını və Vətənin bütün sahələrdə
davamlı inkişafının təmin edilməsini ehtiva edir.
Hazırda
dövlətin siyasi kursunun ziyalı təbəqəsinin
böyük əksəriyyəti tərəfindən dəstəklənməsi
bu kursun ölkəmizin cari və strateji maraqlarına cavab verməsi
ilə şərtlənmişdir. Bu gün biz hansısa milli
ideya axtarışına çıxmamalıyıq. Tarixi
şəraitin özü, xalqımızın uzaq və
yaxın keçmişdə üzləşdiyi ciddi problemlər
və məruz qaldığı çətin sınaqlar bu
ideyanı müəyyənləşdirir. Bu isə
dövlətimizin müstəqilliyini möhkəmləndirməkdən,
itirilmiş torpaqlarımızı geri qaytarmaqdan,
qaçqın və məcburi köçkünlərin, eləcə
də bütün vətəndaşlarımızın normal
həyat şəraitini təmin etməkdən, sosial-iqtisadi
inkişafı sürətləndirərək Azərbaycanı
sivil dünyanın ayrılmaz hissəsinə çevirməkdən
ibarətdir.
Əlbəttə,
demokratik və plüralist cəmiyyətdə,
çoxpartiyalılıq şəraitində siyasi mübarizə,
siyasi maraqların toqquşması, ideoloji və taktiki fikir
ayrılıqları təbii bir haldır. Lakin ümummilli
ideya baxımından ən mühüm məsələ siyasi
ehtirasların cəmiyyəti parçalamasına imkan verməməkdən,
mübarizə və müzakirələrin konstruktiv məcrada
aparılmasına nail olmaqdan ibarətdir.
Son illərdə
ölkəmiz bir çox tarixi uğurlara imza
atmışdır. Onların ən böyüyü, heç
şübhəsiz, nəhəng səylər bahasına əldə
olunmuş siyasi sabitlikdir. Bəşəriyyətin
tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur:
müdrik dövlət xadimi o kəsdir ki, cəmiyyətdəki
sabitliyi qorumaqla, onun xaos və hərc-mərclik girdabına
yuvarlanmasına imkan vermədən müxtəlif islahatlar
aparmağı bacarır. Ölkəmizdə son illərdə
məhz belə bir müdriklik və qətiyyət
nümayiş etdirilmişdir. Hesab edirəm ki, bu sabitliyi
qorumaq, əslində, hər bir vətəndaşın
borcudur. Təbii ki, bu sahədə ziyalıların üzərinə
daha böyük məsuliyyət düşür. Odur ki,
mövcud ictimai-siyasi sabitliyi hər vəchlə
qorumağı, sabitliyin pozulmasına səbəb ola biləcək
bütün cəhdlərə qarşı qətiyyətlə
mübarizə aparmağı birinci dərəcəli vəzifə
kimi qarşımıza qoymalıyıq.
Bu gün Azərbaycan
ictimaiyyətini düşündürən məsələlər
içərisində ikisi xüsusi əhəmiyyətə
malikdir. Bunlardan biri Qarabağ problemi, digəri isə
sosial-iqtisadi məsələlərdir. Tam əminliklə demək
olar ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə
yönəlmiş xətt mövcud reallıqlar
baxımından tamamilə düzgün xətdir və
müsbət nəticələr verənədək davam
etdirilməlidir. Eyni zamanda, atəşkəs və sülh
danışıqları arxayınlıq doğurmayıb,
milli ordumuzun döyüş qabiliyyətinin
artırılması istiqamətində fəaliyyət daim
gücləndirilir. Necə deyərlər, "sülh istəyirsənsə,
müharibəyə hazırlaş".
İqtisadi
məsələlərə gəldikdə isə populist
çıxışlara rəğmən, dünyadakı
qloballaşma prosesləri, ümumdünya maliyyə problemləri
və ölkədəki formasiyaya səciyyəli dəyişikliklər
baxımından yanaşılarsa, Azərbaycanda olduqca peşəkar
iqtisadi siyasət aparılır. Etiraf etmək lazımdır ki, bu
gün bazar iqtisadiyyatına, özəl sektorun
inkişafına alternativ yoxdur. Bu isə istənilən
ölkədə bir sıra çətinliklərlə
müşayiət olunur. Həmin çətinlikləri
yüngülləşdirməyin yeganə yolu səmərəli
sosial siyasət xəttinin gerçəkləşdirilməsi,
qaçqın və məcburi köçkünlərin,
şəhid ailələrinin, müharibə əlilləri və
veteranlarının, təqaüdçülərin və digər
aztəminatlı təbəqələrin sosial müdafiəsi
sahəsində fəal tədbirlərin həyata keçirilməsidir.
Bu siyasətin Azərbaycanda ardıcıl həyata
keçirilməsinin şahidiyik. Elm, mədəniyyət, təhsil
və səhiyyə sahələri də daim dövlətin
qayğısını hiss edir. Sosial ədalətə yönəlmiş
hüquqi mexanizmlərin işlənməsi isə ölkəmizdə
artıq azad vətəndaş cəmiyyətinin qurulması
üçün etibarlı bünövrə rolunu oynayıb
ki, bu da dövlətimiz üçün strateji bir vəzifədir.
Biz tariximizin bütün
anlarını yadda saxlamalıyıq. Unutmayaq ki,
xalqımızın azadlıq və milli istiqlal uğrunda
mübarizə tarixi şanlı və şərəfli
olduğu qədər də faciəli olub. Faciəli
olub ona görə ki, zaman-zaman tarixi şəraitin diktəsi
və xalqın azadlıq ruhunun hökmü ilə milli
haqlarımız uğrunda gedən mücadilələr son nəticədə
məğlubiyyətə uğramış,
ata-babalarımızın müstəqillik arzuları yadelli
işğalçılar tərəfindən qan içində
boğulmuşdur. Ən ibrətamiz və təəssüfləndirici
hal odur ki, bu acı məğlubiyyətlərdə obyektiv
proseslərlə yanaşı, subyektiv amillərin də ciddi
təsiri olmuşdur. Daxili çəkişmələr
və münaqişələr, regional və sinfi maraqların
milli mənafelərdən üstün tutulması, ən
başlıcası, xalqın bütün təbəqələrini
vahid məqsəd ətrafında birləşdirməyi bacaran
ümummilli liderin olmaması məhz bu cür subyektiv amillərdəndir
ki, xarici müdaxiləyə meydan açmış,
milli müstəqillik üçün yaranmış tarixi
şansın gerçəkləşməsinə imkan verməmişdir.
Bunu dünyada milli dövlətlərin formalaşması
prosesinin getdiyi bir zamanda Azərbaycanın xanlıqlara
parçalanması faktı da təsdiq edir, Şərqdə
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi
23 ay yaşadıqdan sonra süquta uğraması da.
XX əsrin
sonunda xalqımızın milli istiqlala qovuşması
üçün növbəti tarixi şərait yarandı.
1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın
dövlət müstəqilliyinin elan edilməsi ilə nəticələndi.
Lakin bir tərəfdən Ermənistanın
torpaqlarımıza təcavüzü, digər tərəfdən
isə hakimiyyət təcrübəsi və səriştəsi
olmayan milli qüvvələrin daxili və xarici siyasətdə
buraxdığı səhvlər xalqımızı ciddi
sınaq qarşısında qoydu. Siyasi
didişmələr və silahlı qruplaşmaların
mübarizəsi ölkəni vətəndaş müharibəsi
həddinə gətirib çıxardı. Daxili hərc-mərclik,
hakimiyyət orqanlarının iflic vəziyyətinə düşməsi
yenicə qazanılmış müstəqilliyin itirilməsinə
səbəb ola bilərdi. Lakin bu dəfə
tarix təkrarlanmadı. Çünki əvvəlki dövrlərdən
fərqli olaraq xalqın bütün təbəqələrinin
inandığı və hörmət bəslədiyi
ümummilli lider, böyük siyasi iradəyə və təcrübəyə
malik şəxsiyyət - Heydər Əliyev var idi. Xalqın mütləq əksəriyyətinin, o
cümlədən hakimiyyət nümayəndələrinin təkidli
tələbi ilə Bakıya gəlib Ali Sovetin Sədri, daha
sonra ölkə Prezidenti seçilən Heydər Əliyev
müstəqilliyimizə qarşı yönəlmiş, necə
deyərlər, ənənəvi ssenarini pozdu, Azərbaycanın
hansısa xarici qüvvələrin əlində oyuncağa
çevrilməsinə imkan vermədi. Bu,
çoxəsrlik tariximizdə şəxsiyyətin roluna dair ən
bariz nümunə, ən parlaq örnəkdir. 1993-cü ilin
son dərəcə gərgin şəraitində ümummilli
liderimizin daxili sabitliyi təmin etmək, xarici təzyiqlərin
qarşısını almaq və beləliklə, dövlət
müstəqilliyimizi qoruyub saxlamaq istiqamətində
apardığı nəhəng işlər bu gün
öz bəhrəsini verir.
Hər sahədə
olduğu kimi, dövlət quruculuğunda da varislik prinsipini
qoruyub saxlayan ulu öndər Azərbaycanın gələcək
inkişafında bu prinsipin yeganə doğru seçim
olduğunu öncəgörənliklə müəyyən
etmişdir. Və əslində, son 10 ildə ölkəmizdəki
tarixdə görünməmiş möhtəşəm
quruculuq, əldə olunmuş nailiyyətlər mütləq
bir həqiqəti ortaya qoyur. Bu müddətdə
istər daxili və xarici siyasət sahəsində, istərsə
də sosial sahədə misli görünməmiş
uğurlara imza atılmışdı. Ümumi daxili məhsul
üç dəfə artmışdır, iqtisadiyyatın
bütün sahələrində sürətli inkişafa nail
olunmuşdur, daxili və xarici investisiyalar çoxalmışdır,
dövlət büdcəsi 25 milyard manata
çatmışdır. Yoxsulluğun səviyyəsi
kəskin azalmış, işsizlik 6 faizə enmişdir, nəhəng
sosial-iqtisadi layihələr həyata keçirilmiş, Azərbaycan
Qafqazın lider dövlətinə çevrilmişdir. Şəhərlərimizin
və kəndlərimizin siması dəyişmiş, minlərlə
yeni emal müəssisəsi, xəstəxanalar, müalicə
mərkəzləri, məktəblər, uşaq evləri
və bağçalar, mədəniyyət obyektləri tikilib
xalqın istifadəsinə verilmişdir.
Məlumdur ki,
xarici siyasət daxili siyasətdən doğur və onun məntiqi
nəticəsidir. Azərbaycan dövlətinin
yürütdüyü xarici siyasəti qısaca da olsa nəzərdən
keçirəndə, ölkə
başçısının etdiyi səfərləri,
reallaşdırdığı görüşləri, verdiyi
müsahibələri, müəyyənləşdirdiyi
istiqamət və prinsipləri təhlil edəndə bir daha
qənaətə gəlirik ki, Prezidentin xarici
siyasəti də daxili siyasəti kimi daim bir mərama, bir məqsədə,
bir amala xidmət edir - müstəqil Azərbaycanı
yaşatmaq, onu hərtərəfli inkişaf etdirmək,
problemlərini həll etmək, xalqımızın dünya
xalqları birliyində özünəlayiq yer
tutmasına nail olmaq.
Bu gün
müstəqil Azərbaycan dünyanın əksər ölkələri
ilə qarşılıqlı siyasi, iqtisadi, mədəni və
digər əlaqələrini inkişaf etdirir. Bu istiqamətdə
Şərq ölkələri ilə qurulan əlaqələr,
hərtərəfli əməkdaşlıq Azərbaycan
Respublikasının dövlətçilik siyasətinin
mühüm bir hissəsi kimi daim təkmilləşməkdədir.
Azərbaycan Respublikasının Şərq siyasətində,
heç şübhəsiz, birinci yer Türkiyə
Cümhuriyyətinə məxsusdur. Din, dil, soy
bağlılığına söykənərək yüksələn
xətlə inkişaf edən əlaqələrimiz
bütün sahələrdə əməkdaşlıq və
qardaşlıq bağlarının möhkəmlənməsinə
şərait yaratmışdır.
Ulu
öndər Heydər Əliyevin uğurlu siyasi fəaliyyətinin
davamı olaraq 2003-cü ildən etibarən ölkəmizdə
yürüdülən siyasət, gerçəkləşən
görüşlər, işgüzar səfərlər,
bağlanan müqavilələr nəticəsində Azərbaycan-Türkiyə
arasında iqtisadi, mədəni, hərbi, elm və təhsil sahələrində
əlaqələr durmadan inkişaf edir.
Dövlətimizin
məqsəd və maraqlarına uyğun olaraq elm və təhsil
sahəsində əlaqələrin inkişaf etdirilməsi,
Türkiyədə Heydər Əliyevin adını
daşıyan mərkəzlərin, məktəblərin
yaradılması, Azərbaycanda türk liseylərinin, Qafqaz
Universitetinin fəaliyyət göstərməsi birgə mədəni tədbirlərin
gerçəkləşməsi müasir əlaqələrə
xüsusi məzmun verməkdədir.
Dövlətimizin
yürütdüyü xarici siyasətdə türkdilli xalqların
inteqrasiyası, o sıradan Türkmənistan, Özbəkistan,
Qazaxıstan və Qırğızıstan respublikaları ilə
qurulan hərtərəfli əlaqələr xüsusi önəm
daşıyır. Türkdilli ölkələrin dövlət
başçıları ilə görüşlər,
imzalanan bəyannamələr, bağlanan siyasi, iqtisadi, mədəni,
hərbi, hüquqi müqavilələr forma və məzmun
baxımından mükəmməl və genişdir.
Türkdilli
ölkələr ilə qurulan əlaqələrdə beynəlxalq
təşkilatlarda Azərbaycanın təmsilçiliyi
xüsusi əhəmiyyətə malikdir. Belə ki, beynəlxalq
qurum və təşkilatlar, konfrans və digər tədbirlər
çərçivəsində respublikamız türkdilli
xalqlar ilə hərtərəfli və çoxşaxəli əlaqələrin
inkişaf etdirilməsində ciddi addımlar
atmışdır. Türkdilli ölkələrin
dövlət başçılarının zirvə
görüşləri, xüsusilə 2009-cu ildə
Naxçıvan Muxtar Respublikasında gerçəkləşən
IX Zirvə görüşündə Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası haqqında sazişin
imzalanması, Naxçıvan Bəyannaməsinin qəbulu,
ötən ay Qəbələdə türkdilli dövlət
və hökumət başçılarının
görüşü türkdilli xalqların inteqrasiyasında
mühüm əhəmiyyət kəsb edir. Türkdilli
xalqların inteqrasiyası istiqamətində baş tutan digər
önəmli hadisə - Türkdilli Dövlətlərin
Parlament Assambleyasının (Türk PA) təsisi və baş katibliyinin
Bakıda yerləşdirilməsidir.
İran
İslam Respublikası ilə qarşılıqlı
faydalı qonşuluq münasibətlərinin saxlanması və
inkişaf etdirilməsi Azərbaycan xarici siyasətinin prioritet
istiqamətlərindəndir. Ulu öndər Heydər
Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət
bu gün uğurla davam etdirilir.
İslam Əməkdaşlıq
Təşkilatı ilə əlaqələr də inkişaf
etdirilərək yeni mərhələyə qədəm qoyub.
Azərbaycanda İƏT-in bir sıra
konfrans, forum, seminar və digər tədbirləri
keçirilmişdir. 2005-ci
ildə İƏT-in Məkkədə keçirilən
fövqəladə sammitində Azərbaycan Prezidenti şəxsən
iştirak etdi. Onun təşəbbüsü
ilə 2006-cı ildə (19-21 iyun) təşkilata üzv
ölkələrin xarici işlər nazirlərinin XXXIII
konfransı Bakıda keçirildi.
İƏT indiyə qədər Azərbaycanla
bağlı bir sıra önəmli qətnamələr qəbul
edib: Azərbaycana iqtisadi yardım barədə qətnamə,
Ermənistanın Azərbaycan Respublikasına təcavüzü
nəticəsində islam tarixi və mədəni
abidələrin dağıdılması barədə qətnamə,
Ermənistan və Azərbaycan arasındakı münaqişə
barədə qətnamə və sairə. Azərbaycan
Respublikası Milli Məclisinin nümayəndə heyəti
İƏT Parlament İttifaqında müntəzəm
iştirak edərək Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsində, təcavüzkarı pisləyən,
Azərbaycanın ərazi bütövlüyünü
müdafiə edən bir sıra qətnamələrin qəbul
olunmasına nail olmuşdur. Beləliklə, islam
aləmi problemlərimizlə yaxından tanışdır və
bizi dönmədən dəstəkləyir.
Həyata keçirilən dərin
düşünülmüş xarici siyasət nəticəsində
Şərqin digər dövlətləri - Çin, Yaponiya, Cənubi
Koreya, Pakistan, Hindistan, İndoneziya, Malayziya və başqa
ölkələrlə də əlaqələr
yaradılır, səfirliklər açılır,
qarşılıqlı səfərlər həyata
keçirilir, müqavilələr və digər sənədlər
imzalanır, müxtəlif sahələrə aid əməkdaşlıq
edilir.
Ölkəmizdə elmin günün tələbləri
səviyyəsinə yüksəlməsi istiqamətində də
mühüm addımlar atılır. Ötən illərdə ölkəmizdə alimlərin
məvacibləri dəfələrlə artırılıb.
Xüsusən də dövlət
başçısının sərəncamları ilə
alimlərimizə yüksək dövlət mükafatları,
elmi adlar, prezident təqaüdü və mənzillər verilməsini
qeyd etmək istərdim. Elmin
inkişafına yönəldilən xərclər təxminən
8 dəfə artıb. Azərbaycan elminin inkişaf
strategiyası təsdiq olunub, 2009-2015-ci illərdə elmin
inkişaf strategiyasının həyata keçirilməsi
üçün Dövlət Proqramı qəbul edilib, Elmin
İnkişaf Fondu yaradılıb və s. Bütün bunlar
göstərir ki, Azərbaycan elminə diqqət ilbəil
artırılır.
Son illər elm və mədəniyyət
ocaqlarının təmirinə, maddi-texniki bazasının
gücləndirilməsi işinə də böyük diqqət
yetirilir. Nümunə kimi bir müddət öncə
Tarix muzeyinin əsaslı şəkildə təmir
olunmasını və onun yeni eksponatlarla təchiz
olunmasını, köhnə eksponatların bərpası
üçün dövlətin hər il vəsait
ayırmasını, eləcə də Nizami adına Ədəbiyyat
muzeyinin təmir edilməsini göstərmək olar. Hər
iki muzeyin təmirdən sonra açılışında cənab
Prezident şəxsən iştirak edib və onların işi
ilə yaxından tanış olub. Bütün bunlar Azərbaycanda elmə, mədəniyyətə
yüksək diqqət və qayğıdan xəbər verir.
Eyni zamanda, Elmin İnkişafı Fonduna
çox böyük vəsaitlər ayrılır. Elm ocaqlarının yeni avadanlıqlar ilə təchiz
olunması, modernləşməsi, dünya elminə inteqrasiya
etməsi, qrant müsabiqələrinin keçirilməsi, elmi
işçilərin əməyinin
stimullaşdırılması üçün bu fond ciddi
işlər görməkdədir. Ümumiyyətlə,
akademiyanın təchizat məsələləri də son illər
xeyli səviyyədə yaxşılaşdırılıb.
İnformasiya texnologiyaları ilə təchiz olunması,
ezamiyyətlərin verilməsi, xarici ədəbiyyatların
alınması və s. məsələlərdə müsbət
irəliləyişlər çoxdur.
Xeyli vaxt idi ki, AMEA-nın əsas və digər
binalarında əsaslı şəkildə təmir işləri
aparılırdı. Dövlət
bu təmir-bərpa işləri üçün lazımi vəsaiti
ayırmışdı. Bu məsələ Prezident
İlham Əliyevin xüsusi diqqətində idi və dövlət
başçısının akademiya şəhərciyində
aparılan əsaslı təmir işlərindən sonra vəziyyətlə
tanış olması buna bariz sübutdur.
Prezident İlham Əliyevin AMEA-nın illik
hesabat yığıncağındakı söylədiyi nitq
Azərbaycan elminin inkişafında çox böyük hadisədir.
Dövlət başçısı yığıncaqdakı
dərin məzmunlu çıxışında alimlərimizin
əməyinə yüksək qiymət verib: "Akademiyada Azərbaycanın
intellektual elitası cəmlənib. Akademiyanın
inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir
göstərir. Əgər inkişaf
etmiş ölkələrin təcrübəsinə nəzər
salsaq görərik ki, həmin ölkələrin
uğurlarının təməlində ideya, fikir, innovasiya,
elmi-texniki tərəqqi dayanır. Biz də
ölkəmizdə müxtəlif istiqamətlərdə
islahatlar apararkən müasirləşməyə
üstünlük veririk. Müasir dövlətin
qurulması elmin inkişafı olmadan mümkün
deyildir".
Prezident Azərbaycanda elmin inkişafı,
modernləşməsi, böyük elmi məktəblərin
qorunub saxlanması haqqında dəyərli fikirlər bildirib.
Bütün dövrlərdə alimlərimizin Azərbaycanın
müxtəlif istiqamətlərdə inkişafına dəyərli
töhfələr verdiyini qeyd edən dövlət
başçısı ölkəmizdə dünya səviyyəsində
aparılan araşdırmaların öz müsbət təsirini
göstərdiyini qeyd edib. Cənab Prezidentin geoloq alimlərimizin
ölkəmizin təbii resurslarının kəşfi ilə
bağlı əvəzolunmaz xidmətlər göstərdiyini,
neft-kimya sahəsində böyük perspektivlərin
olmasını, ölkə
iqtisadiyyatının hərtərəfli
inkişafını və iqtisadi inkişafımızın gələcək
istiqamətlərini müəyyən edərkən
güclü elmi əsaslara söykənməli olduğumuzu,
AMEA-nın aqrar bölməsinin yaradılması
üçün konkret addımlar atılmasının
vacibliyini, elmimizin dəstəyi ilə Azərbaycanda çox
güclü kosmik sənaye yaradılacağına əminliyini,
informasiya-kommunikasiya sektorunda uğurlarımızı
xüsusi vurğulaması, elmimizin bütün sahələrinin
dövlətin nəzarət və qayğısı
altında olmasının göstəricisidir.
Ölkə rəhbəri humanitar elmlərlə
bağlı məsələlərin daim diqqət mərkəzində
olduğunu deyərək bu sahədə aparılan işlərin
çox uğurlu və təqdirəlayiq olduğunu dedi:
"Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl
bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli
ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız,
musiqimiz olub. Ona görə bu sahəyə
dövlət tərəfindən daim diqqət göstərilir.
Hesab edirəm ki, Elmlər Akademiyası bu istiqamətdə
çox uğurlu fəaliyyət göstərir". Cənab
Prezidentin yığıncaqda Azərbaycan dili barədə
söylədiyi fikri xüsusi vurğulamaq lazımdır:
"Ana dilimizə hörmət və qayğı daimi
olmalıdır. Biz ana dilimizi xarici təsirdən
qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir.
Azərbaycan xalqının formalaşmasında,
müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz
- Azərbaycan dili müstəsna rol oynamışdır.
Biz elə etməliyik ki, dilimizin
saflığını daim qoruyaq. Bu məsələyə
çox ciddi diqqət göstərilməlidir".
Prezident İlham Əliyevin ədəbiyyat,
arxeologiya, tarix və digər elm sahələri ilə
bağlı söylədiyi fikirlər də bu sahələrə
böyük önəm verməsini, onları daim diqqət mərkəzində
saxlamasını təsdiqləyir: "Mən çox
şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı
əsərlər yaradırlar. Xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu
bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət
göstərək. Çünki bu bölgənin
tarixi ermənilər tərəfindən daim
saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim
çağırışıma müsbət cavab verərək
qısa müddət ərzində bu bölgənin tarixi ilə
bağlı çox gözəl və real faktlara əsaslanmış
əsərlər yaratmışlar. Başlıcası,
İrəvan xanlığının tarixi ilə bağlı
yaradılmış əsərlər xüsusi məna
daşıyır. Çünki əfsuslar
olsun ki, dünya birliyi, demək olar, bilmirdi ki, bugünkü
Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında
yaranmışdır".
Yığıncaqda "Biz elə etməliyik
ki, Azərbaycan elmi inkişaf etsin, yaşasın və Azərbaycan
dövlətinə, Azərbaycanın milli maraqlarına həmişə
olduğu kimi xidmət etsin", - söyləyən Prezident
İlham Əliyevin akademiyanın gələcəyinə
böyük inam bəsləməsini onun gənc alimlərlə
bağlı söylədiyi fikirlər də təsdiqləyir:
"Hazırda "Azərbaycan gəncliyi 2011-2015 illərdə"
Dövlət Proqramı hazırlanır. Eyni
zamanda, Azərbaycan elminin inkişafı üzrə dövlət
proqramı da 2015-ci ilə qədər hesablanıbdır.
Bu iki proqramı biz bir növ bir-biri ilə
bağlamalıyıq və gənclərin, ümumiyyətlə,
elmə cəlb edilməsi üçün əlbəttə
ki, əlavə tədbirlər nəzərdə
tutulmalıdır. Mən o fikirlə tam
razıyam ki, biz gəncləri elmə cəlb etmək
üçün əlavə mexanizmlər
hazırlamalıyıq, stimullaşdırmalıyıq".
Ölkə başçısının
Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi
yığıncağından sonra mayın 1-dən
AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə
maaşlarının 1200 manat, müxbir üzvlərinin
aylıq rütbə maaşlarının 850 manat məbləğində
müəyyən edilməsi, AMEA-nın tabeliyində olan,
dövlət büdcəsindən maliyyələşdirilən
elm və elmi-tədqiqat müəssisələrində
çalışan işçilərin əməkhaqlarının
20 faiz artırılması, eləcə də akademiyanın
maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında verdiyi sərəncamlar alimlərimiz tərəfindən
böyük ruh yüksəkliyi ilə qarşılandı. Bütövlükdə Elmlər Akademiyasının
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində də konkret addımlar atıldı.
Prezidentin sərəncamı ilə "Akademiya şəhərciyi"ndə
AMEA-nın mərkəzi kitabxanasının yeni
binasının tikilməsi, ərazidəki qeyri-akademik
qurumların köçürülməsi, burada yerləşən
Fizika və Geologiya institutlarının, eləcə də
Sumqayıt şəhərindəki Polimer Materialları
İnstitutunun binalarının əsaslı təmiri nəzərdə
tutulur. Eləcə də "Xəzər Elmi Tədqiqat Mərkəzi"nin yaradılması, neft-kimyayönümlü
institutların zəruri avadanlıqlarla təchiz edilməsi ilə
bağlı təkliflərin hazırlanması müvafiq
qurumlara tapşırıldı.
Bütün bunlar onu göstərir ki, Azərbaycan
elminin inkişafı, modernləşməsi, dünya elminə
inteqrasiya etməsi üçün dövlətimiz əlindən
gələni edir, görülən işlərdə alimlərimizi
dəstəkləyir, fəaliyyətlərini yüksək qiymətləndirir
və alimlər üçün hər cür şərait
yaradır.
Son illərin möhtəşəm
uğurları bizdə zəngin sərvətlərə malik,
əlverişli geoməkanda yerləşən Azərbaycanın
parlaq gələcəyinə əminliyi artırır.
Bu gələcəyə ölkədə
aparılan köklü islahatlar, konstitusion ənənələrə
əsaslanan sarsılmaz dövlət quruculuğu təminat
verir.
Hesab edirəm ki, Vətənin taleyi
heç kimin siyasi ambisiyasının qurbanına çevrilməməlidir.
Yaşadığımız taleyüklü
dövrdə hər bir azərbaycanlı öz məsuliyyətini
tam dərk edərək milli maraqlardan çıxış
etməlidir. Unutmamalıyıq ki, bədxahlarımıza
Azərbaycanda zəif iqtidar lazımdır. Amma Azərbaycan xalqına güclü iqtidar gərəkdir.
Çünki
güclü iqtidar güclü Azərbaycan deməkdir.
Gövhər
BAXŞƏLİYEVA,
AMEA
akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor
Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 6.