Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu növbəti qrant müsabiqəsinə yekun vurmuşdur

 

Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.

Fondun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasın gündəliyinə qurumun bu il iyunun 24-də elan etdiyi üçüncü qrant müsabiqəsinin yekunları, maliyyə dəstəyinin göstərilməsi haqqında yeni müqavilə formasının təsdiqi və cari məsələlər daxil edilmişdir.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov iyunun 27-dən avqustun 12-dək gənclər təşkilatları və gənc vətəndaşlar tərəfindən fonda təqdim edilmiş layihələr haqqında ümumi məlumat vermiş, bəzi statistik göstəriciləri şura üzvlərinin diqqətinə çatdırmışdır. Müzakirələr nəticəsində Müşahidə Şurası "A" kateqoriyası (yerli layihələr) üzrə 139, "B" kateqoriyası (beynəlxalq layihələr) üzrə 9, "C" kateqoriyası (fərdi layihələr) üzrə 182 olmaqla 330 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir. Qeyd edilmişdir ki, üçüncü qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan layihələrin sayı əvvəlki müsabiqə ilə müqayisədə təxminən iki dəfə artmışdır. Qrant müsabiqəsinin yekunları sentyabrın 7-də Gənclər Fondunun saytında yerləşdiriləcəkdir.

Sonra fondun icraçı direktoru Fərhad Hacıyev maliyyə dəstəyinin göstərilməsi haqqında yeni müqavilə formasını şura üzvlərinin diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, yeni müqavilə forması fondqrant alanlar arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayacaqdır.

İclasda cari məsələlər sırasında fondun fəaliyyətinə dair bir sıra təklif və qeydlər də nəzərə alınmışdır. Müzakirə edilən bütün məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

 

Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 7.