Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının – «Azərittifaq»ın 22-ci qurultayı keçirilmişdir

 

Sentyabrın 6-da Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının - "Azərittifaq"ın 22-ci qurultayı keçirilmişdir.

AzərTAc xəbər verir ki, qurultay nümayəndələri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üstünə tər güllər düzülmüşdür.

Sonra kooperatorlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə güllər düzmüşlər.

Sonra Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının - "Azərittifaq"ın 22-ci qurultayının təntənəli açılışı olmuşdur.

Rəhbər heyət seçildikdən sonra Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov qurultay nümayəndələrinə Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxumuşdur (Məktub qəzetin bugünkü nömrəsində dərc olunur).

Məktubda qeyd edilir ki, kooperatorlar müstəqil ölkəmizin iqtisadi qüdrətinin artırılmasında konkret işlərlə bu missiyanı bu gün də şərəflə yerinə yetirirlər.

"Azərittifaq"ın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Eldar Quliyev qurultayda hesabat məruzəsi ilə çıxış edərək, ötən dövrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd edilmişdir ki, qurum fəaliyyətini müasir səviyyədə qurur, istehsal təyinatlı müəssisə və sahələr yaradılır.

Digər çıxış edənlər də ötən beş ildə ölkəmizin iqtisadi, sosial və mədəni həyatında baş verən müsbət dəyişiklikləri yüksək qiymətləndirmişlər.

Sonra "Azərittifaq"ın təftiş komissiyasının hesabatı dinlənilmişdir.

Ötən beş ildə görülmüş işlərə qiymət verilmişdir.

Qurultayda Eldar Quliyev yenidən 5 il müddətinə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının İdarə Heyətinin sədri seçilmişdir.

Tədbirdə Azərbaycan Prezidentinə müraciət qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 7.